BDU-da akademik Tofiq Hacıyevin 80 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

02/11/2016

Bakı Dövlət Universitetində görkəmli türkoloq, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: İnkişafın yeni mərhələsi” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı açan rektor Abel Məhərrəmov akademik Tofiq Hacıyevin Azərbaycan elm və təhsilindəki mövqeyindən,  dilçilik elminin inkişafındakı xidmətlərindən, Bakı Dövlət Universitetindəki səmərəli elmi-pedaqoji fəaliyyətindən bəhs edib. Eyni zamanda Tofiq Hacıyevin  30 il BDU-nun Türkologiya kafedrasına rəhbərlik etməsindən, kafedranın Azərbaycanda türkoloji mərkəz hesab olunmasından, türkoloq-mütəxəssislərin yetişdirilməsindəki roluna diqqət çəkib.

Sonra Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədov “Akademik Tofiq Hacıyevin həyat və fəaliyyəti” haqqında məruzə ilə çıxış edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov akademik Tofiq Hacıyevin ömür yolundan, dilçilik sahəsində böyük bir məktəb yaratmasından, prinsipial mövqeyindən, milli təəssübkeşliyindən bəsh edib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, şərqşünas-alim, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, filologiya elmləri doktoru Qəzənfər Paşayev çıxış ediblər. Çıxışlarda akademik Tofiq Hacıyevin türkoloq, türkoloq-azərbaycanşünas olaraq fəaliyyətindən, yalnız Azərbaycanda deyil, ümumən, türk dünyası miqyasındakı xidmətlərindən, “Kitabi-Dədə Qorqud”dan bu tərəfə apardığı araşdırmalardan danışılıb. Bildirilib ki, Azərbaycanda ədəbi fikrin, ədəbi dilin tarixinin bu günə gəlib çıxması və Azərbaycan dilinin türk dilləri müstəvisindəki mövqeyinin elmi-nəzəri baxımından qiymətləndirilməsi Tofiq Hacıyev yaradıcılığının ağırlıq mərkəzində dayanırdı.

Ailəsi adından çıxış edən Azər Hacıyev akademik Tofiq Hacıyevin 80 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Konfrans işini bölmələrdə davam etdirib. “Tofiq Hacıyev – görkəmli türkoloq”, “Dilçilik” və “Ədəbiyyatşünaslıq” adlı bölmələrdə ümumilikdə 117 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 02 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!