Repressiyaya məruz qalan alimlər

İnsanların  "əksinqilabçı ",  "trotskiçi ",  "casus ",  "millətçi ",  "üsyançı " kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakılarının bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1575259 adam həbs olunmuşdur. Bunlardan 173382 nəfəri guya  "əksinqilabi " iş apardığına görə cəzaya məruz qalmışdır, 1344923 nəfər məhkum edilmiş, 681692 nəfər isə güllələnmişdir.
Azərbaycan da bu cəza prosesindən kənarda qalmamışdı. Həmin illərdə xalqımız faktiki olaraq millətin intellektual sərvətini təşkil edən parlaq simalardan, bütöv bir nəsildən məhrum edilmişdi. Bu, həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi.
Arxiv məlumatına görə, 1934-cü ildən 1939-cu ilə qədər 27458 nəfər əksinqilabi və  "antisovet " fəaliyyətinə görə cəzalandırılmışdır. Qeyd edək ki, ən çox cəzaya məruz qalanlar  "trotskiçi ",  "əksinqilabçı millətçi ",  "üsyançı " adı ilə həbs olunanlardır. Ümumiyyətlə, repressiya illərində respublika ərazisindən 100 minə yaxın Azərbaycan ziyalısı, sovet və partiya işçisi, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir. Ürəkağrıdıcı faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet sosialist respublikaları içərisində birinci yerdə durmuşdu. Sonrakı yerlərdə Özbəkistan, Ukrayna və RSFSR idi. MTN-nin arxiv sənədlərindən aydın olur ki,  "qırmızı terror " dövründə cəzaya məruz qalanların sayına görə 1937-1938-ci illər xüsusilə fərqlənmişdir.
Bakı Dövlət Universiteti də bu repressiyalardan kənarda qalmamışdı. Respublikanın qabaqcıl elm və təhsil müəssisəsindən 60-a qədər professor, elmi işçi və müəllim, 20-dək tələbə təqib, təzyiqə məruz qalmış, güllələnmişdi.
O ağrılı-acılı illərdə Bakı Dövlət Universitetinə rəhbərlik edən Tağı Abbas oğlu Şahbazi (1926-1929-cu illər), Maqsud Məmməd oğlu Məmmədov (1929-1930-cu illər), Məmmədkazım Ələkbər oğlu Ələkbərov (1934-1935-ci illər), Balabəy Cabbar oğlu Həsənbəyov (1935-1937-ci illər) həbs edilmişdilər.
Həmin dövrdə universitetin iki - Şərq və tarix fakültələrinin dekanları da repressiyaya məruz qalmışlar.
Elmi əsərlərinin dəyəri Azərbaycanın sərhədlərindən kənarda da kifayət qədər tanınıb qəbul edilən professorlar B.Çobanzadə və Ə.Qubaydullin kimi şəxslər BDU-nun Şərq fakültəsinə rəhbərlik etmişlər. Onlar ölkədə bütöv bir şərqşünaslar nəslinin yetişməsində əvəzsiz xidmət göstərmişlər.
1934-cü ildə BDU dörd illik fasilədən sonra yenidən təşkil olunub fəaliyyətə başlayanda tarix fakültəsinin dekanı vəzifəsinə görkəmli tarixçi alim, professor B.N.Tixomirov təyin olunmuşdu.
Təəssüf ki, Tixomirov da digər dəyərli alimlərimiz kimi, repressiyanın günahsız qurbanlarından birinə çevrilmişdi.
Qeyd edək ki, BDU-da ən çox repressiyaya məruz qalan tarix fakültəsi olmuşdur. Buranın dekanı professor B.N.Tixomirovla yanaşı, dekan müavinləri dosent Baba Əsgərov və dosent H.Biləndərli də günahsız yerə güllələnmişlər. Fakültənin əməkdaşlarından professorlar A.Bukşpan, Nikolayev və başqalarının da ömrü yarımçıq qırılmışdı.
