Müasir qloballaşma şəraitində multikulturalizm və insan hüquqlarının müdafiəsi

03 Aprel 2016

Müasir dünyada getdikcə dərinləşən sivilizasiyalararası toqquşmalar və ziddiyyətlər hər bir xalqın milli mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün aktual məsələlərindən birinə çevirib. İlk baxışda təbii və mütərəqqi görünən bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərə kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qorumaq instinkti və yaxud bəhanəsi altında son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük halları artır.

Müxtəlif istiqamətlərdə dövlətlərin yaxınlaşmasını şərtləndirən qloballaşma prosesi və onunla əlaqədar meyarlar insan hüquqlarına birbaşa olaraq təsir göstərir. İnsan hüquqlarının qloballaşması daha ümumi qanunauyğunluğu ayrı-ayrı şəxslərin, qrupların və ictimaiyyətin qarşılıqlı fəaliyyətinin insanların hüquq və əsas azadlıqları əsasında həyata keçirildiyi vahid hüquqi məkanın yaradılmasına gətirib çıxaran ümumdünya qloballaşmasını əks etdirir. Dünya proseslərinin qloballaşması insan hüquqlarına yeni yanaşmalar müəyyən edir, lakin onların ümumi başlanğıc prinsiplərini dəyişdirilməməlidir.
Müasir dövrdə yaranmış vəziyyət etnik-milli dözümlülüyün, habelə tolerantlıq və multikulturalizm kimi dəyərlərin bəşəriyyət üçün önəmini daha da artırır. Xüsusən də multikulturalizm bu gün fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amillərdən biri kimi çıxış edir. Multikulturalizm elmi ədəbiyyatlarda “çoxmədəniyyətlilik”, yəni bir çox fərqli mədəniyyətləri özündə ehtiva edən cəmiyyət kimi təsnif edilir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Multikultural cəmiyyət olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqunu qurmaq qeyri-mümkündür. Multikulturalizmdən imtina etmək, əslində, anlaşılmazlığa, ksenofobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə rəvac verən bir yoldur.
Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, İslam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Bundan əlavə, tolerantlıq, dini, milli-irqi dözümlülük milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Məhz bunun nəticəsidir ki, yüzilliklər boyunca və hazırda da Azərbaycanda xalqlar vahid və mehriban bir ailə kimi yaşamış, etnik və dini icmalar arasında dözümlülük əlaqələri formalaşmış, milli, irqi, dini ayrı-seçkiliyə yol verilməmiş, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində fəaliyyət göstərmişlər. Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumundakı dərin məzmunlu nitqində demişdir: “Biz sivilizasiyalararası dialoqdan söhbət açırıq. Amma eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.
1948-ci il 10 dekabr tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamədə xüsusi qeyd olunur ki, “insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”. Bu zaman digər beynəlxalq sənədlər kimi, 1981-ci il tarixli “Dözümsüzlüyün və din və ya əqidəyə əsaslanan ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Bəyannaməsi və UNESCO çərçivəsində 1995-ci ildə qəbul olunmuş “Dözümlülüyün prinsipləri haqqında Bəyannamə” də xüsusi yer tutur.
Ümumiyyətlə, son illər sivilizasiyalararası dialoq mövzusu ilə bağlı beynəlxalq məkanda aparılan fəal diskussiyalar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslar, simpoziumlar XXI əsrdə sivilizasiyalararası dialoq ideyasının nə qədər mühüm aktuallıq kəsb etməsindən xəbər verir. Şübhəsiz, bunun əks halı sivilizasiyalar arasında savaşdır ki, bu da dünyamızın sonu demək olardı. Ona görə də bu məsələ BMT, UNESCO və digər beynəlxalq təşkilatlar, habelə bir çox dövlət başçıları tərəfindən dəfələrlə gündəmə gətirilmiş, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti vurğulanmış, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün belə bir dialoqun qaçılmaz olduğu göstərilmişdir. Bu gün bəşəriyyət qarşısında həlli vacib ən mühüm məsələ Şərq və Qərb, digər hallarda İslam və xristian sivilizasiyaları arasında dialoq mühiti yaratmaq, onlara aid mütərəqqi dəyərlərin qarşılıqlı mübadiləsini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının bu sahədəki təcrübəsi bütün dünyaya nümunədir.
