Ulu öndərin irsinin biblioqrafiyası sahəsində ilk addım

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun «Heydər Əliyev: biblioqrafik məlumat kitabı»na yazdığı «Azərbaycan intibahının böyük memarı» adlı ön sözdə Heydər Əliyev şəxsiyyəti haqqında obyektiv fikirlər söyləmiş, əsrin təxminən üçdən birini əhatə edən Heydər Əliyev erasını çox yüksək qiymətləndirmişdir. Ön sözdə deyilir:
«Siyasi dövlət xadiminə həsr olunan biblioqrafik informasiya mənbələri həmin şəxsin dünyagörüşünün, çoxcəhətli, ictimai-siyasi, ideoloji fəaliyyətinin cəmiyyətin inkişafında və dövlətçiliyin möhkəmləndirilməsində, beynəlxalq iqtisadi, elmi və mədəni əlaqələrin genişlənməsindəki misilsiz rolunun təbliğində və yayılmasında mühüm vasitədir. Nüfuzlu biblioqrafiyaşünas alimlər biblioqrafik informasiya nəşrlərinin tarixin ayrı-ayrı mərhələlərində tədqiqatçılar və kitab həvəskarları üçün nadir və qiymətli çap əsərlərinə dair «Qırmızı kitab» rolu oynadığını iddia etməkdə yanılmırlar. Bu baxımdan, Azərbaycan Respublikasının prezidenti, milli dövlətçiliyimizin memarı, dünya şöhrətli siyasi xadim, xalqımızın iftixarı cənab Heydər Əlirza oğlu Əliyevə həsr olunan geniş əhatəli, mükəmməl biblioqrafik informasiya nəşrləri də cəmiyyətimizin indisi və gələcəyi üçün çox ciddi informasiya qaynağı olaraq onun yaradıcı irsinin araşdırılmasında və öyrənilməsində istiqamətləndirici məşəl rolunu oynaya bilər».
Azərbaycan Respublikasının memarı və qurucusu olan Azərbaycan xalqının ümummilli lideri cənab Heydər Əliyevin yeni nəslin tərbiyəsində göstərdiyi misilsiz xidmətlərini və atalıq qayğısını yaddaşlarda daimi yaşatmaq, Azərbaycan gəncliyinə verdiyi dəyərli tövsiyələrini təbliğ etməkdə kitabın rolu çox böyükdür.
Milli kitabxanaşünaslıq elminin banisi, Əməkdar elm xadimi, professor Abuzər Xələfov ulu öndər Heydər Əliyevin kitabxana quruculuğu sahəsindəki fəaliyyətinin tədqiqinə həsr etdiyi «Heydər Əliyev və Azərbaycanda kitabxana işi» adlı kitabında yazır: «H.Əliyevin əsərləri, zəngin elmi-nəzəri irsi Azərbaycan kitabının «qızıl fonduna» daxildir».
Nəşr olunmuş kitablardan biri və demək olar ki, birincisi – müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin 80 illik yubileyi münasibətilə yüksək poliqrafik səviyyədə çap olunmuş biblioqrafik məlumat kitabıdır.
Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə ilk dəfə olaraq «Dünyanın görkəmli dövlət xadimləri» seriyasından olan bu kitab müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında və möhkəmləndirilməsində misilsiz rolu olan Heydər Əliyev irsinin biblioqrafiyalaşdırılması sahəsində atılan ilk addımdır. 434 səhifəlik Azərbaycan dilində, 446 səhifəlik rus dilində, 455 səhifəlik ingilis dilində çap olunmuş bu sanballı biblioqrafik əsər BDU-nun rektoru, akademik Abel Məhərrəmovun rəhbərliyi və ümumi redaktəsi ilə nəşr edilmişdir. Kitabın tərtibçi-müəllifləri Əməkdar elm xadimi, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, professor Abuzər Xələfov və biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi Solmaz Sadıqovadır.
