Mətbuat katibi: “Bəzən mənə reket jurnalistlər də müraciət edir” - Pərvanə İbrahimovanın tərcümeyi-halımın yazılmasında BDU rektoru əsas rol oynayıb

Pərvanə İbrahimovanın tərcümeyi-halımın yazılmasında BDU rektoru əsas rol oynayıb

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın Modern.az saytına müsahibəsi.

– Pərvanə xanım, öncə jurnalistikaya gəlişiniz barədə danışaq…

– Jurnalistikada olanların əksəriyyəti deyirlər ki, bu peşə onların uşaqlıq arzusudur. Məndə isə əksinə olub. Jurnalist olmaq barədə heç düşünməmişəm də. Sənəd qəbulu vaxtı ali təhsil almağımda, ümumiyyətlə həyatımda böyük rol oynayan qardaşım sıralanmada fəlsəfəni birinci yazmağımı israr etdi. Onunla razılaşmadım. Birinci sırada beynəlxalq münasibətlər, sonra beynəlxalq hüquq, beynəlxalq jurnalistika, hüquq, fəlsəfə və başqa ixtisasları yazdım. 1994-cü ildə 500-ə yaxın balla beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq jurnalistika ixtisasına, yəni sıralanmada 3-cü yazdığım ixtisasa qəbul olundum. Tələbə yoldaşlarım arasında jurnalistikaya təsadüfi düşənlər azdı. Məndə isə qətiyyən belə hisslər yox idi. Hətta sonradan istədim ki, başqa sahəyə meyllənim.

– Mətbuat xidmətinin rəhbəri olmamışdan öncə, hansı mətbu orqanlarda çalışmısınız?

– Universitetin bakalavr pilləsində oxuyarkən qrup yoldaşım və bu sahədə təcrübəsi bizdən çox olan Gülgün Quliyevanın dəstəyilə müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq etməyə başladım. Amma nədənsə özümü jurnalistikaya bağlayıb, kökləyə, bu sahədə görə bilmirdim. Magistratura pilləsində təhsil alanda qrup yoldaşım Zaur dedi ki, “Elçi” qəzeti ilə əməkdaşlıq edirəm, istəyirsənsə, gedək, həmin qəzetdə işə başla. Redaksiyaya ayaq basdığım ilk gündən oranın ab-havası, insanların səmimi münasibəti məni özünə çəkdi. Bir növ yolumda yaşıl işıq yandırdılar. Oradakı şərait və münasibət məndə jurnalistikaya həvəs yaratdı, bu peşəyə bağladı. Oradan ilk dəfə 50 manat dəyərində qonorar almışdım.

– Necə oldu ki, BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri oldunuz?

– 2000-ci ildə magistraturanı bitirdikdən sonra Bakı Dövlət Universitetində yeni yaranmış Mətbuat və informasiya şöbəsində işə başladım. Valideynlərim Bakıda qalıb jurnalistika ilə məşğul olmağımın qəti əleyhinə idilər. Mən də ailənin tələbləri qarşısında bir növ çarəsiz qalmışdım və geri dönməyi düşünürdüm. Belə bir düşüncələr içərisində ikən, gözləmədiyim halda universitetdə qalası oldum. Bir dəfə redaktorumuz tərəfindən BDU-nun rektoru Abel Məhərrəmovla müsahibəyə göndərildim. Həmin vaxt universitetin mətbuat və informasiya şöbəsinə jurnalist Aynur Bəşirli rəhbərlik edirdi. Aynur xanım universitetin 80 illik yubileyinə hazırlaşdığını və mümkün olarsa, yubileylə bağlı material hazırlamağımı məsləhət bildi. Mən də “Universitet 80 ilik yubileyinə hazırlaşır” başlığı altında yazı hazırladım və o çap olundu. Amma müsahibə qüvvəsində qalırdı. Bir gün Aynur xanım mənə zəng vurdu ki, mətbuat konfransı təşkil etmişik, siz də gəlin. Konfrans vaxtı Abel müəllim yazımı bəyəndiyini dedi. Bəlkə də həmin yazımın Abel müəllimə təsiri, üstəlik, həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmağım universitetdə qalmağıma kömək elədi. 2000-ci ilin avqust ayının 31-dən Mətbuat və informasiya şöbəsində işə başladım. Mənim Tərcümeyi-halımın yazılmasında hörmətli rektorumuz əsas rol oynadı. İşə jurnalist Qafar Çaxmaqlı ilə başladım. Sonradan hazırda “Bakı Universiteti” qəzetinin baş redaktoru olan Anzulə Əmirova da bizə qoşuldu. Uzun müddət 3 nəfərlə işləmişik. Qafar müəllimdən sonra şöbəyə Şərif Cəlilli rəhbərlik etdi. 2010-cu ilin mart ayından bu vəzifəyə təyin olundum. Anzulə Əmirova isə “Bakı Universiteti” qəzetinə keçdi. Köhnə işçilər olsaq da, fəaliyyətə yeni ab-hava ilə başladıq, mətbuatla əlaqələrimizi daha da genişləndirməyə çalışdıq. Mənim üçün ən əsası mətbuatla operativ iş prinsipinə, dinamikliyə üstünlük verməkdir. Bu gün buna nə qədər nail olmuşuq, bilmirəm, amma çalışıram ki, operativliyimizi əldən verməyək.

