Bir millətin haqq bağıran səsi

Azərbaycan həqiqətlərini dünyaya yayan AzərTAc bütün türk toplumlarının xəbər ünvanına çevrilib

Bəşər tarixində ilk xəbərin hansı məkanda və zamanda, kim tərəfindən deyildiyi və bu xəbərin məzmunu bəlli deyil. Uzaq keçmiş haqqında bu gün təxmin edilən ilk çatlarda belə insanların xəbərləşməyə, bir-biri haqqında məlumat almağa böyük ehtiyac duyulub. Amma təbii ki, bu zamanlarda məlumat mübadiləsi kəmiyyətcə az olmaqla yanaşı, keyfiyyətcə də ibtidai təfəkkürün məhsulu kimi aşağı səviyyədə olub. Sonradan ictimai münasibətlərin inkişafı, siyasi quruluşların təkmilləşməsi, elmi-texniki tərəqqi adi xəbərin həm leksik-semantik, həm də ictimai-siyasi dəyər baxımdan xeyli inkişafı onu mükəmməl məlumat, informasiya halına çatdırıb. Bu baxımdan yaşadığımız zamanı

İnformasiya dövrü

Adlandırmaq olar. Çünki müasir dünyada informasiyanın rolu getdikcə artır. İndi “dəmir pərdə” yoxdur, müasir texnologiyalar hər kəsin yer kürəsinin istənilən nöqtəsindən informasiya almasına imkan verir. Müasir dünyada informasiyanın dövlətin ictimai-siyasi həyatındakı rolu o qədər nəhəngdir ki, heç bir müasir silahın gücü ona alternativ ola bilməz. İndiki dövrdə dövlətin güclü hərbi qüdrəti yalnız “isti” müharibəni əngəlləyən faktor rolunda çıxış edir, bütövlükdə bu proseslər isə informativ sistemlərin altçoxluğuna çevrilməkdədir. Bu, müasir dövrün müsbət xüsusiyyətidir. İbtidai xəbərləşmənin belə yüksək informasiya münasibətlərinə çatması məkanından, sosial və milli mənsubiyyətindən asılı olmayaraq, insani münasibətlərdə müstəsna əhəmiyyəti olan bir-birini tanımaq, bir-biri haqda məlumat prosesinə hədsiz töhfə vermiş oldu ki, hazırda dövlətlər və cəmiyyətlər arasındakı əlaqə məhz bu vasitə ilə qurulur.

Bu gün informasiya cəmiyyətin idarə olunmasında tətbiq olunan ən müasir və qüdrətli texnoloji silahdır. İnformasiyanın insan həyatında və bütövlükdə cəmiyyətdə önəminin bu qədər artması

İnformasiya müharibəsi

Kimi yeni bir mübarizə üsulu yaradıb ki, bu da insanların şüuru uğrunda savaşdır, burada silah yox, qələm söz sahibidir. Düzgün qurulub aparılan informasiya müharibəsi ilə hərbi qələbəni məğlubiyyətə və ya əksinə, hərbi məğlubiyyəti qələbəyə çevirmək olar. Müstəqilliyinin 20-ci ilinə yaxınlaşan Azərbaycan Respublikası informasiya müharibəsinin düz ortasındadır. Qarabağ münaqişəsi başlayandan Azərbaycana qarşı aktiv informasiya müharibəsi də gedir. Erməni diasporu və Ermənistan dövlətinin birgə resursları ilə aparılan bu müharibənin məqsədi işğal olunmuş torpaqları qaytarmamağın ermənilərin haqqı olduğunu, Qarabağ müharibəsində Azərbaycanın təcavüzkar, Ermənistanın isə qurban olduğunu, Qarabağın erməni torpağı olduğunu dünya ictimaiyyətinin beyninə yeritməkdir.

Bu baxımdan düşmənlərlə savaş meydanında aparılan qanlı savaşlar qədər informasiya müharibəsində də uğur qazanmağın çox böyük əhəmiyyəti var. Qarabağ müharibəsinin ilk vaxtlarını və müstəqillik illərini nəzər diqqətdən keçirərək tam əminliklə söyləmək olar ki, Azərbaycan qarşı tərəfin bütün gücünə və dayaqlarına rəğmən öz ətrafındakı informasiya blokadasını darmadağın etmiş, öz həqiqətlərini bütün dünyaya çatdırmışdır. Bu prosesdə “Odlar yurdu”, “Vətən səsi”, “Aydınlıq”, “Azərbaycan”, “Meydan” qəzetlərinin, “Gənclik” və digər jurnalların rolu danılmazdır. Bu proseslərdə istisnasız şəkildə xidmətlərə imza atan Azərbaycan Dövlət Teleqraf Agentliyi-AzərTAc da var ki, o, həm də

