Güllübulaqlı gənc kimyagər.....

1966 –cı ilin may ayının 25-i Amasiya rayonun Güllübulaq kənd orta məktəbində  son zəng çalınırdı. Kənd sakinləri səhər tezdən məktəbə tələsir, uşaqların bu əziz, həyəcanlı gününə şahidlik etmək istəyirdilər. Kəndin bu son zəngi bayram etmək üçün ciddi əsaslar var idi. Sovet Ermənistanın tarixində ilk dəfə idi ki, Amasiya rayonunun Güllübulaq orta məktəbinin 12 nəfər məzunu orta məktəbi qızıl medalla bitirirdi. Bütün kənd buna sevinirdi. Hamı - müəllimlər də kənd əhli də başa düşürdülər ki, sıradan bir günü yaşamırlar. Odur ki, uşaqların sevincini bölmək üçün məktəbə, son zəng tədbirinə tələsirdilər...
Məktəbin qarşısına toplaşan məzunlar tez-tez, narahat halda ora-bura boylanır, qayğılı görünürdülər. 11 il sürətlə, hiss edilmədən keçmişdi. Dünənə qədər bir-birinin belinə dırmaşan, qaçdı-tutdu oynayan bu uşaqlar indi yekə oğlan olmuşdular. Həyat onların hər birinə bir tale yazmışdı. Qarşıda onları yeni, müstəqil yaşam, qismət olarsa əsrarəngiz tələbə həyatı gözləyirdi....
Bu uşaqların içində ağ köynəkli, bir tərəfdə durub sakit halda uşaqları seyr edən qarayanız oğlanın fikri uzaqlarda idi. Bilmirdi ki, bir azdan məktəbli ömrü üçün səslənəcək son zəng onu gələcəkdə  kimyaçı alim, rektor, akademik, millət vəkili Abel Məhərrəmov kimi tanıdacaq. Hələ ki beynində dumanlı, qarmaqarışıq fikirlər... Qarşıdan gözlənilən qəbul imtahanları...  İndi orta məktəbdə son zəng çalınacaq. Bir azdan, məktəbin direktoru Məmmədəli müəllim tədbiri açıq elan edəcək, uşaqlara gələcək müstəqil həyatda uğurlar arzulayacaqdı.  Bizim qəhrəman da.....
...Yox gəlin əvvəldən başlayaq. 10 il əvvəldən! 1956-cı ilin 1 sentyabrından...
O gündən ki, Amasiya adlanan qədim Ağbaba mahalının Güllübulaq adında kəndinin orta məktəbində yenicə dərs ili başlamışdı. Balaca Abelin əlindən tutaraq sinifə gətirən anası Şəfiqə müəllimə üçün dünyanın adi günü olsa da, ömrünün yaddaqalan məqamı idi. Oğlunu məktəbə gətirirdi. İllər ötəcək, Güllübulaq orta məktəbinin bu balaca, qarabuğdayı şagirdinin adı hər yerdə çəkiləcək. Gah qızıl medalçı Abeldən, sonra 50 yerə 1000 sənəd vermiş  abituriyentlərin içindən Universitetə qəbul olunmuş Abeldən danışacaqdılar. Sonra söhbət lap böyüyəcəkdi. Abel Moskvada akademik Zefirovun yanında işləyən zaman. 26 yaşında müdafiə etməsi xəbərini dost –tanış, el bayram kimi qarşılayacaqdı. Onun şərəfinə açılmış süfrədə konyakı içib, tortu ləzzətlə yeyən Güllübulaq məktəbinin müəllimləri üçün xüsusi bir sevinc olacaqdı... Bu Abel deyəsən, böyük adam olacaq.
Məktəbdə çalınan ilk və son zəngin səsində nə isə qəribə bir nostalji olur. Düzdü, məktəbdə oxuyan şagirdlər üçün bu səs hələ heç nə deməsə də, ömrün bəlli bir məqamına çatan insanlarda bu mis parçasının səsi sanki çoxdan baş vermiş şirin bir nağılın melodiyası kimi səslənir.