Qeyd etmək lazımdır ki, kitabın Bakı Dövlət Universitetində təqdimat mərasimi olmuş, (7 may, 2003-cü il) tədbirdə Azərbaycan Respublikası Təhsil Naziri  Misir Mərdanov Heydər Əliyev irsinə həsr olunmuş belə bir biblioqrafik vəsaitin ilk dəfə çap olunduğunu vurğulamışdır. Hörmətli nazir xaricdə olarkən oradakı kitabxanalarda Azərbaycan və onun rəhbəri Heydər Əliyev haqqında çox az kitab olduğunu təəssüf hissi ilə mərasim iştirakçılarının nəzərinə çatdıraraq onu da bildirmişdir ki, belə bir kitabın xarici ölkə kitabxanalarına göndərilməsi çox vacib və təqdirəlayiqdir.
Tədbirdə iştirak edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının sədri V.Çeqiaşvili Heydər Əliyev şəxsiyyəti və irsindən söhbət açaraq, ümummilli liderimizi «Tanrının Azərbaycan xalqına göndərdiyi dəyərli töhfə» kimi qiymətləndirmişdir. Həmçinin, professor Ş.Əsgərov Heydər Əliyevin həyat və fəaliyyətinə tarixi faktlarla qısa bir nəzər salaraq belə şəxsiyyətləri zaman çox nadir hallarda yetişdirdiyini vurğulamışdır. Millət vəkili Nizami Cəfərov biblioqrafik məlumat kitabının yaradıcılarının işini yüksək qiymətləndirmiş və bu kitabı indiyə qədər Heydər Əliyevə həsr olunmuş bütün kitablardan ən yaxşısı kimi dəyərləndirmişdir.
Qeyd etmək lazımdır ki, kitab haqqında dövri mətbuat səhifələrində bu qiymətli vəsaitin əhəmiyyətindən bəhs edən yazılar dərc olunmuşdur: Azərbaycan qəzeti, 2003, 9 noyabr; Yeni Azərbaycan qəzeti, 2003, 8 may; Respublika qəzeti, 2003, 13 iyun; Bakı Universiteti qəzeti, 2003, 14 iyun; 2003, 19 dekabr; İki sahil qəzeti, 2003, 9 may.
Biblioqrafik məlumat kitabında materiallar dörd hissə, səkkiz bölmədə qruplaşdırılmış və mənbələr xronoloji ardıcıllıqla düzülmüşdür.
«Heydər Əliyev şəxsiyyəti» adlanan birinci hissədə Azərbaycan prezidentinin həyat və fəaliyyətinin qısa salnaməsi verilmişdir. Bu müdrik insanın siyasət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat, həmçinin, ayrı-ayrı görkəmli şəxsiyyətlər haqqında söylədiyi fikirləri özündə əks etdirən «Heydər Əliyevin fikir dünyasından seçmələr» bölməsində öz əksini tapmışdır. Biblioqrafik məlumat kitabının ikinci hissəsi «Heydər Əliyevin kitab şəklində nəşr edilmiş əsərləri» adlanır. Sovetlər birliyi dövründə «Azərbaycanın  tərəqqisi və inkişafına yönəlmiş siyasət (1969-1990-cı illər)» bölməsində verilmiş kitabları izlədikdə məlum olur ki, hələ o dövrdə, 1977-ci il avqustun 27-də Heydər Əliyev Bakının ali məktəb tələbələrinin nümayəndələri ilə Moskvanın, Leninqradın və digər şəhərlərin ali məktəblərində oxuyan azərbaycanlılarla respublikanın fəalları ilə görüşündə nitq söyləmişdir. 1978-ci il mayın 18-də Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqi; 1979-cu il aprelin 25-də «Fəal həyat mövqeyinin formalaşdırılması: Mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri: Ümumittifaq elmi-praktik konfransda məruzə»; 1979-cu il iyulun 17-də «İdeoloji işi və siyasi tərbiyə işini daha da yaxşılaşdırmaq haqqında»; «Vicdanımızın normaları ilə»; 1980-ci il mayın 28-də Azərbaycan ali məktəblərinin işini partiyanın yüksək tələbləri səviyyəsinə qaldıraq: Ali məktəb işçilərinin respublika müşavirəsində nitqi; Xalqların dostluğu ədəbiyyatların dostluğudur; Yazıçıların ümumittifaq yaradıcılıq konfransında məruzə; 1981-ci il sentyabrın 3-də «Gənclərin birlik, dostluq və əməkdaşlığının möhkəmləndirilməsi, sülh və sosial tərəqqi uğrunda» «Gənclər, inkişaf və sülh» mövzusunda Beynəlxalq gənclər konfransında nitq söyləmişdir. Hələ o dövrdə «Qoy ədalət zəfər çalsın» sərlövhəli kitabı daha çox diqqəti cəlb edir. «Gənclərin əmək, əxlaq və ideya siyasi tərbiyəsini hər vasitə ilə gücləndirməli» və s. belə mənbələri daha da artırmaq olar.
