Hicran Hüseynova: “Universitet ikinci evimdir”

Bütün zamanlarda cəmiyyəti düşündürən bir sual olub: Atalar və Oğullar. Tarixin bütün dönəmlərində yetirdiyi qüdrətli şəxsiyyətlər, sənət, söz-adamları ilə öyünən Azərbaycanda istedadlı insanları – Ustadları yaşadan mənəvi varisləri olub. Çox nadir hallarda Şəcərə dəftəri ilə millətinə baş ucalığı gətirən o böyük insanların sırasına bu ictimai xadim kimi tanınan, tarix elmləri doktoru Kamran Hüseynovu da aid etmək olar. Çünki onun istedadlı övladları bu gün də bizimlədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran xanım Hüseynova ilə “Xələflər və sələflər” rubrikasında görüşməyimizin də səbəbi dediklərimizlə bağlıdır.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi çox məhsuldar çalışırsınız. Qadınların hüquqlarının qorunması, gender məsələsi, vaxtaşırı tədbirlər, üstəlik BDU-da kafedra müdiri kimi fəaliyyət. Bütün bunlara necə vaxt ayıra bilirsiniz?

- İlk növbədə, vaxtdan səmərəli istifadə etməyə, zamanı düzgün bölməyə çalışıram. Görəcəyim işləri əvvəlcədən planlaşdırır, hər bir məsələyə zəruri olduğu qədər vaxt ayırıram. Yalnız bunun nəticəsində bütün işləri vaxtında çatdırmaq mümkün olur. Bir sıra hallarda istirahətdən imtina etməli oluram. Lakin gördüyüm işdən aldığım zövq mənim üçün ən böyük istirahətdir.

- Qadın təşkilatının sədri kimi dövlət səviyyəsində qadınlara yaradılan şəraiti qənaətbəxş hesab edirsinizmi?

- Biz komitə olaraq cəmiyyətdə qadınların fəallığını yüksəltmək naminə bir çox işlər görürük. Qadınların qərar qəbul etmədə iştirak səviyyəsinin artırılması bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Vaxtilə ümummilli liderimiz Heydər Əliyev qadınların ölkə həyatında iştirakının genişləndirilməsinə yönələn fərmanlar imzalamışdı. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, ilk növbədə, bu məqsədə xidmət edirdi. Bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənabları ulu öndərimiz tərəfindən əsası qoyulmuş dövlət-qadın siyasətini ardıcıl surətdə davam etdirir. Bu məsələ sadəcə qadınların rəhbər vəzifələrdə təmsil olunması kimi qoyulmamalıdır. Komitə olaraq vəzifəmiz yüksək peşəkarlıq səviyyəsinə malik qadınların hakimiyyətdə təmsil olunmasına nail olmaqdan ibarətdir. Qadınların hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş böyük iş aparırıq. Hakimiyyətdə, dövlət qulluğunda təmsil olunan hər bir qadın böyük məsuliyyət daşıyır. Buna görə də bu sahədə təmsil olunan hər bir qadın dövlət işinin məsuliyyətini dərk etməlidir. Hazırda dünyada qadınların hakimiyyətdə təmsilçiliyinin dönmədən artması prosesi gedir. Bu proses Azərbaycanda da özünü göstərir. Yadda saxlamaq lazımdır ki, işdə özünü doğruldan hər bir qadın digər xanımlar üçün layiqli örnəkdir. Bu baxımdan, Heydər Əliyevin Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün Azərbaycan qadınları üçün etalondur.

- Yeri gəlmişkən, Komitənin Heydər Əliyev Fondu ilə əməkdaşlığı barədə danışardınız.

- Komitə öz fəaliyyətində bütün aidiyyatı dövlət strukturları, habelə qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. İlk növbədə Prezidentin İcra Aparatı, Nazirlər Kabineti qaldırdığımız bütün məsələlərə operativ şəkildə reaksiya verir, problemlərin həllinə yönəlmiş addımlarımızı fəal surətdə dəstəkləyir. Heydər Əliyev Fondu ilə işbirliyimizi xüsusi vurğulamaq istərdim. Fondun prezidenti çox hörmətli Mehriban xanım Əliyeva ailə, qadın və uşaq məsələlərinə böyük qayğı ilə yanaşır. Bu ilin əvvəllərində Komitəmiz Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə «XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə» birgə layihə imzalamışdır. Əminəm ki, bu layihənin həyata keçirilməsi məişət zorakılığı probleminin aradan qaldırılması sahəsində irəliyə doğru dönüş yaratmağa imkan verəcək.