– Mətbuat xidmətinin rəhbəri olmaq çətindir, yoxsa jurnalist?

– Jurnalist kimi işləmək daha çətindir. Jurnalistika həqiqətən zəhmət tələb edən peşədir. Yəni, sənin çörəyin hərflərdən, hərflərin birləşdiyi sözlərdən çıxır. Bir də informasiya almağın çətinliklərindən keçməlisən.

Yəqin ki, siz də jurnalist işləyərkən məlumat almağın çətinliklərini yaşamısınız?

– Təbii ki. Bir dəfə böyük bir tədbirə qatılmışdıq. Jurnalistlərə açıqlama vermək istəməyən, bəzən də kobudluq edən insanların münasibəti mənə çox pis təsir etmişdi. Jurnalistika utancaqlığı sevmir. Utancaq jurnalistin ciddi uğur qazanacağını düşünə bilmirəm. Jurnalist arxasınca getdiyi informasiyanı mütləq almalı, redaksiyaya ötürməlidir. Etiraf edək ki, bu da çox vaxt asan başa gəlmir. Mətbuat xidmətinin rəhbərinin işi isə ancaq özündə olan informasiyanı verməkdir. Hesab edirəm ki, mətbuat xidmətinin rəhbəri olmaq daha asandır, nəinki jurnalist olmaq. Mən bu şöbəyə jurnalistikadan gəldiyimə, jurnalist işlədiyimə görə, çalışıram ki, müraciət edən həmkarlarımın sualları cavabsız qalmasın. Düşünürəm ki, mənim verəcəyim informasiya ilə o, evinə bir günlük çörək apara bilər.

İşlədiyiniz bu illər ərzində olubmu ki, jurnalistlərlə konfliktlər yaşayasınız?

– Konfliktə gedən adam deyiləm. Amma sual yerində qoyulmayanda təəssüflənməyə bilmirsən. Bəzən zəng vurub deyirlər ki, Qafar müəllimi olar? Cavab verməyə çətinlik çəkirəm. Axı, bu necə jurnalistdir ki, Qafar müəllimin 2007-ci ildən bu şöbəyə rəhbərlik etmədiyini bilmir. Bəzən görürsən ki, Mətbuat Şurasının “qara siyahı”ya saldığı reket jurnalistlər müraciət edirlər. Onların amacı bizə məlumdur. Bir sözlə, işlədiyim müddətdə elə böyük konfliktlər yaşamamışam, amma xırda problemlər olub. Bunun da günahı qarşı tərəfdən olub, yəni onlar məlumata başqa don geyindirməyə çalışıblar, mən ona imkan verməmişəm.

Mətbuatla əlaqə işinə xüsusi diqqət ayırırsınız. Bu, rəhbərlikdən, yoxsa jurnalist olmağınızdan irəli gəlir?

– Özünüz də etiraf edərsiniz ki, bizim rektorumuz mətbuata açıq bir insandır. Özü də bizdən mətbuata açıq olmağı, suallara vaxtı-vaxtında cavab verməyi, jurnalistləri incitməməyi tələb edir. Bilirsiniz, mətbuat xidməti təmsil etdiyi müəssisə ilə mətbuat arasında bir vasitəçi və həmin müəssisənin ictimaiyyətlə uğurlu münasibətlərinin qurucusudur. Bütün bunların uğurlu alınması isə həmin qurumun rəhbərindən asılıdır. Zənnimcə, biz ictimaiyyətlə, jurnalistlərlə uğurlu münasibət qurmuşuq. Amma bu, bizi arxayınlaşdırmır. Daha məhsuldar və səmərəli fəaliyyətə sövq edir. Mətbuat və informasiya şöbəsinin Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytı, həmin saytın universitet-KİV münasibətlərinin nəticəsi olaraq son 13 ilin materialları ilə arxivləşdirilməsi, beynəlxalq aləmə çıxışı bu işgüzarlığın uğurlu nəticəsidir.

– Şöbənizdə iş bölgüsü necə aparılıb?

– Bizim şöbədə 5 nəfər fəaliyyət göstərir. Fatimə Dursunova, Nigar Balcanova, Məryəm Mehdiyeva və Lətif Mustafayev. Hər biri çox qabiliyyətli, məsuliyyətli, peşələrinin vurğunlarıdır, eyni zamanda, hamısının xarici dil imkanları var. Bütün bunlar əlaqələrimiz qurulmasında, beynəlxalq xəbər agentlikləri ilə işbirliyində köməyimizə gəlir. Şöbə olaraq işimizə sevgimiz, potensialımız, operativliyimiz işimizi daha işlək vəziyyətdə qurmağa imkan verir. Bilirsiniz, 4-cü hakimiyyət olan jurnalistikadan və onların təmsilçilərindən boş-boşuna tərif, xoş söz eşitmək mümkün deyil. Əgər bu gün jurnalistlər haqqımızda xoş sözlər deyirlərsə, bizə «İlin mətbuat xidməti» adı verirlərsə, demək nəyəsə nail olmuşuq.