İlk dərs gününü yəqin ki, hamı xatırlayır. Yaşanan ömrün bütün anlarında bu xatirə sənin yadına düşür - ilk müəllimin, ilk parta yoldaşın, ilk eşitdiyin sözlər.... Çiynində məktəb çantası valideynlərinin əlindən bərk-bərk yapışaraq böyük, işıqlı bir binaya ilk dəfə daxil olduğun həmin gün həmişəlik yaddaşa həkk olur.
Akademik, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov üçün də elmin zirvələrinə gedən yol asan olmayıb. Elmin qapılarını açmaq üçün “sehirli açar” ona Güllübulaq kənd orta məktəbində verilib. İndi, ömrünün 60-cı baharında da Abel müəllim uşaqlıq illəri ilə bağlı böyük şövqlə danışır. Onun yaşıdları da Abel Məhərrəmovun məktəb həyatını xatırlayarkən maraqlı məqamlara toxunur, orta məktəb həyatından şiri-şirin danışırlar...
Biz Güllübulaq məktəbinin bu bir qədər utancaq, qarayanız oğlanın orta məktəb həyatına ayna tutmaq istədiyimizi deyəndə orta məktəb dostları məmnuniyyətlə danışmağa razılaşdılar.  Orta məktəb illərindəki xatirələri bizimlə bölüşən akademikin sinif yoldaşı Feyzulla həkim o uzaq , 1956-cı ilin sentyabrını xoş hisslərlə xatırlayan məktəb yoldaşlarındandır.
Dağlıq yerdə yerləşən Amasiya rayonu sərt təbiəti ilə fərqlənirdi. İlin yeddi ayı qış olurdu. Amma  bu rayonun Güllübulaq kəndinin uşaqlarını qorxutmurdu. Oxuduqları orta məktəbin zəhmli, eyni zamanda  səmimi, mehriban müəllimləri dünyada onlar üçün kitabın, bilik “məbədi”nin sirlərini açan ilk  müəllimlər olub, desək yəqin ki, yanılmarıq.
Abel Məhərrəmovun ailəsinin Amasiya rayonuna köçmələri də taleyin qəzavü-qədərindən olub. Soydaşlarımızın Ermənistandan 1948-ci il deportasiyası zamanı Abelgilin ailəsi Ağdam şəhərinə köçüb gəliblər. Əvvəlcə Saatlı, Sabirabad, Xocavənddə yaşayıblar. Abel Məhərrəmov Ağdamda anadan olub. Sonra nənəsinin səhhəti pisləşib. Dağ adamı aranın hava şəraitinə uyğunlaşa bilməyib. 1956-cı ildə yenidən Ermənistana köçüblər. Abelin anası Şəfiqə xanım İrəvanlıdır. Elə ailəni 1948-ci ildə İrəvandan deportasiya ediblər. Sonra, yenidən Ermənistana qayıdanda ermənilər İrəvanda olan evlərini Məmmədəli müəllimə verməyiblər. Ailə məcbur olub Amasiyaya  köçüb.
Beləcə tale Abel Məhərrəmovu Güllübulaq kənd orta məktəbinə gətirir. Bu məktəbdə o, 11-ci sinifi bitirəcək, ali məktəbə də bu kənddən yola düşəcəkdi. Hələlik balaca Abel məktəbə gedir.
Amasiya rayonunun Güllübulaq kənd orta məktəbindəki
sinif qeyri-adi bilik səviyyəsi ilə fərqlənib. Bütün uşaqlar əla oxumaqları ilə seçilirdi. Onların içindən Abel xüsusilə fərqlənirdi. Səliqəsinə söz ola bilməzdi. Sinif yoldaşları  arasında həddən ziyadə təmizkar və səliqəli olmağı ilə fərqlənən balaca Abel əla oxumağı ilə diqqəti çəkirdi. Ziyalı ailəsində boyüyən bu oğlan məktəb yoldaşları arasında mədəniyyəti və intizamı ilə seçilirdi.
