Azərbaycanın elmi-intellektual inkişafını təmin edən ideyalar müəllifi

12/12/2017

Davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. 
Qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. 
Ölkəmiz düşünülmüş neft strategiyası ilə ümumən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə çevrilir. Müstəqil daxili və xarici siyasət yeridən ölkə rəhbərliyi milli maraqları layiqincə müdafiə edir. 
Bu gün Azərbaycan böyük tikinti meydanını xatırladır. Regionlarda yüksək zövqlə aparılan abadlıq-quruculuq işləri zahiri görüntüyə hesablanan, kampaniya xarakteri daşıyan tədbirlərdən kəmiyyət və keyfiyyətcə fərqlənir. Yeni inşa edilən sosial infrastruktur obyektləri - təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerlərdə mədəni-intellektual səviyyəni yüksəldir, mənəvi iqlimi saflaşdırır. Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, çətin və ağrılı günlərimiz çoxdan geridə qalmışdır. Üfüqdə sürətlə yeniləşən, iqtisadi uğurları, demokratik inkişaf səviyyəsi ilə dünya arenasında layiqli mövqeyini təmin edən qüdrətli və əzəmətli Azərbaycan görünür.
Şübhəsiz, bütün bu uğurların əsasında məhz siyasi lider amili dayanır. Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən çox şey - ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Müstəqil respublikamızın hazırkı möhtəşəm nailiyyətləri məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasının nəticəsidir. 
Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin yolunda həyatını qurban verməyə belə hazır olan Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Ümummilli liderin əbədiyyətə qovuşmasından ötən 14 illik zaman kəsiyi bizə bu tarixin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə dərk etmək imkanı verir. 
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində xalqın əsrlərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü azad ölkənin vətəndaşı kimi dərk etməsi kimi misilsiz tarixi prosesi əhatələyir.
Orta və nisbətən yaşlı nəslin nümayəndələri respublikamızı böyük uğurlara aparan müstəqillik yolunun məhz ötən əsrin 60-cı illərindən başlandığını çox yaxşı bilirlər. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan sanki taleyin ümidinə buraxılmış kimi görünürdü. Bu nihilizm və tənəzzül şəraitində müstəqil həyata yeni qədəm qoyan gənclərin gələcək barədə təsəvvürləri də “bədbin notlar” üzərində köklənmişdi. Açıq deməliyik: imtiyazlı partiya nomenklaturasının yaratdığı sərt maneələr şəraitində hansısa imkansız azərbaycanlı gəncin yalnız öz biliyi sayəsində ali məktəbə daxil olması, cəmiyyətdə layiqli yerini tutması nəinki çətin, hətta əlçatmaz görünürdü. Həmin dövrdə ən nüfuzlu institutların qapıları zəhmətkeş ailələrin övladlarının üzünə bağlanmışdı. 
Ulu öndər Heydər Əliyevin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi belə bir dövrdə - 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilməsi isə respublikanı işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. İyulun 14-də keçirilən plenumda ana dilində nitq söyləyən yeni rəhbər elə ilk gündən köhnə stereotipləri dağıdaraq milli ideallara bağlı lider olduğunu ən yüksək kürsüdən nümayiş etdirdi. Heydər Əliyevin ədalətə, qanunçuluğa tapınaraq respublikada əliəyriliyə, rüşvətxorluğa, dövlət əmakının mənimsənilməsi hallarına qarşı kəskin mübarizəyə qalxması, paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı, islahatlara meyilliliyi respublika ictimaiyyətində nikbinliyi, sabaha inamı artırdı. 
Böyük rəhbər onu da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Bu baxımdan Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirirdi, yəni paralel şəkildə həyata keçirdi. Təsadufi deyil ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi təmələ söykənir.
Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə həyat amalının xalqa layiqli xidmətdən ibarət olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirməklə yanaşı, gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı. İrimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla Azərbaycanda intibah mərhələsinin əsasını qoydu. Azərbaycanın gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürdü, respublikada strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin inşasına nail oldu. Həyata keçirdiyi səmərəli islahatlarla çox qısa zamanda - 1970-ci illərin ortalarında Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etdi. 
Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı üçün kompleks tədbirlər görüldü. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün İttifaqda qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi. 
Ulu öndər iqtisadiyyatı yüksəltmək üçün rüşvətxorluğa, oğurluğa, əliəyriliyə və mənəviyyata zidd digər təzahürlərə qarşı amansız mübarizə aparır, belə hallara yol verənlərin cəzalandırılmasında və həbsində israr edirdi. Heydər Əliyevin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək idi. 1970-ci illərdə tez-tez bölgələrdə olan ümummilli lider sadə zəhmət adamları ilə görüşür, onlarla söhbətləşir, problemlərinin yerindəcə həlli üçün addımlar atır, ədalətsizliyə və məsuliyyətsizliyə yol verən məmurları işdən azad edirdi. 
Həmin dövrdə yüksəkixtisaslı kadr kimi yetişərək bu gün də dövlət idarəçiliyində mühüm postlar tutan insanlar ulu öndərin ali məktəblərdə hökm sürən acınacaqlı vəziyyətin aradan qaldırılması, qəbul prosesində şəffaflığın təmin edilməsi sahəsindəki qətiyyətli və prinsipial addımlarını yüksək ehtiramla xatırlayırlar. Ulu öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Ümummilli liderin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənirdi. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsas leytmotivini təşkil edirdi. Məhz ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə 1970-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdi.
Həmin illərdə milli-humanitar düşüncənin başlıca mərkəzinə çevrilərək kadr hazırlığına sanballı töhfələr verən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də ulu öndərin xüsusi diqqət mərkəzində olmuşdur. Heydər Əliyevin Bakı Dövlət Universitetinə isti münasibəti universitetin yubileylərinin keçirilməsində də özünü büruzə verirdi. Böyük rəhbər Azərbaycanın ilk ali təhsil müəssisəsinin yubileylərinin keçirilməsinə və yubiley mərasimlərində şəxsən iştiraka sadəcə vəzifə borcu kimi yanaşmır, buna daha yüksək məna verir, hətta həyatının ən vacib hadisəsi sayırdı. Ulu öndər Sovet Azərbaycanına hakimiyyətə gəlişindən dərhal sonra universitetin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə iştirak edərək Azərbaycan dilində dərin məzmunlu nitq söyləmişdir. 
Həmin illərdə təhsil sistemində saflıq, obyektivlik, ədalət prinsiplərinin qorunması da daim xüsusi diqqətdə saxlanılırdı. Ümummilli liderin birbaşa nəzarəti altında ali və orta ixtisas məktəblərinə qəbul olunan tələbələrin, həmçinin istehsalatın müxtəlif sahələrinə, eləcə də elm-təhsil mərkəzlərinə təyinat alan məzunların sosial tərkibi imkansız ailələrin hesabına daim sağlamlaşdırılırdı. Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk gündən qəbul prosesində neqativ hallara qarşı mübarizəni gücləndirərək ali təhsil ocaqlarına qəbul prosesinin şəffaf, obyektiv və azad şəraitdə keçməsi üçün bütün zəruri tədbirləri görmüş, bu sahədə ciddi dönüşün yaranmasına nail olmuşdu. Məhz onun böyük səyləri nəticəsində yüzlərlə azərbaycanlı gənc keçmiş İttifaqın müxtəlif guşələrində bir çox ixtisaslara yiyələnmişlər. Məhz həmin dövrdə yetişmiş yüksəksəviyyəli kadrlar bu gün Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. O illərdə nüfuzlu ali təhsil ocaqlarına qəbul olunmuş yüzlərlə sadə zəhmətkeş övladı ulu öndərin bu xidmətini daim ehtiramla, rəğbətlə xatırlayır. 
Xüsusi vurğulamaq lazımdır ki, elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət məsələləri müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Dövlət müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik etmiş naşı qüvvələrin biganə münasibəti ilə üzləşərək tənəzzülə uğrayan bu sahələr məhz Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır. Ümummilli lider 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. 
