Heydər Əliyevin universiteti

Azərbaycanın böyük ali təhsil potensialına malik olması məhz Bakı Dövlət Universitetinin fəaliyyəti nəticəsində mümkün olub”.  Heydər Əliyev

“Azərbaycanın böyük ali təhsil potensialına malik olması məhz Bakı Avropanın və Asiyanın qovşağında yaradılmış, yaradıldığı dövrün tələblərindən daha üstün imkanlara malik olan Azərbaycan Dövlət Universiteti (hazırkı BDU) Azərbaycanın müasir tələblərə uyğun ilk ali təhsil ocağı kimi tarixə düşdü. Respublikamızın həyatında 84 illik şərəfli və əvəzedilməz rol oynayan məktəb bu gun dünyanın nüfuzlu ali təhsil mərkəzlərindən, elm ocaqlarından sayılır. Bunda ulu öndər Heydər Əliyevin böyük xidmətləri var. 1919-cu ildə əsası qoyulan universitet ilk tədris ilini tarix-filologiya, tibb fakültələri ilə başlamışdı. Universitetin ilk rektoru - Qazan Universitetinin professoru, ixtisasca dünya şöhrətli cərrah V.İ.Razumovski öz ətrafına tanınmış ziyalıları toplamışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra təhsilə dövlət səviyyəsində böyük diqqət verilməsi Bakı Universitetinin nüfuzunu artırdı. 1920-1930-cu illərdə bu universitetin auditoriyalarında yazıçı Əbdürrəhim bəy Haqverdiyevin, professorlar P.K.Jüzenin, A.O.Makovelskinin, A.O.Mişelin səsi eşidilirdi. 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə universitet Ali Pedaqoji İnstituta çevrilir. 1934-cü ildən isə Azərbaycan Dövlət Universiteti adı ilə fəaliyyətini davam etdirir. 40-cı illərdə universitet ağır şəraitdə işləməyə məcbur olur. Böyük Vətən müharibəsi bütün sahələrdə problemlərə səbəb olduğu kimi universitetin həyatına da ciddi təsir göstərdi, çünki professor-müəllim heyətinin demək olar ki, hamısı müharibəyə yollanmışdı. Buna baxmayaraq, universitet fəaliyyətini dayandırmadı. Əksinə, respublika rəhbəri Mircəfər Bağırovun səyi ilə 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkili baş tutur, universitet alimlərinin zəhməti ilə bu akademiya SSRİ-nin ən böyük elm mərkəzlərindən birinə çevrilir. Qeyd etmək lazımdır ki, indi ölkəmizdə müstəqil fəaliyyət göstərən ali təhsil ocaqlarından olan Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti o dövrlərdə Bakı Dövlət Universitetinin bazasında yaradılıb. 1969-cu ilin 14 iyununda keçirilən Azərbaycan KP Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra Azərbaycan xalqının tarixində böyük dönüş mərhələsi başlandı. Heydər Əliyev hakimiyyətə gələn kimi təhsildə və maarifdə buraxılan qusurları kəskin tənqid etdi, Azərbaycan təhsilinin inkişafında mühüm rol oynadı. Universitetin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən sonra universitetin həyatında bilik, elmin və şöhrətin yüksək zirvələrinə doğru yüksəliş dövrü başladı. Burada yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin dünyanın nüfuzlu təhsil mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradıldı. 1969-cu ildə BDU-nun 50 illik yubileyi dövlətimiz tərəfindən yüksək səviyyədə keçirildi. Həmin ərəfədə təşkil edilən yubiley komissiyasına Heydər Əliyevin başçılıq etməsi və təntənəli yubiley iclasında etdiyi məruzə Azərbaycanın elmi və mədəni ictimaiyyəti arasında böyük marağa səbəb oldu. 70-80-ci illərdə Azərbaycanda aparılan siyasət nəticəsində təhsilin, elmin və mədəniyyətin inkişafı sahəsində geniş imkanlar açıldı. Respublikamızın elmi potensialı olduqca gücləndi. Respublikamızda 6 yeni ali məktəb yaradıldı, onların maddi-texniki bazası möhkəmləndirildi. Beləliklə, 70-80-ci illər Bakı Dövlət Universitetinin tədris və elmi həyatına dönüş illəri kimi daxil oldu. Ulu öndər Heydər Əliyevin bilavasitə qayğısı sayəsində universitetin maddi-texniki bazası möhkəmlənib, yeni tədris korpusu istifadəyə verildi, hesablama mərkəzi yaradıldı, yeni fakültələr, ixtisaslar, elmi-tədqiqat laboratoriyaları açıldı, universitetin tədris və elmi-tədqiqat laboratoriyaları üçün qiymətli avadanlıqlar alındı. Təsadüfi deyil ki, SSRİ-nin başqa respublikalarında ADU-nu “Heydər Əliyevin universiteti”, universitetin tələbələrini isə “Heydər Əliyevin tələbələri” adlandırırdılar. Sovet İttifaqının dağılmasından sonra, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də problemlər yaranmışdı. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi respublikanın elmində, təhsilində, mədəniyyətində yeni ab-havanın yaranmasına səbəb oldu. 1993-cü ildən başlayaraq ilbəil universitetin maliyyə vəziyyəti yaxşılaşdırıldı. Bakı Dövlət Universitetinin maddi-texniki bazası möhkəmləndirildi. Tədris prosesi əvvəlki axarına qayıtdı. Heydər Əliyevin universitetdə təhsil aldığı illərdə və respublikaya rəhbərlik etdiyi dövrdə universitetlə əlaqələri Universitet tarixinin böyük və əlamətdar bir mərhələsini təşkil edir. Məhz buna görədir ki, Bakı Dövlət Universitetinin Böyük Elmi Şurası 1994-cü il 28 oktyabr tarixli geniş iclasında Azərbaycan xalqı, dövləti, elmi və təhsili qarşısında mühüm xidmətlərinə görə Heydər Əlirza oğlu Əliyevə universitetin Fəxri doktoru adı verilməsi haqqında yekdil qərar qəbul etdi. Maraqlı bir faktı yada salmaq yerinə düşər ki, AMEA Heydər Əliyevi özünün akademiki seçmək istədikdə o, bunu lazım bilməmişdi. Ancaq BDU-nun Fəxri doktoru adını və onun diplomunu böyük məmnuniyyət hissi ilə qəbul etdi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1994-cü ilin noyabrında universitetin 75, 1999-cu ildə isə 80 illik yubileyi qeyd edildi. Heydər Əliyev 80 illik yubiley münasibətilə universitet kollektivinin 69 nəfər üzvünü yüksək dövlət mükafatlarına, fəxri adlara layiq gördü. Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu da verildi və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir. Təhsil aldığı universitetin problemləri ilə daim maraqlanan, bu qədim təhsil ocağına yüksək qiymət verən, onu xalqımızın milli sərvəti adlandıran Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu olması ilə həmişə fəxr etdiyini öz çıxışlarında dəfələrlə bəyan edib. Universitetin 80 illik yubileyi ərəfəsində təhsil aldığı ocağa göndərdiyi təbrik məktubunda ümumilli lider BDU-nun Azərbaycanın tarixində oynadığı rolu və təhsil sahəsindəki əhəmiyyətini belə ifadə etmişdi: “Bakı Dövlət Universiteti özünün 80 illik fəaliyyəti dövründə Azərbaycan həyatının bütün sahələrinə güclü təsir edərək xalqımız qarşısında əvəzsiz xidmətlər göstərib. Əslində universitetimizin tarixi Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı tarixidir.  Respublikamızda ali təhsilin inkişafında universitetin müstəsna rolu olub. İndi ölkəmizdə onlarla ali məktəbin mövcud olması, Azərbaycan Respublikasının böyük ali təhsil potensialına malik olması da məhz Bakı Dövlət Universitetinin fəaliyyəti nəticəsində mümkün olub”. Bakı Dövlət Universitetinin Azərbaycan elminin inkişafında oynadığı rola yüksək qiymət verən ulu öndər Heydər Əliyev deyib: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilmişdir. Sonrakı dövrlərdə Azərbaycanda yaranmış elmi-tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürüb”. 1999-cu ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə rektor təyin edilmiş, əməkdar elm xadimi, akademik Abel Məhərrəmov ilk gündən bütün bilik və bacarığını, daxili enerjisini və potensial imkanlarını doğma universitetin tərəqqisinə, təhsil sisteminin yüksəldilməsinə və təkmilləşdirilməsinə istiqamətləndirdi və bu təhsil ocağını beynəlxalq standartlara cavab verən dünya universitetləri sırasına çıxara bildi. Universitetin Azərbaycan tarixində oynadığı böyük rolun əhəmiyyətini daha aydın dərk etmək üçün orada təhsil alan dünya şöhrətli şəxsiyyətlərdən bəzilərinin adını çəkmək kiyafətdir: Heydər Əliyev, Bəxtiyar Vahabzadə, Nəsir İmanquliyev, Yusif Məmmədəliyev, Həsən Əliyev, Azad Mirzəcanzadə, Mir Cəlal Paşayev, Ziya Bünyadov, Aida İmanquliyeva, Mirəli Qaşqay, Xudu Məmmədov...

İndi respublikamızda 36 ali dövlət və 15 özəl ali təhsil məktəbi fəaliyyət göstərir. Lakin öz şərəfli tarixi və xalqımızın həyatında oynadığı əvzedilməz rolu ilə BDU onların arasında həmişə ilk yerini qoruyub saxlayır.

Yazı Bakı Dövlət Universitetinin “BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Lalə Mehralı,
Teleqraf.com, 24 aprel 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!