BDU-da Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

30/06/2010

Bu gün Bakı Dövlət Universitetində «Azərbaycan milli mətbuatı 135: tarixi yolu və müasir inkişaf meylləri» mövzusunda elmi-praktik konfrans keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov konfransı giriş sözü ilə açaraq Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 135 illik yubileyinin geniş qeyd olunması ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən bəhs edib. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan «Əkinçi» qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik məsələlərini əsas tutduğunu xüsusi vurğulayan rektor həmin dövr üçün mətbuatı birinci hakimiyyət hesab edib. Fəaliyyəti dövründə cəmiyyəti düşündürən problemlərə daim yer ayıran, xalqımızın maariflənməsində əvəzsiz xidmətlər göstərən «Əkinçi»dən sonra onun ənənələrini davam etdirən «Ziya», «Ziyayi-Qafqaziyyə», «Kəşkül», «Şərqi-rus», «Həyat», «İrşad», «Molla Nəsrəddin» və digər nəşrlərin də xidmətlərindən bəhs edib, onların hər birinin Azərbaycan mətbuatı tarixində milli şüur, milli özünüdərk və təfəkkürün formalaşması və möhkəmlənməsinə verdikləri töhfələrdən danışıb. Akademik Abel Məhərrəmov ölkəmiz yenidən müstəqilliyinə qovuşduqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və mətbuat azadlığının təmin edilməsindən, KİV-in sərbəst fəaliyyətinə yaradılan şəraitdən də danışıb. Deyib ki, ümummilli lider Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazası, iqtisadi müstəqilliyi daha da gücləndirilib, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Əksər KİV nümayəndələrinin BDU-nun yetirmələri olduğundan qürur hissi keçirdiyini söyləyən rektor sonda bir daha mətbuat işçilərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev dövlət başçısının milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı imzaladığı sərəncamdan, bununla əlaqədar paytaxtda və regionlarda keçirilən yubiley tədbirlərindən bəhs edib. Bugünkü tədbirin BDU-da keçirilməsini təsadüfi saymayan Ərəstun Mehdiyev bildirib ki, universitet hər zaman mətbuat sahəsində öz töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib. Professor Şamil Vəliyev «Əkinçi» qəzetinin yaranmasından, cağdaş mətbuat üçün yaradılmış şəraitdən danışıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Həsən bəy Zərdabinin tarixi xidmətlərinə, mətbuatın xalqımızın həyatında oynadağı rola diqqət çəkib, bu cür tədbirin universitetdə təşkilinə görə rektor, akademik Abel Məhərrəmova təşəkkür edib. Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyev isə bildirib ki, «Əkinçi»nin adını eşidəndə insanlarda bu qəzetin sahə orqanı olması ilə bağlı təəssürat yaranır. Əslində isə bu mətbuat orqanı yalnız kənd təsərrüfatı mövzularını deyil, o dövrün bütün sahələrində baş verən problemləri işıqlandırıb. BDU-nu məbəd adlandıraraq çıxışına başlayan «Ədalət» qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas universitetin mətbuat orqanının fəaliyyətinin daha da genişlənməsinin əhəmiyyətinə, televiziya və radiosunun açılmasının gərəkliyinə toxunub. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə mətbuat və televiziyada baş verən bir sıra neqativ hallardan danışıb. Bəzi jurnalistlərin həqiqətdən uzaq xəbərlərə yer ayırdıqlarından, televiziyalarda mənəvi, əxlaqi dəyərlərə zidd reklamların yayımlanmasının neqativ təsirlərindən bəhs edib və bütün KİV işçilərini cəmiyyətə mənfi təsir götərən fəaliyyətdən kənar durmağa səsləyib. «Ədəbiyyat»  qəzetinin baş redaktoru Ayaz Vəfalı «Əkinçi» qəzetinin rəhbərlik etdiyi qəzetdə rolundan və yerindən, professor İzzət Rüstəmov isə Zərdabi tədqiqatçısı kimi bir sıra maraqlı məsələlərdən danışıblar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 30 iyun 2010-cu il.
(Tədbir AzərTAc, APA, Azadinform, Riyad Media, Lent.az informasiya agentlikləri və xəbər portallarında, “Azərbaycan”, “Xalq qəzeti”, “Pespublika”, “Üç nöqtə” qəzetlərində də yayımlanıb – 1 iyul 2010-cu il).

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!