Dəyərli alim, nəcib ziyalı, layiqli vətəndaş

Hər bir millətin bəşəri miqyasda tanınmasında, məşhurlaşmasında və mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışmış, cəmiyyətin inkişafına töhfə vermiş, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə diqqət mərkəzində olmuşlar. Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin - həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilmişdir.
Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalıların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalmışlar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanır. Bir sözlə, əsl ziyalı ilk növbədə bütöv şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır.
Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı "sürət əsrində" həyat idealı, şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamilliyi ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür. Xalqımız belə ləyaqətli ziyalıları, elm xadimləri ilə qürur duyur.
Şərəfli ömür yolu, elmə bağlılığı, ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biri də akademik Arif Paşayevdir. Ömrünün müdriklik çağında olan görkəmli alimin istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə dayışaraq, elm kəhkəşanında sahib olduğu zirvəyə uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində yetişən, ömrünün 50 ildən çoxunu elmi fəaliyyətə həsr edən Arif Paşayev təbiət elmləri sahəsində özünəməxsus məktəb yaratmışdır. Görkəmli alim xüsusən də yarımkeçiricilər fizikası və texnikası sahəsində mühüm elmi nəticələrin müəllifi kimi tanınır.
Elmdə yüksək pillələri qət etmək hər bir alimin arzusudur. Lakin bu nəcib istəyi, niyyəti xalqın, dövlətin mənafeyi naminə yönəldib səmərəli nəticələr əldə etmək xüsusi istedad, qabiliyyət və zəhmət tələb edir. Mənalı ömrünün 77-ci pilləsində olan akademik Arif Paşayev bu və digər keyfiyyətləri ilə yanaşı, həm də yüksək mənəviyyatı, xeyirxahlığı ilə fərqlənən insanlardandır. Akademikin həyat yoluna nəzər salarkən, onun həm nəcib insan, fədakar alim, həm də xalqını, elini, yurdunu məhəbbətlə sevən vətəndaş olduğunu aydın görmək olur.
Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və kamilləşməsində mühüm rol oynayır. Odur ki, müdriklərimiz də əbəs yerə "ot kökü üstə bitər" deməyiblər. Arif Paşayev 1934-cü il fevralın 15-də milli ədəbiyyatımızın görkəmli simalarından olan yazıçı və ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açmışdır. Bu böyük ədibin ictimai fikir tariximizə bəxş etdiyi ədəbi nümunələr təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmamış, ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanaraq dərin oxucu rəğbəti qazanmışdır. 100 illik yubileyi YUNESKO səviyyəsində qeyd olunan görkəmli pedaqoq və nasir Mir Cəlal Paşayevin yüksək sənətkarlıqla yaratdığı əsərləri oxuculara sevdirən ən başlıca xüsusiyyətlərdən biri də mövzu çevrəsinin xalqın arzu və istəklərinə, saf ideallarına yaxınlığıdır.
Arif Paşayevin də cəmiyyət üçün layiqli insan kimi yetişməsinə, erkən yaşlarından ülvi məqsədlər uğrunda mübarizə aparmasına böyüyüb boya-başa çatdığı ailə mühitinin təsiri böyük olmuşdur.
Yeniyetməlik illərindən onu əhatə edən maddi aləmin bir sıra möcüzələrinin, müəmmalı suallarının cavabını düzgün olaraq təbiət elmlərində axtaran Arif Paşayev xüsusən də fizika elminin incəliklərinə dərindən vaqif olmaq üçün səylə çalışırdı. Hələ orta məktəbdə fizika dərslərində aparılan maraqlı təcrübələr, cəlbedici elmi söhbətlər Arif Paşayevdə bu sahəyə böyük maraq doğurmuşdu. O, gənc yaşlarından ətraf aləmdə rastlaşdığı bütün qeyri-adi dəyişiklikləri müşahidə etməyə, onların anlaşılmaz görünən səbəblərini açmağa səy göstərirdi.
Məhz bu maraq onun gələcək tale yolunu müəyyən etmişdir. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Elmi yaradıcılığını davam etdirərək 1960-1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ildə isə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Azərbaycanda fizika elminin inkişaf təmayülləri, bu sahədə həllini gözləyən aktual problemlər onun əsas tədqiqat obyekti olmuşdur. Akademikin tətbiqi tədqiqatlarının əsas hissəsi eyni zamanda yeni cihazların təkmilləşdirilməsinə, müxtəlif fiziki kəmiyyətlərin yeni metodlarının işlənməsinə yönəlmişdir. O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmış, zədəsiz nəzarət yarımkeçiricilər fizikasının, ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı və tətbiqi ilə məşğul olmuşdur.
Akademik Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxılmasına nail olmuşdur. Belə qurğular hazırda dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Onun əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallara və diplomlara layiq görülmüşdür. Arif Paşayev fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Yusif Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. Yarımkeçiricilər elektronikası və mikroelektronika sahəsində nəzəri və təcrübi tədqiqatlarının nəticələri ötən əsrin 70-ci illərindən başlayaraq respublikada mikroelektronika sənayesinin inkişafına böyük təkan vermişdir. Avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki xidmətlərinə görə akademik Arif Paşayev 1991-ci ildə Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür.
