İnsanların qəlbinə yol tapmaq da elmi kəşf qədər çətindir

BU GÜN AKADEMİK ABEL MƏHƏRRƏMOVUN REKTORLUQ FƏALİYYƏTİNİN 13 İLİ TAMAM OLUR

Görkəmli şəxsiyyətlərin həyatını onların məxsus olduqları xalqın tarixinin bir parçası sayanlar səhv etməyiblər. Görkəmli kimyaçı alim, akademik, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmovun ömürnaməsini vərəqlədikcə, bu həqiqəti bir daha dərk edirsən. Bunu Abel Məhərrəmovun həyatında bir neçə istiqamətdə görmək mümkündür.
Əvvəla, görkəmli alimimiz Qərbi Azərbaycanın əsil-nəcabətli, köklü-köməcli nəsillərindən birinə mənsub olan ailədə dünyaya göz açıb. Təbii ki, zaman-zaman ata-baba torpaqlarımıza sahib çıxmağa can atan ermənilərin mənfur niyyətləri bu ailəyə, Abel Məhərrəmovun taleyinə də təsirsiz qalmayıb.
Digər tərəfdən, akademik Məhərrəmovun elmdə qazandığı nailiyyətlərin timsalında bir Azərbaycan elminin uğurlarının, şöhrətinin bir hissəsini görürük.
Bütövlükdə Abel Məhərrəmov bir alim, təhsil təşkilatçısı, rəhbər işçi, qurucu insan, ictimai xadim kimi nümunəvi bir yol keçib. Bunu ümumiyyətlə Azərbaycan ziyalısının, alimin keçdiyi şərəfli yol hesab etmək olar.
Atası Məmmədəli Məhərrəmov Ermənistan adlanan respublikanın Amasiya rayonunda tanınmış riyaziyyat müəllimlərindən idi. O, irəvanlı tacir Məşədi Ələsgərin ixtisasca müəllim olan qızı Şəfiqə ilə ailə həyatı qurmuşdu. Lakin “Türksüz Ermənistan” məqsədi ilə yaşayan erməni şovinistləri 1948-ci ildə Qərbi azərbaycanlıların növbəti dəfə öz ata-baba yurdlarından köçürülməsinə nail oldular. Bu deportasiya dalğası təbii ki, Məhərrəmovların ailəsindən də yan keçmədi.
Gənc müəllimlər ailəsi bir müddət Ağdam rayonunun Əhmədağalı kəndində məskunlaşdı. Burada onların Abel adlı oğlu dünyaya gəldi. Lakin ara sakitləşəndən sonra ailə yenidən öz doğma ocağına – Ağbaba mahalının ən böyük kəndlərindən olan Güllübulağa köçdü. Mənzilinin ən sevimli və “qiymətli” mebelinin yazı taxtası olan Məmmədəli kişinin və sonralar əməkdar müəllim şərəfli adına layiq görülən Şəfiqə xanımın ailəsində böyüyən övladların təhsilə, elmə hələ erkən yaşlarından bağlanması təsadüfi hal deyildi. Başqa sözlə, hərisliklə, həvəs və məhəbbətlə biliklərə yiyələnən Abelin bu marağı ilk növbədə qanından-genindən gəlirdi. Bu maraq və istək onun ömürlük yol yoldaşı oldu.
Kimya sahəsini də öz istəyilə seçdi. Orta məktəbi bitirəndən sonra müvəffəqiyyətlə imtahan verib Bakı Dövlət Universitetinin tələbəsi oldu.
BDU-nu bitirdikdən sonra Abel Məhərrəmov Moskvaya gedir və orada aspiranturaya daxil olur. Dünya şöhrətli alim, akademik N.S.Zefirovun rəhbərliyi altında kimya elminin incəliklərinə yiyələnir. Özünə məxsus qətiyyət və zəhmətsevərliklə: “Başladığım işi axıra çatdırmalıyam”, – deyir. Uğurla dissertasiya müdafiə edərək 26 yaşında kimya elmləri namizədi olur.
Beləliklə, Abel müəllim doğma universitetə alim kimi qayıdaraq elmi-pedaqoji fəaliyyətini həvəslə davam etdirir.