- Siz universitetimizin sayılıb-seçilən professorlarındansınız. Bu səviyyəyə çatmaq üçün atanız, tanınmış dövlət xadimi Kamran Hüseynovun rolu olub, yoxsa özünüzün bacarıq istedadınız

- Əlbəttə, biz insan kimi formalaşmağımda valideynlərim – həm atam, həm də anam böyük rol oynayıb. Atamdan, ilk növbədə, vətənə sədaqət, doğma torpağa məhəbbət, işinə məsuliyyətli münasibət, insanlara həssas davranış kimi keyfiyyətləri əxz etmişəm. Onun həyat təcrübəsi indi də gündəlik fəaliyyətimdə köməyimə çatır. Hər bir ehtiyacı olan insana imkan daxilində kömək göstərməyi borc bilirəm. Kamran müəllimin həyat fəlsəfəsinin məğzini belə ifadə etmək olardı: yaxşılıq etməyə tələsin. Bu, həmişə ailəmizin devizi olub. Kimin hansı vəzifəni tutmasından asılı olmayaraq, biz övladları bu devizə sadiq qalmağa çalışırıq. Atam hərtərəfli şəxsiyyət idi. O, dövlət xadimi olaraq, çoxlu mütaliə edir, dünyada baş verən prosesləri yaxından izləyirdi. Həmişə yenilik axtarışında idi. İnsanlarla ünsiyyət saxlamağı, əhalinin bütün təbəqələrinin nümayəndələri ilə dil tapmağı bacarırdı. Hələ Moskvada yaşadığımız illərdə, həm namizədlik, həm də doktorluq dissertasiyasını müdafiə etmiş, tarix elmləri doktoru dərəcəsinə qədər yüksəlmişdi. Kamran müəllim uzun müddət Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik etdiyindən dünya üzrə bu sahə ilə maraqlanırdı. Hətta Asiya və Afrika ölkələrinin həmkarları, eyni zamanda, Azərbaycan həmkarlarından bəhs edən xeyli kitabların müəllifidir. Hərdən düşünür və heyrət edirəm ki, dövlət fəaliyyəti ilə yanaşı, elmə bu qədər aludə olmaq, yazıb-pozmaq xüsusi istedad tələb edir. Atam daha rahat şəkildə bu işlərlə məşğul olmaq üçün biz uşaqları bağa göndərər, özü isə evdə tək qalaraq elmi işlərlə məşğul olardı. Anam isə həm atam, həm də bizə vaxt ayırmaq üçün hər bir əziyyətə qatlaşardı. Elmə marağım, yazı-pozu işinə aludəçiliyim hesab edirəm ki, atamdan keçib.

- Uşaqlıqdan kim olmaq istəmisiniz?

- Jurnalist olmaq istəmişəm. Hətta atam kiçik yaşlarımdan mənə mikrofon və balaca maqnitofon almışdı. Onları yanımda gəzdirər, hamıdan müsahibə alar, sonra məqalə halında çap etdirərdim. Bu bir tərəfdən bizə nümunə, digər tərəfdən vaxtımızı daha səmərəli keçirmək üçün yaradılan əlverişli şərait idi. Atamın üzərimizdə çox böyük haqqı var. O, mənə və bütün ailə üzvlərimizə pedaqoji baxımdan yaxşı tərbiyə verməklə yanaşı, bədii ədəbiyyata da böyük maraq oyadıb.

- Bəlkə atanıza olan sevginizdən uşaqlıq arzunuzu onun ixtisasına qurban verdiniz?

