“Təbiətcə idarəolunmazam” - MÜSAHİBƏ

BDU-nun mətbuat katibi Pərvanə İbrahimova: “İnformasiya bir az yubananda mətbuat xidmətini yaxşı işləməməkdə qınayırlar"

Pərvanə İbrahimova 1977-ci ilin avqust ayında Qərbi Azərbaycanda, Amasiya rayonunun Əzizbəyov kəndində doğulub. Ailənin 8-ci övladıdır. Məlum 88-ci il hadisələrindən sonra Gəncəyə köçməli olublar. Həmin vaxt kiçik Pərvanə ibtidai sinfi yeni bitirib, 5-ci sinifdə təhsil alırmış. “Kəndimizdən köçdüyüm gün hələ də  yadımdadır” deyən Pərvanə xanım doğma kəndlərindəki Hülley dağını hələ də xatırlayır...

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova ilə “Facebook” tanışlığımız olsa da, şəxsi münasibətlərimiz yox idi. Bu səmimi xanımla ilk dəfə üz-üzə otururduq. Baxmayaraq ki, nə zamansa ondan informasiya da almışdım. İndi isə müsahibə alırdım...

Mətbuat və informasiya şöbəsində olduqca qaynar iş gedirdi, şöbənin rəhbəri, başqa sözlə, universitetin mətbuat katibi Pərvanə İbrahimova tez-tez otaqdan çıxmalı olurdu. Bütün bunlara baxmayaraq, söhbətimiz maraqlı alındı. - Kəndiniz hələ yadınızdadırsa, deməli, kiçik də olsanız, yurd itkisi, qaçqın həyatı yaddaşınızda iz buraxıb...

- Elədir. Bir dəfə metroda bir hadisənin şahidi oldum. İki qız gedirdi, biri bilmədən o birisinin ayağını basdı, ayağı tapdanan qız ona nə desə yaxşıdı: “Qaçqın olduğunu bilirdim, amma daha bu qədər də yox”. Bu hadisə mənə çox pis təsir elədi, bu mövzuda bir yazı yazdım. Yazıya görə BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli mənə zəng vurdu və telefonda kövrəldi. İnsan özü qaçqın-köçkün olmasa bu vəziyyətin nə demək olduğunu anlaya bilməz. Bizim ordakı həyatımız da asan keçmirdi, oxumaq bizim yeganə yolumuz idi. Yadımdadır, məktəbə getmək üçün anam qalın qarın ortasından bizə çığır açırdı, əgər qar uçqunu olsaydı altında da qala bilərdik. Belə çətin şəraitdə oxumuşuq. Bir dəfə oğlum soruşdu ki, “ana, biz haralıyıq?”, ona cavab verə bilmədim. Çünki mən bir yerdə doğulmuşam, başqa yerdə yaşamalı olmuşam.

- Məhz köçkün olmağınıza görə yaşıdlarınız sizi qəbul etmirdi?

- Yaşıdlarım fərqli münasibət göstərirdilər, onların fərqli münasibətləri ilə yanaşı müəllimlərimizdən isti yanaşma, sevgi və sayğı görürdüm. Coğrafiya müəlliməmiz var idi, Xanımzər müəllimə, mənə çox əməyi keçib, indi də onun adını imza kimi öz yazılarımda istifadə edirəm.

- Bəs niyə məhz jurnalistika ixtisasını seçdiniz?

- Jurnalistikada olanların əksəriyyəti deyir ki, bu peşə onların uşaqlıq arzusudur. Məndə isə əksinə olub. Jurnalist olmaq barədə heç düşünməmişəm də. Test imtahanları verəndə sıralanma kimi beynəlxalq münasibətlər, sonra beynəlxalq hüquq, beynəlxalq jurnalistika, hüquq, fəlsəfə və başqa ixtisasları yazdım. 1994-cü ildə 500-ə yaxın balla BDU-nun beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq jurnalistika ixtisasına, yəni sıralanmada 3-cü yazdığım ixtisasa qəbul olundum. Qardaşım Bəybala ilə gəldik universitetə, axtardıq, burda elə bir fakültə yoxdur dedilər. Sonra məlum oldu ki, beynəlxalq hüquq və beynəlxalq münasibətlərin tərkibində beynəlxalq jurnalistika ixtisası var. 1994-cü ildə buranın tələbəsi oldum.