Cümhuriyyət yadigarı

Kimi xatırlanmaqdadır. Şərqin ilk Demokratik dövləti olan Azərbaycan Xalq Cumhuriyyəti dövründə – 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış AzərTAc sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərmişdir. Bütün dövrlərdə ölkənin əsas informasiya agentliyi sovetlər zamanında Az.Qaf.Rosta, AzərTA, ZaqTA, Azərinform adları altında fəaliyyət göstərmiş, nəhayət dövlət mütəqilliyimiz yenidən bərpa edildikdən sonra agentliyin adı da özünə qaytarılmışdır.

Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyidir. AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq bütün sutka ərzində Azərbaycan, rus, ingilis, fransız, alman və ərəb dillərində dəqiq və operativ informasiya buraxır. Bu gün yüksək texiniki avadanlıqlar və iş şəraiti ilə təmin olunan AzərTAc həm də çətin bir dövr keçmişdir. Ağır və şərəfli müstəqillik yollarında Azərbaycan xalqının ən yaxın sirdaşı, məhz, bu agentlik olmuşdur. 1990-cı ilin qanlı yanvar günlərində ölkə daxili bütün informasiya qurumlarının fəaliyyəti dayandığı, qəzetlərin çıxmadığı, televiziyanın belə bağlandığı bir zamanda baş verənlər haqda yeganə məlumat qaynağı məhz AzərTAc oldu. Hər kəs bu agentliyin küçələrdə divarlara yapışdırılan bülletenləri vasitəsi ilə baş verənlərdən xəbər tuturdu. Bu mənada İstiqlal mübarizəmizdə, dövlət müstəqilliyimizin qazanılmasında AzərTAc-ın əvəzolunmaz xidmətləri var və informasiya dünyamızda Xalq Cümhuriyyətinin yadigarı kimi müasir respublikamız da bu angentliyin fəaliyyəti ilə fəxr edə bilər.

AzərTAc-ın inkişaf yolu

Həm də elə müstəqil Azərbaycan Respublikasının inkişaf yolu ilə uyğunluq təşkil edir. Bu uyğunluğun ən gözəl ifadəsi isə xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci ilin fevralında AzərTAc-ın 80 illik yubleyi ərəfəsində agentliyin kollektivinə ünvanladığı təbrik məktubunda yer almışdır: “Müstəqilliyimizin daha da möhkəmləndirilməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən köklü islahatların, baş verən mütərəqqi dəyişikliklərin, Ermənistanın respublikamıza təcavüzü ilə yaranmış mürəkkəb sosial-iqtisadi və insani problemlərin açılmasında, beynəlxalq aləmə yayılmasında AzərTAc-ın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir”. Xüsusi olaraq qeyd etmək vacibdir ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində inkişaf prosesi başlanmışdır ki, sözsüz AzərTAc da bu tərəqqi və yüksəliş dalğasından kənarda qalmayıb. Ulu öndər Heydər Əliyevin 1995-ci il martın 3-də “Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc) yenidən təşkil edilməsi haqqında”, 1996-cı il iyunun 29-da “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc) işinin yaxşılaşdırılması haqqında”, 2000-ci il yanvarın 17-də “Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc) fəaliyyətinin təkmilləşdirilməsi haqqında”, 2002-ci il dekabrın 28-də “Azərbaycan Teleqraf Agentliyi (AzərTAc) işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında” fərman və sərəncamlarının bu informasiya agentliyinin mövcud nailiyyətləri əldə etməsində müstəsna əhəmiyyəti olubdur. Bütün bu fərman və sərəncamlar ümummilli liderin AzərTAc-a böyük dəyər verməsi və hər zaman bu agentliyə dövlət qayğısı göstərməsinin göstəricisidir. Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev də bu dövlət qayğısını hər zaman davam etdirməkdədir.

