28 may - Respublika günü qeyd olundu

27/05/2009

Mayın 27-də Bakı Dövlət Universitetində 28 may - Respublika gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirdi ki, XX əsr Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olmuşdur. Azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar tökülmüş, xalqımız saysız-hesabsız şəhidlər vermişdir. 1918-ci ilin 28 mayında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına xalqımız elə-belə nail olmamışdır. Bu respublika cəmi 23 ay yaşasa da, Azərbaycan xalqını azad, suveren və müstəqil dövlətdə yaşamaq arzuları heç vaxt tərk etməmiş və əsrin sonunda, 1991-ci ilin 18 oktyabrında əldə etdiyimiz müstəqillik bu mübarizələrin məntiqi nəticəsi kimi tarixə düşmüşdür. Xalq Cümhuriyyətinin çox böyük əsərləri olduğunu xatırladan akademik Abel Məhərrəmov həmin əsərlərdən birinin - Xalq Cümhuriyyətinin yaşıdı və yadigarı olan Bakı Dövlət Universitetinin adını çəkmişdir: "Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilmirdi. Bir tərəfdən ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, hakimiyyətin tez-tez dəyişməsi müstəqilliyimizi təhlükə altına alırdı. Xalqımızın xilaskar bir şəxsiyyətə ehtiyacı vardı. Bu şəxsiyyət xalqımızın Ümummilli lideri Heydər Əliyev idi. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən xalqımız yenə öz xilaskarına üz tutdu. Əgər 1993-cü ildə hakimiyyət dəyişikliyi baş verməsəydi, ulu öndərimiz xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən belə danışa bilməzdik. Ulu öndərin hakimiyyəti dövründə Azərbaycan çox böyük uğurlara imza atdı - atəşkəsə nail olundu, "Əsrin müqavilə"si imzalandı, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olundu, Dağlıq Qarabağın Ermənistan tərəfindən zəbt olunması dünya dövlətləri tərəfindən etiraf olundu, iqtisadi göstəricilərə görə dünya dövlətləri ilə eyni cərcədə dayanmağı bacardı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla, məqsədyönlü şəkildə davam etdirilir. Mən həmişə demişəm ki, xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var və Azərbaycan xalqı da ona görə xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Öndəri, bu Öndərin layiqli varisi, cənab İlham Əliyev kimi Prezidenti var".

Rektor sonda yenidən bu əlamətdar gün münasibətilə hər bir tədbir iştirakçısını təbrik edərək dedi ki, ölkə bir olmalı, xalq vahid yumruq kimi birləşib öz müstəqilliyini qorumalı, işğala məruz qalan əraziləri düşmən tapdağından xilas etməli, Ulu öndərimizin dediyi "Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir" kəlamını gerçəyə çevirməlidir. Bunun üçün hər kəs çalışdığı sahədə öz sözünü deməlidir. Universitet kollektivi olaraq biz bunu dərk edir, nümunəvi təhsilimizlə Azərbaycanın dünyəvi dəyərlərə inteqrasiyası istiqamətində böyük işlər görürük.
Rektorun açılış nitqindən sonra BDU Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev ulu öndər Heydər Əliyevin 86-cı ildönümü və universitetinin 90 illik yubileyi münasibətilə təşkil edilən Şahmat və Rəsm müsabiqələrinin nəticələrini elan etdi. Məlum oldu ki, ötən ilin oktyabr ayından etibarən universitetin müəllim və tələbələrindən ibarət həvəskar rəssamlar arasında müsabiqə təşkil edilib. Qalibləri peşəkar rəssamlardan ibarət münsiflər heyəti müəyyənləşdirib. Fikrət Şiriyev nəticələri də açıqladı. Məlum oldu ki. 1-ci yeri tarix fakültəsinin dosenti İradə Aşvar, 2-ci yeri həmin fakültənin 2-ci kurs tələbəsi Cavid Mehrəliyev, 3-cü yeri isə filologiya fakültəsinin dosenti Fikrət Əlizadə tutublar. Qaliblərə universitetin 90 illiyni əks etdirən fotoalbom və pul hədiyyəsini Rəssamlıq Akademiyasının kafedra müdiri Vaqif Ağayev təqdim etdi. Eyni zamanda 28 nəfər universitet müəllimi arasında təşkil edilən Şahmat yarışmasının da nəticələri elan olundu. 1-ci yeri filologiya fakültəsinin kafedra müdiri, professor Aqil Hacıyev, 2-ci yeri mexanika-riyaziyyat fakültəsinin dosenti Fərman Əliyev, 3-cü yeri filologiya fakültəsinin dosenti Fikrət Əlizadə və nəhayət 4-cü yeri mexanika-riyaziyyat fakültəsinin baş müəllimi Feyruz İsmayılov tutdular.
Tədbir konsert proqramı ilə başa çatdı.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 27 may 2009-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!