"Azərbaycan" qəzeti milli mətbuatın mütərəqqi ənənələrini və müasir nailiyyətlərini özündə birləşdirir

20/12/2008

Müasir qəzet bolluğunda özünəməxsus dəst-xətti, aydın və prinsipial mövqeyi ilə seçilən, yarandığı gündən xalqın müstəqillik, azadlıq ideallarının tərənnümçüsü, təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuz qazanan "Azərbaycan" qəzetinin 90 illik yubileyi Bakı Dövlət Universitetində yüksək səviyyədə qeyd olunmuşdur. Universitetin professor-müəllim heyətinin və tələbələrinin, nüfuzlu ziyalıların, habelə "Azərbaycan"ın əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə qəzetin keçdiyi şərəfli yola nəzər salınmış, bugünkü fəaliyyəti ilə bağlı fikirlər səslənmişdir. "Azərbaycan" qəzetinin tarixi keçmişini və hazırkı fəaliyyətini özündə ehtiva edən "Azərbaycan- 90" adlı yeni nəşrin təqdimatı da universitetin müəllim və tələbələri tərəfindən maraqla qarşılanmışdır.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov əlamətdar yubiley münasibətilə toplantı iştirakçılarını təbrik edərək bildirdi ki, ilk sayı 1918-ci il sentyabr ayının 15-də qədim Gəncədə işıq üzü görmüş "Azərbaycan" çağdaş tariximizin yol yoldaşı olmuş, qarşıya qoyduğu ali milli məqsədlərlə fərqlənmiş, dövrünün canlı salnaməsi kimi fəaliyyətinin bütün mərhələlərində cəmiyyətdə yüksək mövqe, nüfuz qazanmışdır. Akademik həmçinin vurğuladı ki, "Azərbaycan" qəzeti cümhuriyyət dövründəki qısamüddətli fəaliyyəti dövründə milli maarifçilik ideyalarının genişlənməsi, təhsilin vacibliyi fikrinin ictimai rəyə aşılanması prosesində yaxından iştirak etmiş, həmin dövrün nüfuzlu ziyalılarının təbliğati xarakterli çıxışlarına, publisistik məqalələrinə səhifələrində geniş yer vermişdir.

BDU-nun rektoru dedi ki, qəzet cəhalətin, düşüncə geriliyinin hökm sürdüyü bir zamanda insanları təhsil almağa çağırmışdır: "Bu gün həqiqətən də universitetin həyatında əlamətdar günlərdən biridir. Özünəməxsus dəst-xətti, mövqeyi, sanbalı ilə seçilən "Azərbaycan" qəzetinin 90 illik yubileyi Azərbaycanın ilk ali təhsil ocağında qeyd edilir. Kütləvi informasiya vasitələri bütün dövrlərdə dövlətin, dövlətçiliyin, ictimai-siyasi, ədəbi-bədii fikrin və təfəkkürün formalaşmasında mühüm xidmətlər göstərmişlər. Kütləvi informasiya vasitələri dedikdə, mən ilk növbədə dövri mətbuatı nəzərdə tuturam. Çünki dövri mətbuatın bizim milli tariximizdə müstəsna xidmətləri olmuşdur. Radio və televiziya dayaq nöqtəsini, ilkin əsasını məhz dövri mətbuatda tapmışdır. Həsən bəy Zərdabidən başlayaraq bugünədək Azərbaycanda çoxlu sayda qəzet və jurnallar nəşr olunaraq xalqa çatdırılmışdır. Həmin qəzetlərin hər birinin xalq və dövlət qarşısında müəyyən tarixi xidmətləri vardır.

XX əsrdə "Azərbaycan" qəzeti daim dövri mətbuatın önündə getmiş, milli təfəkkürün formalaşmasında, milli müstəqillik ideyalarının təbliğində mühüm xidmətlər göstərmişdir. Təsadüfi deyildir ki, qəzetin hazırkı fəaliyyəti də ölkə rəhbərliyi tərəfindən diqqətlə izlənir, onun yubileyinə xüsusi əhəmiyyət verilir".