Onun elmi tədqiqatlarının fəaliyyət dairəsi geniş və çoxşaxəlidir. Onlar kimyanın əsas sahələrini – neft kimyasını, üzvi kimyanı əhatə edir. BDU-nun öz “şinel”indən çıxdığı üçün burada A.Məhərrəmovun həm elmi tədqiqatlarının sanbalına, həm də bir müəllim kimi nüfuzuna hələ cavan yaşlarından bələd idilər. Odur ki, ona əvvəllər universitetin tədris hissəsinə rəhbərlik etmək kimi çox məsuliyyətli iş tapşırmışdılar. Bundan sonra Abel müəllim kimya fakültəsinin dekan müavini, daha sonra dekanı seçilmişdi. Tapşırılan bütün vəzifələrdə A.Məhərrəmovun təşəbbüskarlığı, idarəetmə qabiliyyəti ona müvəfəqqiyyət qazandırmışdır. Hər yerdə həm tədrisin səviyyəsini yüksəlməyə, həm də kollektivdə sağlam, işgüzar mühit yaratmağa nail olmuşdur. Bütün bunları öz prinsipiallığı, ardıcıl və məqsədyönlü işi, insanlara diqqət və qayğısı sayəsində edə bilmişdir.
Paralel olaraq elmi işlərini də davam etdirirdi. Odur ki, 1991-ci ildə alim böyük müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etdi. Həmin zaman 40 yaşını təzəcə haqlamışdı...
Onu yaxından tanıyanlar bir çox yüksək xüsusiyyətlərindən yaxşı xəbərdardılar. Həmin xüsusiyyətlər sırasında əsasən bunları qeyd edirlər: dərin ağıl, uzaqgörən analitik düşüncə, güclü məntiq, möhkəm yaddaş, dostluqda sədaqət, humanist münasibət, böyük diqqət, balanslı rəftar, tükənməz cəsarət, zəhmətsevərlik və s.
Yüksək elmi səviyyəsini, islahatlara meyilliliyini, işgüzarlığını, idarəçilik keyfiyyətlərini nəzərə alaraq ulu öndər Heydər Əliyev 1999-cu il yanvarın 11-də Abel Məhərrəmovu Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin etmişdir.
Sonralar Abel müəllim belə deyəcək: “Mən həyatımda minlərlə, bəlkə yüz minlərlə insanla görüşmüşəm. Bunların arasında dövlət başçıları, böyük elm adamları, görkəmli siyasi xadimlər də olub. Lakin onların heç biri məndə ümummilli lider Heydər Əliyev qədər yüksək təəssürat oyatmayıb... Bircə fakt qeyd edim ki, 1999-cu ilin yanvarında mənim BDU-ya rektor təyinatımla əlaqədar onunla təxminən bir saatlıq görüşümdəki təəssürat on iki ildən artıqdır ki, məni müşayiət edir. Ən həlledici məqamlarda, çətin dəqiqələrdə, mürəkkəb qərarların qəbul olunduğu anlarda onun tövsiyələri, məsləhətləri köməyimə çatır”.
Bu gün BDU tanınmaz dərəcədə dəyişib. Abel Məhərrəmov düz 13 il əvvəl Azərbaycanın bu nüfuzlu, qocaman ali təhsil ocğına rektor təyin olunan gündən məhz bu amala xidmət edib – misilsiz universitet nümunəsi yaratmağa! Rektor ideyalarını gerçəkləşdirmək üçün ilk növbədə universitetin köhnə, dağılmış görkəmini ən müasir səviyyəyə çatdırmaqdan başladı. Tezliklə, BDU tamamilə başqa bir görkəm aldı. Təmir və yenidənqurma işləri aparıldı, həyəti abadlaşdırıldı. Lakin bu təbəddülat universitetin təkcə zahiri simasında özünü göstərməməli idi! Məhz buna görə də rektor “universitet təhsili onun görkəminə, statusuna adekvat olmalıdır” fikrini həyatda konkret işlərlə reallaşdırmağa başladı. Nəticədə BDU Azərbaycanda ilk dəfə olaraq təhsildə Avropa standartlarına – Bolonya sisteminə, bakalavr, magistratura pilləsinə qoşulub. Təhsil Nazirliyi bu təşəbbüsü bəyənməklə yanaşı, universitetin təcrübəsinin digər ali məktəblərin əxz etməsini də lazım bilib.