- Ailə üzvlərimə sənədlərimi filologiya fakültəsinə verəcəyimi desəm də, qəbul prosesində fikrimi dəyişdim. Həmin vaxt filologiya ilə tarix fakültəsinin qəbul komissiyaları yanaşı idi. Ani olaraq düşündüm ki, bu qədər uşaqdan biri niyə atamın yolunu davam etdirməsin. Bu səbəbdən filologiya istəyindən uzaqlaşıb, sənədlərimi tarix fakültəsinə verdim. Tarix ixtisasını seçməyimi bilən atam güldü və dedi ki, səni tarixçi kimi görmək istəsəm də, seçiminə müdaxilə etmək istəmirdim. Ailəmizdə ata-övlad münasibəti yox, dost söhbəti var idi. Onun ən üstün cəhətlərində biri də biz uşaqları ən müxtəlif söhbətlər əsasında diskussiyalara çəkmək idi. Hər dəfə ortaya maraqlı bir mövzu atar, fikirlərimizi öyrənər, dediklərimizə təmkinlə qulaq asar, heç vaxt irad tutmadan söhbəti elə sonluqla bitirərdi ki, onun fikirlərində çox böyük həqiqət olduğunu görərdik. Bunlar tərbiyə baxımından çox maraqlı idi. Özü də dövlət işində işləyən bir adamın vaxt tapıb ailəsinə, uşaqlarına bu qədər ciddi yanaşması və formalaşmalarına təsir edən mövqelər tapması çox təqdirəlayiqdir. Hansı ailədə ki, vaxtilə uşaqlara biganə münasibət göstərilib, sonradan onun çox böyük mənfi fəsadları olub. Son dövrlər Azərbaycan ailələrində dəhşətli problemlərin şahidi oluruq. Söhbət maddi təminatdan yox, insanların bir-birinə olan münasibət problemindən gedir ki, bu da vaxtında düzgün qoyulmamış tərbiyədən irəli gəlir.

- Sizin haqqınızda belə bir fikrə rastlamışam ki, Hicran xanım həddən-ziyadə mütaliəyə meyllidir. İş çoxluğu Sizi bu gözəl vərdişinizdən ayrı salmır ki?

- Həqiqətən mütaliə hər bir insanın inkişafı və formalaşması üçün böyük əhəmiyyətə malikdir. Hələ uşaqlıq illərimdən kitabla dostluq edirəm. Kitab oxumaq ən çox sevdiyim peşədir. Vaxt məhdudluğuna görə, bədii ədəbiyyat oxumaq çətin olsa da, rəhbərlik etdiyim Komitənin işi ilə bağlı dünya təcrübəsinə yiyələnmək, bu sahənin rəsmi sənədlərindən əlavə, son ədəbiyyatlarla tanış olmaq ən ümdə işdir. İnanın, işim nə qədər çox olsa belə, son dövrlərdə yazılan ədəbiyyatla maraqlanıram. Hansı konfransa və ya ezamiyyətə gedirəmsə, yanımda mütləq çoxlu kitablar olmalıdır. Bunun kökü ailədən gələn tərbiyə ilə bağlıdır. Qardaş və bacılarım da kitablara çox meyllidirlər. Bağda, maşında, var olduğum hər yerdə mütləq kitab olmalıdır. Kitab oxumağı ən böyük istirahət hesab edirəm.

- Siz ciddi görkəmə, tələbkar idarəçiliyə malik insan təsiri bağışlayırsınız. Əslində, Hicran xanım özü-özünü necə xarakterizə edərdi…

- Tələbkar olduğum üçün insanlarda ciddiliyə üstünlük verirəm. İşdə, ailədə, insanlarla ünsiyyətdə ciddi münasibət uğurlarım təməlidir. Səmimiyyəti və sadəliyi yüksək qiymətləndirirəm. Elə insanlar var ki, onlarla söhbət edəndə, hansısa problemi dərində öyrənmək və ona professional tərzdə yanaşmalarını yox, boşuna vətənpərvərlik nümayiş etdirmələrinin şahidi olursan.

- Görünür, özünüzü işinizə çox həsr etmisiniz. Qadın və dövləti fəaliyyət çətin deyil ki?

- Belə də olmalıdır. Hansı vəzifənin başında dayanmağından asılı olmayaraq, tapşırılan işin məsuliyyətini hiss etməlisən. İş başındasansa qadın və kişi olmaq fərq etməz. Bizim çoxlu potensiallı qadınlarımız var. Onlarda özlərinə inamı aşılamaq və potensiallarından istifadə etmək lazımdır.

- Siz ictimai, elmi və dövləti fəaliyyətinizdə yetərincə uğurlara imza atmısınız. Ümumiyyətlə, Hicran xanımı xoşbəxt qadın hesab etmək olarmı?

- Xoşbəxtliyin formulunu indiyədək heç kim kəşf etməyib. Məncə başqa insanlara faydalı ola bilmək əsl xoşbəxtliyin ilkin şərtidir. Bu mənada, öz işimlə insanlara kömək göstərə bilirəmsə, özümü xoşbəxt hesab edirəm.

- Qəzetimizin daha çox tələbə dünyasını əhatə etməsini nəzərə alıb, tələbəlik illərinizdən, gənclik xatirələrinizdən danışardınız...

