BDU əməkdaşlarının maaşı yenidən artırıldı

15/01/2016

Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetini təşkil edir. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında da Prezident İlham Əliyev bu sahədə islahatların aparılmasında israrlı olduğunu bir daha qeyd edib,  mərkəzi icra orqanlarını, cavabdehlik daşıyan qurumları bu istiqamətdə fəallığa çağırıb. Ölkədə aparılan islahatlarda həmişə insan amilini ön sıraya çəkən Prezident tərəfindən əmək haqlarının və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması hökumət qarşısında əsas məsələ kimi qoyulub.

Son illər Bakı Dövlət Universiteti əməkdaşlarının əmək şəraitinin və maddi rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən Bakı Dövlət Universitetinin Elmi Şurası büdcə imkanlarını nəzərə alaraq, BDU-nun bütün əməkdaşlarının əmək haqqının tutduğu vəzifədən asılı olaraq artırılmasını qərara alıb. Bu qərara əsasən, rektor tərəfindən 2016-cı ilin fevral ayının 1-dən etibarən üç mindən çox universitet əməkdaşının əmək haqqının ilkin mərhələdə 200 manatadək artırılması barədə müvafiq əmr imzalanıb. Bununla yanaşı, differensasiya əsasında elmi-pedaqoji fəaliyyəti ilə fərqlənən 300 nəfərdən çox professor-müəllim heyətinin və elmi işçilərin əmək haqqının əlavə olaraq  ayda 100 manat artırılması barədə də qərar qəbul edilib. Onu da xatırladaq ki, ötən ilin sonunda universitetin hər bir əməkdaşına birdəfəlik mükafat verilmişdi.

Mətbuat və informasiya şöbəsi, 15 yanvar 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!