- “Elçi” qəzetində yazmağa tələbə ikən başladınız?

- Jurnalistikaya qəbul olundum, amma özümü jurnalistikada tapa bilmirdim. Bakalavr, magistratura bitdikdən sonra qrup yoldaşım Zaur dedi ki, “Elçi” qəzeti ilə əməkdaşlıq edirəm, istəyirsənsə, gedək, həmin qəzetdə işə başla. Həmin vaxta qədər “Avrasiya”, onun əlavəsi “Hər gün” qəzeti,  “Retro”, “Gəncənin səsi” qəzetlərinə yazı verirdim. Hər gün bir bəhanə edib getməkdən boyun qaçırdım, bir gün təsadüfən metroda qarşılaşdıq Zaurla, məni zorla ora apardı. “Elçi”nin redaksiyasına ayaq basdığım ilk gündən oranın ab-havası, insanların səmimi münasibəti məni özünə çəkdi. Bir növ yolumda yaşıl işıq yandırdılar. Oradakı şərait və münasibət məndə jurnalistikaya həvəs yaratdı, bu peşəyə bağladı. Bütün yazılarımı dəyərləndirdilər, hər cür imkan yaratdılar. Baxmayaraq ki, mən jurnalistikanın nəzəriyyəsini yaxşı bilirdim, amma praktikam, təcrübəm az idi. Orda bu imkanları yaratdılar. Hamı ilə səmimi münasibətimiz var idi, heç kim mənə Pərvanə demirdi, hamı Pəri çağırırdı. Mənim ailə həyatı qurmağımda belə, o qəzetin rolu olub. Həyat yoldaşımla orda tanış olmuşam.

- Bəs BDU-nun mətbuat katibliyinə gəlişiniz necə baş tutdu?

- 2000-ci ildə magistraturanı bitirdikdən sonra Bakı Dövlət Universitetində yeni yaranmış mətbuat və informasiya şöbəsində işə başladım. Anam çox mühafizəkar qadındır, Bakıda qalıb jurnalistika ilə məşğul olmağımın qəti əleyhinə idi. Üstəlik, təbiətcə tabeolmaz olduğumu bilirdi, nə qədər israr edirdi, qayıtmırdım. Amma anamın israrları qarşısında bir növ çarəsiz qalmışdım və Gəncəyə geri dönməyi düşünürdüm. Həmin vaxt gözləmədiyim halda universitetdə qalası oldum. Bir dəfə qəzetdən BDU-nun rektoru Abel Məhərrəmovla müsahibəyə göndərildim. Onda universitetin mətbuat və informasiya şöbəsinə jurnalist Aynur Bəşirli rəhbərlik edirdi. Aynur xanım universitetin 80 illik yubileyinə hazırlaşdığını və mümkün olarsa, yubileylə bağlı material hazırlamağımı məsləhət bildi. Mən də “Universitet 80 illik yubileyinə hazırlaşır” başlığı altında yazı hazırladım və o çap olundu. Bir gün Aynur xanım mənə zəng vurdu ki, mətbuat konfransı təşkil etmişik, siz də gəlin. Konfrans vaxtı Abel müəllim yazımı bəyəndiyini dedi. Bəlkə də, həmin yazımın Abel müəllimə təsiri, üstəlik, həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmağım universitetdə qalmağıma kömək elədi. Abel müəllim təklif edəndə ki, qal burda işlə, çox təəccübləndim. 2000-ci ilin avqust ayının 29-da mətbuat və informasiya şöbəsində işə başladım.

