Bakı Dövlət Universitetinin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun satatistik təhlili

21/05/2014

Bu məqalədə Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə Azərbaycan Respublikasının Prezidenti yanında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılan qəbulun nəticələri təhlil olunur. Məqalədə TQDK tərəfindən illər üzrə aparılan  statistik təhlillər əsasında 12 nömrəli Abituriyent jurnallarında dərc edilmiş materiallardan istifadə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli, 219 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə uyğun olaraq təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ölkəmizin bütün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada həyata kecirilir.

1. Bakalavriat səviyyəsi üzrə qəbulun nəticələri. TQDK-nın məlumatına əsasən 2013-cü ildə ümumi təhsil müəssisələrinin 88697 məzunu olmuşdur və bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verənlərin 60.66 faizini cari ilin məzunları təşkil etmişdir. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55,63 faiz, 2011-ci ildə 58,39 faiz, 2012-ci ildə isə 58,84 faiz olmuşdu.

2013-cü ildə respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 720 abituriyent iştirak etmişdir. Onlardan 5,55%-i 500-700 bal toplamışdır. Abituriyentlərdən 1617 nəfəri 600-baldan yuxarı nəticə göstərmişdir. Yüksək nəticəli gənclərin 385 nəfəri Azərbaycan Tibb Universitetinə, 261 nəfəri Bakı Dövlət Universitetinə, 197 nəfəri “Qafqaz” Universitetinə, 191 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfəri Bakı Ali Neft Məktəbinə, 121 nəfəri Azərbaycan Dillər Universitetinə, qalanları isə digər ali təhsil müəssisələrinə  qəbul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə bu il qəbul imtahanlarında ən yüksək nəticə göstərib ali təhsil müəssisələrinə qəbul olmuş 102 nəfər tələbə, o cümlədən BDU-ya qəbul olmuş 4 nəfər tələbə Prezident təqaüdünə layiq görülmüşdür. Təsadüfi deyil ki, dövlət ali təhsil müəssisələrinin eyniadli ixtisaslarına (Azərbaycan bölməsi, əyani-qiyabi şöbə) qəbul olan abituriyentlər üçün ən yüksək bal göstəricisi Fizika müəllimliyi, İnformatika müəllimliyi, Riyaziyyat müəllimliyi, Coğrafiya müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi, Tarix müəllimliyi, Riyaziyyat, Fizika, Sosiologiya, Hidrometeorologiya, Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Regionşünaslıq (Amerika üzrə), Regionşünaslıq (Türkiyə üzrə), Regionşünaslıq (Qafqaz üzrə), Regionşünaslıq (Ərəb ölkələri üzrə), Regionşünaslıq (Yaponiya üzrə), Regionşünaslıq (Çin üzrə), Tərcümə (fars dili), Təhsildə sosial-psixoloji xidmət, Geodeziya və xəritəçilik mühəndisliyi, Yer qurluşu, torpaq və şəhər kadastrı, Torpaqşünaslıq və aqrokimya, Su bioehtiyatları və akvabitkilər, Jurnalistika, Kitabşünaslıq, Tarix, Psixologiya, Kimya, Biologiya, Sosial iş ixtisasları üzrə Bakı Dövlət Universitetində olmuşdur.

2013-cü ildə BDU-ya qəbul olanların 41,37 faizi Bakı şəhərindən, 58,63 faizi digər regionlardandır. Bakıda yerləşən digər ali təhsil müəssisələrinə nisbətən regionlardan universitetə daxil olan tələbələrin sayına görə BDU irəlidədir və ADPU-dan sonra ikinci yeri tutur. Hesab edirik ki, bu, BDU-da kadr hazırlığı aparılan ixtisasların sayını çox olması (hazırda BDU-da bakalavriat səviyyəsində 57 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir) və onların universallığı ilə əlaqədardır.