«Müstəqillik yollarında (1991-2003-cü illər)» adlanan bölmədə Heydər Əliyevin Azərbaycan, rus və xarici dillərdə nəşr edilmiş kitablarının, əsərlərinin və çoxcildliklərin biblioqrafik təsviri xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Əvvəlcə 10 cildlik əsərlərin («Müstəqilliyimiz əbədidir»), sonra 4 cildlik («Müstəqillik yollarında»), nəhayət, 2 cildlik («Müstəqillik yollarında») əsərlərin biblioqrafik təsviri verilməklə, ayrı-ayrı cildlərin məzmununun açılmasına xüsusi diqqət yetirilmişdir. Bu isə kitabın əhəmiyyətini bir daha artırır.
«Müstəqilliyimiz əbədidir» adlı 10 cildlikdə böyük tarixi şəxsiyyət, dünya şöhrətli siyasi xadim, müdrik xalq rəhbəri Heydər Əliyevin 1993-cü ilin iyunundan sonrakı siyasi fəaliyyətinin salnaməsi olan bu çoxcildlikdə Azərbaycanda son illərdə baş vermiş ictimai-siyasi proseslər, mürəkkəb, çoxşaxəli hadisələr, milli dövlət quruculuğunun ayrı-ayrı mərhələləri və əsasları, bu işdə mövcud ziddiyyətlər və problemlər, daxili və xarici siyasətinin başlıca istiqamətləri dərindən təhlil edilir və bu dövr tarixi-siyasi baxımdan tam obyektivlik və həqiqət meyarları ilə qiymətləndirilir. Məsələn, YUNİSEF təşkilatında uşaqların həyatı, müdafiəsi və inkişafına dair BMT Bəyannaməsinin imzalanması mərasimində çıxış (27 sentyabr 1994-cü il); Tələbə qəbulu respublikanın həyatında mühüm hadisədir (Ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar Prezident aparatında keçirilmiş müşavirədə giriş və yekun sözü - 2 avqust 1994-cü il), Mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq; Təhsilin inkişafında dövlət qayğısı, Müstəqilliyimizi qoruyub saxlamaq üçün xalqımızın milli və mənəvi birliyini təmin etməliyik, Dövlət dili milli-mənəvi sərvətimizdir və s.
Ulu öndərin ayrı-ayrılıqda çap olunmuş əsərlərini nəzərdən keçirdikdə gənclərimizin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi ilə əlaqədar «Allahın yolunda hamımız bir olaq» (1993), «Azərbaycan xalqının hünəri əbədi yaşayacaqdır» (1995), «Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin nitqi» (1996), «Azərbaycan prezidentinin gənclərlə görüşü (1 fevral 1997-ci il)» (1997), «Biz öz yurdumuza qayıdacağıq: Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Xocalı, Kəlbəcər, Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ictimaiyyəti nümayəndələri ilə görüşlərinin materialları» (1997), «Azərbaycanlıların soyqırımı haqqında» (1998), «Dünya azərbaycanlılarına» (1998), «Dinimiz xalqımızın milli-mənəvi sərvətidir» (1999), «Ədəbiyyatın yüksək borcu və amalı» (1999), «Yeni Azərbaycan Partiyasının hər bir üzvü dövlətimizin, Azərbaycan prezidentinin siyasətinin həyata keçirilməsində mübariz insan, mübariz əsgər olmalıdır» (1999), «Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayırıcında» (2001), «Yeni Müstəqil Azərbaycan uğrunda!» (2001), «Azərbaycançılıq – birliyimizin əsasıdır» (2002) və s. diqqətimizi cəlb edir.