- Sizcə, yaxşı yazar, yaxşı jurnalist olmaq üçün mütləq jurnalistika təhsili almaq lazımdır?

- Elə insanlar var, onların imzasını çox bəyənirəm, əksəriyyəti jurnalistikanı bitirməyiblər. Məncə, insan öz düşüncəsini, qəlbini yazısında əks etdirər, təsirli və keyfiyyətli yaza bilirsə, harda oxumasının elə bir önəmi yoxdur.

- Bəs mətbuat katibliyi necə? “Ən yaxşı mətbuat katibi jurnalistlərdən olur” fikri ilə razısınız?

- Əgər uzun müddət jurnalistikada işləyibsə, bu işin bütün incəliklərini bilirsə, yaxşı katib ola bilər. Amma bu işdən başı çıxmayan adamı mətbuat katibi təyin edəndə, sözsüz ki, özünü  doğrultmayacaq, gərək təklifi alanda özü imtina etsin. Bizdə kafedralar var - nəzəriyyə, mətbuat tarixi, beynəlxalq jurnalistika, radio-televiziya. Katib gərək mətbuat tarixini yaxşı bilsin. Bəzən deyirlər ki, nəzəriyyəyə ehtiyac yoxdur, praktikada hamısını öyrənirsən. Məncə, nəzəriyyəyə ehtiyac olmasaydı, universitet təhsili zəruri sayılmazdı.

- Jurnalistlərə dərs deyirsiniz, dolayısı ilə onların xarakterini bilirsiniz, tanıyırsınız, beynəlxalq jurnalistikanı bitirmisiniz, bütün bu məziyyətlər mətbuat katibi kimi jurnalistlərlə ünsiyyət qurmağa kömək edər yəqin ki...

- Elədir. Üstəlik, mən özüm bura jurnalistikadan gəlmişəm, jurnalistikanın çətinliklərini yaxşı bilirəm. Bilirəm ki, mənim verəcəyim bir informasiya ilə jurnalist bir material işləyəcək, o yazıdan qonorar alacaq, o qonorar ilə ehtiyacını ödəyəcək. Ona görə çalışıram ki, heç bir jurnalistin sualı cavabsız qalmasın. Bəzən görürsən ki, sualın biri mühasibatla bağlıdır, bəzən statistik məlumatlar olur, onların hamısını jurnalistə dəqiqliklə vermək lazımdır. Əgər o informasiya bir az yubansa, mətbuat xidmətini yaxşı işləməməkdə qınayırlar. Mənim üçün jurnalistlərlə işləmək çətin deyil. Bəzən elə məqam olur, elə jurnalistlər müraciət edir ki, jurnalistikadan ümumiyyətlə, xəbəri yoxdur, bura başqa məqsədlər üçün baxır. Gah şantaj edir, gah hədə-qorxu gəlir. Onlarla öz dillərində danışmağa məcbur oluram. Heç bir sualdan qaçmıram. Telefonum bütün günü açıqdır.

- Burda olduğum müddətdə işinizin nə qədər çətin olduğunu gördüm, demək olar ki, bütün gününüz qaça-qaçla keçir. Bu qədər işdən sonra dincəlməyə necə vaxt ayırırsınız? Bəzən insan mənəvi rahatlıq üçün bədii ədəbiyyata ehtiyac duyur, nəsə oxuya bilirsiniz?

- Buna bəzən çox ehtiyac duyuram, çünki bədii ədəbiyyatı sevirəm. Orta məktəbdən bu yana çox oxumuşam. “Elçi” qəzetində deyirdilər ki, səni bədii-publisistika damarın daha güclüdür, görünür, mütaliən yaxşı olub. Mən mütaliəni çox sevirəm. Axır vaxtlar “Kitab Klubu”na üzv olmuşam, ordan kitablar alıram, amma etiraf edim ki, çox az vaxt olur. İnzibatçılıq işi çox ağırdır. Mütaliə az olanda isə  adam özünü çox boş hiss edir. O boşluqları doldurmaq istəyirəm.