AzərTAc-ın inkişafında 2002-ci ildən bu quruma rəhbərlik edən baş direktor Aslan Aslanovun xüsusi rolunu ayrıca qeyd etmək lazımdır. O, informasiya sahəsində əməkdaşlığın müasir problemlərini, dünyada informasiyanın rolunu çox yaxşı başa düşən müasir təfəkkürlü peşəkardır. Elə bu peşəkarlığın nəticəsidir ki, AzərTAc-ın üzvü olan təşkilatlarla keçirilən bütün tədbirlərdə bu qurum öz sözünü deyir. 90 yaşlı informasiya agentliyinin ev sahibliyi etdiyi öütün tədbirlər yüksək nailiyyətlərlə başa çatır. Düzənlənmiş bütün tədbirlərin bir amalı var: Azərbaycanın siyasət, iqtisadiyyat və sosial sahədə qazandığı uğurları informasiya məkanında da öz əksini tapsın və dünya onu etiraf etsin. AzərTAc-ın böyük potensialı var. Hər zaman Azərbaycan həqiqətlərini yaymağı qarşısına məqsəd qoyan agentlik bu gün – informasiya dövründə dövlətimiz həyatında əhəmiyyətinə və roluna görə çoxdan

Dünyaya açılan pəncərə

Statusu qazanmışdır. Aparılan düzgün siyasət, həqiqəti yaymaq əzmi, dövlətçiliyə və azərbaycançılığa sədaqət AzərTAc informasiya agentliyini dünya informasiya sisteminin bir üzvünə, bütöv bir məlumat zəncirinin ən möhkəm halqalarından birinə çevirmişdir. AzərTAc İTAr-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), AGERPRES (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalamışdır. 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), 2008-ci il aprelin 18-də Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilmişdir. AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindən biri, 2008-ci ildən “AsiaPulse” – Asiya xəbər agentlikləri konsorsiumunun üzvüdür.

AzərTAc-ın Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya, Avstriya, İran, Ukrayna, Gürcüstanda, Orta Asiya və Qazaxıstanda, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan uzun illər boyu ona qarşı aparılan informasiya müharibəsinin obyekti olmuşdur və proses davam edir. Bu baxımdan Azərbaycanın özünün informasiya qurumları vasitəsilə, ilk növbədə, bugünkü Azərbaycan haqqında həqiqətləri və reallıqları bütün dünyaya çatdırmalı olan AzərTAc dövlət agentliyi vasitəsilə dünyada cərəyan edən informasiya prosesinin tərkib hissəsinə, fəal iştirakçısına çevrilməsi çox vacibdir. Amma AzərTAc-ın beynəlxalq əlaqələr üzrə fəaliyyətində daha çox diqqət çəkən və ən önəmli məqam

 

Türk Dünyası

İnteqrasiyası istiqamətində gördüyü işlərdir. Tam əminliklə söyləmək olar ki, Türk Dünyasının vahid informasiya şəbəkəsi olan Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) birbaşa AzərTAc-ın təşəbbüsü və iştirakı ilə yaranmışdır. Belə ki, 1992-ci ildə Ankarada Türkdilli Ölkələrin Agentlikləri Birliyi adı altında yaranan qurum ilk vaxtlarda ancaq dövlət müstəqilliyini elan etmiş türk toplumların informasiya və xəbər agentliklərini özündə birləşdirirdi. TKA-ya rəhbərliyin AzərTAc-a keçdiyi dönəmdə 2008-ci ildə bu qurumun adında aparılan leksik dəyişiklik Başqırdıstandan “Başinform”, Tatarıstandan “Tatar-inform”, Krımdan “Krım xəbərləri” kimi agentliklər də TKA-ya üzv olmuşdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Türk Dünyasının informasiya şəbəkəsinin bir mərkəzdə bu şəkildə cəmlənməsində AzərTAC-ın baş direktoru Aslan Aslanovun müstəsna və əvəzsiz xidmətləri olmuşdur.

