Akademik Fuad Qasımzadə son mənzilə yola salındı

04/08/2010

Bu gün Bakı Dövlət Universitetində respublikamızın tanınmış alimi, fəlsəfə elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, BDU-nun kafedra müdiri, professor Fuad Feyzulla oğlu Qasımzadə ilə vida mərasimi keçirilib. Öncə mərhumun həyatının müxtəlif anlarını əks etdirən slayd nümayiş etdirilib.
Vida mərasimini təhsil naziri Misir Mərdanov açaraq, Azərbaycanın elm və təhsil ictimaiyyətinə ağır itki üz verdiyini bildirib. Qeyd edib ki, 1929-cu il oktyabr ayının 22-də Bakı şəhərində anadan olan, orta məktəbi qızıl medalla bitirən Fuad Qasımzadə 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil alıb, həmin universitetin fəlsəfə ixtisası üzrə aspiranturasına daxil olub. 1958-ci ildə fəlsəfə elmləri namizədi, 1966-cı ildə fəlsəfə elmləri doktoru elmi dərəcələrini alıb. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib. 500-dən çox elmi əsərin, 30 kitabın müəllifi olan F.Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə,  ontologiya və idrak nəzəriyyəsi, estetika olub. Nazir ömrünün 60 ilindən çoxunu universitetə bağlayan Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyətinin daim yüksək qiymətləndirildiyini, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edildiyini xüsusi qeyd edib. Uzun illər Fuad Qasımzadə ilə birgə çalışdığını deyən Misir Mərdanov mərhumu humanist insan kimi xarakerizə edib. Akademik Vasim Məmmədəliyev isə bildirib ki, Fuad Qasımzadə bütün şüurlu həyatını elmə həsr edib. Onun atası akademik Feyzulla Qasımzadə XIX əsr Azərbaycan ədəbiyyatının, özü isə fəlsəfi irsimizin görkəmli araşdırıcısı olub. Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının müdiri, professor Həmid İmanov Fuad Qasımzadənin vəfatının yalnız universitet üçün deyil, bütün Azərbaycan ictimaiyyəti üçün ağır itki olduğunu vurğulayıb.

Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə isə akademik Fuad Qasımzadənin həyat və yaradıcılığından danışıb.

Sonda ailə üzvləri adından Anar Məmmədov çıxış edərək Fuad Qasımzadəyə hər zaman diqqətlə yanaşan Prezident İlham Əliyevə, vida mərasiminə qatılan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəyə, BDU-nun rektoru, akademik Abel Məhərrəmova və bütün universitet kollektivinə təşəkkür edib.
Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.


BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 4 avqust 2010-cu il.
(Vida mərasimi APA, Riyad Media, Lent.az informasiya agentlikləri və xəbər portallarında, “Xalq qəzeti” və “Azərbaycan” qəzetində də yayımlanıb – 04-05 avqust 2010-cu il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!