Rektor Abel Məhərrəmovun qabaqcıl dünya standartlarına söykənən tədris fəaliyyəti ilə universitet xarici dövlətlərin nüfuzlu təhsil ocaqlarının diqqətini cəlb edib. Moskva Dövlət Universiteti, Ankara, İstanbul universitetləri ilə tələbə mubadiləsi yeni mərhələyə qədəm qoyub.
“Abel Məhərrəmov hər şeydən öncə tələbə adamdır”. Bu sözləri BDU-nun jurnalistika fakültəsinin tələbələrindən biri deyib. Bəli, onun rəhbərlik etdiyi universitetin əsas məqsədi məhz gələcəyin yüksək ixtisaslı mütəxəssisini, ziyalısını və vətəndaşını yetişdirməkdir. Bu məqsədə çatmaq üçün rektor strategiyanı dəqiq müəyyənləşdirmiş, həmin istiqamətdə bütün qüvvələri səfərbərliyə almışdır. Odur ki, universitetdə tədris və təhsilin keyfiyyəti günü-gündən yüksəlir. Ölkə Prezidentinin bu sahədə qarşıya qoyduğu tələbləri həyata keçirmək üçün ən mütərəqqi yeniliklərin BDU-ya gətirilməsi və tətbiqi rektoru düşündürən başlıca məsələlərdəndir. Bu böyük universitetin qədir-qiymətini bilmək, missiyasını dərk etmək Vətən sevgisi qədər vacibdir. Buna görə də rektor A.Məhərrəmov müəllimlərlə, tələbələrlə görüşlərində dönə-dönə təkrar edir ki, universitet tələbəsi olmaq şərəf işidir, insanın öz həyatını qurmaq prosesinin uğurlu başlanğıcıdır. Universitet müəllimi olmaq isə xalqın potensial maddi intellektini gerçəkləşdirmək iddiasıdır, habelə məsuliyyətdir.
BDU-ya gətirdiyi ab-hava, möhkəm intizam, qayda-qanunların ciddi qorunması kimi müsbət cəhətlər bütün universitet kollektivində ona qarşı rəğbət yaradıb. Universitet – böyük, müəllimlər, əməkdaşlar, tələbələr çoxdur. Əgər desək ki, rektor bunların hər birinə fərdi yanaşmağı bacarır, əsla səhv etmərik. Maraqlıdır ki, Abel müəllim bəzən ən tənbəl, ipə-sapa yatmayan, əslində heç təhsilini davam etdirməyə layiq olmayan tələbəyə də şans verib. O da maraqlıdır ki, həmin tələbə rektorun bu böyüklüyü və alicənablığı qarşısında ram olaraq düz yola qayıdıb, yəni necə deyərlər, başını aşağı salıb təhsili ilə, oxumağı ilə məşğul olub. Məsələ dövlətin, xalqın, elmin, universitetin mənafeyinə toxunanda isə Abel müəllim bir qayda olaraq barışmazdır. Qarşıdakı ən yaxın adamı olsa belə...
Abel Məhərrəmovun Türkiyə, Latviya, Rusiya, Qazaxıstan, Türkmənistan, Rumıniya, Polşa prezidentləri ilə görüşməsi BDU-nun həmin ölkələrlə elmi-ictimai əlaqələr qurmasında böyük rol oynayır. Bu əlaqələrin qiyməti təkcə universitetə deyil, bütövlükdə Azərbaycana gərək olmasındadır.
Təsadüfi deyil ki, Abel Məhərrəmov Rumıniyanın Ovidius Universitetinin, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin, Krım Mühəndis Pedaqoji Universitetinin fəxri doktoru seçilib. 2002-2004-cü illərdə Qara Dəniz Höfzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti olub, 2004-cü ildən isə vitse-prezidentidir.
Prezident İlham Əliyev akademik Abel Məhərrəmovun elm və təhsil sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək onu “Şöhrət” ordeni ilə təltif edib. Dövlətimizin başçısı BDU-nun 90 illik yubileyində çıxış edərkən ölkəmizin bu adlı-sanlı təhsil ocağında qazanılmış nailiyyətləri yüksək dəyərləndirib.
