Poliklinikadan reportaj

Həkimə vaxtında müraciət edin

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən 30 saylı şəhər poliklinikası universitet müəllimlərinə və onların ailə üzvlərinə, həmçinin tələbələrə xidmət edir. Bu sağlamlıq ocağında 29 həkim və 23 tibb bacısı çalışır. 2010-cu ildə poliklinikanın xidmətlərindən 36241 nəfər yararlanıb: onlardan 30496 nəfəri profilaktik yoxlama məqsədilə, 5745 nəfəri isə xəstəliklə bağlı müraciət edib. 2010-cu ildə poliklinikanın laboratoriyasından 7406 nəfər istifadə edib. Universitetin “Gənc istedadlar” liseyində və Üzgüçülük kompleksində isə tibb məntəqələri fəaliyyət göstərir. Poliklinikanın xidmətlərindən yararlanan əməkdaşlar və tələbələr bu şəfa ocağından məmnunluqla ayrılırlar. Odur ki, oxucularımızı BDU nəzdində fəaliyyət göstərən poliklinikanın işi ilə yaxından tanış etmək məqsədilə adıçəkilən ünvanda olduq. Poliklinikanın təmizliyi, sanitari və gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsi, bütün personalın iş başında olması diqqətimizdən yayınmadı.
Baş həkim Eldar Rəfiyevdən öyrəndik ki, poliklinikada oftalmoloq, ginekoloq, cərrah, stomatoloq, nevropatoloq, revmatoloq, kardioloq, otolarinqoloq, o cümlədən laboratoriya, USM, EKQ kabinetləri fəaliyyət göstərir. Elə Eldar müəllimin müşayiəti ilə bütün kabinetlərə baş çəkdik, xəstələri qəbul edən həkimlərlə söhbətləşdik…

Xəstələrindən heç vaxt şikayət eşitməyən Aqilə Zeynalova

poliklinikanın USM kabinetində işləyir. Koreya istehsalı olan aparat vasitəsilə insanın bütün daxili orqanlarını müayinə edir: qarın boşluğu və kiçik çanaq orqanlarının, qalxanvari və süd vəzilərinin, həmçinin əl və ayaqların dopleroqramması edilir. İşindən və poliklinikaya yaradılmış şəraitdən məmnun olduğunu deyən həkim müraciət edən hər kəsi razı salmağa çalışır. Bu səbəbdəndir ki, indiyədək ondan şikayət edən olmayıb. Baş həkimin isə sözlərindən məlum olur ki, o da Aqilə xanımın işindən və xəstələrə münasibətindən məmnundur. Və bu kabinet poliklinikanın ən işlək otaqlarındandır. Həkimin müayinə etdiyi xəstə də Aqilə xanımdan ürəkdolusu danışır. Deyir ki, ildə 2 dəfə USM aparatının və Aqilə xanımın xidmətlərindən yararlanır. Beləliklə, həkimlə sağollaşıb

Revmatoloq Sevinc Höcətovaya üz tuturuq

Sevinc xanım iş başında olduğundan xəstədən həkimi barədə soruşuruq. Artıq ikinci dəfədir ki, Sevinc xanıma müraciət etdiyini deyən pasiyent həm ondan, həm də poliklinikanı müasir avadanlıqlarla təmin edərək tələbələrin ixtiyarına verən universitetin rektoru,
akademik Abel Məhərrəmovdan ağızdolusu danışır. Həkim hər gün 10 nəfərdən artıq xəstə qəbul etdiyini deyir. Məlum olur ki, onun pasiyentləri arasında revmatizmə və ürək-damar xəstəliklərinə mübtəla olanlara tez-tez rast gəlmək olur. Üçkanallı elektrokardioqraf və mdison müayinələrini həyata keçirən xanım Höcətova da işindən, əsasən də tələbələrə xidmət göstərməkdən çox məmnundur.

«Cavanlarla işləmək daha rahatdır»