Son illər narahatlıq doğuran məsələlərdən biri bəzi ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında qızların üstünlük təşkil etməsidir. TQDK-nın məlumatına əsasən 2013-cü ildə sənəd verən abituriyentlərin 51,35%-ni (51701 nəfər) oğlanlar, 48,65%-ni (48982 nəfər) isə qızlar təşkil etmişdir. Respublika üzrə ali təhsil müəssisələrinə qəbul olanların 48,60 faizi (16467 nəfər) oğlanlar, 51,40 faizi (17413 nəfər) qızlar olmuşdur. Göründüyü kimi, qəbul imtahanlarında iştirak edənlərin və Respublika üzrə ali təhsil müəssisələrinə qəbul olanların cinsi tərkibi əhalinin ümumi tərkibinə uyğundur. Bununla yanaşı Bakı Dövlət Universitetinə qəbul olanların 32,19 faizi (1241 nəfər) oğlanlar, 67,81 faizi (2614 nəfər) qızlardır. Bakı Dövlət Universiteti ilə yanaşı olaraq Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti,  Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Gəncə Dövlət Universitetinə də daxil olan qızların sayı çox olmaqla oğlanların sayından kəskin fərqlənir. Aydındır ki, bakalavriat səviyyəsində qızların sayının çox olması sonradan magistratura və doktorantura səviyyələrində də qızların sayının üstünlük təşkil etməsinə və oğlanların elmi fəaliyyətdən uzaq düşməsinə səbəb olur və olacaqdır. Digər tərəfdən göründüyü kimi daha çox pedaqoji ixtisaslar olan ali təhsil müəssisələrinə qəbul olanların sırasında qızların sayı üstünlük təşkil edir ki, bu da eyni zamanda orta ümumtəhsil məktəblərində qadın müəllimələrin sayının çox olmasına səbəb olur. Təəssüf ki, 1995-2009-cu illərdə abituriyentlər arasında oğlanların sayının üstünlük təşkil etməsinə baxmayaraq, 2010-cu ildən etibarən ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən abituriyentlər arasında qızların sayının artması müşahidə edilir. Aydındır ki, bunun səbəbləri araşdırılmalı və problemin həlli üçün müvafiq tədbirlər görülməlidir.

Maraq doğuran məsələlərdən biri də ali təhsil müəssisələrinin reytinq göstəriciləri ilə bağlıdır. TQDK tərəfindən aparılan təhlillər əsasında müəyyən edilmişdir ki, 2013-cü ildə ali təhsil müəssisələrinin reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi başçılıq edir. İnformasiya Texnologiyaları Universitetei isə reytinq göstəricilərinə görə 2-ci yerdədir. Yüksək hazırlıqlı gənclərin yeni yaradılmış bu təhsil müəssisələrinə meyil və marağı olduqca böyükdür. Abituriyentlərin bu iki təhsil müəssisəsinə yüksək marağını onların bu ali təhsil müəssisələrinin perspektivinə bağladıqları ümid və yüksək gözləntilərlə izah etmək olar. Onu da qeyd edək ki, Bakı Ali Neft Məktəbi və İnformasiya Texnologiyaları Universitetinin birinci kurs tələbələrinin müvafiq olaraq 94,17 və 100 faizi dövlət büdcəsinin vəsaiti hesabına təhsil alır. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası isə reytinq göstəricilərinə görə 3-cü yerdədir. Bu təhsil müəssisəsinə qəbul olan tələbələrin 97,9 faizi dövlət sifarişi əsasında ali təhsil almaq hüququ qazanmış gənclərdir. Abituriyent ərizələrində ali təhsil müəssisələrinin ixtisaslarının birinci yerdə rastgəlmə tezliklərinə görə 4-cü yerdə, yüksək balla qəbul olan tələbələrin sayına görə 2-ci yerdə olmasına baxmayaraq Bakı Dövlət Universiteti reytinq cədvəlində və müsabiqə vəziyyətinə görə 7-ci yerdədir. Hesab edirik ki, əvvəlki illərə nisbətən reytinq cədvəlində BDU-nun bir qədər aşağı enməsi ötən il bəzi ixtisaslar, xüsusilə abituriyentlərin böyük maraq göstərdiyi hüquqşünaslıq ixtisası üzrə qəbul planının kəskin azaldılması ilə əlaqədar ola bilər (cari ildə bu ixtisas üzrə qəbul planının yenidən artırılması nəzərdə tutulub). Digər tərəfdən reytinq cədvəlində yüksək yer tutmaq üçün dövlət ali təhsil müəssisələrinə, o cümlədən BDU-ya müəyyən maliyyə müstəqilliyi verilməlidir. Məsələn, nümunə üçün qeyd edək ki, özəl ali təhsil müəssisələri arasında ən yüksək reytinqə “Qafqaz” Universiteti malikdir. Reytinq cədvəlində 6-cı mövqedə yerləşən “Qafqaz” Universiteti əvvəlki illərdə də özəl ali təhsil müəssisələri arasında ən yüksək mövqeyə malik olub. Hesab edirik ki, bunun bir səbəbi “Qafqaz” Universitetində yüksək ballı tələbələrin təhsil haqqından azad edilməsi, hətta onlara təqaüd verilməsi imkanı ilə əlaqədardır. Bu təhsil müəssisəsi öz məzunlarının işlə təmin olunmaları ilə də maraqlanır və onlara bu işdə yardım göstərir. Bu kimi həvəsləndirici tədbirlərin nəticəsidir ki, həmin təhsil müəssisəsini daha çox və həm də daha hazırlıqlı abituriyentlər seçirlər.

