Müdriklik yaşı...

(Aslan Aslanovun 60 illik yubileyi üzərinə)

Hər şeydən öncə qeyd edim ki, heç bir titulunu sadalamadan, sözün həqiqi mənasında, gözəl insan, xeyirxah rəhbər, görkəmli ziyalı kimi nüfuz qazanmış Aslan Aslanov haqqında qələmə aldığım bu yazı bir neçə günlük və ya bir neçə saatlıq düşüncəmin məhsulu deyil. Aslan müəllimi xalqımızın yetişdirmiş olduğu jurnalistlər nəslinin görkəmli nümayəndəsi kimi hələ tələbə olduğum illərdən tanıyıram. O zamanlar adını televiziya ekranlarından, mətbuat səhifələrindən tez-tez eşitdiyim Aslan Aslanovu həmişə yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda, əqidəliliyi, prinsipiallığı, əməksevərliyi və əzmkarlığı ilə sayılıb-seçilən bir insan kimi təsəvvür etmişəm. Sonralar tale elə gətirib ki, jurnalist fəaliyyətimlə əlaqədar Aslan müəllimi daha yaxından tanımış və ondakı yüksək insani dəyərlərin canlı şahidi olmuşam. Xəyali təsəvvürlərim reallıqla üst-üstə düşdüyündən, bu, mənim üçün olduqca sevindirici və qürurverici olub.

Özümü həmişə şansı gətirən insanlardan hesab etmişəm. Çünki hər zaman yaxşı müdir, yaxşı rəhbərlə işləmiş, dedi-qodudan, söz-söhətdən uzaq kollektivdə çalışmış, üstəlik yaxşı insanlarla təmasda olmuşam. Eynən Aslan müəllim kimi…

Aslan müəllim Azərbaycan xalqının zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş və 60 illik ömrünü şərəflə yaşamış ziyalılarımızdandır. O, görkəmli ictimai xadim kimi də Azərbaycan cəmiyyətinin və ölkə icimaiyyətinin böyük etimadını qazanıb. Yüksək təşkilatçılıq, idarəçilik keyfiyyətləri və xeyir-duası sayəsində yüzlərlə insan bu gün cəmiyyətimizdə öz layiqli yerini tutub. Aslan müəllim 1997-ci ildə AzərTAc-ın baş direktorunun birinci müavini, 2002-ci ilin oktyabrında isə baş direktoru təyin olunub. O, 1993-cü ildən 2002-ci ilədək ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfərlərinin bir çoxunda AzərTAc-ın xüsusi müxbiri kimi iştirak edib. Belə mənalı, maraqlı ömür yaşamaq hər insanın taleyinə, qismətinə yazılmır. Aslan müəllimin ömür yolu mən deyərdim ki, indiki və gələcək nəsillər üçün əsl örnəkdir.

O, hər şeydən öncə gözəl bir vətəndaşdır. Məhz bu amil onun həm də görkəmli bir ziyalı, ictimai xadim kimi tanınmasına imkan verib. Bütün fəaliyyəti boyu əxlaqi baxımdan yüksəkdə dayanan dəyərlərə tapınıb və bu dəyərləri qorumaq istəyi həmişə ədalətli cəmiyyət arasında olmağından irəli gəlib. Aslan müəllimin vətəndaşlıq mövqeyindən danışarkən, onu da xatırlatmaq yerinə düşər ki, o, həm də dövlətçilik ənənələrinin qorunmasında fəal rol oynayan müasirlərimizdəndir.

Azərbaycan mətbuatının problemlərinə həsr olunmuş onlarla məqalənin, reportajların, "Heydər Əliyev və AzərTAc", "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol" kitablarının müəllifi və bir çox əsərlərin redaktorudur. Hər zaman obyektivlik prinsipinə əsaslanan Aslan müəllim yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə ölkə rəhbərliyin və kollektivin diqqət mərkəzində dayanaraq hörmət və rəğbətini qazanıb. Əməksevərlik, insanpərvərlik və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlərə malik olan Aslan müəllim rəhbərlik etdiyi AzərTAc əməkdaşlarına hər zaman qayğı ilə yanaşır, onların problemləri ilə yaxından maraqlanır. 2000-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına, 2005-ci ildə "Tərəqqi” medalına, 2010-cu ildə "Vətənə xidmətə görə" ordeninə layiq görülməsi, Həsən bəy Zərdabi adına və "Qızıl qələm" mükafatlarına də məhz bu xidmətlərin bariz nümunəsidir.

Avqustun 18-də Aslan müəllimin 60 yaşı tamam olur. 60 müdiriklik yaşıdır. Ancaq mən deyərdim ki, müdriklik Aslan müəllimin yaşında deyil, xarakterindədir, mənəviyyatındadır və mənə elə gəlir ki, xaraktercə, mənəviyyatca müdrik olan insanların haqqında ömrünün istənilən yaş mərhələsində qürurla, alnı açıq, üzü ağ danışmaq olar. Ömrünün 60-cı baharını yaşayan Aslan Aslanov nə az, nə çox 9 ildir ki, AzərTAc-ın baş direktorudur. Təkcə bu müddətdə deyil, bütün ömrü boyu deyərdim ki, o, şəxsiyyəti təsdiq edən sınaqlardan uğurla və bacarıqla çıxıb. Mən kiminsə ondan narazı qaldığını heç ağlıma belə gətirə bilmirəm. İstər kollektivinin, istərsə də cəmiyyətimizin müxtəlif təbəqələrindən olan insanların onun haqqında həmişə yüksək fikirdə olduğunun dəfələrlə şahidi olmuşam. Aslan müəllimin həyat kredosunda qeyd etdiyimiz kimi, ilk növbədə, onun təmənnasız keyfiyyətləri dayanır. O, harada olur-olsun, vətənimizi təmsil və təbliğ edir. Belə olmasaydı, uzun müddət çalışdığı sahədə bu qədər hörmət və nüfuz sahibi olmazdı. Təsadüfi demirlər ki, vətənpərvərlik ən dərin hörmətə layiq gözəl bir keyfiyyətdir. Vətənpərvərlik özünə hörmətdən, özünü sevməkdən başlayır, daha sonra milləti sevirsən, xalqı sevirsən və nəhayət dünyanı sevə biləcək vətəndaşlıq haqqı qazanırsan.

2010-cu ilin mart ayı idi. Aslan müəllim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbələrinə AzərTAc haqqında mühazirə ouxmaq üçün dəvət edilmişdi. 90 dəqiqəlik mühazirədən hazırladığım reportajı belə başlamışdım.

…12 mart 2010-cu il… Jurnalistika fakültəsinin 307 saylı auditoriyası ağzına kimi dolu idi. Daxilən çılğın olan fakültə tələbələri bu dəfə çox sakit idilər. Mülayim səsi, xoş aurası ilə tələbələrə mühazirə oxuyan Aslan müəllimə elə diqqətlə qulaq asırdılar ki… Bəli tələbələr, bu auditoriya tarixi bir günə, heç vaxt unutmayacaqları anlara şahidlik edir, ustaddan dərs almağın sevincini yaşayırdılar…

Bəli, bu sevinc sonradan AzərTAc-da bağlı seminar-məşğələnin əsas mövzusu olacaq, yaddaşlarda şirin xatirələrə dönəcək və Aslan müəllim haqqında mənim kimi düşünən insanların sayını artıracaqdı…

Yubileyiniz mübarək, ustad!

Pərvanə İbrahimova,
BDU Mətbuat vəı İnformasiya şöbəsinin müdiri,

"525-ci qəzet", 17 avqust 2011-ci il.
"Şərq" qəzeti, 19 avqust.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!