44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının yekun turu BDU-da keçirildi

02/05/2010

Mayın 1-də BDU-nun kimya fakültəsində 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının yekun eksperimental turu keçirilib. Olimpiadaya Azərbaycan da daxil olmaqla 14 ölkədən: MDB dövlətləri, həmçinin Makedoniya, Bolqarıstan və Rumıniyadan 9-11-ci sinif şagirdləri qatılmışdılar. Olimpiadanın 2 nəzəri turundan sonra təcrübi mərhələ - iştirakçıların qruplara bölünməsi və lazımi laboratoriyalara aparılması işə başlayıb. Öncə hər bir olimpiada iştirakçısına təcrübi işi yerinə yetirmək üçün 4 saat vaxtın olduğu xatırladılıb və ayrıca tapşırıq verilərək, xüsusi ehtiyatla davranmağı tələb edən preparatlar təqdim edilib.
Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor V.Lunin təəssüratlarını belə bölüşdü: «44-cü Beynəlxalq Mendeleyev olimpiadası gözəl bir şəhərdə – Bakıda keçirilir. İştirakçıların çoxu buraya ilk dəfə gəlir. Təəssüratlarımız çox xoşdur. Olimpiadanın əhəmiyyəti də böyükdür, xüsusən də yarışda iştirak edən 87 gənc üçün. Bu olimpiada kimya üzrə keçirilən digər beynəlxalq yarışlardan fərqlənir. İştirakçılar üçün çox gözəl mədəni proqram, gənclərin bir-birləri ilə ünsiyyət qurmaları üçün çox gözəl şərait yaranıb. Hələ ötən ilin noyabrında Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçi ilə Prezident İlham Əliyevin qəbulunda olarkən o, olimpiadanın ən yüksək səviyyədə keçirilməsi üçün çox ciddi tapşırıqlarını verdi və həqiqətən, yarış üçün çox gözəl şərait yaradıldı».
Qeyd edək ki, olimpiada artıq 2-ci dəfədir ki, Azərbaycanda keçirilir. Bu tədbir Azərbaycanda ilk dəfə 10 il əvvəl baş tutub. Bu dəfə yarışda dünyanın 14 ölkəsindən 87 nəfər iştirak edib. Olimpiada iştirakçılarının potensialı yüksək qiymətləndirilir. Çünki onlar öz ölkəsində dünya üzrə keçirilən milli olimpiadanın qalibləridir.
12 nəfərlə olimpiadaya qatılan Azərbaycan iştirakçılarının potensialı da yüksək qiymətləndirilir. Olimpiadada verilən tapşırıqlar məktəb proqramından fərqləndiyi üçün şagirdlərimiz 1997-ci ildən xüsusi proqramlarla hazırlaşırlar.
Olimpiadanın Təşkilat Komitəsinin həmsədrlərindən biri, AMEA-nın müxbir üzvü Vaqif Abbasov BDU laboratoriyalarında aparılan təcrübi işdən razılığını ifadə etdi. O qeyd etdi ki, laboratoriyaların dünya standartlarına uyğunluğu burada belə bir təcrübənin aparılmasını mümkün edib. Onun sözlərinə görə, olimpiada qalibləri qızıl, gümüş və bürünc mükafatlara layiq görüləcəklər. Nəticədə isə istəklərinə uyğun olaraq MDU, onun Bakı filialı və istənilən Azərbaycan universitetinin kimya fakültəsinə imtahansız qəbul oluna biləcəklər. Buna isə ötən il qəbul olan «Təhsil haqqında» Qanun imkan verir.
MDU-nun kimya fakültəsinin professoru Valentin Nenaydenko olimpiada üçün yaradılmış şəraiti yüksək qiymətləndirdi. O, dedi ki, bu şərait uzun müddət yaddaşından silinməyəcək. BDU-nun kimya fakültəsinin dünya standartlarına cavab verən laboratoriyaları isə xüsusi maraq doğurur.
Qaliblər vətənlərinə xüsusi medalla dönəsəklər. Medalın bir tərəfində tanınmış kimyaçı Mendeleyevin, digər tərəfində isə Azərbaycanın görkəmli alimi Yusif Məmmədəliyevin əksini aparacaqlar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 02 may 2010-cu il.





 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!