1937-ci ildə BDU-nun rektoru, professor B.Həsənbəyov həbs edildikdən sonra onun başçılıq etdiyi Siyasi iqtisad kafedrasının qara günləri başlamışdı. Müəllimlərdən professorlar Çiçikalov, Safranoviç, dosent Əli Məmmədbəyov, İsrafil Axundov və başqaları cəza maşınının qurbanına çevrildilər.
BDU-nun kitabxanası da yaddan çıxmamışdı. 1937-ci il oktyabrın 7-də universitetin əsaslı kitabxanasının direktoru Ağamir Məmmədov  "Azərbaycan əksinqlabi millətçi təşkilatın üzvü olmuş, ÜİK(b)P və Sovet hökumətinə qarşı mübarizə metodlarından biri kimi fərdi terrorun tətbiq edilməsi mövqeyində dayanmış, habelə kapitalist dövlətlərinin nümayəndələri ilə əksinqilabi əlaqə saxlamış, onları Azərbaycan SSR-dəki vəziyyətlə bağlı xəbərlərlə məlumatlandırmışdır " kimi cəfəng iddialarla həbs edilib güllələnmişdir. BDU-nun elmi katibi, dosent Əli Məmmədbəyov, partiya təşkilatının katibi Əbdül Yusifov da talesiz şəkildə nəsibini alanlardan olmuşlar.
Repressiyaya təkcə təhsil ocağının müəllimləri deyil, tələbələri də məruz qalmışlar. Bu dövrdə 20 nəfərə yaxın tələbə əsassız yerə istintaqa cəlb edilərək qorxudulmuş, təqib edilmiş, sürgünə göndərilmiş və ya güllələnmişdi. Bu baxımdan tarix fakültəsinin tələbələri repressiya sarsıntılarını daha çox keçirmişlər.
Repressiyaya məruz qalan Azərbaycanın ən dəyərli ziyalılarından biri də Məmmədov Maqsud Məmməd oğlu olmuşdur. 1897-ci ildə İrəvan şəhərində kəndli ailəsində dünyaya göz açan M.Məmmədovu 1920-ci ildən rəhbər partiya işlərinə irəli çəkməyə başlamışlar. O, rektor təyin olunana qədər Azərbaycan SSR-in Ərzaq Nazirliyində, Naxçıvanda Fövqəladə Maliyyə Komissarlığında və s. yerlərdə işləmişdir. 1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunmuş və bir il bu vəzifədə çalışmışdır. M.Məmmədov 1930-1931-ci illərdə Azərbaycan SSR xalq maarif komissarı, 1931-1933-cü illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi kimi yüksək vəzifələrdə çalışmışdı. Lakin M.C.Bağırovun Azərbaycana rəhbər təyin olunması ilə bu görkəmli dövlət və elm xadiminin də təqibi başlamışdı. O, dialektik və tarixi materializmə, SSRİ-də milli məsələlərin həllinə və s. aid xeyli sayda marksizm-leninizm metodologiyası mövqeyindən məqalə yazmışdı. 1937-ci ildə M.Məmmədov günahsız yerə həbs edilib güllələndikdən sonra həmin məqalələr məhv edilmiş və itirilmişdir. O, yalnız 1957-ci ildə ölümündən sonra bəraət almışdır.
Repressiyaya məruz qalanlardan biri də həbsi zamanı Bakı Dövlət Universitetinin rektoru vəzifəsini daşıyan Balabəy Cabbar oğlu Həsənbəyov olmuşdur.
B.Həsənbəyov 1920-ci illərdə partiya, sovet orqanlarında çalışmışdır. Moskvada Qırmızı Professorlar İnstitutunu qurtardıqdan sonra respublikanın elmi həyatında yaxından iştirak etmişdir. İqtisadi nəzəriyyə (sovet hakimiyyəti illərində bu elm sahəsi siyasi iqtisad adlanırdı) sahəsində respublikanın görkəmli alimlərindən biri idi. B.Həsənbəyov rektor olmaqla yanaşı, BDU-nun Siyasi iqtisad kafedrasına da başçılıq etmişdir. O, təşkilatçı alim, yaxşı maarif işçisi kimi Azərbaycanın hüdudlarından kənarda da tanınan, qəbul edilən şəxslərdən olmuşdur. 1937-ci il yanvarın 7-də B.Həsənbəyov gözlənilmədən həbs edilmiş və güllələnmişdir.