300 elmi əsərin, 30 kitab və monoqrafiyanın müəllifi olan görkəmli alimin 30-dan çox ixtirası müəlliflik şəhadətnaməsi almışdır. O, "Vektor" Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olmuş və "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilmişdir. 100-dək elmi əsərinin xarici ölkələrdə çapdan çıxması deməyə əsas verir ki, akademik Arif Paşayevin tədqiqatları milli məkanın sərhədlərini çoxdan aşmışdır.
Onun AMEA-dakı fəaliyyəti də çoxşaxəlidir. 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik etmiş, bu müddətdə böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirmişdir. Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində də xidmətləri böyükdür. Akademik Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki seçilmiş Arif Paşayevin elmi axtarışları beynəlxalq səviyyədə də böyük maraqla izlənir.
Akademik Arif Paşayevin elmi tədqiqatlarının ən böyük əhəmiyyəti onların praktik tətbiq imkanları ilə ölçülür. Belə ki, alimin rəhbərliyi ilə neft mədənlərinin qaz-lift boru kəmərlərində hidrata qarşı, neft qaldırılan borularda isə parafinin qarşısını almaq üçün mütərəqqi, iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz üsul və vasitələr yaradılmışdır. Arif Paşayevin kimyəvi üsulla borularda parafinin əmələ gəlməsinin qarşısını almaq məqsədilə hazırladığı reagent 1995-ci ildən "Ələt" yatağının mədənlərində istifadə edilir. "BAİL-1" adlandırılan həmin qurğuya Azərbaycan Respublikasının və Rusiya Federasiyasının 15-ə qədər patenti alınmışdır. Qurğu Beynəlxalq Neft-Qaz sərgisində də nümayiş etdirilmişdir. Hazırda Dövlət Neft Şirkətinin "Neft Daşları", "Bulla-dəniz", Nəriman Nərimanov adına neft-qaz çıxarma idarələrinin mədənlərində idarəolunan güclü yarımkeçiricilər üzərində yığılmış belə elektrik qızdırıcıları istismar olunur.
Görkəmli alimin Azərbaycanda elmi kadr hazırlığında da müstəsna xidmətləri vardır. Onun rəhbərliyi altında onlarca aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. O eyni zamanda çoxlu sayda doktorluq dissertasiyasının məsləhətçisi olmaqla yanaşı, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir.
1996-cı ildən Milli Aviasiya Akademiyasının rektoru vəzifəsində çalışan akademik Arif Paşayev bu sahədə milli kadr hazırlığı prosesinə töhfələrini vermiş, qısa zamanda bu elm-təhsil ocağı nəinki respublikamızda, bütövlükdə Avropa məkanında məşhurlaşmışdır. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilmiş, "İqtisadiyyat və hüquq", "Avianəqliyyat istehsalatı", "İxtisasartırma" kimi kafedra və ixtisaslar açılmışdır. Məhz Arif Paşayevin səyləri ilə akademiyada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanmışdır.
Akademik Arif Paşayev dəyərli ziyalı, yüksək tədqiqatçılıq qabiliyyətinə malik elm adamı olmaqla yanaşı, həm də qurucu rəhbərdir. Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərciyin salınması - yeni tədris korpusunun, müasir tələblərə cavab verən idman kompleksinin, mehmanxana və digər binaların yüksək səviyyədə inşa edilərək istifadəyə verilməsi, habelə bu təhsil ocağında sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərin ali məktəbə dəvət edilməsi alimin yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına əyani sübutdur.
Hər bir elmi yeniliyin son məqsədi cəmiyyətin inkişafına töhfə verməkdir. Bu baxımdan akademik Arif Paşayevin çoxillik iş təcrübəsi aviasiyada yeni tətbiq imkanları qazanmışdır. Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radio ilə idarə olunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir. Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.
"Böyük alim olmaq üçün həm də ləyaqətli insan olmaq lazımdır" deyənlər əsla yanılmamışlar. Akademik Arif Paşayev bu iki ucalığı öz şəxsində bir araya gətirməklə özü də zirvəyə çevrilmişdir. O, yüksək elmi-praktiki potensiala malik alim olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissi ilə yaşayıb-yaradan, respublika əhəmiyyətli işlərdə, xüsusən ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən, gənc nəslin təlim-tərbiyə işlərində, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə saxlayan qayğıkeş rəhbərdir. İnsanlarla ünsiyyət bacarığı, təmkini, tələbkarlığı, uzaqgörənliyi çoxları üçün örnək sayıla bilər. Bu keyfiyyətlər Arif müəllimin yüksək təvazökarlığında tamamlanır. Bu gün çoxları onu fitri istedadı, hərtərəfli elmi biliyi və məlumatı, dərin düşünmə qabiliyyəti və güclü yaddaşı olan maraqlı insan kimi tanıyır.