Ümumiyyətlə, Güllübulaq kəndinin bu sinfi yaxşı oxumaqları ilə nümunə olub məktəbə.  Sinifdə hamı “beş” uğrunda mübarizə aparırdı. “Dörd” ü olan tək-tük uşaq olub. Medal alan uşaq zəif oxuya bilərmi?
Abel yaxşı dost, mehriban yoldaş olub məktəb illərində.
Elmə, öyrənməyə həmişə böyük meyli olub. Əksər vaxtlarda bir-birinin evlərinə yığışan uşaqlar  gecə saat  1-2-yə qədər müxtəlif fənlərlə bağlı mübahisələr edirmişlər. Bu mübahisələr zamanı Abel hazırlığı və bacarığı ilə fərqlənirmiş.
Məktəb şıltaqlıqlarından kənar olub Abel.
Şuluqluq eləməyə heç imkan da olmayıb. Abel müəllimin atası Məmmədəli müəllim elə Güllübulaq məktəbinin riyaziyyat müəllimi olub, sonralar isə məktəbin direktoru olub. Anası Şəfiqə xanım da məktəbdə müəllimə olub. Di gəl indi şuluqluq sal görüm necə salırsan... Sovet dövründə atası müəllim olan uşaqlar yaxşı bilirlər bu hissi....
Məktəb yoldaşlarının yadında Abel özünü həmişə sanballı aparmaq tərzi ilə yadda qalıb. Həddən artıq müsbət aurası ilə fərqlənən sakit, əlaçı, təmkinli Abel  hamının yadında belə qalıb.
Güllübulaq kənd məktəbi Amasiya rayonunda tanınan, böyük məktəblərdən olub. O zaman Ermənistanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin maddi texniki bazası ürəkaçan olmurdu. Fənlər üzrə müəllim çatışmırdı. Amma Güllübulaq kənd məktəbinin maddi-texniki bazası çox güclü olub.
Bu böyük məktəbin əla oxuyan şagirdi Abel ictimai fəallığı ilə də seçilib. Sovet məktəbində xas olan bütü tədbirlərdə öndə olub Abel. Onun belə ictimai fəallığı diqqətdən kənarda qalmırdı.
Məktəbdə elə bir tədbir olmazdı ki Abel öndə olmasın, iştirak etməsin. 11 –si sinifdə oxuyanda onu məktəb üzrə komsomol komitəsinin katibi seçirlər. Elə o vaxtdan hamı deyirmiş ki, bu uşaqdan nə isə çıxacaq.
Abel Məhərrəmovu kimyaçı olmağa həvəsləndirən nə qədər qəribə olsa da Kommunist Partiyasının 60-cı illərdəki məşhur şüarı “kimyalaşdırma üstəgəl elektrikləşdirmə bərabərdir kommunizm!” olub. 1963-cü ildə Sov.İKP MK-nın plenumunda Nikita Xruşşov kimya sənayenin kənd təsərrüfatına tətbiqi etməklə bağlı təşəbbüs qaldırır.  Xruşşovun məruzəsi belə adlanırdı -“Kimya sənayesinin inkişafını sürətləndirmək –kənd təsərrüfatının və xalqın rifahının yüksəldilməsi üçün vacib şərtdir”.
Düzdür, Güllübulaq orta məktəbinin 7 –ci sinfində oxuyan Abel üçün partiyanın bu təşəbbüsü hələ heç nə demirdi. Onda kimyaya marağı ilk dəfə müəllimi oyadıb. Orta məktəbdə onlara dərs deyən  təcrübəli kimya müəllimi Cəfər müəllim bu fənnə  məhəbbəti hələ aşağı siniflərdən uşaqlara aşılamışdı. Tər-təmiz saxladığı məktəb laboratoriyasında Cəfər müəllimin apardığı kimyəvi analizlər uşaqlara möcüzə kimi görünürdü. Elə o dövrdən balaca Abel kimyanın əsrarəngizliyinə vurulub. Dostlarına deyirmiş ki, mən kimyaçı olacağam.