Son 20 ildə ölkəmizdə ilk növbədə vicdan azadlığının təmini istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti, bununla bağlı yaradılmış hüquqi təminatlar Azərbaycanın həm də multikultural məkan kimi tanınmasını təmin etmişdir. Konstitusiyamız özünün demokratik mahiyyəti ilə cəmiyyət həyatının bütün sahələrində multikulturalizm düşüncəsini təsbit və təşviq edir. Çünki ictimai münasibətlər sisteminin sivil şəkildə tənzimlənməsi ilk növbədə insanların əks mədəniyyətlərə dözümlülük səviyyəsindən asılıdır. Bu da təsadüfi deyildir ki, son illər bir sıra iqtisadi, siyasi, humanitar və beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üstünlük verilir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirmişdir. Respublikamız son illərdə Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos Forumuna, III Qlobal Bakı Forumuna, habelə ilk Avropa Oyunlarına və digər beynəlxalq tədbirlərə uğurla evsahibliyi etmişdir. Şübhəsiz, beynəlxalq forumlar, konfranslar vasitəsilə sivil dialoqların qurulması, ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrilir.
2012-ci ildə “Evrovizion-2012” kimi qlobal musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan ötən ilin iyun ayında daha bir mötəbər idman tədbirinə - “Baku 2015” ilk Avropa Oyunlarına uğurla yekun vurmuşdur. Azərbaycan həmin günlərdə ümumən Avropanın favoritinə çevrilməyi bacarmışdır. Beynəlxalq ictimaiyyət qibtə və heyranlıq ovqatında Bakı şəhərinin sülh və sabitlik paytaxtı olduğunun, respublikamızın qısa zamanda ciddi uğurlara imza atdığının əyani şahidinə çevrilmişdir. Azərbaycan xalqının yüksək qonaqpərvərliyə, qədim mədəniyyətə, ecazkar musiqiyə, zəngin incəsənətə malik polietnik məkan olduğu, bu multikultural məkanda ən müxtəlif xalqların dinc yanaşı yaşadıqları bir daha təsdiqini tapmışdır. “Baku 2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində cənab Prezidentin “Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir” fikri də bunun əyani sübutudur.
Qeyd edilən bu siyasət ona görə uğurludur ki, onun əsası Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, 1998-ci ilin dekabrında Bakı şəhərində keçirilmiş “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun açılış mərasimində söylədiyi nitqində də ulu öndər din azadlığının müdafiəsi kontekstində dözümlülüyün təmin edilməsinin vacibliyinə toxunmuşdur: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Azərbaycanda İslam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən əlavə, münaqişə, müharibə yolverilməzdir. Hər halda XX əsrin sonunda və XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır”.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Respublikasında dinlərarası əməkdaşlığın mövcudluğu respublika rəhbərliyinin siyasi uzaqgörənliyi ilə bağlıdır. Yalnız son beş ildə respublikamızda dinlərarası dialoqa, millətlərin tolerant mühitdə yaşamasına xidmət edən forumlarda dünyanın 100-dən artıq dövlətinin ictimai, siyasi xadimləri, Nobel mükafatı laureatları iştirak etmişlər. Bu da təsadüfi deyildir ki, ölkə rəhbərinin 15 may 2014-cü il tarixli sərəncamı ilə dünyada yaradılmış ilk multikultural qurum Beynəlxalq Bakı Multikultural Mərkəzidir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək mərkəzin əsas məqsədi müəyyən edilmişdir.
Azərbaycanda din azadlığının təmini ilə bağlı məsələlər beynəlxalq məruzəçilər tərəfindən də yüksək qiymətləndirilmişdir.
Ölkəmizdə din azadlığının hüquqi tənzimlənməsi sahəsində kifayət qədər qanunvericilik bazası mövcuddur: “Dini etiqad azadlığı haqqında” 20 avqust 1992-ci il tarixli qanun, “Dini ekstremizmə qarşı mübarizə haqqında” 4 dekabr 2015-ci il qanunu, ölkə Prezidentinin “Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 5 avqust 2015-ci il tarixli sərəncamı və s. Azərbaycan insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, MDB, UNESCO, İslam Konfransı Təşkilatı və s.) üzvüdür. Bu gün də dövlətimiz insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir və onlara müvafiq dövri hesabatlar təqdim edir. Beynəlxalq mexanizmlər tərəfindən irəli sürülən tövsiyələr isə daim Azərbaycan Respublikası tərəfindən dövlətdaxili qanunvericiliyin daha da təkmilləşdirilməsində istifadə edilir.
Dövlət başçısının müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması da bu ideoloji konseptin xalqımız və dövlətimiz üçün necə vacib əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Əlbəttə, multikulturalizm bəlkə də cəmiyyətdə yeni termin kimi qarşılana bilər, əslində isə onun fəlsəfi-ideoloji mahiyyətində Azərbaycan xalqının əsrlər boyu əxz etdiyi sivil dəyərlər dayanır. Başqa xalqlara, mədəniyyətlərə hörmət, əslində, xalqımızın ümummilli lideri Heydər Əliyevin milli ideologiya kimi vahid sistem halına gətirdiyi azərbaycançılığın ana xəttini təşkil edir. Bəli, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan çoxdan bu proseslərin fəal iştirakçısıdır. Bu məsələyə münasibətini ulu öndər zamanında belə ifadə etmişdir: “Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim İpək yolunun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır”. Siyasi və iqtisadi müstəvidə bu tendensiyanı dünyada ilk dəfə nəzərə alan və Böyük İpək yolunun bərpası ideyasını irəli sürən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 8-9 sentyabr 1998-ci ildə 32 dövlət rəhbərinin iştirakı ilə Bakıda keçirilmiş beynəlxalq konfransda bir sıra planetar miqyaslı strateji layihələrə start verilmişdir.