Bu sözlər isə tibb ocağının stomatoloqu Nihat Qurbanova aiddir. Ən gəlimli-gedimli kabinetlərdən olan stomatoloji kabinetin həkimləri: bu tibb ocağında 4 və 10 il iş təcrübələri olan Nihat Qurbanov və Gülər Hüseynova karieslərin, pulpitlərin, periodontitlərin, diş əti xəstəliklərinin: parodontoz və qinqivitlərin müalicəsi ilə məşğuldurlar. Bundan başqa, həkimlər dişləri ağardır, onların rentgen müayinəsini aparır və daşlarını təmizləyirlər. Bütün bu işlərdə həkimlərə kabinetdə 5 ildən çoxdur çalışan tibb bacısı Aynur Həsənova kömək edir. Stomatoloqlar Avropada istehsal edilmiş müasir avadanlıqda işləyirlər. Gülər Hüseynovadan soruşuruq ki, həkim yoldaşı kimi, cavanlarla işləməyə üstünlük verir, ya yox. Cavabı belə olur ki, onun üçün yaş fərqi yoxdur, əsas odur ki, müraciət edən şəxsin «kapriz»i olmasın. Bununla belə Nihat Qurbanov dişlərin və ağız boşluğunun profilaktikasını ildə ən azı 2-3 dəfə aparmağı məsləhət görür. İş başında olan həkimlərdən və xəstədən vaxtlarını aldığımıza görə üzrxahlıq edib keçirik cərrah otağına.

Tələbələr travmanı idmanda alırlar

Kabinetdə cərrah Ülviyyə Zeynalovadan başqa kimisə görmürük. Bir az söhbət edəndən sonra başa düşürük ki, bu il qar yağmadığından, yer sürüşkən olmadığından xəsarət alan insanlar da olmayıb. Odur ki, bu qış cərraha ötən illərlə müqayisədə müraciət edənlərin sayı az olub. Bilənlər bilir, bilməyənlər isə bundan sonra biləcəklər ki, poliklinikanın cərrahı xırda travmalar alan insanlara kömək edir, yaranı təmizləyir, tikiş qoyur və s. Həkimin sözlərinə görə, ona müraciət edənlər daha çox bədən tərbiyəsi dərsində travma alan tələbələrdir. Azərbaycanlı tələbələrdən fərqli olaraq, türkiyəli tələbələr travmaları daha çox futbol oyunu zamanı alırlar.

30 dəfə böyüdən kalposkop isə ginekologiya kabinetinə məxsusdur. Ginekoloq Sara İsmayılova, tibb bacısı Roza Hüseynova da Avropa istehsalı olan avadanlıqlarla işləyirlər. Onları məmnun edən aparatlardan biri də 30 dəfə böyüdən kalposkopdur. Bununla qadın xəstəliklərinin müəyyənləşdirilməsinə yardımçı olurlar. Onu da qeyd edək ki, poliklinikanın nəinki ginekoloqları, bütün həkimlər yalnız diaqnoz ilə kifayətlənmir, müvafiq müalicə də təyin edirlər.

Eynək üçün daha çox riyaziyyatçılar müraciət edirlər

Öncə qeyd edək ki, göz kabinetində refreksiyanın dəqiq müayinəsini keçirir, gözün bütün qişalarını və görmə faizini təyin edir, gözdibi müayinəni, gözdaxili təzyiqin ölçülməsini həyata keçirir, lazımi eynək təyin edirlər. Eyni zamanda gözlərin iti və yaxud zəif görməsini də müəyyən edən həkim Rəna Mehdiyeva artıq 8 ildir ki, bu tibb ocağında çalışır. Tibb bacısı isə Nigar Qurbanovadır. Pasiyentlərin daha çox hansı xəstəlikdən əziyyət çəkdiyini soruşduqda məlum oldu ki, ən çox qlaukoma, miapiya, konyuktivit, hipermetropiya ilə bağlı müraciət edirlər. Ən maraqlısı odur ki, göz kabinetinin xəstələri arasında çoxluq təşkil edənlər, daha doğrusu, eynək üçün müraciət edənlər universitetin 2 fakültəsinin: mexanika riyaziyyat, tətbiqi riyaziyyat və kibernetikanın tələbələridir.