- Tələbəlik illərim çox maraqlı olub. Əlaçı oxumaqla yanaşı, ictimai işlərdə fəal olmuşam. Xarici tələbələr üçün yaradılan klubun rəhbərliyi mənə həvalə olunmuşdu. Müxtəlif tədbirlər, tematik axşamlar düzənləyir, universitetlərarası elmi-tələbə klubunda aktiv iştirak edirdim. 30 illik dərs təcrübəm var. Bu müddətin tələbələrini müqayisə etmək istəmirəm. Hər dövrün öz tələbləri var. Elə tələbə tanıyıram ki, gecələr işləyir, ailəsinə kömək edir, gündüzlər isə dərsə gəlir və hamıdan da yaxşı oxuyur. Bəzi imkanlı ailənin uşaqlarıyla təmasda olanda, oxumağa meylli olmadıqları üzə çıxır. Tələbə yoldaşlarım ilə ünsiyyətim qalır, zəngləşib problemləri ilə maraqlanıram.

- Hicran xanım, deyəsən universitet fəaliyyətiniz orta məktəbdəki işinizin davamı olub...

- Elədir. Universiteti bitirəndə qrup yoldaşlarımdan heç biri orta məktəbə getmədilər. Bəzisi akademiyanı, bir qismi isə müxtəlif institutları seçdilər. Orta məktəbdən başlamağı atam məsləhət gördü. 189 saylı məktəbdə dərs demişəm. 21 yaşım var idi. Sinif rəhbəri olmuşam. İndi həmin uşaqların arasında tanınmış dövlət adamları, vəzifəli insanlar var. İnanın, 25-30 nəfərlik sinif uşaqları hələ də bir-biriləri, o cümlədən mənimlə əlaqə saxlayırlar. Bu əlaqə onlara birlik, mehribanlıq duyğusu aşıladığım üçün davam etməkdədir. O vaxt subay idim və boş vaxtım çox olurdu. Uşaqları Qubaya, Şamaxıya, Azərbaycanın müxtəlif rayonlarına, hətta Tallinə gəzintiyə aparmışam. Həmişə deyirəm ki, dövlət işinin bir mənfi cəhəti var: dostlarla ünsiyyətdə məhdudluq qoyur.

- Bəlkə bir az da ailənizdən, övladlarınızdan danışasınız...

- Çox gözəl ailəyə sahibəm. Həyat yoldaşım beynəlxalq səviyyədə tanınan hüquqşünasdır. 23 və 19 yaşlı iki qızım var. Biri Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsinin magistr pilləsini bitirəcək, o birisi isə beynəlxalq hüquq fakültəsinin tələbəsidir. Hər iki əlaçıdır. Valideyn olaraq onlara qarşı çox tələbkarıq. Gələcəyin çox təcrübəli insanları olmasın istəyirik. Qızlarımın biri ingilis, fransız o birisi isə fransız, ispan dillərini mükəmməl bilir. Hətta günün bir hissəsini dərsdə, qalan hissəsini isə işdə olurlar. Bəlkə də onların işləməyə ehtiyacları yoxdur. Öz seçimləri olduğuna görə hörmətlə yanaşmalıyıq.

- Qızlarınızla aranızda sədd var, yoxsa rəfiqə münasibətindəsiniz…

- Qızlarımla dost münasibətindəyik. Problemlərini bizimlə paylaşırlar. Valideynindən söz saxlamağın gələcəkdə çox pis effekti ola bilər. Hər bir valideyn övladının sirrindən xəbərdar olmağa borcludur. Ailəmizin ən böyük üstünlüyü istirahət vaxtı bir yerdə olmağımızdır. Atamın evində qayda-qanun belə idi ki, hər gün axşam saat 7-də masanın ətrafına yığışar, söhbət edər, problemlərimizdən bəhs edərdik. Əfsuslar olsun ki, dinamik dövrümüzdə bu ənənəni təşkil etmək çətindir. Bəzən deyirlər ki, ailədə övladın tərbiyəsi ilə təkcə ana məşğul olmalıdır. Bu belə deyil. Atanın da təsiri böyükdür. Qadın o vaxt əsl qadın kimi böyüyür ki, atası ona böyük sevgi bəsləyir.

- Hicran xanım sözlərinizdən belə nəticəyə gəlmək olarmı ki, Kamran müəllim övladlarının içərisində Sizi daha çox fərqləndirib...