Akademik Abel Məhərrəmov "Azərbaycan" qəzetinin 90 il əvvəl Bakı Dövlət Universitetinin yaranması prosesinə təbliğati dəstək verməsi faktına xüsusi toxundu, universitetin jurnalistika fakültəsinin məzunlarının müxtəlif vaxtlarda qəzetdə çalışdığını razılıqla qeyd etdi: "İlk sayı 1918-ci il sentyabrın 15-də Gəncədə işıq üzü görən qəzetin bu il müxtəlif səviyyələrdə təntənəli yubiley tədbirləri keçirilir. Bir neçə aydan sonra Bakı Dövlət Universitetinin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunacaqdır. Eyni dövrdə yaranmış qəzet və universitet bir-birinə daim dəstək vermişlər. Cümhuriyyət dövründə Bakı Dövlət Universitetinin yaranması ilə əlaqədar parlamentdə fraksiyalaşma prosesi getmişdi. Bir qrup parlament üzvü ölkədə milli kadrların yoxluğunu əsas gətirərək universitet açmağın tez olduğunu iddia edirdi. Digər qrup isə ölkədə maarifçiliyi önə çəkərək universitetin açılmasını vacib məsələ kimi önə çəkirdi. Təbii, ikinci fraksiyanın mövqeyi daha düzgün olub, milli maraqlara cavab verirdi. Universitetin açılması ideyasına dəstək verənlərdən biri də məhz "Azərbaycan" qəzeti idi. Bu gün intibah dövrünü yaşayan universitetin kollektivi "Azərbaycan" qəzetinə tarixi minnətdarlıq əlaməti olaraq onun yubileyini keçirməyi özünə borc bilir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, zaman-zaman "Azərbaycan" qəzetində çalışanların da böyük əksəriyyəti Bakı Dövlət Universitetinin məzunları olmuşlar".

BDU-nun rektoru çıxışında "Azərbaycan"ın hazırkı fəaliyyətinə də qiymət verdi, onun səhifələrində müxtəlif məsələlərlə bağlı dərin məzmun yükünə malik, intellektual səviyyəli məqalələrin dərc olunduğunu vurğuladı. Akademik Abel Məhərrəmov "Azərbaycan"ın bu gün də dövlətçiliyin və milli maraqların keşiyində dayanan sanballı qəzet olduğunu söylədi: "90 ildə "Azərbaycan" qəzeti heç də asan olmayan, keşməkeşli yol keçmişdir. Şübhəsiz, dövri mətbuatda çalışmaq, ona rəhbərlik etmək həqiqətən çətin məsələdir. Qəzet nəşr olunduqdan sonra tarixə çevrilir, onun səhifələrində heç bir səhvə yol vermək olmaz. Qəzet həm siyasi, həm ədəbi-bədii mühiti tutmalı, mövqeyini ortaya qoymalı, oxucuların rəyini nəzərə almalıdır. Bu mənada, şəxsən mən gündəlik olaraq ilk növbədə "Azərbaycan" qəzetini oxumağa çalışıram. "Azərbaycan" son illərdə həqiqətən də oxunaqlı, maraqlı qəzetə çevrilib, onun səhifələrində bir-birindən maraqlı məqalələr işıq üzü görür. Bu məqalələr siyasi, elmi, iqtisadi məzmunu ilə seçilir və bu da qəzetdə çalışanların peşəkarlığından, yüksək intellektual səviyyəsindən irəli gəlir. Fikrimcə, qəzet dövlətin siyasətini çox uğurla aparır. Şəxsən mən özüm də hər hansı məsələ ilə bağlı məqalə hazırlayarkən onun "Azərbaycan" qəzetində işıq üzü görməsinə çalışıram. Bir daha bu əlamətdar yubiley münasibətilə qəzetin əməkdaşlarını təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

