Ali təhsildə islahata dair seminar keçirildi

03/10/2007

2-3 oktyabr 2007-ci il tarixdə Bakıdakı Park İnn otelində Azərbaycan Respublikasının Təhsil Nazirliyi Dünya Bankı ilə birgə ali təhsil islahatı üzrə seminar keçirdi.

Seminarın işində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, Maliyyə, İqtisadi İnkişaf nazirliklərindən və digər dövlət qurumlarından, Dünya Bankından, qeyri-hökumət təşkilatlarından nümayəndələr, ali məktəblərin rektorları, KİV əməkdaşları iştirak edirdilər.

Seminarı təhsil naziri Misir Mərdanov açdı. Tədbir iştirakçılarını salamlayan nazir bildirdi ki, keçirilən seminarda əsas məqsəd Azərbaycanda yaxın gələcəkdə və perspektivdə ali təhsil sahəsində aparılacaq islahatların əsas istiqamətlərini müəyyənləşdirməkdir.

Seminardan mühüm nəticələr gözlədiklərini vurğulayan nazir onun gedişində ali təhsildə bərabərlik prinsipinin genişləndirilməsi, maliyyə islahatları və ali təhsilin idarə olunmasında əsas meyillər, keyfiyyət amilləri və s. üzrə Dünya Bankı ekspertlərinin fikir və mülahizələri ilə, ayrı-ayrı ölkələrin ali təhsil sahəsindəki islahat təcrübələri ilə tanış olacaqlarını, müzakirələr aparılacağını, Azərbaycanda həmin istiqamətlərdə görüləcək işlərlə bağlı real təkliflər irəli sürüləcəyini söylədi və seminarın işinə uğurlar arzuladı.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova da seminarın açılış mərasimində çıxış edib onun ölkəmizdə ali təhsil sahəsində aparılan islahatların sürətlənməsində və dərinləşməsində, ali təhsildəki mövcud problemlərin aradan qaldırılması yollarının müəyyənləşdirilməsində, beynəlxalq təcrübə ilə tanışlıqda mühüm rol oynayacağını bildirdilər.

Seminarın 2 gün ərzində keçirilən 7 iclasında maraqlı təqdimatlar oldu, məruzələr dinlənildi, faydalı fikir mübadiləsi, diskussiyalar aparıldı.

"Xəzər" Universitetinin rektoru, professor Hamlet İsaxanlının sədrlik etdiyi birinci iclasda ilk təqdimatı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov etdi. Misir müəllim "Azərbaycanda ali təhsil: nailiyyətlər, problemlər və gələcək planlar" mövzusundakı təqdimat-məruzəsində öncə ali təhsilin cəmiyyətin inkişafındakı, yüksək intellektə malik insan kapitalının formalaşmasındakı rolundan söz açdı.

Sonra ölkəmizin ali təhsil müəssisələrinin şəbəkəsindən danışaraq bildirdi ki, hazırda  respublikamızın 49 ali təhsil müəssisəsində (35 dövlət, 14 qeyri-dövlət) mütəxəssis hazırlığı həyata keçirilir. 129905 tələbənin təhsil aldığı həmin ali məktəblərdə çalışan professor-müəllim heyətinin sayı 14400 nəfərdir, onlardan 1145-i elmlər doktoru, 5152-si isə elmlər namizədidir.

Nazir Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ və ona bitişik rayonları işğal etməsi nəticəsində 1 milyon insanın, o cümlədən 130 min təhsilalanın, 20 minə yaxın müəllimin öz doğma yurdundan didərgin düşməsi, 1000-ə yaxın təhsil müəssisəsinin, o cümlədən 1 ali məktəbin, 3 ali məktəb filialının dağılması və Azərbaycanın digər ərazilərində yerləşdirilməsi, Ermənistandan 300 min nəfərdən çox soydaşımızın zorla deportasiya edilməsi və ölkəmizə pənah gətirməsi nəticəsində müstəqilliyin ilk illərində Azərbaycan təhsilində, o cümlədən ali təhsildə vəziyyətin xeyli çətinləşdiyini söylədi.

