Abel Məhərrəmov beynəlxalq layihənin iştirakçılarını qəbul edib

12/11/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tempus layihəsi çərçivəsində Vestminster Universitetinin professoru və İngiltərə Tempus layihəsinin Koordinatoru Nino Porakişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.  Görüşdə qeyd edilib ki, Bakı Dövlət Universiteti Tempus proqramı üzrə “Cənubi Qafqazda Biotibbi Elmlər Sahəsində Elektron Təhsilin və Distant Kursların İnkişaf etdirilməsi” adlı beynəlxalq layihənin iştirakçısıdır. Bu layihədə İngiltərənin Vestminster Universiteti, İtaliyanın Aquila Universiteti, Fransanın Brest Universiteti kimi aparıcı Avropa universitetləri, Cənubi Qafqazdan isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti, Tbilisi Dövlət Universiteti və digər ali təhsil ocaqları iştirak edir. Layihənin Koordinatoru İngiltərənin Vestminster Universitetinin professoru Nino Porakişvili bildirib ki, layihənin məqsədi Cənubi Qafqaz Universitetlərində elektron və distant təhsil vasitəsilə Tibbi Molekulyar Biologiya sahəsini inkişaf etdirməkdən və bu sahədə birgə magistranların hazırlanmasından ibarətdir. Xanım Porakişvilinin sözlərindən o da məlum olub ki, BDU-nun 4 əməkdaşı yuxarıda adıçəkilən Avropa universitetlərində Molekulyar biologiya sahəsində 2 həftəlik distant və elektron təhsil sahəsində keçirilən təlimlərdə uğurla iştirak edib.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov isə BDU və tərəfdaş Avropa universitetləri arasında distant təhsilin qurulması üçün ayrılmış vəsait hesabına 10 ədəd kompyuterin  alındığını və distant təhsil üçün xüsusi otağın yaradıldığını bildirib. Rektor həmçinin bu layihə çərçivəsində BDU-da magistratura pilləsində Tibbi Molekulyar Biologiya ixtisasının açılacağının planlaşdırıldığını, təhsilin Vestminster Universitetinin proqramına uyğun olaraq ingilis dilində keçiriləcəyinin də nəzərdə tutulduğunu qeyd edib. Rektorun sözlərindən o da məlum olub ki, bu ixtisasa qəbul olunan magistrantlar molekulyar biologiya sahəsində distant təhsil ala biləcək, magistraturanı bitirəndən sonra həm BDU-nun, həm də Vestminster Universitetinin ikili magistr diplomlarını alacaqlar.

Mətbuat və İnformasiya şöbəsi, 12 noyabr, 2011-ci il



 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!