Elə buradaca bildirək ki, Aslan müəllimin AzərTAc-a rəhbərliyi dövründə bu informasiya agentliyi Azərbaycanın informasiya blokadasının darmadağın edilməsi işini layiqincə yerinə yetirərək, daha böyük hədəflərə istiqamət götürmüşdür. Türkdilli Xəbər Agentlikləri Birliyi, məhz, bu hədəfə yönələn təşkilatlardandır. Bu gün AzərTAc yalnız Azərbaycan həqiqətlərini dünyaya yayımlamaqla kifayətlənməyərək TKA vasitəsilə bütövlükdə müstəqil dövlətə sahib olan və muxtariyyət halında yaşayan türk toplumlarının haqq səsini də dünyaya çatdırır. Azərbaycan dövlətinin ən yaşlı və təcrübəli informasiya agentliyinin baş direktoru müasir dünyanın siyasi burulğanında məhv olmamağın ən düzgün yolunun yaxın mədəniyyətlərin və eyni tarixi keçmişi bölüşən xalqların inteqrasiyasında olduğunu çox dəqiq dərk etdiyindəndir ki, bu gün düşmənlərimizin anti-türk təbliğat maşınına qarşı vahid və güclü bir informasiya sistemi fəaliyyət göstərir. TKA-nın yaradılması bəlli məqsədə çatmaq yolunda çox böyük iş olsa da, Aslan müəllim bunu da yetərli saymayaraq, türk toplumlarının daha güclü informasiya şəbəkəsinin formalaşması üçün əlindən gələni edir. Türkdilli xalqların bu günkü həyatı, bu ölkələrdə baş verən ictimai-siyasi proseslər, mədəni-iqtisadi hadisələr haqqında yetərli qədər ətraflı məlumatlar almaq üçün Aslan müəllimin təşəbbüsü ilə türkdilli xəbər agentlikləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması təşəbbüsü ilə çıxış edib. Artıq AzərTAc bir neçə türkdilli agentliklərlə belə əməkdaşlıq yaratmışdır. Aslan müəllimin qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün gücü ilə fəaliyyət göstərməsini, milləti və dövlətinin mənafeyi üçün ən çətin və bəzən qeyri-mümkün görünən işləri gerçəkləşdirmək gücünü nəzərə alsaq, inamla demək olar ki, bu məqsədə də nail olunacaq və dünyanın ən böyük, ən güclü informasiya sisteminə məhz türkdilli toplumlar sahib olacaq. Aslan müəllimin qarşısına qoyduğu hədəf də səbəbsiz deyil. Rəhbəri olduğu qurumun bir dövlətin sərhədlərindən çıxaraq böyük bir millətin

Haqq carçısı

Fəaliyyətini ən ali məqsəd kimi qarşısına qoyan Aslan müəllim bu işdə ümummilli liderimiz Heydər Əliyevin hər zaman əsas götürdüyü Türk birliyi prinsiplərinə söykənir. Buna misal olaraq AzərTac rəhbərinin 29 aprel-2 may 2008-ci il tarixdə keçirilən Türkdilli agentliklərin Bakı görüşündəki çıxışından bir məqama diqqət yetirmək kifayətdir: “Son illər tez-tez belə bir fikir səslənir ki, XXI əsr türk əsri olacaqdır. Bu fikrin, hamımızın ürəyindən keçən bu istəyin gerçəkliyə çevrilməsi, türkdilli dövlətlərin qloballaşan dünyada özlərinin layiqli yerinin tutması, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi üçün ölkələrimiz və xalqlarımız arasında əlaqələrin, işbirliyinin möhkəmlənməsi günümüzün tələbidir. Biz bir-birimizə gərəyik və xalqlarımızın, ölkələrimizin daha da yaxınlaşması üçün birlikdə olmalıyıq.” Aslan müəllimin bu sözləri yalnız toplantı iştirakçıları üçün deyilmiş gəlişi gözəl sözlər deyil. A.Aslanov həm də öz fəaliyyətində hər zaman söylədiyi fikirlərin həyata keçməsi və türk birliyinin informasiya sahəsindəki ifadəsini təşkil etmək üçün əlindən gələni etmişdir.

Türk toplumları bəşər tarixində ən böyük hadisələrin altına imza atan böyük bir millətin yetirmələridir. Amma tarixin tərs gedişatı böyük bir milləti pərən-pərən etmiş və bir-birindən ayrı salmış, şər güclər müxtəlif zamanlarda ayrı-ayrı türk qövmlərinə faciələr yaşatmışdır. Amma bu gün tarixin millətlərin öz haqqını bərpa etmə və ədalətə qovuşma dövrüdür. Bu şərəfli işdə hər kəs öz zəhmətini və bacarığını əsirgəməməlidir. Necə ki, AzərTAc Türk toplumlarının haqq bağıran səsi kimi dünyada söz sahibinə çevrilib. Ümid edirik ki, 2008-2010-cu illərdə AzərTAc-ın rəhbərliyi ilə fəaliyyət göstərən TKA və onun ortaq xəbər portalı Anadolu Agentliyinin növbəti iki ildə də prioritetlərindən olacaq.

Pərvanə İbrahimova, BDU-nun Jurnalistika fakültəsinin müəllimi

"525-ci qəzet", 09 dekabr 2010-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!