Azərbaycan jurnalistikasının Nəsir İmanquliyev məktəbi

21/12/2015

Hər şeydən öncə, reallığın güzgüsü, dövrün salnaməçisi, gələcəyin modelçisi olan, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə yaşayıb-yaradan  jurnalist-ziyalılar tarixi funksiyalarını ləyaqətlə yerinə yetiriblər. Bu xüsusiyyətləri özündə əxz edən nurlu şəxsiyyətlərdən biri, Azərbaycan milli-mətbuatında öz xidmətləri, dəsti-xətti, nəzəri-praktik fəaliyyəti  ilə məktəb yaradan  Nəsir İmanquliyevdir.

Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, Əməkdar Jurnalist, ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir. Professor Nəsir İmanquliyev bütün fəaliyyəti ərzində Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam etdirmiş, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən yazıları ilə mətbuat tariximizə layiqli töhvələr vermişdir. Onun fəaliyyəti, yaradıcılığı da, öz növbəsində, böyük simaların, jurnalist ordusunun yetişməsində tarixin əhəmiyyətli bir mərhələsi olmuşdur. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamış, milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır.

Nəsir İmanquliyevin şərəfli ömür kitabında fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun mənəvi keyfiyyətlərini, şəxsi dəyərlərini tamamlayır, alim-pedaqoq, peşəkar redaktor, ictimai-siyasi xadim, həmçinin zamanın nəbzini tutan  publisist kimi xarakterizə edir.

Nəsir müəllim müharibə və inqilab illərindən keçən çətin, keşməkeşli, lakin şərəfli bir ömür yaşayıb. “Komunist” qəzetini səhifələrindən başlanan “Yeni yol”, “Gənc işçi”, “Vuruşan Krım”  qəzetlərindən keçən, Bakı şəhər partiya komitəsində şöbə müdiri, Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsi müdirinin müavini, Mədəniyyət nazırliyi Baş Radioməlumat İdarəsinin rəisi, Azərbaycan SSR Nazırlər Soveti yanında Radio və Televiziya Komitəsi sədrinin birinci müavini vəzifəsinədək şaxələnən ömür, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən-elmi-pedaqoji fəaliyyətdən “Bakı” və “Baku” qəzetlərinə-peşəkarlığın zirvəsinədək yüksələn tale yolları... Bu yollarda zamanın sərt qaydaları, ictimai həyatın diktələri də var, inadkar yolçunun- Nəsir İmanquliyevin dünyaya fərdi baxışı, uğurları da. Bu yollarda heç vaxt əqidəsindən dönməyən, peşəkarlıqla ziyalılığın vəhdətindən doğan ziyalı obrazı və onun novator yaradıcılığı, Azərbaycan jurnalistikasında açdığı çığırı, yolu var.

Azərbaycanın ictimai-mədəni mühitində klassik ənənələrə əsaslanan maarifçilik fəaliyyəti professor Nəsir İmanquliyevin şəxsiyyətini alim-publisist, mütərcim, redaktor kimi səciyyələndirir. Jurnalist adının  məsuliyyətini dərk edib ləyaqətlə daşıyan, 87 illik ömrünün 70 ilini kütləvi informasiya vasitələrinin quruculuğu işinə həsr etmiş Nəsir İmanquliyev milli-mənəvi dəyərlərimizin inkişafına, elm və mədəniyyətin yüksəlişinə öz töhfələrini vermişdir.

Nəsir müəllim dəyərli ziyalı, jurnalist, yüksək təkilatçılıq qabiliyyətinə malik redaktor olmaqla yanaşı, həm də peşəkar pedaqoq idi. O, elmi pedaqoji fəaliyyəti dövründə tələbələrinə qarşı həmişə həssas, qayğıkeş yanaşmış, ləyaqətini hər şeydən uca tutan müəllim imici qazanmışdır. Məhz bu səbəbdəndir ki, görkəmli alim xeyirxah əməlləri, insani keyfiyyətləri, mərhəməti və şəfqəti ilə  bu gün də yetirmələrinin, tələbələrinin, sevənlərinin qəlbində yaşayır, xatirələrindən silinmir. Nəsir məllim ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demiş, milli kadrların formalaşmasında mühüm rol oynamış, bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və onun təməli sayıla biləcək bir sıra ixtisas kurslarının yaradıcısı olmuşdur. O, 19410-45-ci illər müharibəsində mətbuatın rolundan namizədlik dissertasiyasının, bir sıra dərs vəsaitinin, monoqrafiyaların müəllifi idi.

Universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılayan görkəmli pedaqoq “Bakı” və “Baku”nun redaksiyalarında Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı öyrətmiş, bu qəzetləri tələbə jurnalistlərin yaradıcılıq laborotoriyasına çevirmişdir. Göründüyü kimi, pedaqoq-alim, istedadlı qələm sahibi “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kursunun elmi-praktik əsaslarını hazırlamaqla yanaşı redaksiya ilə auditoriya, universitetlə mətbuat, təhsillə praktika arasında etibarlı körpü yaratmışdır. Bu fəaliyyət professor Nəsir İmanquliyevin ali jurnalistika sahəsindəki ən dəyərli, səmərəli xidmətlərindən biridir.

Nəsir İmanquliyev Milli mətbuatımızın tarixində xüsusi tipoloji xarakter daşımış “Bakı” və “Baku” qəzetlərinin təməlini qoymuş, bu nəşrlərə 30 il fasiləsiz rəhbərlik edərək peşəkar kollektiv formalaşdırmış, dövrünün, zamanının salnaməsini  yaratmışır. Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən biri qəzetdə informasiya xidmətinin yüksək statusunun bərpası yolundakı yaradıcılıq əzmkarlığı olmuşdur. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən redaktor xüsusən “Bakı” və “Baku” qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha təsdiq etmişdir ki, istənilən mətbu orqanın simasını, nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir. Milli mətbuatımızın bu gün üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən professor Nəsir İmanquliyev rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə geniş yer ayırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi. Sovet dövründə, ağır senzura şəraitində xəbərin tərəfsizlik, qərəssizlik, dəqiqlik prinsiplərini reallaşdırmaq böyük cəsarət tələb edirdi. Nəsir müəllim hər zaman peşəyə sədaqət nəzəri fikrini jurnalist üçün prioritet hesab edirdi: “Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır, peşəsini kiminsə pul kisəsindən asmamalıdır”. Peşəkar jurnalistin, nəzəriyyəçi alimin vaxtilə söylədiyi sözlər bu gün də aktuallığını saxlayaraq, jurnalist peşəsinin, fəaliyyətinin əsasını, onun peşə kodeksini təşkil edir.

Ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin səhifələrində respublika həyatının bütün sahələri – iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və s. ilə bağlı dərc olunan materiallar bu gün də öz aktuallığını qoruyub saxlayır. Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin “Bakı” – “Baku” təcrübəsi” xüsusi yer tutur.

Böyük şəxsiyyət olmaq üçün həm də ləyaqətli insan olmaq lazımdır. Jurnalistika fakültəsində çalışan müəllimlərimizin, pespublika ziyalılarının, görkəmli şəxslərin Nəsir İmanquliyev haqqında xatirələrindən bu qənaətə gəlirik ki,  Nəsir müəllimi bir jurnalist, pedaqoq, istimai-siyasi xadim kimi xalqa sevdirən onun peşəkarlığı, vətənpərvərliyi, milli ləyaqətidirsə, bir şəxsiyyət kimi fərqləndirən, hörmət və rəğbət doğuran fərdi xüsusiyyətləri, insani keyfiyyətləridir. O, adamları dərindən tanımaq, onların dərdinə şərik olmaq, qəlbinə yol tapmaq, kütlənin rəğbətini qazanmaq və onları öz ardınca aparmaq kimi yüksək insani və təşkilatçılıq xüsusiyyətləri ilə hər zaman fərqlənmişdir.

Göründüyü kimi, Nəsir müəllim bu və digər keyfiyyətləri ilə yanaşı, həm də yüksək mənəviyyatı, xeyirxahlığı ilə fərqlənən insanlardandır. O, ehtiyacı olan, ondan kömək uman insanlara heç vaxt biganə olmayıb. “Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir”. Professor Nərgiz Paşayevanın söylədiyi bu fikir Nəsir İmanquliyev insani keyfiyyətlərini bir daha xarakterizə edir. Onun nəcib insan, xeyirxah bir ziyalı olduğunu aydın ifadə edir.

Həyatda hər şey, eləcə də insan ömrü ötəridir, fəqət, bircə insanın əməllərindən başqa. İnsan ona verilən zamanı- ömürü  başa vurub, dünyadan köçəndə əzizlərindən tutmuş bütün var-dövlətinə qədər hər şeyi bu dünyada qoyub gedir. Yaddaşlarda, ürəklərdə isə onun izləri, əməlləri qalır. Məktəb içində məktəb yaradan görkəmli jurnalist, individual rəhbərlik üslubu ilə səciyyələnən peşəkar redaktor, ictimai-siyasi xadim, qayğıkeş insan, mərhum Nəsir İmanquliyevi də ölməzlik zirvəzinə ucaldan, qəlblərdə yaşadan əbədi əməlləri, xidmətləri, gələcək nəsillərə örnək ola bilən qısa, lakin şərəfli ömür salnaməsidir.

Leyla Rəşid

BDU-nun Jurnalistika fakültəsinin doktorantı

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!