1993-cü ildən digər sahələrdə olduğu kimi, milli təhsil quruculuğu sahəsində də genişmiqyaslı işlərin görülməyə başlandığını qeyd edən nazir ölkəmizin təhsil tarixində ilk dəfə olaraq ali təhsilin ikipilləli sisteminə (bakalavriat və magistratura) keçildiyini, təhsilin hüquqi-normativ bazasının yaradılması istiqamətində müəyyən sistemli işlər aparılmağa başlandığını bildirdi. Dedi ki, təsdiq olunmuş "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu"na uyğun olaraq, ali məktəblərdə bakalavr hazırlığını təmin edən standartlar, ali baza təhsil proqramları və tədris planları hazırlandı. 1998-ci ilin sentyabrından artıq bütün ali məktəblər tədrisin təşkilinə yeni tədris planları əsasında başladılar.

Bununla belə M.Mərdanov müvafiq konsepsiya, həyata keçirilmə mexanizmi olmadığından o vaxtlar islahatların sistematik, planlı şəkildə aparılmadığını, kosmetik xarakter daşıdığını, yalnız 1999-cu ildə Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində məqsədyönlü, planauyğun şəkildə aparıldığını bildirdı.

Görülmüş işlərdən danışan nazir qeyd etdi ki, islahat Proqramına müvafiq olaraq digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri edilib, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub, 6 ali məktəbə daha geniş müstəqillik verilib.

Nazir çıxışında bir məqamı da diqqətə çatdırdı. Dedi ki, ali təhsilin keyfiyyəti ilk növbədə maliyyə resurslarından səmərəli istifadədən və yüksək ixtisaslı kadr potensialının mövcudluğundan asılıdır. Lakin təhlil göstərir ki, hələ də ali məktəblərdə ixtisaslar üzrə tələbə qəbulu planı və buna müvafiq olaraq, tədris yükü optimal müəyyənləşdirilmir, əksər hallarda azsaylı qrup və birləşmələr (potoklar) yaradılır, müəllimin dərs yükü ən aşağı hədlə müəyyənləşdirilir. Elə bu səbəbdəndir ki, ali məktəblərimizdə bir müəllimə orta hesabla 8,7 tələbə düşür, halbuki inkişaf etmiş ölkələrin ali təhsil müəssisələrində bu nisbət 1:20 təşkil edir.

Ali məktəblərdə tədrisin məzmunu və təşkili ilə yanaşı, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən nazir bütün bunları nəzərə alaraq, 1999-cu ildə tələbələrin biliyinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqinə eksperiment şəklində başlandığını və hazırda bu sistemin demək olar ki, bütün ali təhsil müəssisələrini əhatə etdiyini söylədi.

Məruzə-təqdimatda müəllim hazırlığının təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında da məlumat verildi. Qeyd olundu ki, müəllim kompetensiyasını müəyyənləşdirən professioqram hazırlanmış, ucqar rayonların məktəblərini müəllim kadrları ilə təmin etmək məqsədilə mövcud ixtisas siyahısına (klassifikatora) qoşa ixtisaslar daxil edilmiş, pedaqoji təcrübə haqqında qaydalar hazırlanmışdır.

Dünya Bankı ilə birgə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində "Müəlllim hazırlığı" alt-komponenti üzrə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" hazırlanıb Nazirlər Kabineti tərəfindən təsdiq olunub, ibtidai sinif müəllimi hazırlığını təmin edən məzmunca tamamilə yeni kurrikulum layihəsi və "Təhsilin əsasları" dərsliyinin ilk variantı hazırlanıb.

Sözünə davam edən M.Mərdanov dedi: Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur.

Bildiyiniz kimi, Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulmuş və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilmiş, 2006-2010-cu illəri əhatə edən müvafiq tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq, bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu təsdiq edilmiş və buna müvafiq istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartları hazırlanmışdır. Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış yeni standartlarda fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldılmış (4140 saatdan orta hesabla 3305 saata qədər), seçmə fənlərə ayrılan saatların miqdarı 10%-dən 20%-dək çoxaldılmış və tələbələrin müstəqil işinə xeyli vaxt ayrılmışdır.

Boloniya Bəyannaməsinin başlıca müddəalarından biri ölkədə təhsilin keyfiyyətinin təmin olunması sisteminin yaradılması ilə bağlıdır. Bu istiqamətdə ali təhsilin keyfiyyətinin qiymətləndirilməsini təmin etmək məqsədilə hökumətin qərarı ilə ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyası haqqında Əsasnamə təsdiq olunmuş və bu günədək 5 ali təhsil müəssisəsi (Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti) akkreditasiyadan keçmişdir.

