Azərbaycanlı jurnalistlər məşhur «Financial Times»da - London səfərindən son REPORTAJ

09/04/2014

Ötən reportajlarımızda olduğu kimi, bu dəfə də online və sosial jurnalistika sahəsində biliklərimizi artırmağa yaratdıqları şəraitə, səmərəli və faydalı London görüşləri təşkil etdiklərinə görə «Biznes jurnalistika» layihəsində əməyi keçən PAŞA Bank, Britsh Council və Tomson Fonduna minnətdarlıqlarımızı bildirərək sonuncu - 3-cü hissəsini təqdim edirik.

NOVRUZ GƏLİR, YAZ GƏLİR

Gərgin qrafik, ağır proqrama rəğmən yorulmaq bilmirdik. Hər axşam qızların yığışdığı Strand Palace 344-də bu dəfə fərqli qələbəlik vardı. Gün ərzindəki görüşlərimizə, təşkilatçılara minnətdarlıqlarımıza şahidlik edən otaqda qələbəliyi Axır çərşənbə və 19 mart tarixinə planlaşdırdığımız Novruz bayramı yaratmışdı. Bu dəfə jurnalist qismində yox, aparıcı, ifaçı rolunda çıxış etməli idik. Alınacaqmı? Yaxşı hazırlaşmaq lazımdır! Zarafat deyil, ilk addımlar xarici səhnədə atılır. İfa edəcəyimiz mahnıların sözlərini və musiqisini əzbərləyib başa çatdırmaq üzrəydik ki, astadan döyülən qapı baxışları bir istiqamətə yönəltdi. Təbəssümlü gənc ingilis bizə saatın 3 olduğunu xatırlatdı. Nə etməli? Əlbəttə daha artıq səs salmadan dağılışmalı… 386 saylı otağa papaq atmadan keçmək olmaz. Bir sınayaq. Baş tutur. Qənimət. Bahalı Londonda bir stəkan çayla istifadə etmək olar.

A-ZƏR-BAY-CAN

Ötən ilin mart ayında Londona səfər etmiş tələbələrimiz, həm də təlimçimiz Den isti paltarlar məsləhət bilmişdi. Məsləhətli don gen olsa da, bu dəfə dar gəldi. London bizə həm də əsl Bahar havası ilə surpriz etdi. Bakıdan apardığımız səməni yaşıl sahələr və eyvan gül-çiçəkləri ilə mütənasiblik təşkil edirdi. Hazırlıqlarımız da pis alınmamışdı. Bahar qızımız, Novruz xonçamız, səmənimiz, qırmızı yumurtalar, üstəlik, Tomson Fondu işçilərinin heyrət dolu baxışları… Ürəklənirdik. Pis olmamalı idi.

Aparıcı: Əziz dostlar! Novruz bayramınız mübarək! Bu il doğma ocağımızda qeyd edə bilmədiyimiz Novruz üçün balaca bir surprizimiz var.

Səslər: Mahnı olacaqmı?

Aparıcı: Əlbəttə, vaxtınızı çox almadan bayram tədbirimizi açıq elan edir və Müslüm Maqomayevin möhür vurduğu «Azərbaycan» mahnısına başlayıram.

Narahatçılığa əsas yoxmuş! Hamı, hətta Tomson Fondunun əməkdaşları ifa edilən mahnının A-zər-bay-can hissəsini elə ürəkdən deyirlər ki! Əhsən komanda!

ƏHSƏN, BELƏ GÖZƏL ŞƏRAİTİ YARADANLAR!

Görüşlərimizin maraqlı keçməsi onu təşkil edənlər və bu səfərə komanda halında qatılmaq şansı yaradan insanların sayəsində mümkün oldu. 3 təlimin Bakıda, sonda isə 2 nəfərin 1 aylıq Londona göndərilməsini nəzərdə tutan «Biznes jurnalisika» layihəsinə dəyişiklik belə gözəl, maraqlı və unudulmayacaq səfərlə nəticələndi.

Layihə başlayan gündən sona qədər özünü yanımızda hiss etdirən, 15 yanvar tarixində qrupun həyacanla gözlədiyi nəticəni müsbət sonluqla başa çatdıran və elə həmin gün layihə iştirakçıları ilə yarım saatlıq görüşündə ona olan rəğbətimizi daha da artıran PAŞA Bankın  PR və Marketinq Departamentinin direktoru Sona xanım Abbasovaya xüsusi təşəkkürlər düşür. Təbii ki, bu sırada Departamentin digər əməkdaşları - Aynura Piriyeva, Əmir Məmmədov, British Councilin əməkdaşları Nigar Baimova, Könül Əhmədova, o cümlədən təlimçimiz Den Meyson və tərcüməçimiz Rəşad müəllimin adını qeyd etməsək olmaz. Hərçənd Londonda olduğumuz hər gün, eləcə də təəssüratların bizi tərk etmədiyi bu günlər adlarını çəkdiyimiz bu insanlara, xüsusən layihəni reallaşdıran PAŞA Banka minnətdarlıqlarla keçir.