1937-ci il yanvarın 28-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında (XDİK) Balabəy Cabbar oğlu Həsənbəyov haqqında tərtib olunmuş arayışda göstərilmişdir ki, guya alim müxtəlif məsələlər üzrə partiyanın yeritdiyi xəttə əksinqilabi trotskiçi böhtanlar atmışdır.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, görkəmli tarixçi, Qırmızı Professorlar İnstitutunun keçmiş məzunu, professor B.N.Tixomirov həbs edildikdən sonra ona işgəncə tətbiq etməklə B.Həsənbəyovun əleyhinə ifadələr almışlar. Bu ifadələrdən birində göstərilirdi ki, B.Həsənbəyov əksinqilabi trotskiçilərdən Tağıyev, Bədəlbəyli, Nikolayev, Safranoviç və digərlərini himayə etmiş, 1936-cı ildə Marksizm-Leninizm İnstitutunun işçilərinin və tələbələrinin partiya iclasında əksinqilabi trotskiçi kimi çıxış etmişdir. Bundan başqa, guya XDİK-ə məlum olmuşdur ki, rektor universitetdə millətçi əhvali-ruhiyyəli şəxslərdən - Ağamir Məmmədov, Heydər Verdiyev, Abdullayev və başqalarından ibarət bir dəstə düzəltmişdir. Beləliklə, bu cür saxta ittihamları əsas götürən Azərbaycan SSR XDİK-in Dövlət Təhlükəsizliyi İdarəsinin (DTİ) müstəntiqi, leytenant M.Şer tərtib etdiyi arayışda göstərirdi ki,  "B.C.Həsənbəyov həbs edilməli və Azərbaycan SSR CM-in 72,73-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunmalıdır ". Maraqlıdır ki, yüzlərlə günahsız adamın güllələnməsinə baiskar olmuş bu əliqanlı müstəntiq özü də sonralar  "humanist sovet " istintaqının qurbanı olmuşdur. Bolşevik müstəntiq professora böhtan dolu ittihamı asanlıqla qəbul etdirə bilmədiyindən istintaqın müddətini iki dəfə artırmışdır. O, bu qərarını belə əsaslandırmışdır:  "B.C.Həsənbəyov əksinqilabi trotskiçi təşkilatın üzvü olub ÜİK (b)P-yə və sovet hökumətinə qarşı mübarizə vasitəsi kimi hökumət əleyhinə silahlı üsyan hazırlanmasında iştirak etmiş, mədəni cəbhədə ziyankarlıq işi aparmış, terrorun tərəfində durmuşdur ". Bundan sonra, 1937-ci il aprelin 16-da B.Həsənbəyov partiya sıralarından çıxarılmışdır. O dövrdə bu, əslində, ölüm hökmü demək idi.
1937-ci il yanvarın 29-da birinci istintaq keçirilmişdir. Bu zaman siyasi iş üstündə həbs edilənlərin hamısından olduğu kimi, B.Həsənbəyovdan da ənənəvi sual soruşulmuşdu:
Sual:  "İstintaqa aydın olmuşdur ki, siz əksinqilabi millətçi təşkilatın üzvüsünüz. Bunu etiraf edirsinizmi? "
Cavab:  "Mən heç vaxt heç bir əksinqilabi millətçi təşkilatın üzvü olmamışam. Həmişə əksinqilabi millətçiliyə qarşı mübarizə aparmışam ".