Böyük ziyalılar insanların elm, təhsil alması naminə misilsiz xidmətlər göstərən zaman hansısa təmənna güdməmiş, nəcibliklərini, xeyirxahlıqlarını, insanpərvərliklərini qorumuşlar. Fəqət həyat amalı ilə seçilən belə ziyalı şəxsiyyətlərin cəmiyyət qarşısındakı misilsiz xidmətlərinin obyektiv dəyərləndirilməsi cəmiyyətin özündə yetişən sosial ehtiyacdır ki, bu da müxtəlif adlar, titullar formasında sahiblərinə ünvanlanır. İnsanın gördüyü işin bəşəri əhəmiyyət kəsb etməsi, ali mükafatlara layiq görülməsi həm də onun Vətən qarşısında şərəfli xidmətidir.
Ölkədə elmin, təhsilin inkişafında böyük xidmətləri olan akademik Arif Paşayev Azərbaycan Respublikası Prezidenti tərəfindən 2004-cü ildə "Şöhrət" ordeninə, 2005-ci ildə "Əməkdar elm xadimi" fəxri adına, 2009-cu ildə "Şərəf" ordeninə layiq görülmüşdür. Ən müxtəlif beynəlxalq təşkilatlarda fizikanın inkişafındakı xidmətlərini nəzərə alıb akademik Arif Paşayevi yüksək elmi adlara, mükafatlara layiq görmüş, medallarla təltif etmişlər. Belə yüksək mükafatlardan biri Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının "Qızıl medal"ıdır. Bundan başqa, akademik Arif Paşayev 29 fevral 2008-ci ildə Dövlətlərarası Aviasiya Komitəsinin "Aviasiya mütəxəssislərinin hazırlanması işindəki xüsusi xidmətlərinə görə" qızıl medalına layiq görülmüşdür. Görkəmli alim 2010-cu il 9 iyul tarixdə Azərbaycanın Kosmik Məsələlər üzrə Şurasının sədri seçilmişdir.
Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycanda yeni qurulan ailələrin örnək kimi istinad edəcəyi bir ailə ocağı var. Nüfuzlu nəsil-şəcərənin layiqli davamçıları olan Paşayevlər bu gün həm də millətini, xalqını sevən, onun maariflənməsi yolunda əlindən gələni əsirgəməyən parlaq ziyalılar kimi tanınırlar. Arif müəllimin ömür-gün yoldaşı olmuş mərhum Aida xanım İmanquliyevanın nurlu çöhrəsi bu gün də göz özündə istedadlı alim, mənəviyyatlı insan, unudulmaz müəllim, qayğıkeş ana, ləyaqətli Azərbaycan qadını kimi canlanır. Uzun illər şərqşünaslıq sahəsində dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, bir də qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Aida xanım görkəmli alim, müəllim, tərcüməçi, ictimai proseslərdə fəal qadın kimi milli elm tarixinə sanballı möhürünü vurmuşdur. Onu yaxından tanıyanlar xatirələrində qeyd edirlər ki, görkəmli ədəbiyyatşünas-alim Mir Cəlalın ocağına gəlin köçən, görkəmli akademik Arif Paşayevlə ailə quran Aida xanım məişətdə, ailədə son dərəcə sadə, mehriban, qayğıkeş insan idi. İşinin gərginliyinə, çətinliyinə baxmayaraq, evdə qadın və ana olduğunu heç zaman unutmurdu. Yaxşı bilirdi ki, həyat anadan və onun övladlarına verdiyi sevgi payından başlayır. Yəqin elə buna görədir ki, layiqli vətəndaş, nəcib ziyalı kimi yetişdirdikləri övladları akademik Arif Paşayevin və Aida xanım İmanquliyevanın adlarını öz xeyirxah, nəcib, savab əməlləri ilə ucaldaraq cəmiyyətin sonsuz rəğbətini qazanmışlar.
Akademik Arif Paşayev və professor Aida xanım İmanquliyeva övladlarını yüksək mənəvi ideallar ruhunda tərbiyə etmişlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva kökdən gələn mənəvi zənginliyi ilə dünyanın xilasına yönələn mütərəqqi ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi ali dəyərlərin aşılanmasına çalışır. Görünür, Mehriban xanım Əliyevanın üzərinə götürdüyü bu xeyirxah missiya tarixi bir qanunauyğunluq, həyatın diktə etdiyi ilahi harmoniyadır.
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva da Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafı sahəsində mühüm xidmətləri olan kübar ziyalıdır. Təqdirəlayiq haldır ki, Nərgiz xanım Azərbaycan teatrının tarixi və müasir ənənələrinin uğurlu sintezi əsasında "Üns Teatrı"nı yaratmış, milli mədəniyyətin inkişafına əvəzsiz töhfə vermişdir.
Bəli, ömrünün müdriklik çağını yaşayan akademik Arif Paşayev bütün varlığı və ruhu ilə yaradıcı insandır. O bu gün də daxildən gələn tükənməz enerji ilə çalışır, qarşıya qoyduğu saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və elmi yaradıcılıq uğurlarına möhkəm zəmin yaradır.

Məhəmməd İMANLI,
hüquq elmləri doktoru,
professor

"Azərbaycan" qəzeti, 15fevral 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!