BDU-nun jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynov məruzəsində "Azərbaycan" qəzetinin yaranma tarixindən, fəaliyyətindən, eyni zamanda ona rəhbərlik etmiş görkəmli ziyalı və publisistlərin vətənpərvər fəaliyyətindən söz açdı. Əsrin əvvəllərində eyni adlı bir neçə qəzetin nəşr olunduğunu diqqətə çatdıran professor vurğuladı ki, məhz Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə işıq üzü görən "Azərbaycan" qəzeti dövrün canlı salmanəsinə çevrilmiş, milli maraq və mənafedən çıxış etmiş, milli problemləri dolğun və hərtərəfli işıqlandırmışdır. Şirməmməd Hüseynovun sözlərinə görə, "Azərbaycan"ın səhifələrini vərəqlədikcə bir daha aydın görünür ki, qəzetin ətrafına toplaşmış işıqlı təfəkkür sahibləri, görkəmli ziyalılar qələmə aldıqları məqalələrin əksəriyyətində savadsızlığa qarşı çıxmış, yeni məktəblərin, ali təhsil ocaqlarının açılması ilə bağlı təkliflər irəli sürmüş, milli hökumətin bu yöndə atdığı ilk kövrək addımları dəstəkləmişlər. Professor çıxışının sonunda mətbuat tarixinin tədqiqi ilə bağlı jurnalistika fakültəsində xüsusi laboratoriyanın açılacağına da ümidvar olduğunu bildirdi.

Jurnalistika fakültəsinin kafedra müdiri, professor Şamil Vəliyev dedi ki, "Azərbaycan" qəzeti respublikada hər zaman demokratiyanı, fikir plüralizmini yürüdən, şəxsiyyət amilinə dəyər verən, dövlət və xalq mənafeyini uca tutan mətbuat orqanı olmuşdur. Onun sözlərinə görə, "Azərbaycan" qəzeti mətbuat tarixində mütərəqqi ənənələri formalaşdıraraq bugünədək çatdıran nəşr olaraq tariximizdə layiqli yerini təmin etmişdir: "Azərbaycan" qəzeti respublikada ilk gündəlik, müstəqil qəzet modelini verib. Yəni özünün obyektiv, qərəzsiz, tərəfsiz mövqeyi ilə seçilib, oxucuların rəğbətini qazanıb. Bundan əlavə, qəzetin səhifələrində o dövrün ən nüfuzlu ziyalıları müxtəlif məqalələrlə çıxış edib, dövrün problemlərinə münasibətlərini açıqlayıblar. Sözə vicdanla qulluq edən ziyalılar "Azərbaycan" qəzetində çıxış edib, onu öz tribunası sayıblar. "Azərbaycan" o dövrdə özünün müstəqilliyi ilə də seçilib, qəzetdə fikir müxtəlifliyi, fikir plüralizmi mövcud olub.

Qəzet Bakının daşnak-bolşeviklərdən azad olunduğu bir gündə - sentyabrın 15-də işıq üzü görüb. Belə bir zamanda Ceyhun və Üzeyir Hacıbəyli qardaşları Azərbaycanı informasiyasızlıqdan qurtarmaq, xalqı maarifləndirmək, ona obyektiv məlumatlar çatdırmaq məqsədilə gündəlik qəzet buraxmaq qərarına gəldilər. Beləliklə də, Hacıbəyli qardaşları ötən əsrin əvvəllərində ictimai fikir institutu kimi formalaşan jurnalistika işini ictimai faydalı peşə növü kimi qoruya, habelə onu dövlətin, xalqın ixtiyarına verə bildilər. Onların digər mühüm xidməti isə əli qələmli fikir adamlarını bir redaksiyada - vahid ideya və məqsədlər ətrafında səfərbər etmələri idi.

Həmin dövrdə "Azərbaycan" qəzetinin meydana gəlməsi həm də xalqın milli etnik-mənşəyinin, özünüdərk prosesinin, dövlətçilik şüurunun, coğrafi ərazisinin müəyyənləşməsi baxımından da qiymətlidir. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra "Azərbaycan" qəzetinin fəaliyyətini bərpa etməsi ötən dövrdə qazandığımız ən böyük nailiyyətlərdəndir. Arzu edirik ki, "Azərbaycan" qəzetinin tarixi ayrıca dərslik kimi nəşr olunsun və jurnalistika fakültəsinin tələbələrinə tədris edilsin".

BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru Cahangir Məmmədli bildirdi ki, Azərbaycan mətbuatı hazırda iki mühüm istiqamətdə inkişaf edir. Əgər birinci xəttin daşıyıcıları milli mətbuat ənənələrinə istinad edirsə, ikincilər daha çox müasir dünya mətbuatının uğurlarından bəhrələnməyə çalışırlar. Cahangir Məmmədlinin fikrincə, Azərbaycan mətbuatının hazırkı inkişaf prosesində ikinci istiqamətə meyil daha güclüdür: "Hazırda dünya mətbuat təcrübəsinin öyrənilməsi meyli özünü daha qabarıq göstərir. Bu müəyyən dərəcədə təhlükəli haldır. Çünki milli jurnalistikanın mütərəqqi cəhətlərinin itirilməsi ilə nəticələnə bilər. Azərbaycan mətbuatının tarixinə nəzər saldıqda, əminliklə deyə bilərik ki, milli jurnalistika ənənələrimiz var. Hazırkı qəzet bolluğunda jurnalistikanın milli ənənələrinin qorunub saxlanılması son dərəcə vacibdir. Xarici jurnalistikanı izləyəndə aşkar görünür ki, onlar tarixən formalaşmış ənənələrə istinad edirlər. Bunun müqabilində isə onların bizə son dərəcə "demokratik" olmağı, mətbuatda təhqirlərə, hədyanlara dözməyi məsləhət görməsi absurddur".

Cahangir Məmmədli həmçinin bildirmişdir ki, həm ümummilli lider Heydər Əliyev, həm də Azərbaycan Prezidenti İlham Əliyev dövlət quruculuğu prosesində mətbuatın rolunu və imkanlarını daim yüksək dəyərləndirmişlər: "Azərbaycan" qəzeti dövlət qəzeti olmasına baxmayaraq, ölkədə siyasi plüralizmin inkişafına, demokratik ənənələrin bərqərar olmasına, insan hüquq və azadlıqlarının etibarlı təminatına çalışan nüfuzlu gündəlik nəşrdir. Bəziləri yanlış olaraq fikirləşir ki, "Azərbaycan" qəzeti birtərəflidir, yalnız dövlətin mənafeyindən çıxış edir. Bəzən biz qəzetlərin fəaliyyətini düzgün qiymətləndirə bilmirik. "Azərbaycan" rəsmi dövlət qəzeti kimi yalnız dövlətin mənafeyi ilə uzlaşan məsələləri öz səhifələrində işıqlandırmalıdır və bu, tamamilə təbiidir. Qəzetin təməl prinsipi, konsepsiyası bundan ibarətdir. Jurnalistikanın nəzəri məsələləri ilə məşğul olan bir şəxs kimi hesab edirəm ki, "Azərbaycan" qəzetinin konsepsiyası öz yerindədir. Qəzet tutduğu yolda uğurlarla irəliləyir.

Fürsətdən istifadə edib "Azərbaycan"ın bütün kollektivini təbrik edirəm. Arzu edirəm ki, qəzet bundan sonra da sanbalını, nüfuzunu qorusun, dövlətçiliyin və xalqın keşiyində dayansın".

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında qəzetin yubileyinin yüksək səviyyədə təşkilinə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, habelə jurnalistika fakültəsinin professor-müəllim heyətinə minnətdarlığını ifadə etdi, qəzetin ötən 90 ildə şərəfli yol keçdiyini bildirdi. Qəzet milli mətbuatın tarixi özünəməxsusluğunu və müasir nailiyyətlərini özündə əks etdirən milli dövlət quruculuğu prosesinə öz töhfəsini verməyə çalışır: "Şadam ki, bu tədbirdə "Azərbaycan" qəzetinin keçdiyi şərəfli yol haqqında dəyərli fikirlər, rəylər səsləndi. Sadəcə bir məqama toxunmaq istərdim. "Azərbaycan" qəzeti yarandığı gündən çox çətinliklərlə üzləşib, talesiz qəzet olub. Üzeyir bəy Hacıbəyli istisna olmaqla, qəzetin həm yaradıcıları, həm də baş redaktorları müxtəlif illərdə repressiyalarla üzləşib, ölkədən kənarda yaşamaq məcburiyyətində qalıblar. Bütün bunlara baxmayaraq, "Azərbaycan" qəzeti həm də xoşbəxt bir qəzetdir. Çünki həm cümhuriyyət dövründə, həm də bu gün Azərbaycanın dövlət müstəqilliyinin yol yoldaşıyıq. Şadıq ki, bu gün "Azərbaycan" qəzeti ölkədə həyata keçirilən böyük quruculuq işlərini, dinamik inkişaf prosesini səhifələrində lazımi səviyyədə əks etdirir".