Ulu öndər Heydər Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsində, elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında isə fundamental elmlərin rolunu düzgün dəyərləndirirdi. 1997-ci ilin 31 yanvarında isə Azərbaycan Elmlər Akademiyasının 50 illik yubiley mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev ictimai və humanitar elm sahələrində dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də Sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini xüsusi diqqətə çəkmiş, həmçinin tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa çağırmışdır: “Biz indi xalqımızın tarixinin yaradılması işini gərək diqqət mərkəzinə alaq. Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər, Azərbaycanın tarixi yazılmamışdır. Bizim tarixçilərimiz bir tərəfdən çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəliyə aparmağa çalışdı. Amma Azərbaycanın tarixi yazılmalıdır. Alimlərimizin, tarixçilərimizin günahından yox, ovaxtkı ümumi ideologiyanın təsiri, yaxud bu ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz. Məktəbə gedən gənc gərək Azərbaycanın tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz”. 
Ulu öndər Heydər Əliyevin 30 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında” sərəncamında müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsi, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi kimi mühüm vəzifələr önə çəkilmişdir. 15 iyun 1999-cu il tarixdə ulu öndər tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında Təhsil İslahat Proqramı”nın əsas mahiyyətini isə təhsil sistemində islahatların təkamül yolu ilə, mərhələlərlə aparılması, tarixən formalaşmış zəngin, mütərəqqi ənənələrin, təcrübənin qorunub saxlanılması, dünya təhsil sisteminin Azərbaycanın milli xüsusiyyətləri ilə çuğlaşan prinsiplərinin tətbiqi məsələləri təşkil edir. İslahat proqramının həyata keçirilməsi nəticəsində təhsilin məzmunu yeniləşdirilmiş, müasir proqramlar və dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə standartların hazırlanması istiqamətində ciddi iş aparılmışdır. 
Məhz ulu öndərin nəcib təşəbbüsü əsasında gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsi ənənəsi bərpa edilmişdi. 1997-ci ildən Azərbaycanın bilik səviyyəsi ilə seçilən gənclərinin Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsinə başlanılmışdı. Bu, əslində, ötən əsrin 70-80-ci illərində əsası qoyulmuş uğurlu təcrübənin yeni mərhələdə davamı idi. 1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xatırlayan Heydər Əliyev deyirdi: “Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum”. 
Əminliklə deyə bilərik ki, yeni mərhələdə Bakı Dövlət Universitetinin keçmiş nüfuzunu və kadr potensialını bərpa etməsi, cəmiyyət üçün layiqli kadrların hazırlanmasında aparıcı söz sahibinə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Ümummilli lider BDU-nun 80 illik yubileyindəki tarixi çıxışında deyirdi ki, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə cəmiyyəti Bakı Dövlət Universitetindən ayrı təsəvvür etmək mümkün deyildir. “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” deyən dahi rəhbərin universitetə qayğısı bu ali təhsil müəssisəsinə yeni həyat vermiş, çətinliklərə rəğmən, onu yeni dövrün tələbləri səviyyəsində mütəxəssis hazırlığına sövq etmişdir. Universitet hər zaman dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar elm-təhsil məbədinin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Ümummilli liderin təşəbbüsü ilə BDU-nun 80 illik yubileyinin təntənəli şəkildə qeyd olunması da bu diqqətin əyani təzahürü olmuşdur.
2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ötən 14 ildə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana əzmlə sinə gərən dövlətlər sırasında yüksəlmişdir. Prezident İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır. 
İqtisadi qüdrəti ilə tarixən dünya siyasətinə təsir imkanlarını qoruyub saxlamış bir çox dövlətlərin gələcək taleyi heç də onların malik olduğu zəngin təbii sərvətlərlə deyil, ilk növbədə elmi-intellektual potensialı, insan kapitalı ilə şərtlənmişdir. İnkişafını malik olduğu zəngin neft-qaz ehtiyatlarının gətirdiyi dividendlərə bağlamayan müstəqil Azərbaycan da mövcud resurslarını məhz insan kapitalının gücləndirilməsi yönümündə qurur. “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmləndirir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq” deyən Prezident İlham Əliyev neftdən əldən olunan gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısı haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən “holland sindromu” kimi mənfi presedent də var. Qlobal maliyyə böhranının qabarıq duyulduğu son illərdə möhtərəm Prezident iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna, İKT-nin inkişafına xüsusi diqqət yetirilməsini önə çəkir.