Ulu öndər Heydər Əliyev ölkədə multikulturalizmi inkişaf etdirmək üçün mövcud dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına da xüsusi qayğı göstərmişdir. Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi İslam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. 1999-cu ildə katolik icması dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaradılmışdır. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina ayrılaraq kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa olunmuşdur. Kilsənin başçısı II İoann Pavel 2002-ci ilin may ayında Bakıda səfərdə olmuş, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşərək ölkədəki mövcud tolerantlığı belə qiymətləndirmişdir: “Azərbaycanda dinlər arasındakı tolerantliq münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”.
Azərbaycanda mədəni müxtəlifliyin inkişafına xidmət edən bu strateji kurs hazırda ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Hələ andiçmə mərasimində “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyevin müxtəlif xalqların mədəniyyətlərinin qorunması və inkişaf etdirilməsi ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı hesab edir ki, müasir dünyada qloballaşma prosesinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir.
Ölkəmizdə mədəni müxtəlifliyin, sivilizasiyalararası dialoq mühitinin qurulmasında Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunmalıdır. Fond son 12 ildə mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən, Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələri ilə bütün dünyada tanınmışdır. Parisdə Versal Sarayının parkında yerləşən abidələrin bərpası, Strasburqda Müqəddəs Məryəm Kafedral kilsəsinin yenidən qurulmasına olan yardım, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbinin yenidən inşası, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə kömək, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına yardım, Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkili - Avroviziya musiqi yarışmasında Azərbaycanın iştirakına dəstək və s. buna parlaq nümunədir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verir. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Mehriban xanım Əliyevanın bu fikri də diqqətəlayiqdir: “Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar”.
Xüsusi vurğulamaq lazımdır ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin mühüm səbəblərindən biri də ölkəmizdə insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətlərlə şərtlənir. Bir daha təsdiqləndi ki, Azərbaycan qətiyyən geridə qalmış müsəlman və ya Şərq ölkəsi deyil. Azərbaycanlılar müasir, qonaqpərvər, gülərüz olmaqla yanaşı, çox tolerantdırlar. Burada müxtəlif dini konfessiyaların, ayrı-ayrı xalqların nümayəndələri dostluq və mehribanlıq, qarşılıqlı anlaşma şəraitində uzun illərdir ki, yaşayır. Bir sözlə, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılmışdır ki, bu da insan hüquqlarının dövlətimizdə təminatının mühüm şərtidir. Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsinə müvafiq olaraq, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Bundan əlavə, burada heç kəsin milli mənsubiyyətini dəyişdirməyə məcbur edilməməsi barədə imperativ norma da təsbit edilmişdir. Konstitusiyanın 21-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Azərbaycan Respublikası milli azlıqların hüquqlarının müdafiəsinin təminatı üçün mövcud müvafiq konvensiyalara (məsələn, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası, Regional dillər və ya azlıqların dilləri haqqında 1992-ci il Avropa Xartiyası və s.) qoşulmuş və mühüm dövlətdaxili tədbirlər həyata keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq 28 dekabr 2006-cı il tarixli və 7 dekabr 2011-ci il tarixli sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planında və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi ilə əlaqədar mühüm müddəalar vardır.
Ümumilikdə müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyildir. Şübhəsiz, “Multikulturalizm ili” çərçivəsində həyata keçiriləcək tədbirlər ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.

Əmir ƏLİYEV,
Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru

"Azərbaycan Qəzeti"

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=93767

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!