GÖBƏLƏK VƏ PENDİR DOLU BAZAR

Səfər proqramımız mükəmməl tərtib edilmişdi söz yox. Ən gözəli isə təlimçimiz Denin cəldliyi, dinamikliyi və Londonu qarış-qarış bilməsi sayəsində görüşlərarası boş dayanmır, bir neçə fərqli yerə baş çəkə bilirdik. Əsasən pendir və göbələklə dolu olan qədim London bazarını, 1599-cu ildə Şeksprə aid aktyorlar truppası tərəfindən yaradılan, üzərinə «Parıldayan hər şey qızıl deyil» yazılan Qlobus teatrını, onun həyətindəki dükanda «Romeo və Culyetta», «Hamlet», «Maqbet»ə aid geyim əşyaları və suvenirləri də belə fərqli yerlərə aid etmək olar.

«FNANCIAL TIMES» VƏ BİR FİNCAN KOFE

Burası ayrı aləm. Dünyanın iqtisadi düzənini dəyişmək gücündə olan Pearson PLS holdinqinə məxsus «Financial Times»ın əzəməti çöl görüntüdən başlayır. Bundan əvvəl olduğumuz redaksiyalardakı kimi, qeydiyyatdan keçir və bizi qarşılamağa gələn xanım Liza Makleodun vasitəsilə konfrans zalına gedirik. Liza Makleod «Financial Times»-da əməliyyat şöbəsinin rəhbəri və rəqəmsal məsələlər üzrə redaktor müavinidir. Əsas işi çap və rəqəmsal əməliyyatları bir yerə toplamaqdır. Beynəlxalq işgüzar qəzet kimi tanınan «Financial Times» haqqında məlumatlara acgözlüklə qulaq asırıq.

Liza xanımın dediyinə görə, bu qəzet son 10 ildə daha çox dəyişiklik görüb, nəinki 125 il əvvəl. Dəyişikliklərin surəti daha dərin, düşüncəli və yeniliklərin ardınca getməyə məcbur edir. Bunu ənənəvi jurnalistikada etmək müəyyən çətinliklər yaradır”.  360 min tirajla çap olunan, dünyanın 24 şəhərində yayılan «Financial Times» ilk mətbuat orqanıdır ki, 2010-cu ildə rəqəmsal abunəni üstələyib. Online xəbərlər pulludur və oxumaq üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmək marketinq və rekalm üçün əsasdır. Pulsuz yalnız ayda 8 məqalədən istifadə etmək olar. 8 milyon abunəçi, 400 min internet istifadəçisi, 640 min çap və rəqəmsal abunəçisi var. 140 müxbir və ümumən 500 nəfərin çalışdığı qəzet «Biznes-two-biznes» prinsipi ilə işləyir. Qəzetin çap versiyasından daha çox gəlir əldə edilsə də, əsas ağırlıq veb sayta verilib. Və bir də «Financial Times» mümkün qədər rentabelli olmağa çalışır. Əgər çap versiyası 20 milyon paund qazandırırsa və onu yaymaq 30 milyona başa gəlirsə, demək, istiqaməti dəyişmək lazımdır. Əsasən Mərkəzi bank və biznes xəbərlərinə önəm verərək 85 qrupla işləyən qəzet, xəbərin təqdimində sadələşdirməyə yox, maarifləndirməyə önəm verir. Qəzetdə fantastik qiymət artımının maraqlı tarixi var. Bir gün qəzetin rəhbəri kofe sifariş edir və cəmi 1 paunda satılan «Financial Times»la bir fincan kofe arasındakı qiymət fərqi onu dəhşətə gətirir. Dərhal qəzetin qiyməti aqressiv şəkildə – 3 dəfə artır: 2 paund, 30 pens. Bəs nəticə? Dəyişməzdi. Qəzetin qiyməti artsa da, xeyir olmadı. Odur ki, qəzet hazır vəziyyətdədir. 1 ilə olmasa da, yaxın gələcəkdə çap online ilə əvəzlənəcək.


