BDU ilk azərbaycanlı rektorunun barelyefini açdı

30/08/2017

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində universitetin ilk azərbaycanlı rektoru, görkəmli  ictimai xadim və yazıçı Tağı Şahbazi Simurğun yaşadığı evin qarşısında  xatirə barelyefinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov açılış mərasiminin ali təhsil ocağı üçün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 1892-ci ildə anadan olan T.Şahbazi Bakıda birinci rus-tatar realnı məktəbində, sonra isə Xarkov Universitetinin fizika və riyaziyyat fakültəsinin tibb şöbəsində təhsil alıb. 1922-1923-cü illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, 1923-1926-cı illərdə Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin rektoru, 1930-1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışıb. Abel Məhərrəmovun sözlərinə görə, BDU-nun ilk azərbaycanlı rektoru kimi Tağı Şahbazi universitetə rəhbərlik etdiyi 3 il ərzində çox böyük işlər görüb. Belə ki,  milli dildə dərslər çoxalıb, Vətən tarixi tədris olunmağa başlayıb, milli kadrlar və tələbələrin sayı surətlə artıb. Tağı Şahbazi universitetin dörd rektorundan biri kimi repressiyalara məruz qalıb, “millətçi” damğası ilə güllələnib.

Professor Cahangir Məmmədli və T. Şahbazinin ailəsi adından çıxış edən Suğra Rzayeva tədbirin əhəmiyyətindən danışıb, görkəmli ədib və ictimai xadimin xatirəsinə göstərdiyi diqqətə görə Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivinə təşəkkürlərini bildiriblər.

Onu da bildirək ki, universitetin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlər sırasında bir müddət öncə Rusiya Federasiyasının Stavropol vilayətinin Yessentuki şəhərində Bakı Dövlət Universitetinin yaradıcılarından biri və ilk rektoru, professor Vasili Razumovskinin də xatirə barelyefinin açılış mərasimi baş tutub.

Mətbuat və informasiya şöbəsi, 30 avqust 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!