Bakı Dövlət Universitetində Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi

22/12/2011

Bu gün Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim və publisist, əməkdar jurnalist, professor Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Nəsir İmanquliyevin adının qəlbimizə əbədi həkk olunduğunu və həmişə böyük ehtiramla yad ediləcəyini qeyd edib. Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 23 noyabr 2011-ci il tarixli sərəncamından danışan rektor bildirib ki,  milli mətbuat tariximizdə yeganə bir jurnalist var ki, iki qəzetin təməlini qoyub, ona sərasər düz 30 il rəhbərlik edib, kollektivini formalaşdırıb, dövrünün, zamanının aynasını yaradıb. Bu  universitetimizin adı ilə qürur duyduğu, jurnalistika fakültəsinin qurucularından biri kimi tarixə düşən professor Nəsir İmanquliyevdir.  Azərbaycanın ictimai-mədəni mühitində çox böyük iz qoyub getmiş Nəsir İmanquliyev Azərbaycan jurnalistikasında yeni məktəb yaradıb və bu məktəbin davamçılarını yetişdirib. O, mətbuata özünün milli-vətənpərvərlik hisslərindən, ədəbi-mədəni dəyərlərə olan sevgisindən gəlib.

Tədbirdə çıxış edən Jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynov qeyd edib ki, Azərbaycan dövlətinə və xalqına xidmət göstərmiş şəxslərin yubileylərinin dövlət səviyyəsində keçirilməsi məqsədəuyğundur: “Amma belə yubileylərin keçirilməsi ilə yanaşı, həm də həmin şəxsiyyətlərin Azərbaycan millətinə xas olan keyfiyyətlərini də araşdırılmalıyıq. Sonra bu nümunələri gənclərə göstərməliyik ki, biz belə vətənpərvər və qeyrətli insanların övladlarıyıq”.

Kafedra müdiri Cahangir Məmmədli, AzərTAc informasiya agentliyinin baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və başqa natiqlər professor Nəsir İmanquliyevin yaradıcılıq yolundan danışıblar.

Professor Nəsir İmanquliyevin ailə üzvləri adından çıxış edən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycanda jurnalistika peşəsinin tarixinə nəzər salıb. O, jurnalistikanın gənc peşə olduğunu deyib. N. Paşayeva bildirib ki, vaxtilə Həsən bəy Zərdabi, Məhəmməd Ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin əməyi olmasaydı, Azərbaycanda jurnalistika bu qədər inkişaf edə bilməzdi. Babası N. İmanquliyevin yaradıcılığı haqqında danışan N. Paşayevanın sözlərinə görə, mərhum “Baku” və “Bakı” qəzetlərinin ərsəyə gəlməsi üçün ətrafında jurnalistika peşəsini dərindən bilən jurnalist ordusu toplamışdı: “Nəsir İmanquliyev bununla sübut etdi ki, Azərbaycan xalqına və ictimaiyyətə təkbaşına xidmət göstərmək olmaz. O, bu istiqamətdə güclü ziyalı ordusu ilə bərabər çalışırdı”. Nərgiz xanım Nəsir İmanquliyevin yaşadığı mənzilin gələcəkdə muzeyə çevriləcəyini və milli mətbuatımızın daha da inkişaf etməsinə xidmət göstərəcəyini xüsusilə qeyd edib.

Tədbir bədii hissə ilə başa çatdı.

Mətbuat və informasiya şöbəsi, 22 dekabr 2011-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: AzerTac.com, modern.az, APA, merkez.az, xeberler.info, milli.azsalamnews.org

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!