Tərtibçi-müəlliflərin araşdırmaları nəticəsində məlum olmuşdur ki, 1969-2003-cü illər ərzində H.Əliyevin 209 adda kitabı nəşr edilmişdir. Onlardan 118-i Azərbaycan, 83-ü rus, qalanları isə müxtəlif xarici dillərdədir. Müstəqillik dövründə Azərbaycan dilində çap olunmuş 50 adda kitabın 16-nı çoxcildli əsərlər təşkil edir.
Biblioqrafik məlumat kitabının «Heydər Əliyev haqqında ədəbiyyat» adlanan üçüncü hissəsində səkkiz yarımbölmənin verilməsi onun dəyərini daha da artırır. Bu bölmələr: «Böyük həyat yolundan səhifələr», «Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır», «Azərbaycanın sosial-iqtisadi inkişafında Heydər Əliyev mərhələsi», «Heydər Əliyev və Azərbaycan Respublikasının neft strategiyası», «Heydər Əliyev irsində Azərbaycan dili və ədəbiyyatı məsələləri», «Heydər Əliyev və Azərbaycanda elm, təhsil, mədəniyyət və incəsənətin inkişafı», «Azərbaycan ədəbiyyatında Heydər Əliyev surəti», «Heydər Əliyev beynəlxalq aləmdə» adlanır ki, bu da gənclərimizin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsində, Heydər Əliyev irsinin öyrənilməsində mühüm rol oynayır.
Dördüncü hissədə verilmiş «Heydər Əliyevin əsərlərinin əlifba göstəricisi» və «Müəlliflərin əlifba göstəricisi» adlı yardımçı göstəricilər biblioqrafik məlumat kitabından istifadəni asanlaşdırır və istənilən ədəbiyyatın tez bir zamanda müəyyənləşdirilməsinə kömək göstərir. Ümumilikdə göstəricidə 544 mənbənin biblioqrafik təsviri verilmişdir.
Məlumat kitabında «Dünyanın və Azərbaycanın görkəmli siyasətçiləri, elm və mədəniyyət xadimlərinin Heydər Əliyev haqqında fikirləri»nin də verilməsi diqqətəlayiqdir.
Biblioqrafiyaşünas alim, professor Zöhrab Əliyevin qeyd etdiyi kimi, «Heydər Əliyev: Biblioqrafik məlumat kitabı» universal xarakterli biblioqrafik informasiya mənbələri silsiləsinə aiddir. Yəni kitab biblioqrafik informasiya ilə yanaşı, elmi-publisistik informasiyanı da özündə birləşdirir və bu da onun informasiya potensialını gücləndirir.
«Azərbaycan intibahının böyük memarı» adlı «Ön söz»ün müəllifi akademik A.Məhərrəmovun qeyd etdiyi kimi, möhtərəm prezidentimiz haqqında diqqətinizə çatdırılan bu biblioqrafik məlumat kitabı digər analoji nümunələrdən kəskin surətdə fərqlənir. Hər hansı yazıçı, alim, incəsənət xadimindən yazılan biblioqrafiyalardan həmin sahə ilə bilavasitə bağlı olan insanlar istifadə edirlər. Heydər Əliyev haqqında olan bu məlumat kitabı isə hamının istifadə edəcəyi bir topludur. Çünki möhtərəm prezidentimizin ömür yolu və yaradıcılığı həyatın bütün sferalarını əhatə edir və o, zaman-zaman ədəbiyyatdan ədəbiyyatçı qədər, elmdən alim qədər, sənətdən sənətşünas qədər xəbərdar olan, həm də cəmiyyətin inkişafında roluna görə bu sənət bilicilərindən xeyli irəlidə olan şəxsiyyətdir. Odur ki, bu əsər hamının, bütün oxucuların, xüsusən də gənclərin stolüstü kitabına çevriləcək və bundan sonra neçə-neçə nəsillər Heydər Əliyevin zəngin irsindən bəhrələnəcəkdir.
Beləliklə, müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında və möhkəmləndirilməsində misilsiz rolu olan Heydər Əliyev irsinin biblioqrafiyalaşdırılması sahəsində ilk addım olan «Heydər Əliyev: Biblioqrafik məlumat kitabı»nın Azərbaycan, rus və ingilis dillərində elektron diski  də oxucuların istifadəsinə verilmişdir.

Solmaz Azayqızı Sadıqova
«Kaspi» qəzeti S.12, 10 dekabr 20210-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!