BDU-da Bəhram Əsgərovun yubileyi qeyd olunub - VİDEO

04/12/2013

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Respublika Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, BDU-nun "Bərk cisimlər fizikası" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehralı oğlu Əsgərovun 80, elmi, pedaqoji və ictimai fəaliyyətinin isə 55 illliyi münasibətidə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Bəhram Əsgərovun mənalı həyat yolu və elmi fəaliyyətindən danışıb.

Bildirib ki, 1933-cü ildə anadan olan Bəhram müəllim 1952-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olub. Universitetdə təhsil aldığı müddətdə adlı təqaüdçü olub. Aspirantura təhsilini SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutunda alıb. Bu İnstitutda o, professor A.İ.Anselmin rəhbərliyi altında mükəmməl elmi məktəb keçib, bərk cisimlər nəzəriyyəsinin aktual problemləri - metallar və yarımkeçiricilərdə termomaqnit effektlərin kvant nəzəriyyyəsi ilə məşğul olub.  1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Molekulyar fizika" kafedrasında işə başlayıb. 1971-ci ildə "Bərk cisimlər fizikası" kafedrasını yaradıb, 1972-ci ildə kafedranın professoru olub və indiyə qədər həmin kafedranın əvəzsiz rəhbəridir.

Bəhram Əsgərovun əsərləri, elmi araşdırmaları barədə məlumat verən rektor bildirib ki, onun bir sıra işləri daha mürəkkəb dispersiya qanunlu, yəni real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunub. O, sferik, lakin qeyri-parabolik zonalı yarımkeçiricilərdə qalvanomaqnit və termomaqnit effektlərin klassik nəzəriyyəsi ümumiləşdirib.  Bəhram müəllim tərəfindən termomaqnit effektlərinin ölçülməsindən istifadə olunaraq güclü cırlaşmış sferik-simmetrik dispersiya qanunlu elektron yarımkeçiricilərinin parametrlərinin tapılması üçün yeni üsul təklif olunub. Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov məruzəsində akademikin elmi fəaliyyətindən danışıb. Bildirib ki, 1994-2004-cü illərdə Bakı Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, 1998-ci ildə bir ilə yaxın müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Bəhram müəllim hazırda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. Bir çox illər Respublika Təhsil Nazirliyinin "Fizika" ixtisası üzrə elmi-metodik şurasının sədri, elmlər doktoru elmi dərəcəsi verən Elmi Şuraların sədri və həmsədri olub. Bəhram müəllimin elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymət­ləndirilib. O, 1974-cü ildə elm-texnika sahəsi üzrə Azərbaycan Dövlət Mükafatına, 2000-ci ildə Əməkdar Elm xadimi  fəxri adına layiq görülüb, 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub. 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib. Sonra akademik Ziyad Səmədzadə, professorlar - Misir Mərdanov, Qəzənfər Paşayev, Adil Qəribov və başqaları çıxış eədərək Bəhram müəllimi şərəfli yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, uzun və məsuldar ömür arzulayıblar.

Mətbuat və informasiya şöbəsi, 04 dekabr 2013-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!