Ürək-damar xəstələri çoxdur

Siz universitetin dəhlizlərində, kafedra və auditoriyalarda ilkin yardım üçün bütün preparatlar olan əli çantalı həkimlər görsəniz, bilin ki, onlar poliklinikanın terapevtləri Tamilla Əliyeva və Leyla Əsədullayevadır. Bu xanım həkimlər universitet əməkdaşlarının, tələbələrin köməyinə çatır, onlara ilk tibbi yardım göstərirlər. Məlumat üçün bildirək ki, tibb müəssisəsinin 7 terapevtindən biri «Gənc istedadlar» liseyində, 2 nəfəri isə Üzgüçülük kompleksində fəaliyyət göstərir. Həkimlərin sözlərindən belə başa düşdük ki, onlar tez-tez çağırışlara gedir, yerindəcə xəstəyə yardım göstərirlər. Əməkdaşlar arasında ən çox ürək-damar, tələbələr arasında isə epilepsiya xəstəliklərindən əziyyət çəkənlərə rast gəlirlər.
O ki qaldı poliklinikanın laboratoriyasına,
burada kliniki müayinələr aparır, xəstələrin hormonlarını, onların infeksiyalara yoluxma səbəblərini yoxlayır, koaquloqram hazırlayır, qanın biokimyəvi analizini təyin edirlər. Poliklinikada 20 ildən çox iş təcrübəsi olan həkim Lalə Hacıyeva laboratoriyada qaraciyərin, qanın, sidiyin, B və C hepatit virusuna yoluxma testinin analizini apardıqlarını deyir və bildirir ki, qanı eyni zamanda 18 göstərici üzrə yoxlayırlar. Tibb bacısı İlahə Musayeva isə laboratoriyaya daha çox yaşlı insanların şəkərə görə müraciət etdiyini həkimin sözlərinə əlavə edir.
Sanitari və gigiyena qaydalarına
olduqca mükəmməl şəkildə əməl edilən poliklinikanın bu sahəsinə baş tibb bacısı Mahirə Ağayeva cavabdehdir. O, eyni zamanda dərmanların alınmasına, paylanmasına məsuliyyət daşıyır və ümumən işindən, tibb ocağına yaradılmış şəraitdən razılıq edir.

Poliklinikada müalicə və profilaktik işlərə

şöbə müdiri və Həkim Məsləhət Komissiyasının sədri Vüqarə İbrahimova nəzarət edir. Vüqarə xanım konsultasiyaya ehtiyacı olan xəstələrin tam müayinələrini araşdırmaqla müalicənin düzgün aparılmasına istiqamət verir. Həmçinin həkimlər arasında bilik səviyyəsini yüksəltmək məqsədilə seminar məşğələlər keçirir.
Bundan başqa, o, öz üzərində çalışaraq Avropa ölkələrindən: Almaniya, İtaliya və İsveçrədən gəlmiş mütəxəssislərin keçirdiyi kurslarda iştirak edərək 4 sertifikat almışdır. Eyni zamanda Vüqarə xanım müasir tibbi müayinələr və müalicə üsulları ilə həkim-terapevtləri tanış edir və müalicələrdə təbii preparatlardan istifadə edilməsini tövsiyə edir.
Və nəhayət,Eldar Rəfiyev poliklinika yaranandan baş həkim işləyir. İxtisasca qastroenteroloq olan Eldar müəllim tibb ocağının bütün şöbələrindən, həkimlərdən razılıq edir. O, baş həkim işlədiyi müddətdə hələ ki, tələbə və əməkdaşların həkimlərdən narazılığına rast gəlməyib. Bəzi hallarda isə xəstəliyi olmadığı halda müraciət edənlər onlara yalançı arayışların verilməməsinə etiraz olaraq şikayət edirlər. Eldar müəllim ali məktəblər arasında bütün tibb avadanlıqları ilə təchiz edilmiş, gözəl şəraiti olan ikinci belə bir poliklinika olmadığını deyir və yaradılmış şəraitə görə universitetin rektoru, akademik Abel Məhərrəmova öz adından və bütün kollektiv adından minnətdarlıq edir.
Vaxt ayırıb bizi müşayiət etdiyinə görə Eldar müəllimə təşəkkür edib sağollaşırıq. Birdən diqqətimizi fəxri diplomlar olan sütun cəlb edir. Məlum olur ki, fransız dilini bilən və üç il Əlcəzairdə işləyən Eldar müəllim indiyə qədər bir neçə mükafata, fəxri fərmana layiq görülüb. Belə ki, baş həkim akademik Zərifə Əliyeva adına Respublika «İTİ» Qələm Ədəbi Birliyi tərəfindən «İlin ən yaxşı terapevt həkimi» adına layiq görülüb, NME «Avropa» tərəfindən müvafiq fərmanla təltif edilib. Eldar müəllimin xidmətləri həmçinin universitetin 90 illik yubileyi günlərində də nəzərə alınıb və fəxri fərmana layiq görülüb.
Belə, əziz oxucu, əməkdaş və tələbələr. Əgər sizlərə ilkin yardım və digər xəstəliklərlə bağlı müalicə lazım olarsa, poliklinikamıza müraciət edin. Əmin olun ki, orada sizlərin hər birinizi savadlı və ən əsası, gülərüzlü həkim personalı gözləyir.

 

Lətif Şamxal,
Mətbuat və İnformasiya şöbəsinin əməkdaşı
Foto:
Salam MUXTAROV

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!