BDU tələbələrindən orduya dəstək

04/04/2016

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbiçilərimizin və mülki şəxslərin ruhunu yad etmək və ordumuza dəstək məqsədi ilə Bakı Dövlət Universitetində 6 minədək tələbə-əməkdaşının iştirakı ilə tədbir keçirilib. Həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə rektor, akademik Abel Məhərrəmov şəhidlərimizin doğmalarına səbr diləyib. Bildirib ki, Ermənistan hərbi qüvvələri artıq bir neçə gündür ki, Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlar – top və pulemyotlardan atəşə tutur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirir. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının və digər beynəlxalq təşkilatların atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırıb. Lakin Ermənistan atəşkəs çağırışlarına məhəl qoymur və ağır silahlarla Azərbaycanın mövqelərinə atəş açmağa davam edir. Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Azərbaycan münaqişənin həlli ilə bağlı məsələnin reallaşdırılması üçün üzərinə düşənləri yerinə yetirsə də, növbəti təxribat törədilib və qarşısı qətiyyətlə alınıb. Prezident İlham Əliyevin dediyi kimi, «bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm». BDU-nun kafedra müdiri, akademik Vasim Məmmədəliyev şəhidliyin ən uca zirvə olduğunu, onların əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını bildirib.

Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasını əks etdirən film-rolikin nümayişindən sonra tələbələr prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, vətənimizi yad tapdağından azad etməyə hər an hazır olduqlarını bildirib, Azərbaycan əsgərinə müraciət qəbul ediblər. Əsgərlərimizin böyük bir məsuliyyət üzərinə götürdüyünü bildirən tələbələr Ali Baş Komandan əmr verərsə hər birinin ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmaq əzmində olduqlarını ifadə ediblər.

Tədbir iştirakçıların Azərbaycan himninin səsləndirilməsi və “Qarabağ bizimdir, bizim olacaq” şüarları ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 04 aprel 2016.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!