BDU-da “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib

29/06/2015

Bu gün Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, KİV rəhbərləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edib.

Konfransı giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan «Əkinçi» qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik məsələlərini əsas tutduğunu qeyd edib. Fəaliyyəti dövründə cəmiyyəti düşündürən problemlərə daim yer ayıran, xalqımızın maariflənməsində əvəzsiz xidmətlər göstərən «Əkinçi»dən sonra onun ənənələrini davam etdirən «Ziya», «Ziyayi-Qafqaziyyə», «Kəşkül», «Şərqi-rus», «Həyat», «İrşad», «Molla Nəsrəddin» və digər nəşrlərin xidmətlərindən danışan rektor, onların hər birinin Azərbaycan mətbuatı tarixində milli şüur, milli özünüdərk və təfəkkürün formalaşması və möhkəmlənməsinə verdikləri töhfələrdən danışıb.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənov Prezident İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. Bugünkü tədbirin BDU-da keçirilməsini təsadüfi saymayan Əli Həsənov bildirib ki, universitet hər zaman mətbuat sahəsində öz töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib.

Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev «Əkinçi» qəzetinin yaranmasından, cağdaş mətbuat üçün yaradılmış şəraitdən danışıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Həsən bəy Zərdabinin tarixi xidmətlərinə, mətbuatın xalqımızın həyatında oynadağı rola diqqət çəkib.

BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli isə “Əkinçi” qəzetinin o dövrdə bütün sahələrdə baş verən problemləri işıqlandırdığını qeyd edib.

Professor Şirməmməd Hüseynov deyib ki, bu gün tək “Əkinçi”nin deyil, 140 illik milli mətbuatın bayramıdır. Dünyada ikinci minilliyin ən böyük kəşfinin kitab çapı olduğunu söyləyən Ş. Hüseynov müasir dövrün informasiya əsri olduğunu xatırladıb.

Sonda BDU-nun rektoru A. Məhərrəmov Azərbaycanda sahə jurnalistikasının inkişafının zəruri olduğunu, bu sahədə addımlar atılmalı olduğunu bildirib.

Çıxışlardan sonra bir sıra mətbuat nümayəndələri BDU-ya informasiya dəstəyi verdikləri üçün xatirə mükafatlarına layiq görülüblər. BDU-nun yetirməsi və universitetə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənov “Universitetin dostu” mükafatına layiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 29 iyun 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!