Geodeziya – Kartoqafiya sahəsində tanınmış alim

Haqqında danışacağımız müsahibimiz Bakı Dövlət Universitetinin professoru, texnika elmləri doktoru Məqsəd Hüseyn oğlu Qocamanov Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetində  ali təhsil almış, həmin universitetin əyani aspirantı və doktorantı olmuş, geodeziya - kartoqrafiya elmi sahəsində elmlər doktoru zirvəsinə yüksəlmiş ilk və hələlik yeganə azərbaycanlı alimdir.
M.H.Qocamanov 1960 - cı ildə Qazax rayonunun Daş Salahlı kəndində ziyalı ailəsində anadan olub. 1977- ci ildə Daş Salahlı kənd 2 №-li orta məktəbini fərqlənmə ilə bitirib, elə həmin il Moskva, Leninqrad, Kiyev və s. şəhərlərin  institutlarına  Azərbaycandan göndəriş üçün keçirilən müsabiqənin  qalibi olaraq Moskva Geodeziya, Kartoqrafiya və Aerofotoplanalma Mühəndisləri İnstitututuna - indiki Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinə qəbul olunur. 1982 - ci ildə həmin institutun geodeziya fakultəsini «astronomik-geodeziya»  ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuş, eyni zamanda «dəniz  geodeziyası» ixtisaslaşması  keçmiş ilk azərbaycanlı tələbə olmuşdur.
Hələ tələbəlik illərində o, elmi-tədqiqat işlərinə maraq göstərmiş, tələbə elmi cəmiyyətlərinin fəal üzvlərindən birinə çevrilmişdir. Əlaçı tələbə olmaqla yanaşı, institutda oxuduğu illərdə M.H.Qocamanov elmi – ictimai - siyasi cəhətdən öz aktivliyi ilə fərqlənirdi. Onu tez-tez Azərbaycanın Moskvadakı nümayəndəliyində, müxtəlif görüş və tədbirlərin təşkilatçıları arasında görmək olurdu. Tələbəlik illərini xatırlarkən, M.Qocamanov ulu öndərimizin  indiki Heydər Əliyev Sarayında respublikadan kənar universitet və institutlara təhsil almağa göndərilən birinci kurs tələbələri ilə keçirdiyi yolasalma görüşünü,   Moskva şəhərində oxuyan azərbaycanlı tələbə-gənclərlə M.Qorki adına Moskva Bədii-Akademik Teatrının sarayında və başqa saraylarda keçirdiyi unudulmaz görüşləri və bu görüşdərdə ulu öndərin yüksək natiqlik məharəti və nitq mədəniyyəti ilə söylədiyi məruzələrini, çıxışlarını,  azərbaycanlı tələbələrə xitabən: «Elmlərin sirlərinə yaxşı yiyələnin, rus dilini və başqa dilləri yaxşı öyrənin» kimi öyüd-nəsiyyətlərini hələ də xoş hisslərlə  xatırladığını və xatirəsində yaşatdığını bildirir.
Moskvada institut təhsilini başa vurduqdan sonra M.Qocamanov təyinatla SSRİ Nazirlər Soveti yanında Baş Geodeziya və Kartoqrafiya İdarəsinin Bakı şəhərində yerləşən 16№-li müəssisəsinə işə göndərilir. O, bu müəssisədə   1982-1986 - cı illər ərzində geodeziya işləri üzrə icraçı – mühəndis, sonra texniki nəzarət şöbəsində baş müfəttiş vəzifələrində çalışır.
1986 - cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi M.Qocamanovu təhsilini davam etdirmək üçün indiki Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinə əyani məqsədli aspiranturaya göndərir. Aspiranturaya qəbul imtahanlarını müvəffəqiyyətlə verən və bu təhsilini də uğurla başa çatdıran  M.Qocamanov 1989-cu ildə «Dənizdə obyektlərin koordinatlarının Yerin süni peykləri və yerüstü radiogeodeziya sistemlərindən birgə istifadə əsasında  təyin edilməsi metodlarının işlənməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülür.
Göstərilən sahədə elmlər namizədi olan M.Qocamanov Azərbaycana dönərək 1989-1992 – cı illərdə Azərbaycan Neft və Kimya institutunda assistent,  1994-2006 – cı illərdə Bakı Dövlət Universitetinin Geodeziya və kartoqrafiya kafedrasında baş müəllim, dosent, 2006-cı ildən isə professor vəzifəsində çalışır.
1990-2000 - ci illərdə M.H.Qocamanov təhsilinin doktoranturada davam etdirilməsi üçün köməklik göstərilməsi xahişi  ilə Azərbaycan və Rusiya Təhsil nazirliklərinə müraciətlər edir. Lakin bu müraciətlər nazirliklər arasında əlaqələrin zəifləməsi səbəbindən cavabsız qalır. Amma 1998-ci ilin 31 avqustunda indiki Heydər Əliyev Sarayında xoşbəxtlik baş verir. Həmin gün ulu öndər 1969-1989 -cu illərdə Respublikadan kənar universitetlərdə təhsil almış tələbə-gənclərlə görüş keçirirdi və M.Qocamanov da onların arasında idi. Çıxışlar zamanı təhsillə bağlı qarşıya çıxan bu kimi çətinliklər barədə Uluöndərə məlumat verilən kimi, o, dərhal, elə həmin sarayda Təhsil Nazirliyinə belə məsələrlə məşğul olmaq tapşırığı verir. Bunun nəticəsi kimi, 2001 - ci ildə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin rektoru, texniki elmlər  doktoru, professor, Rusiya Elmlər Akademiyasının akademiki, SSRİ-nin təyyarəçi-kosmonaftı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Rusiya ali məktəbləri assosiasiyasının prezidenti  Viktor Petroviç Savinıx Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək  M.Qocamanovu Rusiya federal büdcəsi hesabına Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetində doktoranturaya dəvət edir. 2002-2005- ci illərdə əyani doktoranturada təhsil alan M.Qocamanov 2005 - ci ilin mart ayında «Ərazi xüsusiyyətlərini nəzərə almaqla Dövlət Geodeziya Şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün müasir peyk texnoloqiyalarının işlənməsi» mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.
Professor M.Qocamanovun əsas elmi tədqiqat sahələrinə Ali və Kosmik geodeziyanın nəzəri - praktiki məsələləri ilə yanaşı, geodeziya ölçmələrinin riyazi tarazlaşdırılması, dənizdə geodezik təminat (obyektlərin yerinin təyini),  peyk texnologiyaları əsasında müasir tələblərə cavab verən geodeziya şəbəkələrinin yaradılması kimi məsələlər daxildir.
M.Qocamanovun elmi araşdırmalarının nəticələri Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müasir geodezik təminat sisteminin yaradılmasında, Azərbaycan Fövqəladə Hallar Nazirliyində  sürüşmə, çökmə, qabarma, şaquli vəziyyətdən çıxma (meyllənmə), çay məcraları və su bəndlərində, eləcə də onların sahilbərkitmə divarlarında  baş verə biləcək yerdəyişmələr  və sair proseslərə nəzarət məqsədi ilə monitorinq sisteminin yaradılmasında, Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən yerinə yetirilən kadastr və qeydiyyat işlərinin  vahid koordinat sistemində müasir tələblərə uyğun aparılmasının geodezik təminatında, Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və s. sahələrdə  faydalı ola bilər.
Tanınmış alim 90 - dan çox elmi əsərin, o cümlədən, «Geodeziya ölçmələrinin riyazi hesablanması» (Bakı, 2000) və «Hərbi topoqrafiya» adlı dərsliklərin (Bakı, 2009), «Peyk texnologiyalarından istifadə etməklə geodeziya şəbəkələrinin yenidən qurulması və inkişafı» (2008, Moskva-Bakı), «Dənizdə işlərin geodeziya təminatı və monitorinq xüsusiyyətləri» (2009, Moskva-Bakı) monoqrafiyalarının,  ilk dəfə tərtib edilmiş və 12000 - dən çox geodeziya, kartoqrafiya və aerofotoplanalmaya dair terminləri əhatə edən rusca- azərbaycanca terminoloji lüğətin, iki müəlliflik şəhadətnaməsinin, tədrisə dair 25 metodiki iş və proqramların müəllifidir. Onun elmi əsərləri əsasən Rusiyada, həmçinin Fransa, Avstriya, Misir, Bolqarıstan, Kazaxstan və başqa ölkələrdə  çap olunmuşdur.
M.H.Qocamanov Rusiya (MİİQAiK, MDU, Sibir geodeziya akademiyası və s.), Ukrayna (Kiyev, Lvov, Xarkov ), Özbəkistan, Kazaxstan, Qırğızıstan, Siriya, İsveç, Almaniya və sair ölkə universitetlərinin alimləri ilə elmi əlaqələr saxlayır. O, Avropanın Tempus təhsil proqramı  çərçivəsində geodeziya və geoinformatika üzrə beynəlxalq ekspert (Bişkek, 2006), Hindistanın  Mysore universitetinin  aspirantı N.R. Rajendra Prasalın namizədlik dissertasiyasının müdafiəsi üzrə opponent olmuşdur. Onun rəhbərliyi altında iki nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmiş, üç dissertant isə  elmi tədqiqatlarını davam etdirir.
Professor M.Qocamanov  nüfuzlu alim olmaqla yanaşı, bir pedaqoq kimi BDU-nun professor-müəllim heyəti arasında böyük hörmət sahibi, tələbələrin isə sevimli müəllimidir. Bunun bariz təsdiqi kimi onun tələbə sorğusu əsasında BDU-da  beş müəllim sırasında yer tutmasını söyləmək olar.
O, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya institutu nəzdində fəaliyyət göstərən fəlsəfə doktoru və elmlər doktoru  dissertasiyalarının müdafiəsi üzrə D 01.091 - Dissertasiya şurasının, Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinin elmi və metodiki şuralarının üzvüdür.
M.H.Qocamanov həmçinin gözəl ailə başçısıdır, iki övladı vardır. Qızı Hənifə BDU-nun hüquq fakultəsinin tələbəsi, oğlu Nicat isə orta məktəbin 11-ci sinfində oxuyur. M.H.Qocamanov Yeni Azərbaycan Partiyasının üzvüdür.

R. Məmmədov
AMEA-nın akademik H.Əliyev
adına Coğrafiya institutunun
elmi üzrə direktor müavini,
AMEA -nın müxbir üzvü
Ç.İsmayılov
Bakı Dövlət Universitetinin professoru

"Respublika" qəzeti, 23 dekabr 2010-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!