Azərbaycanın müstəqil diplomatiya tarixinə dəyərli töhfə

03/11/2006

Noyabrın 2-də Bakı Dövlət Universitetində xarici işlər nazirinin müavini və Diplomatik Akademiyanın rektoru, Azərbaycan Respublikasının ABŞ-da ilk səfiri olmuş diplomat Hafiz Paşayevin  "Yüksəkliyə doğru " kitabının təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə universitetin professor-müəllim heyəti və tələbələri ilə birlikdə, komitə sədrləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbiri Bakı Dövlət Universitetinin prorektoru, professor Nərgiz Paşayeva açaraq, ölkəmizin müstəqilliyini bərpa etdiyi ən çətin və məsuliyyətli bir dövrdə Azərbaycan dövlətinin ABŞ-da səfiri təyin edilmiş, 14 il fasiləsiz olaraq dünyanın ən böyük ölkəsində respublikamızın diplomatik nümayəndəliyinə rəhbərlik etmiş Hafiz Paşayevin zəngin həyat təcrübəsinin, geniş erudisiyasının, dərin intellektinin bəhrəsi olan kitabın əhəmiyyətindən danışdı. Səfir vəzifəsini daşıyan insanın təmsil etdiyi ölkənin şərəfini şəxsiyyəti, davranışı, mənəviyyatı ilə də qorumalı olduğunu vurğulayan Nərgiz xanım, təqdim olunan  "Yüksəkliyə doğru " kitabında mühüm tarixi dövr və hadisələrdən, maraqlı insanlardan, vətəndaşlıq mövqeyindən, insani münasibətlərdən geniş bəhs edildiyini, hazırkı dövrü və hadisələri dərk etmək baxımından çox dəyərli olduğunu, Azərbaycan ilə ABŞ arasında əməkdaşlıqdan başlayıb strateji tərəfdaşlığa qədər inkişaf yolu keçən proseslərin dinamikasını zəngin fakt və məlumatlarla əks etdirdiyini bildirdi. Qeyd etdi ki, bu kitabı oxuduqca bir daha əmin olursan ki, hazırkı beynəlxalq aləmdə yüksəkliyə doğru aparan yolda vətəndaşlıq cəsarəti, mənəvi saflıq, ümumi amal və ideya birliyi, hər zaman təmsilçisi olduğun dövlətin maraqlarını ayıq-sayıq qorumaq bacarığı əsas amillərdəndir. Kitabdakı hadisə və faktların dəyərləndirilməsində və analitik şərhində müəllif xarakterindən irəli gələn səmimiyyətin hiss olunduğunu diqqətə çatdıran natiq, nəşrin müstəqil diplomatiya tariximizin öyrənilməsində, qloballaşan dünyanın bu günü və gələcəyini dərk etməkdə mühüm rol oynayacağına inamını ifadə etdi.
BDU-nun rektoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov ölkəmizin aparıcı elm və təhsil ocağında belə bir görüşün keçirilməsinə razılıq verdiyinə görə diplomat Hafiz Paşayevə minnətdarlığını bildirdi. O, ABŞ-a ötən əsrin 90-cı illərin əvvəlində və sonrakı səfərlərində Azərbaycan həqiqətlərinin Birləşmiş Ştatların dövlət və hökumət strukturlarına, ictimaiyyətə çatdırılmasında səfirliyin çox böyük işlər gördüyünün şahidi olduğunu konkret faktlarla açıqladı, müəllifin dünyanın bu ən böyük ölkəsində özünə və təmsil etdiyi dövlətə yüksək nüfuz qazandırdığını diqqətə çatdırdı, dedi ki, bu kitab faydalı yardımçı tədris vəsaitidir.
ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders Azərbaycan dilində çıxışda ölkələrimiz arasında münasibətlərin inkişafına səfir Hafiz Paşayevin nə qədər mühüm töhfə verdiyini öyrənmək üçün bu kitabı oxumağın gərəkli olduğunu vurğuladı. Dedi ki, oxucular bu kitabda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfərləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar,  "Əsrin müqaviləsi "nin imzalanması, 11 sentyabr terror aktından sonrakı vəziyyətlə əlaqədar xeyli maraqlı sənədlər, yeniliklər tapa biləcəklər, Amerikanı daha yaxından tanımaq imkanı qazanacaqlar. Səfir sanballı nəşrə görə həmkarına minnətdarlığını bildirdi, yeni mühüm vəzifələrində Hafiz Paşayevə uğurlar arzuladı.
Amerika Təhsilli Azərbaycan Məzunları Birliyinin sədri Fariz İsmayılzadə ABŞ-ın tanınmış siyasi xadimlərinin kitabda toplanmış fikirlərinə istinadla bu nəşrin mühüm elmi-nəzəri, siyasi dəyərə malik olduğunu diqqətə çatdırdı, Vaşinqtonda - səfirliyimizdə tədris-istehsalat təcrübəsi keçərkən diplomat Hafiz Paşayevdən çox şey öyrəndiyini dedi. Bildirdi ki, tanınmış diplomatın bu kitabına səfir işlədiyi 14 ildə yazdığı siyasi şərhləri, konqresmenlərə məktubları, müxtəlif nüfuzlu qurumlarda, elmi-tədqiqat müəssisələrində keçirilən görüşlərdə məruzələri və çap olunmuş məqalələri toplanmışdır. Kitab təkcə ali məktəblərin tələbələri üçün deyil, politoloqlar, siyasi şərhçilər, tədqiqatçı alimlər üçün də əvəzsiz mənbədir. Kitaba çox böyük marağın olduğunu nəzərə alıb onun nəşrinin doğma dilimizə tərcümə olunacağına ümidvaram.
Səfir Hafiz Paşayev özü və mənsub olduğu ailə üçün həmişə əziz olan bu elm mərkəzində keçirilən mərasimin iştirakçılarına minnətdarlığını bildirərək əvvəlcə kitabın yazılma səbəbi, nəşr üzərində iş prosesi, eləcə də okeanın o tayında Azərbaycan diplomatiyasının inkişaf tarixi barədə məlumat verdi. Müəllifin ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il iyulun 27-dən avqustun 7-dək ABŞ-a ilk rəsmi səfəri, burada keçirdiyi görüşləri haqqında xatirələri mərasim iştirakçılarında xoş və zəngin təəssürat yaratdı. Prezident İlham Əliyevin bu ilin aprelində ABŞ-a səfərinin, Prezident Buşla, digər dövlət rəsmiləri ilə danışıqlarının, səmimi söhbətlərinin ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələ açdığını bildirdi. Qeyd etdi ki, kitabın 1993-94-cü illəri əhatə edən birinci fəsli  "Azərbaycanın Vaşinqton xəritəsində yerləşdirilməsi ", 1995-2001-ci illəri əhatə edən ikinci fəsli  "ABŞ-la Azərbaycan münasibətlərinin möhkəmlənməsi ", 2001-2006-cı illəri əks etdirən 3-cü fəsli isə  "Əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru " adlanır, bu sərlövhələr həm də iki dövlət arasında münasibətlərin mərhələlərini göstərir. H.Paşayev dedi ki, bu kitab artıq ABŞ-dakı internet saytlarına yerləşdirilmişdir.
Sonda xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev tələbələrin və jurnalistlərin suallarına cavab verdi.

“Azərbaycan” qəzeti, "AzərTAc",  3 noyabr 2006-cı il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!