Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi keçirilib

22/12/2010

Bu gün Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli alimi və ictimai xadimi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, BDU-nun sabiq rektoru, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Öncə akademikin ailə üzvləri, tanınmış alim və ictimai-siyasi xadimlərin iştirakı ilə Geologiya fakültəsində barelyefinin və adını daşıyan tədris laboratoriyasının açılışı olub. Sonra tədbir universitetin böyük akt zalında davam etdirilib. Tədbiri açan BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən keçirildiyini bildirib və dövlət başçısına təşəkkür edib.Rektor deyib ki, Şəfaət Mehdiyev ensiklopedik biliyə və geniş erudisiyaya malik olan alim, tanınmış neftçi-geoloq, xeyirxahlığı, insanpərvərliyi, sadəliyi, vətənpərvərliyi ilə qəlblərdə özünə əbədi heykəl ucaltmış böyük bir müəllim idi. BDU-nun tarixindən, onun Azərbaycan elmi və təhsilində tutduğu roldan danışan rektor, xüsusilə bu ali təhsil ocağına rəhbərlik etmiş Abdulla Qarayev, Cəfər Xəndan, Yusif Məmmədəliyev və Şəfaət Mehdiyevin rektor olduqları 44-60-cı illərdən danışıb, bu dövrün milli kadrların yetişməsi mərhələsi kimi tarixə düşdüyünü qeyd edib. Akademik Abel Məhərrəmovun sözlərindən məlum olub ki, akademik Şəfaət Mehdiyevin dövründə universitetdə təhsilin keyfiyyəti yüksəlib, elmə maraq artıb, tələbələrə müəllim qayğısı çoxalıb.AMEA-nın müxbir üzvü Vasif Babazadə isə böyük alimin mənalı və şərəfli ömür yolundan, elmi fəaliyyətindən bəhs edib, onun milli ideallara bağlı nəcib şəxsiyyət olduğunu vurğulayıb. V.Babazadə qeyd edib ki, Şəfaət Mehdiyev əsla qəyyum himayəsinə tapınan alimlərdən olmayıb, həyatda məqsədlərinə halal zəhmət, işgüzarlıq, əməksevərlik və məqsədyönlülüklə çatıb.Şəfaət Mehdiyevin nəcib müəllim keyfiyyətlərindən danışan geologiya fakültəsinin dekanı Adil Xasayev, eyni zamanda, onun şəxsiyyəti haqqında da bəzi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.Təhsil naziri Misir Mərdanov akademikin yubileyi münasibətilə respublikanın müxtəlif elmi müəssisələrində keçirilən yubiley tədbirlərindən danışıb. Nazir 3 nəfər gənc BDU aliminin – Afaq Hacıyeva, Könül Yusifova və Gülay Rüstəmovanın Şəfaət Mehdiyev adına mükafata layiq görüldüyünü elan edib və qaliblər mükafatlandırılıb.30 il Şəfaət Mehdiyevlə çiyin-çiyinə çalışdığını deyən AMEA-nın vitse-prezidenti Akif Əlizadə isə akademiki talantlı insan, böyük təfəkkürə malik, xoş davranışlı şəxsiyyət kimi xarakterizə edib.Özünü Şəfaət Mehdiyevin tələbəsi kimi təqdim edən BDU-nun professoru Abuzər Xələfov isə daha çox akademikin insani keyfiyyətlərindən bəhs edib. Onu unikal, təvazökar, humanist, yüksək mənəviyyatlı şəxsiyyət kimi təqdim edən professor, çox insanlar kimi onun da həyatında Şəfaət Mehdiyevin rolunun olduğunu deyib. Bildirib ki, onun partiyaya üzvlüyündə, evlə təmin olunmasında, yaradıcısı hesab olunduğu kitabxanaçılıq şöbəsinin fakültəyə çevrilməsində də Şəfaət Mehdiyevin xüsusi əməyi olub.Coğrafiya fakültəsinin dekanı, professor Müseyib Müseyibov Şəfaət Mehdiyevin qorxubilməz adam olmasından, Azərbaycan elmi, təhsili üçün göstərdiyi fədakarlıqlardan bəhs edib.Tədbirin sonunda akademik Abel Məhərrəmov bildirib ki, 4 yaşından atasını itirən, buna baxmayaraq, ayaq üstə dayanmağı, tək başına yaşayıb-yaratmağı bacaran Şəfaət Mehdiyev həm də gözəl ailə başçısı olub. Rektor deyib ki, bu gün onun 4 övladı – akademik Arif Mehdiyev, Aqşin Mehdiyev, Fərhad Mehdiyev və Ülvi Mehdiyevin Azərbaycanın ictimai-siyasi, elm və təhsil həyatında xüsusi rolları və çəkiləri vardır. Rektor çıxışının yekununda Şəfaət Mehdiyevin 100 illik yubileyi münasibətilə onun irsinin öyrənilməsi mövzusunda keçirilən müsabiqənin qaliblərini elan edib və geologiya fakültəsinin tələbələri Elvin Qurbanov, Səmayə Bünyatzadə və Səməd Cəfərov fəxri fərmanla təltif olunublar.Ailə üzvləri adından çıxış edən alimin oğlu, Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev yubileyin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə Prezident İlham Əliyevə təşəkkür edib. Eyni zamanda Təhsil naziri Misir Mərdanova, BDU-nun rektoru Abel Məhərrəmova və tədbirin yüksək səviyyədə təşkili üçün əməyi keçmiş bütün insanlara minnətdarlığını bildirib.Qeyd edək ki, yubiley tədbirində Milli Aviasiya Akademiyasının rektoru, akademik  Arif Paşayev, Diplomatik Akademiyanın rektoru, professor Hafiz Paşayev, AMEA-nın prezidenti Mahmud Kərimov, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, o cümlədən ictimai-siyasi xadimlər, millət vəkilləri iştirak edirdilər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 22 dekabr 2010-cu il.
(Yubiley tədbiri AzərTAc, APA, Azadinform, Riyad Media, SİA, Vesti.az informasiya agentlikləri və xəbər portallarında, “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “İki Sahil”, “525-ci qəzet” və “Nedelya” qəzetlərində də yayımlanıb – 22-23-24 dekabr 2010-cu il).

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!