BDU-da akademik Vasim Məmmədəliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib

14/11/2012

Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, İlahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslıgın aktual problemləri” mövzusunda Respublika elmi konfransının plenar iclası keçirilib.

Plenar iclası giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki,  akademik Vasim Məmmədəliyev haqqında görkəmli ərəbşünas alim, təlim-tədris təşkilatçısı, ictimai xadim, xeyirxah, yaradıcı ziyalı kimi danışmaq mümkündür. Ölkəmizin çiçəklənməsi üçün bütün bilik və bacarığını ortaya qoyan Vasim müəllim nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda da millətimizə həmişə başucalığı gətirir. Vasim müəllimin bu böyük irsindən gənc alimlər, tələbələr faydalanırlar. Onun yazdığı dərslık, dərs vəsaitləri, metodiki vəsaitlər, etdiyi tərcümələr, elmi-publisistik məqalələr hər zaman aktualdır, dövrlə, zamanla səsləşir. Çünkı bu əsərlərin bir ucu tarixi ənənələrə söykənirsə, o biri ucu bugünkü həyatın axarına uyğundur. Yeniliyə, müasirləşməyə səsləyən hər bir yaradıcı əmək heç vaxt təsirsiz qalmaz. Onun Ziya Bünyadovla birlikdə Qurani-Kərimin Azərbaycan dilinə izahlı tərcüməsini isə xüsusilə qeyd etmək lazımdır.

Rektor onu da deyib ki, 1959-cu ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan Vasim müəllim burada fəaliyyət göstərdiyi ayrı-ayrı vəzifələrdə həmişə öz sözünü deməyi bacarmış, dəyərli məsləhətləri, yüksək elmi səviyyəsi, geniş erudisiyası ilə bütün kollektivin rəğbətini qazana bilmişdir. Vasim Məmmədəliyevi universitetin sütunlarından hesab edən rektor onun BDU-dan elmin zirvələrinə ucaldığını, elm və xalq qarşısındakı böyük xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görüldüyünü, AMEA-nın həqiqi üzv seçildiyini bildirib.

Sonra Vasim Məmmədəliyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizov çıxış edib.

Şeyxülislam Hacı Allahşükür Paşazadə, Təhsil naziri Misir Mərdanov, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə, akademik Ziyad Səmədzadə, millət vəkili Fəttah Heydərov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Texniki Universitetinin rektor Havar Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Metropolitenin rəisi Tağı Əhmədov, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da çıxış edərək yubilyarı təbrik ediblər.

Sonda çıxış edən Vasim Məmmədəliyev bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Mətbuat və İnformasiya şöbəsi, 14 noyabr 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: AzerTac, vesti.az, azertag, APA.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!