Şübhəsiz, hər hansı islahatı uğurla həyata keçirmək, səmərəli nəticələr əldə etmək üçün ilk növbədə onun qanunverici bazasını formalaşdırmaq lazımdır. Ümumilikdə son 14 ildə həyata keçirilmiş islahatlar Azərbaycan elminin inkişafında keyfiyyətcə yeni mərhələ açmış, bu sahənin fəaliyyətini tənzimləyən qanunvericilik aktları müasirləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında”, 4 may 2009-cu il tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 22 oktyabr 2009-cu il tarixli “Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında” sərəncamları da məhz elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılmasına xidmət edir.
Cəmiyyət inkişaf etdikcə elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda elmi tətdiqatların bütövlüklə insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin səmərəliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlərin qarşısına ciddi vəzifələr qoyur.
Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də xüsusilə nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan on minlərlə Azərbaycan gəncinin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın standartlarına uyğun intellektual, yüksəkixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə MDB məkanının liderlərindən biridir. 
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirir. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısının hələ 24 aprel 2009-cu il tarixdə universitetin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalaması, noyabrda isə universitetin təntənəli yubileyinin keçirilməsi də müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir.
Dövlət başçısı İlham Əliyev bu mütərəqqi ənənəni davam etdirərək 14 noyabr 2017-ci ildə “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncamın preamblua hissəsində qeyd edilir ki, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır”.
Sərəncamda çox düzgün olaraq vurğulanır ki, respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətinin başlıca istiqamətlərini təşkil edir.
Dövlət başçısının sərəncamına əsasən Bakı Dövlət Universitetinin 100 illik yubileyinin layiqincə keçirilməsi üçün xüsusi tədbirlər planı hazırlanaraq icra ediləcəkdir. Ölkədə ali təhsilin, elmin zənginləşdirilməsində, gənc nəslin müstəqil dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsində mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin keçdiyi tarixi yola, habelə ulu öndər Heydər Əliyevin universitetin inkişafındakı tarixi xidmətlərə bir daha nəzər salınacaq, qazanılan uğurlar dünyaya bəyan olunacaqdır. 
Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 14-cü ildönümü ərəfəsində onu da xüsusi vurğulamaq istərdik ki, BDU-da dahi şəxsiyyətin mənəvi irsinin və zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda universitetdə fəaliyyət göstərən “Heydər Əliyev muzeyi” bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə çatdırılması, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür. 
Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin davamlı milli inkişafa təminat yaradan ideyaları daim yaşayır, dövlətimizin, xalqımızın gələcək uğurlarına parlaq işıq salır. Məhz bunun nəticəsi olaraq Azərbaycan hazırda dünya miqyasında özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə həyata keçirilən siyasi, hüquqi, humanitar islahatlar, modernləşmə kursu keçid dövrünü yaşayan ölkələrdə model kimi qəbul edilir. 
Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik mövcuddur. Məhz bu birlik sayəsində ölkə iqtidarı son illərdə böyük iqtisadi, siyasi, mədəni inqilablara müəlliflik edir. Heydər Əliyev dühasının müəyyənləşdirdiyi yolla inamla irəliləyən Azərbaycan xalqı onun ən layiqli davamçısı - cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək, gələcəyə nikbinliklə, ümidlə baxır. BDU-nun çoxsaylı professor-müəllim heyəti əmindir ki, Azərbaycan xalqının milli mənayefinə cavab verən bu siyasət qarşıdakı illərdə də davam etdiriləcək, respublikamız sürətli inkişaf tempini qoruyub saxlayaraq qabaqcıl dövlətlər sırasında layiqli yerini tutacaqdır.

Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik

Azərbaycan qəzeti

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!