Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası

20/11/2009

Noyabrın 14-də Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının açılış mərasimi keçirildi.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq ali məktəb tələbələrinin respublika fənn olimpiadasının ölkəmizin ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, həmçinin həmin fənlər üzrə onların hazırlıq səviyyəsinin nümayiş etdirilməsinə şərait yaratdığını, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini bildirdi.
Təhsil naziri ölkəmiz müstəqillik əldə etdikdən sonra artıq 14-cü dəfə təşkil edilən bu olimpiadanın əhəmiyyətini xüsusi vurğuladı. Qeyd olundu ki, 2003-cü ilə qədər olimpiada 4 fənn üzrə (riyaziyyat, fizika, kimya və informatika) keçirilib. 2003-cü ildə olimpiada fənləri sırasına Azərbaycan dili, Azərbaycan tarixi və xarici dillər (ingilis, fransız, alman) daxil edilib. 2004-cü ildə Azərbaycan coğrafiyası, 2009-cu ildə isə rus dili fənləri əlavə olunub. 2007-ci ildən etibarən Təhsil Nazirliyi ali məktəb tələbələrinin fənn olimpiadasını  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirir.
Nazir Misir Mərdanov ildən-ilə tələbələrin fənn olimpiadasına marağının artdığını deyərək, bununla bağlı statistik rəqəmləri diqqətə çatdırdı. Məlumat üçün bildirdi ki,  hər il olimpiadanın II turunda iştirak etmək üçün 20-dən artıq ali məktəb sifariş verir və 400-ə yaxın tələbə iştirak edir. Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında iştirak etmək hüququnu 28 ali məktəbdən 544 tələbə qazanıb. Tələbələr tərəfindən ən böyük maraq ingilis dili fənninədir. II turun iştirakçılarından 102 nəfəri (18,7%) ingilis dili, 84-ü (15,4%) Azərbaycan dili, 63-ü (11,6%) Azərbaycan tarixi, 54-ü (10%) riyaziyyat fənlərini seçib. Qalan fənlər üzrə iştirakçıların sayı 10 faizdən aşağıdır.
Olimpiadada  Bakı şəhərində yerləşən ali təhsil müəssisələri ilə yanaşı, respublikamızın digər şəhərlərində - Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və Mingəçevirdə fəaliyyət göstərən ali təhsil ocaqları da  iştirak edir. Bu haqda ətraflı söz açan nazir son illər ölkəmizdə gənclərin yüksək bilik və təhsil almaları üçün hər cür şərait yaradıldığını bildirdi. ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər barəsində ətraflı danışan nazir Misir Mərdanov bütün bunların Azərbaycan təhsilinin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya bariz nümunə olduğunu söylədi.
Təhsil naziri daha sonra çıxışında ölkə başçısı cənab İlham Əliyevin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın ölkədə ali təhsil sahəsində məqsədyönlü işlərin aparılmasına, uğurlu nəticələrin əldə olunmasına hərtərəfli imkan yaratdığını söylədi. Sonra nazir Misir Mərdanov olimpiada iştirakçıları olan tələbələrə bir sıra dəyərli tövsiyələr verdi, onlara uğurlar arzuladı.
Mərasimin sonunda təhsil nazirinin müavini İradə Hüseynova təşkilati  məsələlərlə bağlı məlumat verdi.
Elə həmin gün respublikanın 28 ali məktəbindən 544 tələbə 11 fəndən öz bilik və bacarığını nümayiş etdirdi.

"Azərbaycan müəllimi" qəzeti,  20 noyabr 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!