Qarşıda duran vəzifələrimizdən biri də ali təhsildə kredit sisteminin tətbiqidir. Bu sistemin tətbiqi ilə bağlı hüquqi-normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş, ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə hazırlanıb təsdiq olunmuş, görüləcək işlərin həcminin genişliyi nəzərə alınaraq, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqi qərara alınmışdır. ötən tədris ilində 10 ali məktəbdə başlanmış eksperiment cari ildə artıq 21 ali məktəbi əhatə etmişdir.

Nazir çıxışında mütəxəssis hazırlığının son mərhələsi olan buraxılış yekun dövlət attestasiyası, ali təhsil müəssisələrinin məzunlarının işlə təmin olunması, ali təhsil sistemində dərslik və s. məsələlərə də toxunub, həmin sahələrdə mövcud olan problemlərdən, onların həlli yollarından da ətraflı söz açdı.

Nazir dedi: - Azərbaycanın sosial-iqtisadi inkişafı və dünya birliyinə inteqrasiyası ali təhsil müəssisələrində kadr hazırlığına yeni - daha səmərəli yanaşma tələb edir. Nəzərdə tutulur ki, müvafiq mərkəzi icra hakimiyyəti orqanları hər il əmək bazarının monitorinqini aparmalı, yaxın və uzaq perspektivlər üçün kadr istehlakçılarının tələblərinə və ölkənin inkişaf strategiyasına uyğun tələbatı müəyyənləşdirməli və əsaslandırılmış təkliflər hazırlamalıdır.

Bu təkliflər əsasında maddi-texniki baza və kadr potensialını nəzərə alaraq ixtisaslar və təhsil müəssisələri üzrə ölkə daxilində və xaricdə dövlət vəsaiti hesabına kadr hazırlığına dair illik və perspektiv plan hazırlanıb müvafiq qaydada təsdiq edilməlidir.

çıxışında təhsil naziri Misir Mərdanov bütövlükdə ali təhsil sahəsində mövcud olan problemləri sadaladı, onları aradan qaldırmaq üçün yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirləri seminar iştirakçılarının nəzərinə çatdırdı.

Təhsil nazirinin təqdimatından sonra mövzu ətrafında müzakirələr aparıldı. İlk söz alan Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov öncə Milli Məclisdə müzakirə ərəfəsinda olan təhsil qanununa münasibət bildirdi. Söylədi ki, təhsil qanununun olmaması universitetlərdə islahatların aparılmasına mane olur. Diplomdansonrakı təhsilin dəyişdirilməsi ilə bağlı müvafiq təşkilatlar qarşısında hələ 6-7 il öncə məsələ qaldırmalarına baxmayaraq, onun öz həllini hələ də tapmamasını təəssüf hissi ilə söyləyən Əhliman müəllim tibb təhsilində kredit sisteminə keçirilməsi sahəsində də problem olduğunu  diqqətə çatdırdı, bu sahədə hələ çox çalışmaq lazım gəldiyini bildirdi.

çıxışında müəllim-tələbə nisbətinə də toxunan Ə.Əmiraslanov bununla bağlı hər ixtisasa uyğun normativlərin olmasını zəruri saydı.

Prezidentin İcra Aparatı Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə çıxışında təhsildəki problemləri 2 qismə ayıraraq onların bir qisminin daxili imkanların səfərbər olunması hesabına, Təhsil Nazirliyi strukturunda çalışan insanların zəhməti ilə aradan qaldırmağın mümkün olduğunu, bir qisminin həlli üçünsə beynəlxalq qurumlardan dəstəyin lazım gəldiyini söylədi. F.Abdullazadə orta təhsilin strukturu, müddəti, hər 10 min nəfərə düşən tələbələrin sayı sahəsində Avropa ölkələri ilə ölkəmiz arasında olan fərqlərin aradan qaldırılmasının, təhsilin strukturunun dəyişdirilməsinin, ali məktəblərimizin ixtisas strukturlarının başqa ölkələrin ixtisas strukturları ilə uyğunlaşdırılmasının hazırda ali məktəblərimizdə mövcud olan doqmatik təhsil mühitinin yaradıcı təhsil mühiti ilə əvəz olunmasının vacibliyini söylədi. Vurğuladı ki, ölkənin imkanları nəzərə alınaraq minimal xərclər və səylər nəticəsində maksimum effekt əldə olunmalıdır. Azərbaycan üçün onun əhalisinə, hazırkı iqtisadiyyatına uyğun optimal tələbə sayı müəyyənləşdirilməlidir. Beynəlxalq ekspertlərin ali məktəblərdə çalışanların seçimi, ali məktəblərdə hazırda çalışan insan potensialının yeniləşməsi ilə bağlı təkliflərini eşitmək istədiyini vurğulayan F.Abdullazadə bizdə bu sahədə mexanizmin təkmil olmadığını, tədris prosesinin quruluşunun dəyişdirilməsinə ehtiyac duyulduğunu, müəllim kütləsinin yeniləşməsinə stimul yaradılmasının, gənclərin ali məktəblərə gəlməsinə yol açmağın, tələbələrin biliklərinin qiymətləndirmə sisteminin dəyişdirməyin zəruri olduğunu söylədi.

