Akademik Abdulla Qarayevin 100 illik yubileyi qeyd edildi

02/04/2010

Aprelin 2-də Bakı Dövlət Universitetində görkəmli alim və ictimai xadim, Bakı Dövlət Universitetinin sabiq rektoru, əməkdar elm xadimi, akademik Abdulla Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Akademik Abel Məhərrəmov, Xarici İşlər naziri Elmar Məmmədyarov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Abdulla Qarayevin ailə üzvləri ilk öncə alimin uzun illər çalışdığı kafedranın önündə barelyefinin, sonra isə akademikin adını daşıyan auditoriyanın açılışında iştirak ediblər. Qonaqlar eyni zamanda NANO Araşdırmalar Mərkəzi, Nüvə Maqnit Rezonansı laboratoriyasıyla tanış olublar.
Daha sonra tədbir böyük akt zalında davam edib. BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov akademik Abdulla Qarayevin çoxşaxəli fəaliyyətindən bəhs edib. Rektor deyib ki, 1938-ci ildə təməli qoyulan eksperimental fiziologiya laboratoriyasının ilk təşkilatçılarından biri, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi, 1944-1950-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan SSR Ali Sovetinin 2 çağırış deputatı olmuş akademik Abdulla Qarayev bütün şüurlu həyatını fiziologiya, biologiya və tibb elmlərinin müxtəlif nəzəri və təcrübi sahələrinin inkişafı işinə həsr etmişdir: «Abdulla Qarayev nadir təfəkkürü, tükənməz qüvvəsi və bacarığı sayəsində adını Azərbaycan elmi tarixinə milli fiziologiya məktəbinin yaradıcısı kimi qızıl hərflərlə yazmışdır. Çox erkən yaşlarında həm tibb, həm də biologiya elmləri namizədi alimlik dərəcəsi alan Abdulla Qarayev bir neçə ildən sonra, daha dəqiqi, 30 yaşında tibb elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdir. İlk azərbaycanlı professor fizioloq kimi xeyli sayda tədqiqat işlərinin müəllifi olmuşdur».
Rektorun çıxışından o da məlum olub ki, 1952-1956-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya və kənd təsərrüfatı bölməsinin akademik-katibi, 1961-1963-cü illərdə Azərbaycan Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri, Azərbaycan Elmlər Akademiyasının Fiziologiya bölməsinin rəhbəri və Fiziologiya İnstitutunun direktoru vəzifələrində çalışan, 1951-1968-ci illərdə Ümumittifaq Fizioloqlar Cəmiyyəti Azərbaycan bölməsinin sədri işləyən Abdulla Qarayev, eyni zamanda zəngin elmi, elmi-təşkilati, pedaqoji, inzibati, və ictimai təcrübəyə malik nadir insanlardan idi.
Akademik Abel Məhərrəmov Abdulla müəllim elmi mühitə çox bağlı insan olduğundan, elə ona görə də həyatının sonuna qədər elmi mühitdən bir an olsa ayrılmadığından, əksinə onu daha məsuldar etdiyindən də söz açmışdır: «Onun illər boyu bu sahədə apardığı tədqiqat işləri sonda bəhrəsini verdi. 1968-ci ildə SSRİ Nazirlər Sovetinin Elm və Texnika üzrə Dövlət Komitəsi Kollegiyasının qərarı ilə bölmənin əsasında Azərbaycan SSR Elmlər Akademiyasının Fiziologiya İnstitutu təşkil edildi və təbii ki, onun direktoru vəzifəsinə bu sahədə imzasını qoymuş Abdulla Qarayev təyin edildi. Bir faktı xatırlatmaq yerinə düşər ki, akademik Abdulla Qarayev nəinki elm təşkilatçısı idi, o, eyni zamanda böyük icimai və dövlət xadimi idi».
Akademik Abel Məhərrəmov Abdulla Qarayevin həyatının çiçəkləndiyi, dolğun enerji və əmək qüvvəsinə malik olduğu bir dövrdə, yaradıcılığının tam inkişafa çatdığı bir mərhələdə, hələ 60 yaşına çatmamış 9 dekabr 1968-ci ildə vaxtından çox tez əbədiyyətə qovuşduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, onun ən yaxın gələcək üçün hazırladığı real və obyektiv layihələri həll olunmamış qalsa da, zəngin elmi fəaliyyəti bu gün də öyrənilir, tədqiq edilir və tələbələrinin elmi axtarışlarında inkişaf etdirilir».
Sonra «Böyük elmi məktəbin yaradıcısı» məruzəsi  ilə BDU-nun kafedra müdiri, professor Əli Əliyev çıxış edib. O, akademik Abdulla Qarayevin qısa, lakin mənalı ömür yolu keçməsindən danışıb. Çıxışçılar arasında olan akademik Məhərrəm Məmmədyarov isə ilk fizioloq alimin məsləhəti ilə elm yolunu seçdiyi üçün bu gün də ona minnətdar olduğunu bildirib. AMEA-nın Fiziologiya İnstitutunun direktoru Rafiq Qasımov çıxışında Abdulla müəllimin çox nadir, həssas insan olduğunu deyərək, onun insan kimi humanist xüsusiyyətlərindən, Azərbaycan elmi istiqamətində gördüyü işlərdən danışıb.  Professorlar  - Qara Mustafayev, Sənan Mustafayev və İzzət Rüstəmovun çıxışından sonra akademik Abdulla Qarayevin ailə üzvləri adından nəvəsi, biologiya elmləri namizədi Vəfa Adıgözəlova çıxış edib. O, rektor, akademik Abel Məhərrəmov başda olmaqla konfransda çıxış edənlərə və iştirakçılara təşəkkür edib. Tədbir muğam ustası Canəli Əkbərovun ifasında akademik Abdulla Qarayevin sevdiyi mahnılarla başa çatıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 02 aprel 2010-cu il.
(Yubiley tədbiri AzərTac, APA, Azadinform, Riyad Media, Modern.az informasiya agentlikləri və xəbər portallarında, “Azərbaycan”, “Xalq qəzeti”də, “Konsilium” jurnalında da yayımlanıb – 02-03 aprel 2010-cu il).

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!