Bir alim kimi Abel Məhərrəmov son 13 ildə BDU-da böyük elmi-tədqiqat işlərinin aparılmasına da böyük əhəmiyyət verib və universitet bu sahədə beynəlxalq arenaya çıxa bilib. Belə ki, akademikin elmi inkişafa münasibəti Amerika fiziki T.Kunun praqmalar konsepsiyası ilə həmahəng səslənir. T.Kun elmin inkişaf mərhələlərini “normal elm”ə və “elmi inqilab”lara ayırır. Elmi fəaliyyətin və ya paradiqmanin müəyyən modelini qəbul edən elmi ictimaiyyətin əksər nümayəndələri bütün elmi “başsındırmalar”ı bu model çərçivəsində həll etməyə çalışırlar. Elmin inkişafı prosesində belə bir mərhələ gəlib çatır ki, burada qarşıya çıxan problemlərin həlli həmin paradiqma çərçivəsində qeyri-mümkündür. Bu zaman mövcud paradiqmadan imtina edilir və problemlərin həlli üçün yeni paradiqma axtarışı başlanır. Bu, elmi təfəkkürdə inqilabi situasiyanın yetişməsindən xəbər verir.
Məhərrəmov elmi-tədqiqata Kun konsepsiyası üzrə münasibət bəsləyir. O özünün elmi yaradıcılığında paradiqmanın bu prinsiplərini həyata keçirir. Onun ən böyük arzularından biri elmi yaradıcılığın bu keyfiyyətinin universitet professor-müəllim heyətində bərqərar olmasıdır. Misal kimi nanotexnologiyanı göstərmək olar. Nanotexnologiya elmdə tamamilə yeni sahədir və onun tətbiqi ciddi çətinliklər törədə bilər. Lakin Abel müəllim bu çətinliklərə qalib gələcəyi şəksizdir və nanotexnologiyanın xidmətlərini xalqımızın istifadəsinə yönəldəcəyinə şübhə yoxdur.
Abel müəllim elmdə də, vəzifə kürsüsündə də, insanların gözündə də halal zəhməti ilə pillə-pillə ucalıb. Kiçik arayış:
Abel Məhərrəmov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.
1998-ci ildən Təhsil Nazirliyinin Vahid Elmi-Metodik Şurasının üzvü, 2000-ci ildən isə doktorluq və namizədlik Dissertasiya Şurasının sədridir.
YAP İdarə Heyətinin üzvüdür. Əməkdar elm xadimi 2002-ci ildə BDU üzvi kimya kafedrasının müdiri seçilib və onun rəhbərliyi altında “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyası təşkil olunub. 48 müəlliflik şəhadənaməsinin, 15 monoqrafiyanın, 51 dərslik və dərs vəsaitinin, həmçinin Azərbaycanda və xarici ölkələrdə çıxan jurnallarda nəşr olunmuş mindən artıq elmi məqalə və tezisin müəllifidir. Rəhbərliyi altında 37 kimya elmləri doktoru və namizədi hazırlanıb.
Abel Məhərrəmov anasını sevən bir övlad, övladını sevən bir ata, gözəl ailə başçısı, nəvələrinə çox vaxt sərf edə bilmədiyi üçün təəssüflənən qayğıkeş baba, tələbələrinin arzuları ilə yaşayan müəllim, əməkdaşlarına bağlı olan rəhbərdir. İnsanlara sevgisi Abel müəllimin bir millət vəkili kimi seçicilərini başa düşməkdə, onları narahat edən məsələlərə, problemlərinin həllinə diqqət və qayğı ilə yanaşmaqda köməkçisidir. İkinci dəfə millət vəkili seçilməsi də məhz bu amillərdən qaynaqlanır.
Ataların müdrik bir kəlamındakı dərin mənaya istinad edərək deyək ki, bütün bunların özü, yəni insanları sevmək, onların sevgi və ehtiramını qazanmaq heç də elmi kəşflər etməkdən az əhəmiyyətli deyil.

A.ƏMİROVA.
“525-ci qəzet”, 12 yanvar 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!