QƏZETDƏ FOTO, VEB SAYTDA VİDEO

İnformasiya bazarında konkert boşluqları müəyyənləşdirən və hədəfə vuran «Financial Times»ın əsas uğuru müştərinin inamını qazanması, onu məhsulunun unikallağına inandırması, xüsusən fərqli oxucu auditoriyasını nəzərə alması, əsasən 2 kateqoriyaya bölünən oxucular üçün elə məlumatların da ikihissəli təqdim edilməsidir: Analiz və şərh, qısa vaxt ərzində çox xəbər. 1 saat ərzində 20 dəfə yenilənən veb sayt videolara, qəzet isə fotolara üstünlük verir. Həftə sonu isə bu qəzetdə fərqli xəbərlər, mədəniyyət məlumatları da görmək mümkündür. Eynən «The Daily Tedegraph» kimi…


BİZƏ JURNALİST LAZIM DEYİL?

Digər təşkilatlardan, media qurumlarından olan yüksək təcrübəli mütəxəssislərlə yanaşı, məzunlar üçün 4 illlik təlim proqramları keçirilir. Öncə test tapşırıqları, sonra xəbər yazma bacarıqları, dil imkanları öyrənilir. Jurnalistikaya maraqlarının olub-olmaması da sübut edilməlidir. Bütün bu prosedurlar bitdikdən sonra yekun müsabiqə olur. Təxminən 600-ə yaxın müraciət müəllifindən yalnız 4 nəfər seçilir. Həmin 4 nəfərə böyük yatırım qoyulur. Onlar çox intensiv təlim məşğələləri ilə yanaşı, davamlı olaraq London Fond Birjası, 6 ay müddətinə Nyu-York və Pekinə təcrübəyə göndərilirlər. Bu müddətdə isə full vəzifələrə təyin edilmirlər. «Financial Times» daha çox data, statistika, riyaziyyat təhsili olan mütəxəssislərə ehtiyac duyur, nəinki jurnalist təhsillilərə. Əvvəl az bilinən dillərdə sərbəst danışan işçilərə üstünlük verilirdisə, bu gün həmin ölkədə uzun müddət iqtisadi sahədə, bankda və s. işləmiş ekspertlərə önəm verilir.


«TEZ ÇIXMAQDANSA, DÜZ ÇIXMAQ LAZIMDIR»

Bunu da Liza Makleod deyir. Yayımlanan xəbərin iqtisadi sferaya, tutalım birjaya təsiri nəzərə alındığından işə qəbul edilən hər bir əməkdaş əxlaq kodeksinə imza edir. Hər il bu kodeks yenilənir. Redaksiyada işləyən işçinin adına səhm varsa, mütləq onu açıqlamalıdır. Tutalım, onun adına Apple şirkətinin səhmləri varsa, demək, həmin işçi bu şirkətdən yazı hazırlaya bilməz. Bu investisiyanın qiymətləndirilməsi adlanır və baş redaktor onu görür. Hər bir xəbərin ən azı iki mənbəsi olmalıdır. Redaktorlar bu məsələyə son dərəcədə ciddi yanaşırlar. Baxmayaraq ki, hansısa bir xəbər bazarın hərəkətlənməsinə səbəb ola bilər, amma xəbərin 2 mənbəsi yoxdursa, o birmənalı şəkildə yayımlana bilməz. Bir sözlə, «Tez çıxmaqdansa, düz çıxmaq lazımdır».

BƏS FOND BİRJASINDA VƏZİYYƏT NECƏDİR?

Bütün dünya ölkələrinin ən böyük şirkətlərinin kortirovka olunduğu London Fond Birjasında (LFB) olmaq son dərəcə faydalı oldu. LFB ən iri fond birjalarından biri olaraq 300 ilə yaxın bir tarixə malikdir. Öz fəaliyyətinə 17-ci əsrin ortalarından London kafelərindən başlayan fond birjası çox keçmədən şəhərin ən vacib maliyyə institutlarından biri olub.

Növbəti yüzilliklərdə isə Birja bir sıra mərhələlərdən keçərək dünyanın qlobal maliyyə cəmiyyətlərindən birinə çevrilib. Üzvləri 4 qrupa bölünür: broker-diler firmaları - onların əsas funksiyaları qiymətli kağızların alqı-satqısı zamanı investorların tapşırıqlarını yerinə yetirməkdir; markel-meyker - iş günü ərzində müəyyən edilmiş qiymətli kağızları qiymətləndirmək; dilerlərin brokeri - market mayker arasında vasitəçidirlər. Kapital dəyişdirilməsi üzrə ticarət həcminə görə Avropada ən böyük hesab edilən LFB Nyu-York Fond Birjası və Tokio Fond Birjasından sonra dünyada üçüncüdür. Fond ən böyük kapital bazarında əməliyyat aparır, şirkətlərin ümumi bazar kapitallaşması 3 trilyon dolları ötür.