Diqqət çəkən məqamlardan biri də hazırlıq səviyyəsi nisbətən yüksək olan lisey məzunlarının ali təhsil almaq üçün Bakı Dövlət Universitetinə daha çox maraq göstərməsidir. 2013-cü ildə Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylərin (cəmi 32 lisey) 1144 məzunu (imtahanda iştirak edənlərin 73,47%-i) və 16 türk liseyinin 537 məzunu (imtahanda iştirak edənlərin 81,98%-i) tələbə adını qazanıb. Onların 646 nəfəri 500-dən, o cümlədən 274 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu "Qafqaz" Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Liseylərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal respublika üzrə orta göstəricidən 1,5-2 dəfə yuxarı olub. TQDK tərəfindən aparılan təhlillər əsasında əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyi və Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) Respublika üzrə ən yaxşı məktəblərin sırasına daxil olub.

2. Magistratura səviyyəsi üzrə qəbulun nəticələri. 2013-cü ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ümumilikdə 6794 plan yeri ayrılmışdı. Bunlardan 4474 yer (65,85%) Azərbaycan bölməsi, 651 yer (9,58%) rus bölməsi, qalan 1669 yer (24,57%) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulmuşdu. Ötən illə müqayisədə magistraturaya qəbul planı 12,88% (775 yer) artmışdır. Dövlət sifarişi əsasında qəbul aparılan 2320 yer qəbul planının 34,15%-ni təşkil etmişdir. Qəbul planı üzrə yerlərin 5780-i dövlət, 1014-ü isə özəl ali təhsil müəssisələrinin payına düşmüşdür. Müsabiqə iki mərhələnin ümumi balı əsasında aparılmış və 5432 nəfər ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmuşdur.

Magistratura səviyyəsinə bütövlükdə 138 ixtisaslaşma üzrə qəbul aparılıb. Onlardan 63,77 faizinin dövlət sifarişi əsasında nəzərdə tutulmuş yerləri tam dolub, 2,90 faizinin yerləri tam boş qalıb, 33,33 faizinin isə yerləri kəsirdə qalıb.