F.Abdullazadə çıxışında habelə texnikumların (kolleclərin) proqramlarının dəyişdirilərək Avropada mövcud olan təhsil sisteminə uyğunlaşdırılmasını, ali təhsil strukturunda texnikumların şəbəkəsini hansısa formada bərqərar etmək üçün struktur dəyişikliyi edilməsinin vacibliyini, regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Azərbaycanın hər bir rayonunda rayon səviyyəli təhsil müəssisələrinin olması və s. məsələlərə də toxunub öz fikir və mülahizələrini bildirdi.

Daha sonra çıxış edən Bakı  Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov seminarın faydalı olduğunu qeyd edib, ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirmək formulunun seminarın işində də əsas istiqamət olduğunu bildirdi.

Seminarda iki istiqamətdə təkliflə çıxış edən Abel müəllim birinci təklifini Dünya Bankının ölkəmizə kömək edə biləcəyi istiqamətlərdən biri barədə olduğunu söylədi. Dedi ki, Dünya Bankı ilk növbədə Azərbaycanda keçid dövründə gənclərin təhsil alması üçün dünyada mövcud olan kredit, borc vermə sistemini yaratmağa kömək edə bilər.

İkinci məsələnin özümüzə aid olduğunu deyən rektor Azərbaycanda təhsilin, elmin inkişaf konsepsiyasınınmı, təhsil qanunununmu birinci olması məsələsinin onu düşündürdüyünü bildirdi. Onun fikrincə, ilk növbədə konsepsiya işlənib hazırlanmalı, bu strategiyanın konturları isə qanunla müəyyənləşdirilməlidir. A.Məhərrəmov təhsilin keyfiyyəti ilə bağlı onu düşündürən məsələləri də seminar iştirakçılarının nəzərinə çatdıraraq qeyd etdi ki, ali məktəblərdə tələbələrin sərbəst  işinə geniş yer ayrılmalı, alimlərin əksəriyyətinin cəmləşdiyi ali məktəblərə elm üzrə qrantların verilməsi nəzərdə tutulmalıdır.

Müzakirələrdə habelə Türkiyənin Anadolu Universitetinin professoru Ələddin Şamilov, Hacəttəpə Universitetinin dekanı Büket Akkoyunlu və başqaları da söz alıb ali məktəblərdə islahatların istiqamətləri barədə öz fikir və mülahizələrini bildirdilər.

Seminarın ilk iş günündə digər təqdimatlar da oldu. Milli Məclisin Elm və təhsil daimi komissiyasının sədri, ADİU-nun rektoru, professor Şəmsəddin Hacıyevin sədrlik etdiyi ikinci iclasda Cenevrə Universitetinin iqtisadiyyat professoru Luk Veber "Ali təhsildən yararlanmanın bərabərlik prinsipi ilə genişləndirilməsi üçün strategiyalar" mövzusunu təqdim etdi. Təqdimatını beş bəyanat (tövsiyələr) üzərində quran cənab Luk Veber qeyd etdi ki, ali təhsil və tədqiqat (ATT) bilik cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir. Təhsildən yararlanma nisbətini artırmaq üçün tələb və təklif baxımından strategiya həyata keçirilməlidir. Ali təhsil sistemi ədalətli olmalı, yəni o, bərabər hüquqi şəxslərə eyni cür rəftarı təmin etməlidir. Dövlət ATT-ni adekvat qaydada maliyyələşdirmək öhdəliyi daşıyır. Keyfiyyət mədəniyyətinin inkişafı ATT-nin tərəqqisi baxımından mühüm sütunlardan biridir.

Təqdimatçı bu beş bəyanatın hər biri  üzərində ətraflı dayanıb onların geniş şərhini verdi. Ali təhsil və tədqiqatın iqtisadi inkişafda, davamlı cəmiyyətlərin saxlanmasında mühüm rol oynadığını bildirdi.