Gün ərzində birjada 9 milyard dollar həcmində 900 mindən çox tranzaksiya aparılır. Birja MDB-dən olan şirkətlərlə uğurla əməkdaşlıq edir və artıq bu regiondan olan 111 şirkət qeydə alınıb. London investorları MDB ölkələrinə böyük maraq göstərirlər. 7 mart 2014-cü il tarixində LFB, Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan Biznes Şurası və "Asiya House" tərəfindən ikinci "Xəzər dəhlizi" konfransı keçirilib.


LORD OLMAYAN MAVİ DÖŞƏMƏDƏ DAYANA BİLMƏZ

Lordlar Palatası tamam fərqli bir yer. Təpədən-dırnağacan yoxlama edildikdən sonra Tomson Fondunun sədri, lord Chandosun müşayiəti ilə tanışlığa başlayırıq. 19-cu əsrin ortalarında yanan bina 2-ci dünya müharibəsindən sonra tarixiliyi qorunmaqla bərpa edilib. Nümayəndələr Palatası ilə eyni binanı bölüşən Lordlar Palatasının bu başından Nümayəndələr Palatasının o biri başını görmək mümkündür. Biz görmədik, ona görə ki, ara qapılar əsasən bağlı olur. Nümayəndələr Palatası 651 üzvdən ibarətdir.

Onlar majoritar qaydada seçilir. Lordlar Palatasının tərkibi və üzvlərinin sayı dəyişkən olsa da, təxmini rəqəm söyləmək olar – 800. Bu palata 1999-cu ilə kimi irsi əlamət üzrə təşkil olunub və qadın lord olmayıb. Həmin il kraliça tərəfindən təsdiq olunmuş qanundan sonra irsi təyinatla yanaşı, digər şəxslər də lord ola bilib və qanun qadınlara da şamil olunub. Palatada ən maraqlı məqam lordların iclaslarını izləmək oldu.

Kraliçanın görüş öncəsi hazırlaşdığı otaqdan tutmuş, yüksək çinli qonaqların qəbul edildiyi zal, kitabxana, rəsmlərin tarixçəsi, əsasən qırmızı xalının salındığı dəhlizlərdə yeganə olaraq bir yerdə mavi xalının olması və lord olmayan adamın onun üzərində dayanmaq və yavaş yermək haqqının olmamasına qədər ən müxtəlif məlumatlar öyrəndik. Hətta onu da gördük və öyrəndik ki, ali qonaqların qəbul edildiyi zalın divarının bir tərəfində Vaterloo, digər tərəfində Trafalqar döyüşlərinin təsvir edildiyi böyük şəkil Fransanın keçmiş prezidenti Jak Şirakın etirazına səbəb olub və onun yığışdırılmasını xahiş edib. Məlumdur ki, hər iki döyüşdə ingilislər farnsızlara qalib gəlib. Lord Chandosla çay süfrəsini bölüşdükdən və xatirə şəkli çəkdirdikdən sonra London Eye vasitəsilə bu gözəl şəhəri 135 metr yüksəklikdən izləmək şansı da qazandıq.


“CANARY WHARF”, “GREENWICH MERIDIAN”

Londonun ən maraqlı daha iki yerində olduq. Bütün komanda üzvlərinin marağına səbəb olan “Canary Wharf” əsas biznes rayonu, iki əsas maliyyə mərkəzlərindən biridir. Ötən əsrin 80-ci illərinə qədər boş olan ərazində kanadalı qardaşların rəhbərliyi ilə sürətli tikinti işləri aparılıb və heç nədən nə isə yaranıb. Əhalinin sayı 7 mindən 100 minə qədər artıb. 300-ə yaxın restoran, dükan, o cümlədən çoxlu əyləncə mərkəzləri istifadəyə verilib. Londonluların əsas istirahət mərkəzlərindən hesab olunan əraziyə həm də Tomson Reyter agentliyinin əzəmətli binası rəng qatır.

Göz görüncə yaşıllığa bürünən Qrinviç meydanı və meridianını yaşıllıqlar aləmi də adlandırmaq olar. Qrinvic meridianının adı Temza cayının sahilində yerləşən eyni adlı kəndin adından götürülüb.

Kəndin ən yüksən nöqtəsində rəsədxana qurulub. Onun üzərində qüllə və kürə yerləşdirilib. Gündüz vaxtı həmin kürə qüllənin yuxarısına qalxır. Bu onu göstərir ki, artıq saat birdir. Bu mənzərəni görmək bizə də nəsib oldu.