Qəbul imtahanının nəticələrinə görə ən yüksək keçid balları 060504 Kimya (111 bal), 060606 Neft-qaz mühəndisliyi (111 bal) və 060201 Filologiya (110 bal) ixtisaslaşmalarında qeydə alınıb. Ən yüksək bal 060212 Hüquqşünaslıq ixtisasının “Mülki və təsərrüfat hüququ” ixtisaslaşmasında müşahidə olunub. Bu ixtisaslaşma üzrə Bakı Dövlət Universitetinə qəbul olan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Fəridə Mehman qızı Musayeva qəbul imtahanında 144 bal toplayıb. 40 bakalavr qəbul imtahanında 130-dan yüksək bal toplayıb. Onlardan 10 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasına, 9 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 8 nəfəri “Qafqaz” Universitetinə, 7 nəfəri Bakı Dövlət Universitetinə, 2 nəfəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 2 nəfəri Xəzər Universitetinə, 1 nəfəri isə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.

Dövlət büdcəsinin vəsaiti hesabına böyük sayda qəbul əsasən Bakı Dövlət Universitetinin 060212 Hüquqşünaslıq (85 nəfər), 060501 Riyaziyyat (73 nəfər) və 060505 Biologiya (71 nəfər) ixtisaslaşmalarına, o cümlədən 060403 Maliyyə (68 nəfər) ixtisaslaşmalarına aparılıb.

Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına ödənişli təhsil forması üzrə tələbə qəbulunda 26 dövlət və 9 özəl ali təhsil müəssisəsi iştirak edib. Bu təhsil müəssisələri üzrə bütövlükdə götürdükdə, ödənişli təhsil forması üzrə qəbul olanların sayı dövlət sifarişi əsasında qəbul olanların sayından 1,6 dəfə çoxdur. Magistraturada müxtəlif əsaslarla təhsil almaq hüququ qazananların sayları arasında yaranan bu cür fərq heç də bütün ali təhsil müəssisələri üçün xarakterik deyil. Məsələn, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Dəniz Akademiyasında dövlət sifarişi əsasında qəbul üstünlük təşkil edib. Azərbaycan Müəllimlər İnstitutu, Bakı Qızlar Universiteti və Azərbaycan Kooperasiya Universitetinə qəbul olanların hamısı yalnız ödənişli təhsil forması üzrə təhsil almaq hüququ qazanıblar. Dövlət ali təhsil müəssisələri sırasında ödənişli təhsil forması üzrə sayca ən çox qəbul Azərbaycan Dövlət İqtisad Universitetinə (1102 nəfər), özəl ali təhsil müəssisələri sırasında isə “Qafqaz” Universitetinə (158 nəfər) olub.

BDU-ya qəbul olanların yalnız 28,2 faizi ödənişli (194 nəfər), 71,8 faizi isə dövlət sifarişi əsasında (494 nəfər, o cümlədən yeni açılan “Transmilli cinayət hüququ” ixtisaslaşması üzrə yalnız dövlət sifarişi əsasında qəbul üçün 10 yer ayrılıb və bu yerlər 100% dolub) olub.

TQDK tərəfindən hər bir ali təhsil müəssisəsinin magistraturasına qəbul olan bakalavrların ümumi sayı, o cümlədən 2013-cü və əvvəlki illərin qəbul olan məzunlarının sayı, həmçinin onların Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələri, regionlarda yerləşən dövlət ali təhsil müəssisələri və özəl ali təhsil müəssisələri üzrə tərkibi təhlil olunub. Təhlillər əsasında müəyyən edilib ki, ümumilikdə ali təhsil müəssisələrinə qəbul olanların orta hesabla 47,72%-ni onların öz məzunları, 39,62%-ni Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin, 6,46%-ni regionlarda yerləşən dövlət ali təhsil müəssisələrinin, 5,95%-ni özəl ali təhsil müəssisələrinin, 0,26%-ni isə xarici ölkələrdəki ali təhsil müəssisələrinin məzunları təşkil edir. Qəbul olanların 65,87%-i cari ilin, 34,13%-i isə əvvəlki illərin məzunlarıdır. Azərbaycan Tibb Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və özəl ali təhsil müəssisələrinin əksəriyyətinə qəbul olan bakalavrlar arasında əvvəlki illərin məzunları üstünlük təşkil edib.

