Abel Məhərrəmov Rumıniyada səfərdə olub

30/03/2011

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti 16-19 mart 2011-ci il tarixində Rumıniyanın Konstanta şəhərinin Ovidius Universitetində Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası tərəfindən təşkil olunmuş “Davamlı inkişaf üçün təhsil və idarəetmə” mövzusunda beynəlxalq konfransda iştirak edib. BMT-nin Akademik Təsir (Academic İmpact) proqramı çərçivəsində təşkil edilən konfrans insan haqları, savadlılıq, davamlı inkişaf və münaqişələrin həll edilməsi ilə bağlı BMT tərəfindən qəbul edilən 10 prinsipin aktiv dəstəklənməsi, ali təhsil müəssisələri və biznes cəmiyyətlərinə fəaliyyətlərini bu prinsiplər üzərində qurmaları üçün köməklik məqsədi daşıyıb.

Proqramın strategiyası müasir cəmiyyətdə yaşamaq üçün lazım olan bilik və təcrübənin adi şəkildə ötürülməsindən sürətlə dəyişən şərtlərə uyğunlaşmağa keçmək, sosial inkişafın planlaşdırılmasında iştirak etmək və atılan addımların nəticələrini əvvəlcədən görməyi öyrənməkdir.

Konfransda çıxış edən akademik Abel Məhərrəmov Azərbaycanda davamlı inkişafla bağlı təhsil sistemində köklü dəyişikliklər aparılmasından, müstəqilliyin bərpasından sonra davamlı insan inkişafına dair monitorinqlər aparılmasına start verilməsindən danışıb və bildirib ki, bu prosesin daha geniş vüsət almasına ölkənin sürətli inkişafı, müxtəlif islahatların həyata keçirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsi də güclü təkan verib. Nəticədə, insan inkişafı indeksinin orta illik tempinə görə ölkəmiz keçmiş sovet respublikaları arasında aparıcı dövlət olmuşdur. 2005-ci illə müqayisədə Azərbaycan Respublikası 34 pillə irəliləyərək, 64-cü yerə yüksəlmişdir. Respublikamız «orta insan inkişafı» qrupunu tərk edərək, «yüksək insan inkişafı» ölkələri kateqoriyasına daxil olub.

Konfransda təhsilin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif fikir və mülahizələr səsləndirilib, bu məsələ ilə əlaqədar Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi rektor Abel Məhərrəmov aşağıdakı təklif və vəzifələri irəli sürüb:

- insanlarda tənqidi və yaradıcı təfəkkür vərdişlərini inkişaf etdirilməsi;

- fərqli düşünənlərə hörmətlə yanaşma və tolerantlıq;

- qərarların qəbulunun demokratik formalarını dərindən mənimsəmə.

Bu təkliflər böyük maraqla qarşılanıb və rektor Abel Məhərrəmov davamlı inkişaf üçün təhsil metodologiyasının aşağıdakı vəzifələri nəzərdə tutulmalı olduğunu da qeyd edib:

- vətəndaş cəmiyyətinin formalaşdırılması, ictimai həyatın müxtəlif sahələrində disproporsiyanın və sosial-iqtisadi sahədə təbəqələşmənin aradan qaldırılması əsasında sosial tərəfdaşlıq, təhsilin davamlı inkişafın maraqlarına cavab verməsi dərəcəsini əks etdirən indikatorlar sisteminin işlənib hazırlanması, əsas diqqətin biliklərin təmin olunmasına deyil, problemlərin araşdırılması və onların mümkün həll variantlarının tapılmasına istiqamətləndirilməsi, ənənəvi fənlərin tədrisinin və onların proqramlarının strukturunun dəyişdirilməsi, fənlərarası sintezin həyata keçirilməsi, davamlı inkişafın səmərəli olması üçün onun problemlərinin bütün tədris fənlərinə, proqram və kurslara inteqrasiyası, davamlı inkişaf problemlərinə həsr olunmuş konkret kursların keçirilməsi, tədris metodlarının yaradıcılıq vərdişlərini inkişaf etdirən geniş diapazonundan istifadə olunması, hər bir ölkədə davamlı inkişafın təşkili, maliyyələşdirilməsi və qiymətləndirilməsi üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və təhsil prosesinin bu yeni istiqamətində milli fəaliyyət planı və strategiyasının hazırlanması.

Konfransda BMT Baş Katibinin Kommunikasiya və ictimai informasiya məsələləri üzrə müavini Kiyo Akasaka, o cümlədən dünyanın klassik universitetlərinin rektorları, iş və dövlət adamları, elm xadimləri iştirak ediblər. Çıxış edənlər davamlı irəliləyişləri dəyərləndirmək üçün müəyyən indikatorların inkişafı, yoxsulluğun aradan qaldırmaq üçün istiqamətləndirilmiş iqtisadiyyat, yaşıl iqtisadiyyat, təhsil və idarəetmə üzrə plenar sessiyaların ardıcıl keçirilməsinə nail olmaq üçün məruzələr əsasında qətnamələr qəbul olunmasının önəmindən danışıblar. BMT-nin dayanıqlılıq prinsipini irəli çəkməklə işgüzar biznes dairələri və idarəetmə ilə əlaqədar akademik təşkilatların rolunun müzakirəsi üçün platforma yaradılması da təklif edilib.

Konfransın sonunda alternativ enerji, bərpa olunan enerji mənbələri, yaşıl enerji, ekoinnovativ texnologiyalar üzrə birgə tədris planlarının hazırlanması, eyni zamanda, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi qərara alınıb və konfransın yekun Deklarasiyası qəbul edilib.

Rektor Abel Məhərrəmov səfər çərçivəsində Ovidius Universitetinin 50 illik yubileyində də iştirak və çıxış edib. Qara Dəniz Hövzəsi Universitetlər Assosiasiyası ilə mövcud olan uzunmüddətli əməkdaşlıq çərçivəsində Ovidius Universitetinin özünəməxsus rolundan danışan rektor, eyni zamanda bildirib ki, Ovidius Universiteti Rumıniyanın qabaqcıl universitetləri ilə bərabər iki ölkə arasında təhsildə islahatların aparılması və əməkdaşlığın inkişafı istiqamətində öz töhfələrini verib. Yubileydə rektor Abel Məhərrəmov Ovidius Universitetinin rektoru, professor Viktor Çupina tərəfindən diplomla təltif olunub.

Yeri gəlmişkən, qeyd edək ki, Bakı Dövlət Universiteti Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının aktiv üzvlərindən biridir. 2002-2004-ci illərdə BDU Assosiasiyaya sədrlik etmiş, 2004-ci ildən isə vitse-prezident səviyyəsində təmsil olunmaqdadır. BDU-nun Assosiasiyaya rəhbərlik etdiyi 2 illik fəaliyyəti çox yüksək dəyərləndirilmiş və nəticə etibarilə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Rumıniyanın “Komandor” dərəcəli ali Qızıl Ulduz Ordeni ilə təltif olunub.

Mətbuat və İnformasiya şöbəsi, 30 mart 2011-ci il.

(Material Azadİnform, Azxeber.com, www.science.gov.az informasiya agentlikləri və xəbər portallarında,  "Yeni Azərbaycan" , "Azərbaycan müəllimi", “525-ci qəzet”, "CBN Extra" qəzetlərində də yayımlanıb – 09 aprel 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!