Atası Məmmədəli müəllim güclü riyaziyyatçı olub. Hətta oğlu anadan olanda Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə adını Abel qoymuşdu... Məmmədəli müəllim oğlunun riyaziyyatçı kimi görmək istəyini gizlətmirdi də... Lakin o, kimyaçı olmaq istəyən Abelə mane olmadı. Kimyaçı olmaq istəyirsə, qoy olsun! Əsas odur yaxşı insan, elinə -obasına xeyirli alim olsun.
Beləliklə, Abel Xruşşovun vəd etdiyi kommunizm quruculuğunda iştirak etmək üçün kimyanı seçir...
1966-cı ildə Azərbaycanın ümumtəhsil məktəblərində aparılan islahatlar nəticəsində eyni ildə iki buraxılış- 10 və 11-ci siniflər məzun olurlar. O zaman Azərbaycan Mərkəzi Komitəsindən Ermənistan Mərkəzi Komitəsinə xüsusi məktub göndərilir.  Həmin məktubda deyirdi ki, orta məktəbləri bitirən uşaqların ixtisas seçməkləri ilə bağlı rəyi öyrənilsin. Bu sorğu nəticəsində Azərbaycan təhsil nazirliyi ali məktəblərə qəbulda hansı sahələrə daha çox meyl varsa ora qəbulu artırmaq istəyirdilər. 1966-cı ilin mart ayında Güllübulaq məktəbinə də
belə xüsusi blanklar göndərilir. Yeniyetmə Abel Məhərrəmov çox fikirləşmədən blankda kimyanın adını yazır.
Orta məktəbdə Abel müəllimin və sinif yoldaşlarının qızıl medala təqdim edilməsinin də tarixi də maraqlıdır. Bir məktəbdə 12 medalçı rayon rəhbərliyindən tutmuş respublika rəhbərliyinədək  birmənalı qarşılanmamışdı. İnanmayıb dodaq büzənlər də olmuşdu, məlumatı maraqla qarşılayanlar da. Hətta onların medala layiq olub-olmadığını bir daha yəqinləşdirmək üçün Ermənistan Təhsil Nazirliyindən nümayəndə də göndərilib Güllübulaq məktəbinə...İrəvandan, nazirlikdən gələn Nurəddin müəllim Abel başda olmaqla bütün medalçıları digərlərindən ayırıb yoxlama yazdırıb. Bundan sonra uşaqların yazılarını məktəbdə, rayon təhsil şöbəsində, daha sonra Təhsil Nazirliyində yoxlayıblar. Şəkk-şübhə qalmayıb. Uşaqlar qızıl medala sorğu sualsız düşürmüşlər...Hətta bu medalların tarixində bir həyəcan doğuran fakt da var. Bunu yeri gələndə yazarıq.
Ümumiyyətlə ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların bilik səviyyəsinə həmişə paxıllıqla yanaşıblar. Ermənistanda respublika səviyyəsində keçirilən bilik yarışmalarına bilərəkdən onları  dəvət eləmirdilər.
Abelin yaxşı bir hobbisi vardı. Qışda xizək sürməyi sevirdi. Yaxşı xizək sürməyi varmış Abelin... İdmanı çox sevib. Voleybol, futbol oynamağı.  Yay tətilində dağa gediblər.
Amasiyada pioner düşərgəsi olmayıb. “Amma yaylağa, dağa gedirdik.. Onun ləzzətini heç nə verməz”-deyə Feyzulla həkim uşaqlıq illərini az qala yenidən yaşayır.
Kənddə televizor olmadığından tətil vaxtı bədii ədəbiyyat oxuyublar. Ən sevdikləri film müharibədən bəhs edən “davalı kinolar” olub.
Sinif yoldaşları indi də görüşəndə o günləri, ən çox evdə yığışıb uşaqlarla uzun-uzadı kimyəvi düsturları müzakirə etmələrini xatırlayırlar.
O, dövrdə kimya həvəskarları arasında 56 kimyəvi düsturun açılışı ilə bağlı məsələlər dəbdə olub. Evin bir otağına yığışan Abelgil onların hər birinin açılışını qızğın müzakirə edir, səhərə qədər yazıb -qaralayırdılar. Doktor gülə-gülə deyir ki,  evlərinin zirzəmisində anasının saxladığı yağı oğurlayıb gətirir, lavaşın arasına büküb yeyir, tənlik həll edirmişlər.
