BDU Elmi Şurasının növbəti iclası keçirilib - VİDEO

09/04/2014

Bu gün BDU Elmi Şurasının növbəti iclası keçirilib. Ali təhsil müəssisələrinin rektorları, BDU-nun elmi Şurasının üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafı,elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirən rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib. Qeyd edilib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2013-cü ildə BDU “QS World University Rankings-2012” reytinqinə görə dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin, həmçinin MDB-yə üzv ölkələrin universitetləri üzrə reytin siyahısına daxil edilib. MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən BDU 40-cı pillədə qərarlaşıb.

İclasda 2013-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor prof. A.H.Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb.

Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır.

Prof.A.H.Kazımzadə qeyd edib ki, ümumiyyətlə 2013-cü ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 199 mövzu üzrə 1094 elmi iş yerinə yetirilmişdir.

Hesabat ilində Universitetdə fəaliyyət göstərən 9 daimi və 15 Birdəfəlik Dissertasiya Şuralarında 62 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 38 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə etmişdir. Ümumiyyətlə BDU əməkdaşları, doktorantı və dissertantları tərəfindən ixtisas üzrə 17 elmlər doktoru və 38 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilmişdir.

Hesabat ilində Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 77 monoqrafiya, 66 kitab, 73 dərslik, 131 dərs vəsaiti, 2681 məqalə, o cümlədən 1987 məqalə respublikada, 694 məqalə xaricdə, 1176 tezis, o cümlədən 487 tezis respublikada, 689 tezis xaricdə, 23 metodik göstəriş, 372 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 30 doktorluq və 117 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik etmişlər. 12 doktorluq və 87 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy vermişlər.

Xaricdə nəşr olunmuş 694 məqalədən 155-ı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 22,3 %-i impakt faktorlu jurnallarda nəşr olunmuşdur:

BDU əməkdaşları tərəfindən 14, o cümlədən BDU-nun sahibliyi ilə 12 yerli və 1 beynəlxalq patent alınmışdır.

Prof.A.H.Kazımzadə 2013-cü ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Bu kitablar kimya, fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, biologiya, tarix, filologiya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrinin, fizika problemləri ETİ-nin əməkdaşları tərəfindən yazılıb və ABŞ, Almaniya, Rusiya, Türkiyə və İran İslam Respublikasının nəşriyyatlarında nəşr olunub.

Hesabat ilində Universitetin əməkdaşları tərəfindən 88 (51 beynəlxalq və 37 respublikadaxili) elmi layihələr həyata keçirilib. Bu layihələr Avropa Birliyinin 7-ci Çərçivə (FP-7), Erasmus Mundus və TEMPUS Programları, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi araşdırmalar mərkəzi, NATO-nun «Elm sülhün keşiyində» proqramı, İsveçrə Milli Elm fondu, Almaniyanın Folsfagen şirkəti, Soros fondu Açıq Cəmiyyət İnstitutu, Dünya Bankı, AR Prezidenti

Yanında Elmin İnkişafı Fondu, Azneft İstehsalat Birliyi və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.

Bakı Dövlət Universitetinin Elmi kitabxanası hər il olduğu kimi 2013-cü ildə də ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyatla və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi öz fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən ali məktəb kitabxanaları üzrə elmi-metodiki mərkəz kimi fəaliyyət göstərən Elmi kitabxana 22 dövlət və bəzi özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir, 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır. Universitetin 4 korpusunda yerləşən Elmi kitabxanasının 14 şöbəsi, 5 abonementi, 15 oxu zalı müntəzəm surətdə oxucuların istifadəsindədir.

Bakı Dövlət Universitetinin nəşriyyatında çoxlu sayda monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlanmışdır.

Bakı Dövlət Universitetində dörd seriyada «Bakı Universitetinin Xəbərləri» jurnalı və digər 14 elmi, nəzəri, metodik və təcrübi jurnallar, o cümlədən impakt faktorlu “Applied and computational mathematics” jurnalı öz fəaliyyətlərini davam etdirmişlər.

Bakı Dövlət Universitetində 2007-ci ildən «Gənc istedadlar» liseyi fəaliyyət göstərir. Liseydə kitabxana, kompyuter otağı, kimya laboratoriyası, biologiya və fizika kabinələri, idman zalı, tibb məntəqəsi və yeməkxana şagirdlərin istifadəsinə verilmişdir. Dörd buraxılış üzrə Liseyi 142 şagird bitirmiş və onların hamısı nüfuzlu ali məktəblərə (o cümlədən 44-ü BDU-ya) daxil olmuşdur. 2012/2013-cü tədris ilində Respublika Olimpiadasında şagirdlərdən 4 nəfəri I yer, 1 nəfəri III yer, 2 nəfəri IV yer tutmuşdur; TQDK-nın məlumatına görə 2010-2013-cü illərdə qəbul imtahanlarında toplanılan orta bal və bəzi fənlər üzrə düzgün cavabların sayına görə Lisey I Yerə çıxmışdır. “Sabahın alimləri” Respublika müsabiqəsinə əsasən Universitetin professor-müəllim heyətinin rəhbərliyi ilə Lisey şagirdləri tərəfindən təqdim olunmuş 10 layihə müsabiqə nəticəsində I, II və III yerləri tutmuşdur. Həmin müsabiqə nəticəsində may ayında ABŞ-da kecirilən yekun müsabiqəyə göndərilmək üçün seçilən 3 işdən 2-si Lisey şagirdləri olmuşdur. Bu il keçirilən “Sabahin Alimləri” müsabiqəsində Liseyin 9 şagirdi 5 Layihə ilə iştirak etmişdir. Müsabiqə nəticəsində 3 Layihə (4 şagird) I yer, 1 Layihə (3 şagird) II yer, 1 layihə (2 şagird) III yer tutmuşlar. Bu ilin may ayında ABŞ-da keçiriləcək «Sabahın alimləri» Beynəlxalq müsabiqəsində Respublikamızı təmsil edəcək 3 layihədən 1-i «Gənc istedadlar» liseyinin şagirdlərinə məxsusdur. 2013-cü ildə Beynəlxalq Mendeleyev Olimpiadasına göndərilən 5 nəfərdən 2-si Lisey şagirdləri olmuşdur. Həmçinin Liseyin 2 tələbəsi Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) qalibi olmuş və qızıl medal almışdır.

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmri ilə universitetdaxili “50+50” qrant proqramı təsis edilmişdir. Müvafiq komissiyanın qərarı və Rektorun əmri ilə 25 professor-müəllim heyətinə, 20 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 10 nəfər doktorant, dissertant və magistrant və 11 nəfər tələbə 2012-2013-cü illər ərzində 4-cü müsabiqənin qalibi elan edilmişdir və onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilmişdir.

Bakı Dövlət Universitetində 77 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır.

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilində Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 53 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Mətbuat və informasiya şöbəsi, 09 aprel 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!