Ali təhsil müəssisələri üzrə orta respublika göstəricilərini ayrılıqda ali təhsil müəssisələrinin göstəriciləri ilə müqayisə etdikdə məlum olur ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı şəhərində yerləşən texniki ali təhsil müəssisələri, qəbul aparılan ixtisaslaşmalar üzrə inhisarçı olan ali təhsil müəssisələri, eləcə də Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Bakı Biznes Universitetinin magistraturalarına qəbul olan bakalavrlar, əsasən, həmin ali təhsil müəssisələrinin öz məzunlarıdır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı şəhərində yerləşən özəl ali təhsil müəssisələrinin magistraturalarına qəbulda Bakı şəhərində yerləşən digər dövlət ali təhsil müəssisələrinin məzunları üstünlük təşkil etmişlər. Regionlarda yerləşən dövlət ali təhsil müəssisələrinin məzunları daha çox Azərbaycan Texnologiya Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun magistraturalarına qəbul olmuşlar. Özəl universitetlərin məzunları daha çox Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və özəl ali təhsil müəssisələrinə qəbul olublar.

2013-cü ildə Bakı Dövlət Universitetini bitirən 3550 nəfərdən 1125 nəfəri, yəni 31,70 faizi magistraturaya qəbul olunub. Bu respublika üzrə bütün ali təhsil müəssisələrinin magistraturasına qəbul olanların 20,71 faizini təşkil edir, yəni magistraturaya qıbul olunan hər 5 bakalavrdan biri BDU məzunudur. Bakı Dövlət Universitetinə qəbul olan magistrantların (cəmi 688 nəfər, onlardan 457 nəfər cari ilin,  231 nəfər əvvəlki illərin məzunlarıdır) 70,78 faizi öz məzunları (onlardan 46,95 faiz cari ilin, 23,84 faiz əvvəlki illərin məzunlarıdır),  22,82 faiz Bakıda yerləşən, 4,65 faiz regionlarda yerləşən, 1,45 faiz özəl, 0,29 faiz xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Müqayisə məqsədi ilə son 4 ildə BDU-nun magistraturasına qəbulun nəticələri ilə tanış olaq. Məlumat üçün əvvəlcədən bildirək ki, 2010-2013-cü illərdə müsabiqə prosesində bakalavrlar Bakı Dövlət Universitetinin qəbul imkanlarından daha çox və səmərəli istifadə ediblər. Dövlət sifarişi üzrə nisbətən böyük kadr hazırlığı imkanına malik olan ali təhsil müəssisələri içərisində yüksək qəbulolma göstəricisi Bakı Dövlət Universitetinə məxsus olub. Belə ki, dövlət sifarişi üzrə BDU-ya qəbulolma 2010-cu ildə 84,35%, 2011-ci ildə 83,04%, 2012-ci ildə 79,48% olub.

2013-cü ildə BDU-ya dövlət sifarişi üzrə qəbulolma göstəricisi 73,62% olub. Bakı Dövlət Universiteti dövlət büdcəsinin vəsaiti hesabına təhsil almaq üçün 706 bakalavr qəbul etmək imkanına malik olub, lakin bu yerlərin, faktiki olaraq, 671-dən istifadə edilə bilərdi. İstifadə edilən yerlərin 150-si BDU-nun inhisarında olan, 521-i isə digər ali təhsil müəssisələrinin də iddialı olduğu birgə müsabiqə üçün ayrılan yerlər idi. Digər ali təhsil müəssisələri ilə rəqabət şəraitində keçən tələbə yerlərinin müsabiqəsində 521 qalibdən 344 nəfəri təhsilini davam etdirmək üçün məhz bu ali təhsil müəssisəsini seçib.

