Akademik Bəhram Əsgərov - VİDEO

12/03/2014

2014-cü ilin mart ayının 12-də Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrasının müdiri, Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar Elm Xadimi, Prezident Təqaüdçüsü, Şöhrət Ordenli akademik Əsgərov Bəhram Mehrəli oğlu 81 yaşında vəfat etmişdir.

Akademik B.M.Əsgərov 1933-cü ilin oktyabr ayının 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur. 1952–ci ildə indiki Bakı Dövlət Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1957-ci BDU-nu fərqlənmə diplomu ilə bitirərək AMEA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1962-ci ilə namizədlik, 1971-ci ilə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. 1972-ci ildən professordur.

1960 - 1966 - cı illər Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutu elmi işçisi olub. 1966-cı ildən BDU-da çalışır. 1966 - 1971-ci illər Bakı Dövlət Universiteti "Molekulyar fizika" kafedrasının dosenti işləyib. 1971-ci ildən ömrünün son gününədək onun təşəbbüsü ilə yaradılmış Bərk cisimlər fizikası kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1994-cü ildən 2004-cü ilədək BDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır.

2000-ci ildə Azərbaycan Respublikası Əməkdar Elm xadimi fəxri adına layiq görülüb. 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həmin ixtisas üzrə həqiqi üzvü seçilib. 2004-cü ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2009-cu ildə Prezident Təqaüdünə layiq görülüb.

Əsas elmi istiqaməti bərk cisimlərdə köçürmə hadisələrinin klassik və kvant nəzəriyyəsinə aiddir. Bərk cisimlərdə kvantlayıcı maqnit sahəsi olduqda dissipativ termomaqnit cərəyan sıxlığını hesablamaq üçün metod təklif etmiş, kvazi ikiölçülü elektron sistemlərdə köçürmə hadisələrinin nəzəriyyəsini vermişdir. Elmi işlə yanaşı səmərəli tədris fəaliyyəti ilə də məşğul olmuş, Termodinamika və statistik fizika, Bərk cisimlərin kvant nəzəriyyəsi, Kvant statistikası, Metallar və yarımkeçiricilər və digər fənlər üzrə yüksək səviyyəli mühazirələr oxumuşdur.

Akademik B.M.Əsgərov 5 monoqrafiyanın, bir neçə dərslik və dərs vəsaitinin, Rusiyada, Amerikada, Yaponiyada və bir sıra digər xarici ölkələrdə nəşr edilən nüfuzlu elmi jurnallarda dərc olunmuş 170 məqalənin müəllifidir. İki monoqrafiyası (Electron Transport Phenomena in Semiconductors, World Scientific, Singapore, New Jersey, London, 1994) və (Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases, Pub., Springer, 2010) ingilis dilində, iki monoqrafiyası (Кинетические эффекты в полупроводниках. Изд-во "Наука", Ленинград, 1970) və (Электронные явления переноса в полупроводниках. Изд-во "Наука", Москва, 1985) rus dilində dünyanın nüfuzlu nəşriyyatlarında çap olunub. Bu monoqrafiyalar bərk cisim fizikası sahəsi ilə məşğul olan ixtisasçılar üçün masa üstü kitaba çevrilib. Rəhbərliyi altında 15 elmlər namizədi və dörd elmlər doktoru yetişib.

Akademik B.M.Əsgərovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Mətbuat və informasiya şöbəsi, 12 mart 2014-cü il.

http://www.trend.az/

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!