Hamının razı qaldığı şöbə

Hər kəs iş başındadır… Başda şöbə müdiri, dosent Afət Məmmədova olmaqla, bütün işçilər kompüter arxasında nəsə yazıb-pozur, gələnləri dinləyir, cavab verir, istiqamətləndirirlər. Müraciət edənlərdən biri kimi mən də bu qurumun işindən çox məmnunam. Hər dəfə apardığım müşahidələrim burada, doğrudan da, dinamiklik, aktivlik, ciddilik və işə doğma münasibətin olması ilə sonuclanır... Ən əsası odur ki, şöbəyə işi düşənlər səmimi münasibət görür, verdikləri suala aldıqları cavabdan məmnun qalırlar.

Öncə tarixdən başlayaq
Azərbaycan Dövlət Universitetində aspirantura ilk dəfə 1935-ci ildə təşkil olunub. Aspirantların ilk qrupu 13 nəfərdən ibarət olub, 1937-ci ildə isə daha 15 nəfər bu şöbəyə qəbul edilib. 1937/38-ci dərs ilində aspirantların sayı 28-ə qədər artıb və bunlardan 5-i aspirantlığa keçmək üçün Moskva və Leninqrada (indiki Sankt-Peterburq) ezam olunub. 1938/39-cu dərs ilində aspiranturaya yenidən 50 nəfər qəbul edilib və ADU aspirantlarının ümumi sayı 78 nəfər təşkil edib. 1944/45-ci dərs ilində qəbul edilən 65 aspirant aşağıdakı ixtisaslar üzrə hazırlanıb: Azərbaycan ədəbi dilçiliyi, SSRİ tarixi, ümumi tarix, kimya, bioloji elmlər, riyaziyyat, fizika, mexanika, coğrafiya, geologiya, siyasi iqtisad, fəlsəfə, pedaqoji, psixoloji, rus dili, fars dili, ingilis, fransız və alman dilləri.

BDU rektorunun 07 iyul 2000-ci il 1/178 saylı əmrinə əsasən Magistratura şöbəsi yaradılıb. Şöbəyə rəhbərlik professor İsmayıl Əliyevə tapşırılıb. Rektorun 02 yanvar 2001-ci il tarixli R-01 saylı əmri ilə Magistratura və Aspirantura şöbələri birləşdirilərək Magistratura, Aspirantura və Doktorantura şöbəsi adlandırılıb. Şöbə müdiri professor İsmayıl Əliyev təyin edilib. 13 noyabr 2007-ci ildən isə şöbəyə dosent Afət Məmmədova rəhbərlik edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli “Doktoranturaların yaradılması haqqında” qərarına əsasən şöbə 07 sentyabr 2010-cu il tarixindən Magistratura və Doktorantura (MD) adlandırılıb. Şöbə Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin rəhbərliyi ilə elmi kurasiyaya daxildir.

“İşimdən razıyam”
- deyə söhbətə başlayan Afət xanımın sözlərindən məlum olur ki, o, 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 132 saylı orta məktəbi bitirdikdən sonra BDU-nun biologiya fakültəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə başa vuraraq təyinatla AMEA-nın Genetika və Seleksiya İnstitutunda işə başlayıb. Aspiranturanın əyani şöbəsini 1993-cü ildə vaxtından əvvəl bitirərək namizədlik dissertasiyasını müdafiə edib. 1997-ci ildən biologiya fakültəsinin Botanika kafedrasına baş müəllim təyin olunub. 2004-cü ildən həmin kafedranın dosentidir. 60 elmi məqalənin, 2 kitabın, 1 monoqrafiyanın, 2 patentin müəllifi olan Afət xanım bir çox yerli və beynəlxalq konfrans və simpoziumlarda iştirak edib. Müasir aktual mövzuya həsr edilmiş doktorluq dissertasiyası müdafiə ərəfəsindədir.
Ailəlidir, 2 oğul anasıdır.