Gəmilər də vaxtı həmin kürənin yurarı qalxması ilə təyin edirlər. Saatlarımızı Qrinviçə kökləyərək Temza sahilinə endik. Məlumat üçün bildirək ki, əvvəllər sıfırıncı meridian İngiltərədə "Qrinviç meridian", Fransada "Paris meridianı" və Rusiyada "Pulkov meridianı" adlanıb. 1884-cü ildə ABŞ konqresində sıfırıncı meridian kimi "Qrinviç meridianı" qəbul olunub.

AZƏRBAYCAN EVİ

Ölkəmizin ətrini aldığımız ikinci doğma məkan – “Azerbaijan house” və bir addımlığında üzərinə türk dilində «Süleymaniye» yazılan məscid.

Qürurvericidir. Azərbaycanla Britaniya arasında mədəni və dostluq bağlarını möhkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etmək məsədi ilə yaranan bu doğma məkanın B.Britaniyadakı səfirimiz Fəxrəddin Qurbanovun da iştirak etdiyi rəsmi açılış mərasimi 14 noyabr 2008-ci il tarixində baş tutub və indiyədək müxtəlif tədbirlərə ev sahibliyi edib.
Azərbaycan jurnalistlərini Novruz süfrəsinə qonaq edən bu gözəl məkanın qurucusu Dr. Əli Təkin Ataların şirin ləhcəsi, London Azərbaycanlı Qadınlar Klubunun rəhbəri Sevil Aslanovanın mənalı çıxışı, klubun nümayəndəsi Şəlalə Qasımovanın Londondakı azərbaycanlı ailələrin evində bişirilmiş ləzzətli yeməklərimizi təqdim etməsi isə ölçüyə gəlməz. Üstəlik, böyük həvəslə təqdim edilən kitabxana və xalq mahnılarımızın ifası... Hər şey gözəl!!!

 

VƏ NƏHAYƏT TƏQDİMETMƏ MƏRASİMİ

Bir həftə boyunca az qala bütün Londonu gəzdiyimizdən səfərin başa çatmasını təbii qarşıladıq. Artıq Tomson Fondunda təqdimetmədi. Mərasimə Fondun sədri Lord Chandos şəxsən qatılıb. İcraçı direktor Nigel Bakerin çıxışından sonra 6 ay müddətində bizimlə olan təlimçimiz Den Meysonun son nitqi. Duygulu anlar. Dünyanın müxtəlif ölkələrində treninqlər keçən Den belə bir komanda ilə ilk dəfə işlədiyini, bizimlə fəxr etdiyini deyir. Və sertifikatlarımız təqdim edilir. Şəxsən lord Chandos tərəfindən.

“WHERE”, “SORRY”, “EXCUSE ME”

İngilis dilini bilməyənlər London həsrəti yaşamasın! “Where” sözünü bilib, ingilislərin ən çox sevdikləri və hər addımda işlətdikləri “sorry”, “excuse me”ni deməklə bu çoxmillətli şəhərdə baş çıxarmaq mümkündür. Səfərin ən sadə hissəsi yemək almaq və alış-veriş etməkdir. Hər ikisində prosedur bəsitdir. Satıcılar əsasən kassa arxasında olur. İstənilən geyimin ölçüləri, qiymətləri onun üzərindədir. Bəyəndiyin əşyanı al və növbə tutmaq yolu ilə kassaya yaxınlaş, ödəyəcəyin pulu ekrana baxmaqla kəlimə kəsmədən ödə...

LONDON GÜLMƏCƏLƏRİ

İki nəfər komanda üzvünün məşhur “Primark” dükanında itmələri və “Böyük Buluşma”larına hər kəsin diqqətini cəlb etmələri, qızlardan birinin küçədə fırlanan “Şreklə” şəkil çəkdirməsi və sonda 10 funt ödəməyə məcbur olması, “Undergraund” sözünün metro yox, hansısa stansiya olduğunu güman edən xanımlardan birinin hər dəfə eyni stansiyadan keçdiklərini deyərək hamının gülüşünə səbəb olması...

SON MİNNƏTDARLIQ

«Biznes jurnalistika» layihəsində əməyi keçən PAŞA Bank, Britsh Council, o cümlədən Tomson Fonduna online, sosial jurnalistika sahəsində bilik, bacarıqlarımızın artırılmasına, maraqlı və unudulmaz London səfərinə yaratdıqları şəraitə görə bir daha minnətdarlığımızı bildiririk.

Pərvanə İbrahimova
Könül Niftəliyeva

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!