BDU-da Bilik günü keçirilib

15/09/2011

Bu gün Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edib. Akademik Abel Məhərrəmov deyib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq qalmaqdadır. Rektor Abel Məhərrəmov xüsusi olaraq qeyd edib ki, dünyada mövcud olan yüz minədək universitetdən yalnız 19 min 200-ü YUNESKO tərəfindən qəbul edilmiş, onlardan 12 min universitet ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının siyahısına düşmüşdür. Bu günlərdə həmin 12 min universitet arasından dünyanın ən nüfuzlu 700 universitetin adı açıqlanmış və həmin siyahıda Bakı Dövlət Universiteti də yer tutmuşdur. “Əgər nəzərə alsaq ki, təkcə respublikamızdan deyil, bütün regiondan yalnız bir neçə universitet bu nüfuzlu siyahıya düşə bilmişdir, onda sizin məsuliyyətiniz bir qədər də artmış olur. Çünki təkcə universitetimizin deyil, həm də xalqımızın, ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün respublikamızın iqtisadi və siyasi sahədə əldə etdiyi uğurları, beynəlxalq nüfuzu qoruyub saxlamaq və inkişaf etdirmək sizin əlinizdədir. Çalışın, sizə yaradılan şəraitdən səmərəli istifadə edərək öncə özünüzü, sonra isə sizin intellektinizə arxalanacaq alimlərimizin gücünü, sizə inanan valideynlərinizin, ən əsası da universitetimizin etimadını doğruldasınız”, - deyə akademik Abel Məhərrəmov bildirib. Bu il respublika ali məktəblərinə qəbul olan tələbələrin hər 8 nəfərindən biri, yəni 12%-i Bakı Dövlət Universitetinə daxil olmuşdur. Belə gənclərin sayı 3556 nəfərdir. Bu tələbələrdən 318 nəfəri 600-dən yuxarı bal toplamışdır və 12 nəfəri Prezident təqaüdçüsüdür.

Rektor Abel Məhərrəmovun sözlərinə görə, beynəlxalq aləmdə özünə böyük hörmət və nüfuz qazanan prezidentimiz cənab İlham Əliyevin «Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik» devizi ilə təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa çevrilməkdə, gerçək həllini tapmaqdadır. Vətənimizdə kamil şəxsiyyətin, hərtərəfli biliklərə malik vətəndaşların formalaşması üçün kifayət qədər yüksək imkanlar yaradılır. Yüzlərdə gəncin Avropanın qabaqcıl təhsil ocaqlarına göndərilməsi, təhsil islahatlarının uğurla həyata keçirilməsi, “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın Azərbaycan Prezidenti tərəfindən imzalanması özünəməxsus təhsil və tədris ənənələri olan ölkəmizin işıqlı gələcəyindən xəbər verir.

Daha sonra Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, valideyn           və prezident təqaüdünə layiq görülən tələbə Elgün Muradbəyli təbrik nitqi ilə çıxış ediblər. Sonda akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək birlikdə xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın 3 rəngli bayraqları dövlət himnin sədaları altında yuxarı qaldırılıb.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2011-ci il.

(Material Lent.az, Modern.az, AzadInform.az, Lent.az, SalamNews, AzerTac informasiya agentliklərində, xəbər portallarında və  "Azərbaycan müəllimi" və "525-ci qəzet" qəzetlərində də  yayımlanıb - 15-16 sentyabr 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!