Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir

30/04/2009

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilmişdir.

AMEA-nın Rəyasət Heyətinin foyesində akademiyanın ayrı-ayrı institutlarının elmi tədqiqat işlərinin nəticələrini əks etdirən sərgi təşkil olunmuşdur.

Yığıncaqda, əvvəlcə, hesabat dövründə dünyasını dəyişmiş alimlərin xatirəsi yad edilmişdir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqovun da iştirak etdikləri ümumi yığıncağı açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov demişdir ki, 2008-ci il xalqımız üçün Azərbaycan prezidentinin seçkiləri ilə əlamətdar olmuşdur. Alimlər seçkiqabağı kampaniyada yüksək fəallıq göstərmiş, kütləvi informasiya vasitələrində çıxışlar etmiş, xalqı seçkidə fəal olmağa çağırmışlar. Xalqımız müdrik seçim edərək ötən prezidentlik dövründə ona göstərilən etimadı öz əməli fəaliyyəti ilə tam doğrultmuş, zəngin bilik və bacarığını xalqın rifahı, dövlətimizin möhkəmlənməsinə həsr etmiş İlham Əliyevə səs vermiş, onu yenidən Azərbaycan Prezidenti seçmişdir.

AMEA-nın prezidenti vurğulamışdır ki, ölkəmizin həyatında digər mühüm hadisə 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi məqsədilə keçirilən referendum olmuşdur. Referendumun nəticələri bir daha sübut etmişdir ki, Azərbaycanda xalqla iqtidar arasında birlik mövcuddur və xalq son illər ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi inkişaf xəttini dəstəkləyir.

Qeyd olunmuşdur ki, ötən il ölkəmizdə aparılan uğurlu islahatlar, iqtisadiyyatda baş verən irəliləyişlər, qeyri-neft sektorunun inkişafı bütün sahələrdə, o cümlədən elm sahəsində müsbət nəticələrə gətirib çıxarmışdır. Respublikamızda elmin inkişafını xalqımızın işıqlı gələcəyini təmin edən əsas amillərdən biri hesab edən və bu sahədə AMEA-nın rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev 2008-ci ildə də elm, təhsil, mədəniyyət sahəsinə göstərdiyi qayğını davam etdirmiş, elm sahəsi üçün mühüm olan 20-dən çox qərar qəbul etmişdir.

Dövlətimizin başçısının "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" 2008-ci il 10 aprel tarixli sərəncamına əsasən elmdə islahatların aparılması ilə bağlı Dövlət Komissiyası yaradılmışdır. Dövlət Komissiyası öz öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün akademiyanın və müvafiq nazirliklərin nümayəndələrindən ibarət İşçi Qrupu təşkil etmişdir. Bu qrup tərəfindən respublikamızdakı elmi-tədqiqat müəssisələrinin elmi-texniki potensialının ilkin qiymətləndirilməsi həyata keçirilmiş, müxtəlif nazirlik, idarə və təşkilatlardan daxil olmuş təkliflər əsasında "Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya (2009-2015-ci illər)" və "Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı (2009-2015-ci illər)" layihələri hazırlanmış, əlaqədar nazirliklərlə razılaşdırıldıqdan sonra dövlətimizin başçısına təqdim edilmişdir.

Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısının tapşırığına əsasən akademiyanın Mərkəzi Elmi Kitabxanası üçün yeni binanın inşası ilə əlaqədar hazırlıq işlərinə başlanılmış, Milli Azərbaycan Tarixi Muzeyinin, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əsaslı yenidənqurma və təmir-bərpa işləri başa çatdırılmış, Rəyasət Heyətinin binasında və akademiya şəhərciyinin əsas binasında isə təmir-bərpa işləri davam etdirilir. Bundan əlavə, dövlətimizin başçısının sərəncamlarına əsasən Milli Azərbaycan Tarixi Muzeyinin, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının yaxşılaşdırılması, Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılacaq arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi məqsədi ilə 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ümumilikdə 7 milyon manat məbləğində vəsait ayrılmışdır.

Dövlətimizin başçısının sərəncamlarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının bütün işçilərinin aylıq vəzifə maaşları 2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz artırılmış, aspirantlara 90 manat aylıq təqaüd müəyyən edilmişdir.

AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev qurumun 2008-ci ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, akademiya 2008-ci ildə bir sıra uğurlar əldə etmiş, öz elmi potensialı ilə respublikanın sosial-iqtisadi inkişafında yaxından iştirak etmişdir. Akademiyanın idarəetmə və təşkilati sistemi təkmilləşdirilmiş, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Hesabat ilində akademiyanın elmi müəssisələrində 144 problemin 460 mövzusu üzrə tədqiqatlar aparılmış və 150-yə yaxın mühüm elmi nəticə əldə edilmiş, 35 elmi-tədqiqat işinin nəticələri tətbiq olunmuş, 53 patent alınmışdır. 300-dən artıq kitab, 2 ensiklopediya, 6000-dən yuxarı məqalə və tezis, o cümlədən 1200-dən çox məqalə xaricdə çap edilmişdir.

Qeyd olunmuşdur ki, AMEA-nın 63 həqiqi və 113 müxbir üzvü vardır.

Akademiyanın elmi müəssisələrində, idarə və təşkilatlarında 9714 əməkdaş çalışır. Elmi işçilərin sayı 4784 nəfərdir (529 elmlər doktoru, 2068 elmlər namizədi, 632 aspirant).

2008-ci ildə aspiranturaya 176 nəfər (154 əyani və 22 qiyabi) qəbul olunmuşdur.

Hazırda aspiranturada 608 nəfər təhsil alır. Onlardan 507 nəfəri əyani, 101 nəfəri isə qiyabi aspirantdır.

Hesabat ilində 22 doktorluq və 127 namizədlik dissertasiyası müdafiə olunmuşdur.

2008-ci ilin əvvəlinə olan məlumata görə, AMEA-nın elmi müəssisələrində 1324 dissertant çalışır ki, onlardan 472 nəfəri xarici ölkələrin vətəndaşıdır.

Akademiyanın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, 560-a yaxın əməkdaş birgə elmi tədqiqatlar aparmaq, simpozium və elmi-praktik konfranslarda iştirak etmək məqsədi ilə xarici ölkələrdə elmi ezamiyyətdə olmuşdur. AMEA-nın təşəbbüsü ilə Azərbaycanda əcnəbi alimlərin iştirakı ilə bir neçə beynəlxalq elmi konfrans və simpozium keçirilmişdir.

YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində, Azərbaycan xalqının mənəvi irsinin və ümumbəşəri dəyərlərinin qorunmasında böyük xidmətlərinə görə YUNESKO-nun Baş direktoru Koişiro Matsuura akademiyanın ümumi yığıncağının qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.

Bildirilmişdir ki, xarici ölkələrin elmi müəssisələri ilə imzalanmış əməkdaşlıq haqqında ikitərəfli müqavilələr əsasında elmi layihələr hazırlanır və uğurla həyata keçirilir. Akademiya Avropa Nüvə Tədqiqatları Mərkəzinin "Böyük Adron Kollayderi" layihəsində iştirak edir.

Dövlət büdcəsində elmi xərclərə ayrılan vəsaitin həcminin hər il artırıldığı xüsusi qeyd edilmişdir. Əgər 2008-ci ildə akademiyaya ayrılan vəsait 41 milyon manat idisə, 2009-cu ildə bu rəqəm 68 milyon manata yaxın olmuşdur.

Məruzə ətrafında müzakirələrdə akademiklər Əli Abbasov, Abel Məhərrəmov, İsa Həbibbəyli, Teymur Bünyadov və Budaq Budaqov çıxış etmişlər. Onlar 2008-ci ildə AMEA-nın idarəetmə və təşkilati sisteminin təkmilləşdirildiyini, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini vurğulamış, bu tədbirlərin alimləri ölkənin elmi-texniki potensialının inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına daha mütəşəkkil səfərbər etdiyini diqqətə çatdırmışlar. Ölkənin elmi potensialının inkişaf etdirilməsi, dünya elminə inteqrasiyanın sürətləndirilməsi işinə alimlərin töhfəsini artırmaq üçün təkliflər irəli sürülmüşdür.

Ümumi yığıncağın gündəliyinə uyğun olaraq akademiyanın strukturunda yeni aqrar və tibb bölmələrinin yaradılması haqqında qərar qəbul olunmuşdur.

Yığıncaq iştirakçıları AMEA-nın 2008-ci ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, qurumun nizamnaməsinə əlavələr və dəyişikliklər etmişlər.

AMEA-nın illik ümumi yığıncağına yekun vuran akademik Mahmud Kərimov əmin olduğunu bildirmişdir ki, alimlərimiz bundan sonra da öz intellektual potensialını səfərbər edərək, dünyanın inkişaf etmiş ölkələrinin elmi-təşkilati təcrübəsindən yaradıcı şəkildə faydalanaraq qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışacaqlar.

“Azərbaycan” qəzeti, “AzərTAc”, 30 aprel 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!