ŞİRİN BİR XATİRƏ TƏK…

Mən uzun müddətdir ki, belə hadisənin şahidi olmamışdım. Fevralın 16-da səhər qış tətilindən sonra ilk dərs günü tələbələr əsas binanın I mərtəbəsindəki “Elanlar” lövhəsinin qarşısında toplaşmışdılar. Təkcə qızlar yox, oğlanlar da kövrəlmişdi. İçəri vurulan zəngin səsi, çoxdan bir-birini görməyən uşaqların görüş həsrəti, kiminsə tələbələri dərsə göndərmək təhriki - heç nə, heç nə onları buradan ayıra bilmirdi. Hıçqırıq, hönkürtü, təəssüf, dərin ah səsləri və lal bir sükunət! Bir-birinə qarışmış bu müxtəliflik dərin bir məhəbbətin ifadə formaları idi. Minlərlə insana nəsib olmayan, çoxlarının arzuladığı təmiz, ülvi, meyarı olmayan böyük məhəbbət! Adi həyatda çox zaman o qədər də hiss olunmayan bu məhəbbət dilsiz ölümün önündə öz fərqini çox aydın hiss etdirir. Professor Faiq Əhmədovun vəfatı günlərində ölüm böyüklüyünü, qüdrətli və ədalətli olduğunu bir daha göstərdi. Faiq müəllimin nə qədər sevildiyini, sarsılmaz bir sevgi ilə qiymətləndirildiyini və həqiqi hörmətə layiq olduğunu sübut etdi. Yaxşı xatirimdədir ki, ötən ilin sentyabrında onun 70 yaşı tamam olurdu və onu bu yubileylə əlaqədar təbrik edərkən zarafatla: «16 oktyabr hadisələrinə hazırlaşırıq,» - deyəndə qətiyyətlə məni yoldan saxladı: «Xahiş edirəm, bu yubileyi açıb-ağartma, heç kəs bilməsin, xahiş edirəm!» Bununla da ürəyi sakitləşmədi, bir azdan otağıma gəldi: «Sən allah, bu yubileyi heç kəsə demə, istəmirəm kimsə narahat olsun, kimsə gül almaq, hədiyyə almaq barədə düşünsün, mən elə-belə, sakitcə, övladlarımla qeyd etmək istəyirəm».

Ölümü də belə oldu, sakit, səssiz-səmirsiz. Bir soyuq fevral günündə – 15-də səhər işə gələndə bu acı xəbər hamını sarsıtdı. Təsəlli üçün evinə gedib dəfn mərasiminin təşkilində iştirak etmək istəyəndə məlum oldu ki, bu sakit, səssiz ölümün sahibi vəfatından sonra da heç kəsi narahat etmək istəməyib. Gecə saat 2-də dünyasını dəyişib, səhərə yaxın qohumları cənazəni doğulduğu Şəkiyə aparıblar. Yenə də heç kəsə əziyyət vermədən. Ancaq mənəvi əzablar nə qədər… Mənəvi böyüklüyündən özünü həmişə hamıya borclu sayan, heç bir iddiası olmayan Faiq müəllim hamını özünə borclu saxlayıb getdi. Universitetdə müəllimdən, tələbədən, qapıçıdan tutmuş hər kəsədək bir yaxşılığı, xeyirxahlığı, heç olmasa, insanlıq nümunəsi olmaq xidməti dəyən Faiq müəllimin bir yubileyini, bir təntənəsini, son olaraq, dəfn mərasimini keçirə bilmədik ki, ürəyimiz rahatlana. Yubiley keçirməkdən ötrü qapıları döyənək edən, kandarları çıxaran iddialı şöhrətpərəstlərin inzibati-amirlik üsulları ilə dolan yubiley mərasimi zallarındakı antipatiya aurasını gözü ilə görən, saxta alqışların ürəkdəki qarğışlardan zəif olduğunu bilən bir adam kimi Faiq müəllimə haqq qazandırıram. Doğrudan da, bəzi adamlar şöhrətə layiq olurlar, bəziləri isə şöhrətli. Faiq müəllim hər cür şöhrətə, hörmətə layiq bir ömür yaşadı. Şöhrətli olmasa da, hörmətli oldu. 70 il ərzində simanı dəyişmədən, insanlığı itirmədən, bir dəfə də səsini qaldırmadan, heç kəsin xətrinə dəymədən yaşamaq nə böyük xoşbəxtlikdir! Bəlkə, buna görə tələbələri onun müdiri olduğu kafedranın qapısına hər gün bir vərəq yapışdırırlar: «5 gün Faiq müəllimsiz», «Bu həftə Faiq müəllimsiz ötdü», «Şirin bir xatirətək qalacaqdır dünyada, Sevərək yaşayanlar, sevilərək ölənlər»! Bu sevgini qazanmağa bir ömür kifayət edərmiş! Bu məhəbbətə görə yaşamağa dəyərmiş! Hansı gurultulu yubilyarı, «şöhrətli» müəllimi belə tale gözləyir? Uşaqlar mələkdir, deyirlər! Əgər uşaqlar belə saf məhəbbətlə onu sevgi əhatəsinə alıblarsa, demək, o, mələklərin himayəsində cənnətə çatmış olar…

Həyatı hamımıza örnək olan bu insanın qəbri bizdən uzaq düşdü. Ürəyimiz bir müqəddəs ocaq, saf ruhun dolaşdığı ziyarətgah istəyəndə Şəkiyə gedəcəyik. Ancaq deyirlər ki, müqəddəs varlıqları, gözəl insanları öləndən sonra torpaqda yox, ürəklərdə axtarmaq lazımdır. O nə qədər ürəkdə, hər ürəkdə nə boyda yer tutaraq yerləşmişdir. Azərbaycana gözəl insanlar, böyük alimlər və ziyalılar bəxş edən Şəkinin fəxri və hansısa qanunauyğunluqdan Faiq müəllimlə təxminən eyni gündə – cəmi 2 il əvvəl dünyasını dəyişən Bəxtiyar Vahabzadə nə gözəl deyib:

Bircıdırdüzüdürbuhəyat, gülüm!
Sənonunəmərləbaşaçat, görüm!

Bu cıdır düzünü ən böyük nəmərlə, səmimi və nəhayətsiz məhəbbətlə başa vuran Faiq müəllim, ürəklərdə yer qoyub, sakit-səssiz bir həyatla bu qədər sevgini qazanan Faiq müəllim! Siz universitetin tarixində, elmimizin və elimizin yaddaşında qalacaqsınız; tələbələrinizin kafedranın qapısına yazdıqları məşhur şeirdə deyildiyi kimi: «Şirin bir xatirə tək…»

FikrətŞiriyev.
"Bakı Universiteti" qəzeti, 28 fevral 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!