“Mənim xatirimdə Abellə apardığım qızğın elmi diskussiyalar qalıb. Qışqıra-qışqıra kimin düz olub olmadığını bir-birimizə sübut etməyə çalışırdıq. Abel tənbəllik eləməyib gedirdi evə, atasının kitabxanasından kitabı gətirər və dediyini sübut etmək istəyirdi. Həmin vaxt ya Abelə, ya da bizə baxan olsa idi deyərdi bunlar yəqin dava edirlər”.
Məktəb yoldaşları arasında Abel mehriban, dostcanlı, prinsipial oğlan kimi tanınırdı. Abel haqlı mövqeyini yüksək səviyyədə müdafiə etməyi bacaran şagirdlərdən olub.
Yeri gəlmişkən aradan uzun illər keçməsinə baxmayaraq Abel müəllim dostlarının, ellilərinin  bütün xeyir-şər məclislərinə gəlir, arayıb soruşur. İndi də o sinif yoldaşlarının məclislərində başda oturur. “Kim olsaydı deyərdi ki, dövlət xadimiyəm, akademikəm.. nəyimə gərək belə məclislərə getmək. Amma Abel gəlir.  Biz görüşəndə tutduğu vəzifə, post yada düşmür. Biz əvvəlki kimi, orta məktəbdə oxuyan uşaqlar kimi görüşürük”-deyə Feyzulla həkim hərarətlə danışır.
Hə, gəlib çatdıq 1966-cı ilin Güllübulaq kənd məktəbində keçirilən son zəngə....O gün ömürlərinə və yaddaşlarına bir səhifə olaraq yazılıb. 25 may 1966-cı il.
O gün kəndin bütün adamları bu balaca qəhrəmanları təbrik etmək üçün məktəbə gəlmişdi. Məktəbin həyətində yer yox idi... Zarafat deyil, məktəbi 12 qızıl medalçı bitirirdi. Camaatda nə isə ruh yüksəkliyi var idi.
Bu qəhrəmanlar hələ bir sınaqdan da çıxmalı idilər. Hamı üçün vacib, müəllimləri üçün alnıaçıq fərəh gətirəcək imtahandan... Yuxarıda demişdik axı, qızıl medalla bağlı bir maraqlı hadisə var. Demək belə, orta məktəbi bitirdikdən sonra bu 12 medalçı ali məktəbə sənəd vermək üçün gəlirlər Bakıya...Güllübulaq məktəbinin bu savadlı uşaqlarına qızıl medal verdikdən sonra Ermənistan Təhsil Nazirliyindən Güllübulaq məktəbinin direktoru Məmmədəli müəllimə, maarif şöbəsinin müdiri Müseyib Həsənova deyirlər ki, əgər bu “medalçı”ların bəlli bir faizi ali məktəbə qəbul olunmasa bütün rəhbərlik cəzalandırılacaq....
Ancaq 12 medalçı da ali məktəbə qəbul olunur. Güllübulaq məktəbinin bu buraxılış bütün Ermənistanda barmaqla göstərilən sinif, məktəb olur. Bu məktəbin məzunlarını hələ çox xatırlayacaqlar. Hər dəfə onlardan gələn xoş xəbərlər məktəbdə müzakirə olunacaqdı. Ən çox Abellə bağlı xəbərləri... Bu qarayanız uşağın iti ağlı və istedadı müəllimlərin yadında həmişəlik qalmışdı.
Həyat Universitetinin sınaqları isə hələ qarşıda idi... Hələ neçə-neçə yuxusuz gecələr, elmi axtarışlar, kimyanın möcüzəvi kəşfləri Güllübulaq orta məktəbinin 1966-cı il məzunu Abel Məhərrəmovu gözləyirdi...

Amin SƏFƏRLİ,
«Elçi» qəzeti, 10-16 oktyabr 2010-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!