– İşinizidə hansı çətinliklər var?

– Jurnalistlərin işi mətbuat xidmətlərinin işindən çətin olduğu qədər, bizim işimizin də öz çətinlikləri var. İndi informasiyanın vaxtı saniyələrlə ölçülür. Belə bir informasiya bolluğunda özünü təsdiq etməlisən. İnformasiyanı daha tez ötürmək baxımından müəyyən çətinliklər olur, bu da gün ərzində tədbirlərin çoxluğu ilə əlaqədardır. Tərcümə işi də vaxt aparır. Görürsən ki, bəzən 10 dəqiqəyə göndərməli olduğumuz məlumatı 20 dəqiqəyə edirik. Təbii ki, bu da yaxşı hal deyil. Ümumiyyətlə, biz şöbə olaraq işimizə kifayət qədər bağlı olduğumuzdan, uğur qazanırıq. Çətinliklər olur, amma işə olan sevgi o çətinlikləri dəf edir.

– Mətbuat xidmətinin rəhbəri olaraq, jurnalistlərin və mətbuat xidmətlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?

– Dövlət mətbuat xidmətlərinin bəziləri var ki, fəaliyyəti yaxşıdır. Qeyd etdiyim kimi, o mətbuat xidməti mətbuatla yaxşı işləyir ki, həmin müəssisənin rəhbərinin özünün mətbuata münasibəti yaxşıdır. Ali məktəblərin mətbuat xidmətlərinin bir-ikisini çıxmaq şərti ilə, yerdə qalanları mətbuatla uğurlu münasibət qura bilmirlər. Mətbuatla uğurlu münasibət qurmaq müəssisənin özünə xeyirdir. İşi mətbuatsız təsəvvür etmək mümkün deyil.

– Siz həm də jurnalistika fakültəsində dərs deyirsiniz. Fakültənin tələbələrinin bilik səviyyələrini və peşə hazırlığını necə qiymətləndirirsiniz?

– Universitetin Jurnalistika fakültəsini bitirən tələbələrin bilik səviyyəsi, peşə hazırlığı məni qane edir. Onlar jurnalistikada özlərini təsdiq edirlər. Təəssüf ki, jurnalistikada olanların az qisminin jurnalist təhsili var. İnanmıram ki, jurnalist təhsili alanlar başqa cür olsunlar, çünki 4 il ərzində bu fakültənin tələbələrinə ancaq jurnalistikasının incəlikləri başa salınır. Jurnalistikaya təsadüfən gəlmiş insanlarla dil tapmaq çətindir. Onlar heç bilmirlər ki, jurnalistikanın janrları nədir.

– Bildiyimizə görə siyasi elmlər üzrə fəlsəfə doktorluğunu müdafiə etmisiniz. Mövzunuz nə idi?

– Uzun illər idi ki, “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)” mövzusu üzərində tədqiqat aparırdım. Ötən il müdafiə etdim. 17 ilin qəzetlərini vərəqlədim. Qəzet mənim üçün çox əzizdir. İnanın ki, heç vaxt qəzetləri cırmaram, onu atmaram, ən yaxın dostum kimi qoruyaram. Axı həyatımın 18 ili qəzetlərlə bağlıdır…

– İş, ailə bütün bunları bir arada necə çatdırırsınız?

– Həyat yoldaşım jurnalist olmasa da, bu işin çətinliklərini mənim kimi bilməsə də, xoşbəxtliyim ondadır ki, problem yaradan insan deyil. Peşə və olan sevgimə hörmətlə yanaşır. 2 oğlum var. Böyük oğlum Atatürk liseyində oxuyur, balaca da bu il birinci sinfə gedəcək. Uşaqlara kömək edən var. Amma mən işdən evə gedəndən sonra ikinci və ən çətin iş həyatım başlayır. İşdə nə qədər enerji xərcləyirəmsə, ev işlərinə, uşaqların dərslərinə bundan iki dəfə artıq enerji sərf edirəm. Bütün valideynlər kimi mənim də həyatımın mənası uşaqlarımdır. Çalışıram ki, həm iş, həm də ev işlərinin öhdəsindən gəlim. Biz ailədə 8 uşağıq. Evin kiçiyi mənəm. Bacımın, qardaşımın uşaqlarının gündəlik həyatları, təhsilləri, iş qayğıları ilə maraqlanıram. Bunu etməsəm, elə bil məndə nə isə çatmır.

Nihadə Eyyubova,
Modern.az, 02 iyul 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!