- Dincəlməyə vaxt tapırsız?

- Bəzən eşidirəm ki, kimsə alış-verişə çıxıb, gələn kimi “yorğunam” deyib yatır. Mən hələ yadıma sala bilmirəm ki, hansısa bir gün günorta yatıb dincəlim. Bu uşaqlığımdan bu yana belə olub. Əvvəl məktəb, sonra universitet, dərhal iş - yatıb dincəlməyə heç vaxtım olmur.

- Evə, ailə-uşağa da vaxt ayırmaq olur?

- Mümkün qədər çox vaxt ayırmağa çalışıram. İki oğlum var, onların dərsi, tərbiyəsi ilə özüm məşğul oluram. Bəzən atası da kömək edir, amma əsas yük mənim boynumdadır. Ev qayğıları, yemək, paltarları - hamısının məsuliyyətini daşıyıram. Burda işləyirəm, amma ən gərgin işim evdə başlayır.

- Sizcə, qadın üçün ailə və karyera ikisi bir arada mümkündür? Elə qadın var ki, karyerası mükəmməldir, ailədə durum yaxşı deyil, elə qadın var ki, ailədə hər şey yaxşıdır, iş həyatını qaydasına sala bilmir. Qadın da var, hər ikisini bacarır. Siz hansındansınız?

- İkisini də bir arada bacardım. Fikrimcə, qadın birmənalı olaraq ali təhsil almalıdır. Amma o diplomu evdə toz basmamalıdır. Qadın mütləq ictimaiyyət arasında olmalı, işləməlidir. Mənim bəlkə də, şansım ondadır ki, həyat yoldaşımla baxışlarımız üst-üstə düşür. Digər tərəfdən, o da eynilə mənim kimi qadınların işləməsini vacib sayır. Bəzən biz bu barədə danışanda deyir ki, filankəsin əmək kitabçasına bir gün belə iş günü yazılmayıb, onun vətənə, millətə nə xeyri dəyib? Bəlkə də, mən ev işlərini çatdırmasam, evi arxa plana salsam, müəyyən problemlər yarana bilər. Mən problem üçün bəhanə vermirəm. O məni dəstəkləyir, işimə qarışmır, müdaxilə etmir. Düzdür, toyumuz ərəfəsində aktiv jurnalistika ilə məşğul olmağımı istəmirdi, iş elə gətirdi ki, uşaqlarla əlaqədar işə ara verməli oldum. Qadın “uşaq saxlayıram” deyib karyerasını sual altında qoymamalıdır..

- Siyasi elmlər üzrə fəlsəfə doktorluğunu müdafiə etmisiniz, gələcəkdə sizi siyasətçi kimi də görə bilərik?

-Ola bilər. Bəzən deyirlər ki, jurnalistika siyasi deyil, siyasiləşməyib. Amma məncə, jurnalistikanın içərisində olmusansa, siyasət istər-istəməz səni özünə çəkəcək. Elə müdafiə işim də siyasi mövzudur. Müdafiə işimi də  “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)” mövzusunda idi. Bu illər ərzindəki bütün qəzetləri bir-bir vərəqlədim. Mənim həyatımın neçə ili qəzetlərlə bağlıdır. Baxın, hər tərəfim qəzetdir. Birisi qəzeti əzəndə, ona nə isə bükəndə qıcıqlanıram. 10 ilə müdafiə etdim. Bu qədər qəzeti bir-bir oxudum, ona görə siyasəti yaxşı öyrəndim, kimim kim olduğunu yaxşı bilirəm. Gələcəyi bilmək olmaz, bəlkə elə siyasi sahədə də göründüm.

Lalə Mehralı,
"Teleqraf" qəzeti, 01 dekabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!