Bəxtiyar Sadıqov xatırlatdı ki, 90 illik yubileyi ərəfəsində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimləri "Azərbaycan" qəzetinin tarixi ilə bağlı dəyərli araşdırmalar aparmış, ayrı-ayrı məqalələrdə qəzetin fəaliyyəti ilə bağlı maraqlı məqamlara toxunmuşlar. Həmin məqalələr, habelə ayrı-ayrı ictimai-siyasi xadimlərin, dövlət məmurlarının "Azərbaycan" qəzeti ilə bağlı rəy və mülahizələri nəfis tərtibatda çapdan çıxmış "Azərbaycan - 90" adlı yeni kitabda dolğun şəkildə əksini tapmışdır: "Arzu edərdim ki, gələcəkdə "Azərbaycan" qəzetinin fəaliyyəti ilə bağlı diplom işləri, namizədlik dissertasiyaları yazılsın, onun fəaliyyətinin bütün mərhələləri dolğun şəkildə araşdırılsın, tədqiq olunsun. Bu, həm də Azərbaycan tarixinin obyektiv araşdırılması baxımından vacibdir. Çünki "Azərbaycan" qəzeti tarixən ensiklopedik qəzet olmuşdur".

Universitetdə son illərdə həyata keçirilən əsaslı abadlıq və quruculuq işlərini yüksək dəyərləndirən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov BDU-nun müasir tələblərə cavab verən elm və təhsil müəssisəsinə çevrildiyini razılıqla vurğuladı, universitet rəhbərliyinin bu sahədəki əməli fəaliyyətini təqdir etdi. "Bu gün universitetin ən müasir səviyyədə təmiri və yenidənqurulması, maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması ilk növbədə ümummilli lider Heydər Əliyevin xatirəsinə böyük ehtiramın təzahürüdür. Çünki ulu öndərimiz Heydər Əliyev universitetin məzunu olub" - deyən Bəxtiyar Sadıqov universitet rəhbərliyinin köməyi ilə yaxın vaxtlarda jurnalistika fakültəsində müasir laboratoriyanın açılacağına ürəkdən sevindiyini bildirdi.

Tədbirə yekun vuran akademik Abel Məhərrəmov "Azərbaycan" qəzetinin bundan sonra da dövlət və xalq naminə əzmkar fəaliyyət göstərəcəyinə, tarixi ənənələrə sadiq qalacağına inandığını vurğuladı, qəzetin kollektivinə yaradıcılıq uğurları arzuladı. BDU-nun rektorunun tədbirin gedişindəcə jurnalistika fakültəsinin yeni laboratoriyasının açılması barədə operativ qərar qəbul etməsi toplantı iştirakçıları tərəfindən razılıqla qarşılandı.

Yubiley tədbirinin iştirakçıları daha sonra Bakı Dövlət Universitetində yüksək zövqlə həyata keçirilmiş tikinti-quruculuq və abadlıq işləri, habelə bu elm və təhsil müəssisəsinin keçdiyi şərəfli yolu əks etdirən sərgi ilə tanış oldu. Universitetin yeni istifadəyə verilmiş tədris korpusunun nəzdində yaradılmış Heydər Əliyev muzeyi, informasiya texnologiyaları mərkəzi, müasir tipli poliklinika və laboratoriyalar, "Rus mərkəzi" və digər tədris mərkəzləri tədbir iştirakçılarında xoş təəssürat doğurdu.

“Azərbaycan” , "Xalq qəzeti", "Yeni Azərbaycan" 19-20 dekabr 2008-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!