üçüncü iclasda "Maliyyə islahatları və ali təhsilin idarə olunmasında əsas meyillər" mövzusu müzakirə olundu. Təqdimatçı Dünya Bankının ali təhsil proqramları üzrə koordinatoru Cəmil Səlmi məruzəsini maliyyələşdirmə ilə bağlı əsas məsələlərin - idarəçilik islahatları, resursların səfərbərliyi, resursların paylanması, resuslardan istifadə-ardıcıl şərhi üzərində qurdu, maliyyələşmədə dövlətin rolu, beynəlxalq  tendensiyalar, bufer qurumları, cavabdehlik, rektorun təyin olunması, muxtar universitetdə idarəçilik (ABŞ, Birləşmiş Krallıq və Danimarkanın təcrübəsi nümunəsində), yaxşı idarəçiliyin prinsipləri, resursların səfərbərliyi, maliyyə mənbələri, təhsil haqqı və s. məsələlər barədə maraqlı açıqlamalar verdi.

Hər iki iclaslardakı təqdimatlardan sonra "Ali təhsil sisteminin ölçüsü və forması", "Ali təhsil sisteminin əhatə dairəsinin genişləndirilməsi üzrə alternativ yanaşmalar", "Ali təhsildə bərabərlik prinsipinin artırılması üzrə uğurlu strategiyalar", "Resursların səfərbər olunması (milli büdcə xərclərinin bölüşdürülməsi, institusional səviyyədə gəlirlərin əldə edilməsi), "Resursların paylanması, onlardan istifadə sistem üzrə idarəetmə münasibətləri" və s. məsələlər ətrafında sual-cavab və açıq müzakirələr getdi. Müzakirələrdə söz alan "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram direktoru Elmina Kazımzadə, Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və başqaları bir sıra məqamlara aydınlıq gətirmək üçün təqdimatçılara suallar verdilər, müzakirə olunan məsələlər barədə fikir və mülahizələrini söylədilər.

Seminarın ilk gününün sonunda  çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, biz Azərbaycanda hansısa bir ölkənin ali təhsil modelini deyil, dünya təcrübəsini nəzərə almaqla öz modelimizi qurmalıyıq.  İlk növbədə ali təhsilin keyfiyyətinə diqqət yetirilməli, akkreditasiya sistemi təkmilləşdirilməli, kredit sisteminə keçid təmin olunmalı, ali məktəblərdə çalışan professor-müəllim heyətinin ixtisasartırma və təkmilləşdirməsi məsələlərinə, ali məktəblər üçün müəllimlərin hazırlanmasına ciddi fikir verilməli, ali məktəblərdə adambaşına maliyyələşdirilmə tətbiq olunmalıdır.

Seminarın ikinci iş günündə - oktyabrın 3-də 4 iclas keçirildi. Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadənin, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin, təhsil naziri Misir Mərdanovun sədrlik etdikləri həmin iclaslarda keyfiyyət üzrə əsas amillər: I - Tədris və təlimin keyfiyyətinin təkmilləşdirilməsi,  II - Keyfiyyətin təmini və Boloniya prosesi; III - Şəffaflıq və məsuliyyət mövzularında təqdimatlar oldu.

4-cü iclasda təqdimatçı Pratt İnstitutunun Strateji planlaşdırma aə institusional tədqiqat üzrə direktoru Vladimir Briller keyfiyyət üzrə həlledici amillərin I istiqaməti üzrə çıxış edib, ali təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi meyarları, qiymətləndirmə dövrü, qiymətləndirmənin növləri, xarici qiymətləndirmənin əhəmiyyəti, qiymətləndirmədə maraqlı tərəflər və s. barədə maraqlı məlumatlar verdi, ABŞ-da keyfiyyətin qiymətləndirilməsi modelləri ilə seminar iştirakçılarını tanış etdi. Ondan sonra Anadolu Universitetinin professoru Ələddin Şamilov "çağdaş texnoloji və elmi araşdırmaların önəmi" mövzusunda çıxış edib texnoloji təhsilin və elmi tədqiqatların müasir dünyanın inkişafındakı rolu və əhəmiyyəti məsələlərindən danışdı.

İkinci istiqamət üzrə Luk Veber, üçüncü istiqamət üzrə isə YUNESKO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun proqram üzrə mütəxəssisi Muriel Puisson məruzə etdilər. Hər iki təqdimat seminar iştirakçılarının dərin marağına və geniş müzakirələrə səbəb oldu. Təqdimatlarda ali təhsildə keyfiyyətə təsir edən bir sıra amillər, xüsusilə də şəffaflığın təmin olunması məsələləri qeyd olundu.