- Niyə ki? Hamımızın üstündə çox böyük haqqı olub. 5 övladının hamısı onunla dost idi. Bütün övladlarına gözəl təhsil verdi. Rəhmətlik qardaşım şərqşünas olmaqla yanaşı, sovet dövründə diplomatiya sahəsində xeyli uğurlara sahib idi. O biri qardaşım və bacımın biri həkim, kiçik bacım isə kulturoloqdur. Kulturologiya çox mücərrəd fəndir. Özü isə onun içərisindən maraqlı istiqamətlər seçib. Rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının xətti ilə əsasən orta məktəb uşaqları arasında müxtəlif yazılı işlər təşkil edir ki, uşaqlar hər bir mərhələdə gələcəklərini necə görmələri barədə yazırlar. Bu günlərdə onlardan ən yaxşı 5 şagirdi Meksikada keçirilən beynəlxalq yarışmaya qatılıb qalib oldular. Bu çox gözəl işdir. Azərbaycanın bayrağının ölkəmizi tanımayan bir dövlətdə qaldırılması təqdir edilməlidir. Lakin onu da qeyd edim ki, valideynlərimin mənə qarşı çox böyük etimadı olub. Böyük bacım atama deyirdi ki, necə olur mənə müəyyən yerlərə getmək üçün sədd qoyulur, amma özümdən 8 yaş kiçik bacıma bütün qapılar açıqdır. Görünür, ortada böyük inam varmış.

- Ev işləri, biş-düş, əyləncə Hicran xanıma yad deyil ki?

- Azərbaycan qadının çox gözəl bir xüsusiyyəti var. O, qapıdan içəri daxil olanda vəzifə adamı olduğunu unudur və evinin xanımı olur. Mən də eləyəm. Evin doxsan beş faiz işlərinə özüm nəzarət edirəm. Düzdür, yemək bişirməyə vaxtım olmur, amma bazar günü qızlarım xahiş edirlər ki, yeməyi özüm bişirim.

- Hansı yeməkləri sevirlər?

- Azərbaycanın milli yeməklərini, aş və dolmanı xüsusilə. Görünür, yemək bişirmək qabiliyyəti mənə anamdan keçib. Moskvada yaşadığımız illərdə elə yeməklər bişirərdi ki, qoxusuna bütün qonşular yığışardı. Lazım gələndə çox gözəl süfrə də açıram, qonaq da qəbul edirəm. Azərbaycan qadının üstünlüyü həm də evinə, ailəsinə çox bağlı olmasıdır. Köməkçilərim olsa da, işlərini təşkil etmək və nəzarətdə saxlamaq mənim öhdəmdədir.

- Sonda Bakı Dövlət Universiteti haqqında fikirlərinizi bilmək maraqlı olardı…

- Hansı vəzifədə, hansı işdə çalışmağımdan asılı olmayaraq, ən böyük bağlantım Bakı Dövlət Universitetidir. Bu möhtəşəm təhsil müəssisəsi mənim üçün ocaq, ikinci evimdir. Allah-təala imkan versə, ömrüm boyu universitetə bağlı olaraq qalacağam. Müəllimliyi, auditoriyanı çox sevirəm. Deyirlər, müəllim niyə qocalmır. Ona görə ki, o, həmişə gənclərin əhatəsində olur, ünsiyyətdən qida alır. Bakı Dövlət Universitetində çox böyük, sürətli dəyişikliklər olub. Hörmətli rektorumuz, akademik Abel Məhərrəmov vəzifəsinin icrasına başlayan ilk gündən elementar məsələlərə çox böyük həssaslıqla yanaşırdı. Bu da onu göstərir ki, Abel müəllim çox diqqətcil, məsuliyyətli və tələbkar insandır. Eyni zamanda, taleyi bütünlüklə bu doğma məkana bağlıdır. Abel müəllimin gəlişi ilə universitet çox qazandı. İstər təmir, istər elmi potensialın genişlənməsi, tədrisin vəziyyəti və s. Həmişə demişəm ki, universitet dövlət içərisində dövlətdir. Elə ölkələr var ki, onları universitetlərinə görə tanıyırlar. Arzu edirəm ki, BDU ölkə daxilində flaqmanlığını qoruduğu kimi,beynəlxalq aləmdə də öz sözünü deyə bilsin. Belə də olacaq, çünki buna doğru gedirik…


Pərvanə İbrahimova,

«Bakı Universiteti» qəzeti, 30 aprel 2008-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!