Qeyd edək ki, B.Həsənbəyov rəsmi mənbələr deyərkən qəzetlərdə dərc olunan məlumatları nəzərdə tutmuşdu. O dövrdə mətbuatda tez-tez fəhlələrin, kənd və elm adamlarının, sağıcıların, çobanların, pambıqçıların xalq düşmənlərini pisləyən kollektiv və ya fərdi məktubları, müraciətləri dərc olunurdu.
Müstəntiq B.Həsənbəyovun cavabları ilə kifayətlənməmiş, ona yeni bir sual vermişdi.
Sual:  "Əksinqilabçı milətçilərdən kimləri tanıyırsınız? "
Cavab:  "Rəsmi mənbələrdən mənə məlum idi ki, milli təmayülçülüyə görə V.Xuluflu, Əyyub Xanbudaqov, Həbib Cəbiyev, Möhsüm Qədirli, S.Əfəndiyev, B.Talıblı həbs olunmuşlar ".
Bu cavab müstəntiqi qane etmədiyindən ondan istintaqdan gizlənən, azadlıqda qalan adamlardan kimləri tanıdığını soruşmuşdu. B.Həsənbəyov isə öz növbəsində,  "Mən gizlənən əksinqilabi millətçilərdən heç kəsi tanımıram... heç bir qeyri-leqal əksinqilabi iş aparmamışam və bunu mənə on milyonlarla adam desə də, inanın ki, yalandır ", - deyə cavab vermişdi.
Açıqdan-açığa görünürdü ki, birinci istintaqdan 12 gün sonra, 1937-ci il fevralın 10-11-də ikinci istintaqı keçirən müstəntiq B.Həsənbəyova təzyiqi daha da artırmışdı. Belə ki, o, keçmiş rektoru inadkarlıq edərək istintaqı aldatmaqda, səmimi olmamaqda, müqavimət göstərməkdə ittiham edib soruşmuşdu:  "...Siz düz danışmırsınız və istintaqı aldatmağa cəhd edirsiniz. İstintaqa müqavimət göstərməyin və istintaqı məcbur etməyin ki, sizi digər ifşa olunan müttəhimlərin ifadələri ilə ifşa etsin. Məsləhət görürəm ki, hərəkət tərzini dəyişib səmimi olasınız, həqiqəti söyləyəsiniz ".
Cavab:  "...Mən istintaqı aldatmıram və bildiklərimin hamısını söyləyirəm ". Sonra müstəntiq  "SSRİ-də elm cəbhəsinin vəziyyətilə bağlı əksinqilabi trotskiçi görüşlər barədə sizə kim demişdir? " deyə soruşmuşdu. İstintaq materiallarından aydın göründüyü kimi, B.Həsənbəyov təmkinini pozmadan bu suala da:  "Xatırlamıram. Belə ki, bu cür görüşlər haqqında mənə heç kim bir söz deməyib " - cavabını vermişdi.
1937-ci il aprelin 5-də növbəti istintaq zamanı müstəntiq ona axtarış zamanı evindən əksinqilabçı Trotskinin əsərlərindən götürülmüş sitatlar tapıldığını söyləyib onun kim tərəfindən yazıldığını, hansı məqsədlə evində saxladığını soruşmuşdu. O isə cavabında demişdi:  "Özüm yazmışam... Bunlar mənə 1931-ci ildə yazdığım  "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi " adlı elmi işim üçün lazım olmuşdur ". Təbii ki, işin belə gedişi müstəntiqi qane etməmişdi. Ona görə o, bu dəfə sovet rejimində çox istifadə edilən bir vasitəyə əl atıb söyləmişdi:  "Cavabınız bizi qane etmir... Bizə məlumdur ki, siz 1936-cı ilin əvvəllərində Marksizm-Leninizm İnstitutunda keçirilən partiya yığıncağında xalqımızın rəhbəri Leninə və Stalinə qarşı əksinqilabi çıxışlar etmisiniz. Bunu boynunuza alırsınızmı? "

Boran ƏZİZ,
Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti, tarix elmləri namizədi

“Azərbaycan” qəzeti, 01 oktyabr 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!