Müzakirələrdə Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Bakı Slavyan Universitetinin prorektoru Asəf Hacıyev, Azərbaycan Dillər Universitetinin müəllimi Natiq Yusifov, "Qafqaz" Universitetinin rektoru Ahmet Saniç çıxış etdi.

Seminarın sonuncu, 7-ci iclasında Dünya Bankının təhsil qrupu adından çıxış edən Cəmil Səlmi "Nəticələr: Azərbaycanda ali təhsilin gələcəyi ilə bağlı düşüncələr" mövzusunda çıxış edib, Azərbaycanda ali təhsilin daha da inkişaf etdirilməsinə yönəldilmiş strateji baxışlar, Dünya Bankının tövsiyələri ilə seminar iştirakçılarını tanış etdi.

Yekun iclasda çıxış edən təhsil naziri Misir Mərdanov seminar iştirakçılarına, Dünya Bankının, dövlət qurumlarının rəhbərlərinə, Təhsil Nazirliyinin işçilərinə və universitetlərin rektorlarına 2 gün davam edən faydalı tədbirlərdə iştirak etdikləri üçün təşəkkür etdi. Nazir sözünə davam edərək bildirdi ki, oktyabr ayının ikinci yarısında ölkənin təhsil ictimaiyyətinin tanınmış nümayəndələri ilə, o cümlədən Dünya Bankının təmsilçiləri ilə bu məsələni bir daha müzakirə edib yekun qərar qəbul edəcəyik.

Dünya Bankının missiyasının yekun təklifləri ilə bağlı Təhsil Nazirliyinin təkliflərini diqqətə çatdıran nazir bildirdi ki, ali təhsil müəssisələri, universitetlər ilk növbədə insanlara təhsil verməlidir. İkincisi, universitetlərdə elmi-tədqiqat  məsələləri həll olunmalıdır. Nəhayət, üçüncüsü, ali təhsil müəssisələri, universitetlər ölkənin bütün regionlarının inkişafı üçün kadr hazırlamalıdır.

Daha sonra nazir təqdim olunan sənəddə 12 illik ümumi orta təhsilin nəzərdə tutulduğunu diqqətə çatdıraraq dedi: Biz Təhsil Nazirliyi olaraq bu fikirdəyik ki, yeni qəbul olunacaq qanunda ümumi orta təhsilin 12 illik olması bizi bu məkana daha tez yaxınlaşdıra bilər. Onu da deyim ki, bu il Dünya Bankı ilə birlikdə həyata keçirdiyimiz layihəyə uyğun olaraq ümumi orta təhsilin Milli Kurrikulumu sənədini hazırlamışıq. Gələn dərs ilindən ümumi orta təhsil müəssisələrinin birinci siniflərindən başlayaraq bu sənəd əsasında iş aparmağa başlaya bilərik. Milli Kurrikulum sənədinin həyata keçirilməsi sayəsində çox ciddi hazırlıq gedir.

Misir müəllim başqa bir təklifə - ali məktəblərə qəbulun 2 dəfə artırılmasına aydınlıq gətirərək dedi ki, bunu qısa zamanda edə bilmərik. Ali məktəblərimiz buna hazır deyil. Biz Dünya Bankının təklifini qəbul edir və eyni zamanda bildiririk ki, birdən-birə ali məktəblərə qəbulun sayını 2 dəfə artıra bilmərik. Biz təhsilin keyfiyyətini artırmaqla yanaşı, eyni zamanda qəbulun sayını şərait olduqca artıra bilərik.

Nazir bildirdi ki, qəbul edilən sənəddə aşağı bal toplayan şəxslərin peşə təhsilinə yönəldilməsi təklif edilir. Biz bu istiqamətdə iş apara bilərik və bu işə başlamışıq. Bir neçə ay bundan əvvəl Azərbaycan Prezidenti Azərbaycanın peşə təhsili ilə bağlı proqram imzalayıb. O, proqram çərçivəsində biz müxtəlif beynəlxalq qurumlarla iş aparırıq. Eyni zamanda peşə təhsilinin bazasında peşə təlimi institutu yaratmaq istəyirik.

Sonda təhsil naziri Misir Mərdanov seminar iştirakçılarına bir daha təşəkkürünü bildirdi.

Yusif ƏLİYEV,
Ədalət DAŞDƏMİRLİ
“Azərbaycan müəllimi” qəzeti, 3-7 oktyabr 2007-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!