Aşağıdakı cədvəldə (Cədvəl 1) son 4 ildə illər üzrə BDU-nu bitirən bakalavrların sayı, onlardan həmin ildə bütün ali təhsil müəssisələri üzrə  ümumiyyətlə magistraturaya qəbul olanların sayı və faizi, o cümlədən BDU-ya və digər ali təhsil müəssisələrinə qəbul olan BDU məzunlarının sayı və qəbul faizi göstərilib.

Cədvəl 1

İllər

BDU-nu bitirən bakalavrların sayı

Onlardan bütün ali təhsil müəssisələri üzrə  magistraturaya qəbul olanlar

BDU-ya qəbul olanlar

Digər ali təhsil  müəssisələrinə qəbul olanlar

Sayı

Faizi

Sayı

Faizi

Sayı

Faizi

2010

2690

885

32,90

502

56,72

383

43,28

2011

2941

994

33,80

497

50,00

497

50,00

2012

3000

1023

34,10

516

50,44

507

49,56

2013

3550

1125

31,70

487

43,29

638

56,71

 

Cədvəldən göründüyü kimi, BDU-nu bitirən bakalavrların və onlardan magistraturaya daxil olanların sayının illər üzrə mütənasib olaraq artmasına baxmayaraq hər il universiteti bitirən hər 100 bakalavrdan 32-34-ü magistraturaya daxil olur. Əvvəlki illərdə magistraturaya qəbul olunan BDU məzunlarının 50 faizindən çoxu BDU-ya daxil olurdusa, 2013-cü ildə onların yarıdan çoxu resbublikada fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin magistraturasına qəbul olublar. Bununla yanaşı, növbəti cədvəldən (Cədvəl 2) göründüyü kimi, 2010-cu ildə BDU-ya qəbul olan magistrantların 80 faizinin BDU-nun öz məzunu olmasına baxmayaraq son iki ildə BDU-ya qəbul olan magistrantların 70 faizi onun öz məzunları, 30 faizi isə digər ali təhsil müəssisələrinin məzunları olmuşdur ki, bu da son illər digər ali təhsil müəssisələrinin məzunlarının BDU-ya daha çox maraq göstərdiyini sübut edir.

Cədvəl 2

İllər

 

BDU-ya qəbul olanlar

Cəmi

Öz məzunları

Digər ali təhsil müəssisələrinin məzunları

Sayı

Faizi

Sayı

Faizi

2010

624

502

80,45

122

19,55

2011

658

497

75,53

161

24,47

2012

728

516

70,88

212

29,12

2013

688

487

70,78

201

29,22

 

Növbəti cədvəldə (Cədvəl 3) son 4 ildə magistratura üzrə BDU-ya dövlət sifarişi və ödənişli əsaslarla qəbul olunanların sayı və faizi, o cümlədən ödənişli yerlərin dolma faizi göstərilmişdir. Göründüyü kimi 2010-cu ildə ödənişli əsaslarla daxil olanlar ümumi qəbul olanların təqribən yarısını təşkil edirdisə, sonrakı illərdə bu say azalmış və son 2 iki ildə  ödənişli əsaslarla daxil olanlar ümumi qəbul olanların 30 faizindən də az olmuşdur. Bu fakt son illər daha çox hazırlıqlı olan və qəbul imtahanlarında daha yüksək nəticələr əldə edən bakalavrların təhsillərini davam etdirmək üçün məhz BDU-nu seçməyə maraq göstərdiklərini bir daha sübut edir.

