Akademik Abel Məhərrəmov AMEA-da «Elm və təhsilin innovativ inkişafı» mövzusunda məruzə edib

25/06/2015

AMEA Rəyasət Heyətində Bakı Dövlət Universitetində innovativ elmi istiqamətlərdən, o cümlədən nanotexnologiya sahəsində aparılan tədqiqatlardan bəhs edilən məruzə dinlənilib. Öncə BDU-nun rektoru, akademik Abel Məhərrəmov «Elm və təhsilin innovativ inkişafı» mövzusunda məruzə ilə çıxış edərək respublikada elm siyasətinin əsasını qoyan ulu öndər Heydər Əliyev kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin son illər ölkəmizdə elmin inkişafı, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etməsindən danışıb. Akademik Abel Məhərrəmov bildirib ki, qloballaşan dünyada cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Son illər inkişaf etmiş dünya dövlətlərində elm və təhsilin bir-biri ilə əlaqələndirilməsinə və hər iki sahənin innovasiyaların tətbiqi yolu ilə paralel şəkildə inkişaf etdirilməsinə xüsusi diqqət verilir. Elm-Təhsil-İnnovasiya üçbucağının eyni bir müstəviyə gətirilməsi və balanslı şəkildə inkişaf etdirilməsi, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasında və  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədi ilə AMEA-da olduğu kimi universitetdə də bir sıra islahatlar aparılır. Tələbələrin nəzəri biliklərlə yanaşı dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün çöl təcrübələri imkanları genişləndirilir. Qloballaşan dünyada elm və təhsilin vəhdətini və elmi-texniki tərəqqini təmin edən yüksək texnologiyalar (nanotexnologiya, biotexnologiya və s.) müxtəlif elmlərin kəsişmə nöqtəsi kimi formalaşır, bu tip tədqiqatlar kimyaçıların, fiziklərin, bioloqların və digər sahələrdə çalışan mütəxəssislərin birgə iştirakı ilə aparılır və kadr hazırlığı prosesinə multidissiplinar yanaşma tələb edir. Akademik BDU-nun bir sıra beynəlxalq təşkilatlarla yanaşı, SOCAR, “Azərsu” ASC, Müdafiə Sənayesi Nazirliyi və AMEA ilə əməkdaşlığından danışıb. BDU ilə AMEA-nın ayrı-ayrı elmi təşkilatları və İnstitutları arasında kadr hazırlığı və elmi-tədqiqat sahələrində  əməkdaşlıq haqqında müqavilələri və anlaşma memorandumlarını xüsusilə qeyd edib. “QS World University Rankings” reytinqinə görə Bakı Dövlət Universitetinin yenidən dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən tərtib edilən dünyanın ən yaxşı 2000 universitetinin siyahısına düşməsindən, MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşmasından bəhs edib.

Universitet elminin üstünlüklərindən bəhs edən akademik Abel Məhərrəmov elm və təhsilin bir-biri ilə əlaqələndirilməsi və onların balanslı inkişaf etdirilməsi imkanının olması, hər müəllim-tədqiqatçıya 10-15 tələbənin təhkim olunma imkanı, AMEA və digər ali məktəblərlə  güclu əlaqələrin olması, elmi nailiyyətlərin qısa müddətdə təhsil prosesində tətbiqi və geniş kütlə arasında təbliği, məzunlarla əlaqə, elm və təhsilin inkişafı naminə onlarla səmərəli əməkdaşlıq imkanını göstərib. Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri 5 -7 milyon ABŞ dolları olan 80-dan çox layihənin həyata keçirildiyini deyən akademik Abel Məhərrəmov bunların yarıdan çoxunun beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən innovativ layihələr olduğuna diqqət çəkib. Akademik onu da bildirib ki, innovativ istiqamət kimi prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda bünövrəsi qoyulan  nanotexnologiya üzrə  BDU-da artıq 10 ildir ki,  intensiv işlər aparılır. 2004-cü ildə cənab İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı Bakı Dövlət Universiteti ilə o zaman bu sahə üzrə dünyanın qabaqcıl elmi mərkəzlərindən hesab edilən Rumıniyanın bir neçə Universiteti arasında nanotexnologiya üzrə əməkdaşlıq haqqında müqavilələr imzalanıb. 2005-ci ildə BDU-da   ″Nanoaraşdırmalar mərkəzi″   yaradılıb, bir il sonra - 2006-cı ildə isə bu istiqamətdə təhsili təşkil etmək məqsədi ilə  ″Nanomaterialların kimyəvi fizikası″ kafedrası açılıb və bir sıra istiqamətlərdə uğurlu tədqiqat işləri aparılmağa başlanılıb.

Sonra fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov “Nanomateriallar istiqamətində aparılan tədqiqatlar, tətbiqlər və perspektivlər” mövzusunda məruzə edib. Bildirib ki, BDU-da nanotexnologiya sahəsində aparılan fundamental tətbiqi işlər dünyanın inkişaf etmiş ölkələri ilə birgə aparılır və bu tədqiqat işləri həm ölkə daxili, həm inkişaf etmiş ölkələrin qrantları hesabına yerinə yetirilir. Nanotexnologiya istiqamətində aparılan işlərin nəticələri Tomson Reyter Agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 74 məqalədə öz əksini tapıb. Tədqiqat işlərinin nəticələrindən ABŞ-da "Perspektiv nanokompozitlər, onların növləri, xassələri və tətbiqləri adlı  monoqrafiya çap edilib,  Azərbaycan dilində “Nanotexnologiya” dərsliyi hazırlanıb, “Laboratoriya kitabları dərc edilib, 12 fəndən proqramlar yaradılıb, 3 ixtisasdan – nanohissəciklərin fizikası, nanomaterialların fiziki kimyası və nanobiotexnologiya istiqamətində magistr proqramları hazırlanıb və artıq bu istiqamətlərdə universitetdə magistr hazırlığına başlanılıb. Doktorantura pilləsində isə hazırda nanohissəciklərin fizikası və texnologiyası, nanokimya istiqamətlərində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə kadr hazırlanır.

Mətbuat və informasiya şöbəsi, 24 iyun 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!