Ziyalı ailə, gözəl tərbiyə
Afət xanım ailənin yeganə qız övladı olmasına baxmayaraq, ərköyün olmayıb. Hələ uşaqlıqdan təmkini, davranışı ilə ətrafında mühit yarada, bir sözlə, özünü insanlara sevdirə bilib. Olduqca tələbkar olan Afət xanım şöbəyə rəhbərlik etməyə başladığı gündən məhz bu ciddiyyətini tətbiq etməyə başlayıb və uğurlu nəticəyə nail olub. Bu arada qeyd edək ki, MD şöbəsi işçi tədris planlarının hazırlanmasına nəzarət edir, magistrantların qəbul planlarını hazırlayıb Təhsil Nazirliyinə göndərir, onların tədrisi ilə bağlı bütün statistik məlumatların hazırlanması və aidiyyatı olan təşkilatlara göndərilməsini həyata keçirir, magistratura təhsil pilləsində tədris planına uyğun dərslərin, kurs imtahanlarının keçirilməsini təşkil edir, akademik borcların ləğvinə, magistrantların dərsə davamiyyətinə nəzarət edir. Eyni zamanda onların tərbiyə, tədris və elmlə bağlı bütün məsələlərdə iştirakını, doktoranturaya qəbul planlarının hazırlanmasını, doktorantlarla bağlı bütün statistik məlumatların hazırlanıb aidiyyatı olan təşkilatlara göndərilməsini həyata keçirir. Minimum imtahanlarının keçirilməsinin təşkili, doktorantların tədrisi, elmi yaradıcılıq fəaliyyətinə aid olan bütün məsələlərdə, o cümlədən elmi-praktik konfransların keçirilməsində iştirak və bunun təşkili də şöbənin əsas funksiyalarındandır. MD şöbəsi fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə əyani və qiyabi doktorantlarla bağlı bütün problemlərin həllinin icrasında öz mövqeyini həyata keçirir. Şöbə elmi kadrların hazırlanmasında universitetin fakültələrinin rəhbərləri və əməkdaşları ilə birlikdə daim aktiv fəaliyyət göstərir.

Şöbənin şüarı isə belədir: «İşgüzar, bilikli və istedadlı gənclərə hər zaman kömək göstərmək hər bir vətəndaşın borcudur. Bu, bizim Azərbaycanımızın gələcəyi üçün, xalqımızın sabahı naminə labüddür».

Dissertantura sahəsi üzrə vəzifələr
də şöbənin iş qrafikinə daxildir. Belə ki, şöbəyə daxil və xaric edilən sənədlərin qeydiyyatı aparılır, qəbul, xaric əmrləri, dissertantların mövzu və elmi rəhbərlərinin təsdiq edilmə əmrləri hazırlanır, attestasiyadan keçmələrinə nəzarət edilir, namizədlik minimum imtahanları təşkil edilir və s. Bütün bu işləri isə şöbə müdirinin rəhbərliyi ilə inspektorlar: Gövhər Məmmədova, Lalə Piriyeva və Leyli Əhmədova həyata keçirirlər. Magistratura, fəlsəfə doktoru hazırlığı üzrə doktorantura, elmlər doktoru hazırlığı üzrə doktorantura sahələrinə cavabdeh olan xanım əməkdaşlar, şöbə müdirinin sözlərinə görə, işlərinin məsuliyyətini dərk edir və bu səbəbdəndir ki, müraciət edənləri məmnun və razı yola salırlar. İstənilən məsələyə obyektiv yanaşan, hər zaman haqq-ədalət tərəfdarı olan Afət xanım deyir ki, iş vaxtı başa çatsa belə, şöbənin əməkdaşları işlərini qurtarmamış evə tələsməzlər.


Bu şöbə çox işləkdir
Fəlsəfə doktoru olmağa hazırlaşan Aytəkin Zeynalova adlı xanım da biz şöbədə olarkən bəzi fikirlərini bizimlə bölüşdü. Onun sözlərinə görə, MD şöbəsi ən çox müraciət etdiyi qurumlardandır: «Şöbədə yaradılmış ab-hava insanı valeh edir. Suallarıma olduqca əhatəli və dolğun cavablar alıram. Bu şöbədə iş daim qaynayır. Dəfələrlə olub ki, attestasiyadan keçməyim, minimum imtahanlarımın verilməsi ilə bağlı özüm maraqlanmadan belə, mənə zənglər olub, xəbərdarlıq edilib».

Günümüzün bir hissəsini keçirdiyimiz şöbədən həmişə olduğu kimi, məmnun ayrılırıq. Kimisə gözlətməyən, kimisə incitməyən, ağsaqqala hörmət edib yolunu gözləyən, eynilə bu davranışları işçilərə də aşılayan Afət xanım və şöbə əməkdaşları bizi gülərüz və mehribanlıqla yola salırlar. Fəlsəfə və elmlər doktoru olmağa hazırlaşanları və magistrantları yola saldıqları kimi…

Məryəm Mehdiyeva,
Nigar Balcanova,
Mətbuat və İnformasiya şöbəsinin əməkdaşları

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!