Cədvəl 3

İllər

 

BDU-ya qəbul olanlar

Cəmi

Dövlət sifarişi üzrə qəbul olanlar

Ödənişli əsaslarla qəbul olanlar

Sayı

Faizi

Sayı

Faizi (mötərizədə ödənişli yerlərin dolma faizi göstərilib

2010

624

318

50,96

306

49,04 (83,84)

2011

658

421

63,98

237

36,02 (76,21)

2012

728

519

71,29

209

28,71 (64,11)

2013

688

494

72,80

194

28,20 (69,29)

 

Ali təhsilin magistratura səviyyəsi üzrə aparılan qəbul prosesində maraqlı məqamlardan biri də qəbul olanların sayında qəbul aparılan (cari il) və əvvəlki illərin məzunlarının hansı nisbətdə təmsil olunması ilə əlaqədardır. Növbəti cədvəldə (Cədvəl 4) son 4 ildə həm respublikanın bütün ali təhsil müəssisələrinə, həm də BDU-ya qəbul aparılan  və əvvəlki illərin məzunlarından qəbul olanların sayı və faizi göstərilmişdir.

Cədvəl 4

İllər

Respublika üzrə bütün ali təhsil müəssisələrinə qəbul olanlar

BDU-ya qəbul olanlar

Cari ilin məzunları

Əvvəlki illərin məzunları

Cari ilin məzunları

Əvvəlki illərin məzunları

2010

2480 (68,26 %)

1153

436 (69,87 %)

188

2011

2904 (68,79 %)

1317

470 (71,42 %)

188

2012

3076 (65,10 %)

1649

484 (66,48 %)

244

2013

3578 (65,86 %)

1854

457 (66,42 %)

231

 

Göründüyü kimi, həm respublika üzrə bütün ali təhsil müəssisələrinə, həm də BDU-ya qəbul olanların sayında cari ilin məzunları 65 – 70 faiz olmaqla üstünlük təşkil edir. Burada bir məqamı xüsusi qeyd etmək zərurəti yaranır. Məlum olduğu kimi son illər TQDK tərəfindən magistraturaya sənəd qəbulu və imtahanların keçirilməsi ali təhsil müəssisələrində tədris planlarında nəzərdə tutulmuş normativ təhsil müddəti bitməmiş və əksər hallarda bakalavrların yekun dövlət attestasiyasından əvvəlki müddətdə aparılır. Ona görə sənəd verənlərin böyük əksəriyyəti IV kursda təhsil alan bakalavrlardan ibarət olur. Lakin son illərin təcrübəsi göstərir ki, Bolonya prosesinin tətbiqi ilə əlaqədar olaraq son illər heç də bütün bakalavrlar ali təhsil müəssisəsini normativ təhsil müddətində bitirə bilmir və akademik borcları qaldığına görə yekun dövlət attestasiyasına buraxılmır. Lakin eyni zamanda belə bakalavrların bir çoxu qəbul imtahanlarında iştirak edərək magistraturaya qəbul olurlar və diplom ala bilmədiklərinə görə qeydiyyatdan keçə bilmirlər. Bolonya prosesinin və Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tətbiqi ilə əlaqədar olaraq akademik borcu qalan bakalavrların sayının ildən-ilə  artacağını və sənəd verən belə tələbələrin bəzilərinin hətta ikinci turda qəbul ola bilmək imkanını nəzərə alaraq hesab edirik ki, TQDK tərəfindən çoxlu sayda fənlər üzrə akademik borcu qalan belə tələbələrdən sənəd qəbul edilməsinə və onların imtahanlarda iştirakına müəyyən məhdudiyyətlər qoyulması məqsədəuyğun olardı. Bir daha yada salaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni Qaydalarda yay məktəbində ən çoxu doqquz kredit üzrə fənn götürmək imkanı nəzərdə tutulur. Ona görə bundan çox kredit borcu qalan tələbələrin yay məktəbində bütün fənlər üzrə akademik borclarını ləğv etmək imkanının olmadığını nəzərə alaraq belə tələbələrin magistratura üzrə qəbul imtahanlarında iştirak etməsinə yol verilməsini məqsədəuyğun hesab etmirik.

 

Aydın Kazımzadə

BDU-nun prorektoru, professor

"Yeni Azərbaycan" qəzeti

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!