BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev və Zəngəzur

Bakı Dövlət Universitetinin məzunu olduğumun sevinc və qürurunu yaşamaqdan aldığım fərəhi ifadə etməyə həmişə çətinlik çəkirəm. Bircə onu bilirəm ki, Heydər Əliyev kimi bir dühanın vaxtilə oxuduğu, bioqrafiyasına əbədi həkk edilən bu möhtəşəm təhsil ocağı mənim üçün çox unudulmaz bir məkandı. Lap doğulduğum yurd kimi əziz və doğmadır. Bu yazımda isə milli liderimizin indi əlim yetməz, yolum düşməz ana yurdumla bağlı həyata keçirdiyi və çoxuna məlum olmayan nəcib işlərdən söz açmaq istəyirəm.
Hər birimizin qəlbində vətəndaş olaraq ümummilli lider Heydər Əliyevə bir borc hissi var. Qüdrəti və xalqa məhəbbəti ilə \günəş ucalığında dayanan ulu öndərin boynumuzda elə bir haqqı var ki, onu qaytarmağa bir ömür azlıq edər. Heydər Əliyev elə bir düha sahibi idi ki, bütöv bir xalqın taleyi məhz onun fəaliyyəti, cəsarəti, mübarizəsi, nurlu əməlləri ilə həll edildi. Bu gün dahi insana qarşı hər birimizin köksündə səngiməz bir məhəbbət var. Hər bir zaman ulu öndərin ruhu qarşısında baş əyməkdən, müqəddəs xatirəsini yad etməkdən bir rahatlıq tapırıq. Heydər Əliyev adının qarşısında baş əymək həm də ucalmaq, qüvvətlənmək, güclənmək deməkdir. Bu, ulu öndərin ideyaları yolunda birləşmək, mübariz olmaq əzmini bəyan etməkdir.
Ümummilli lider Heydər Əliyev Naxçıvanda dünyaya gəlmişdi. Bu qədim şəhərdə böyümüşdü, təhsil almışdı. Amma valideynlərinin söylədiklərini heç vaxt unutmamışdı. Bilirdi ki, ötən əsrin əvvəllərində erməni daşnaklarının törətdiyi qalmaqallar nəticəsində Zəngəzurda qopan fəlakətlərdən yaxa qurtarmaq üçün Naxçıvana pənah gətirən ailələr arasında Heydər Əliyevin də nəsli-nəcabəti var. İstər orta, istərsə də ali məktəbdə oxuyanda yay tətillərində Qarakilsəyə (indiki Sisian) rayonuna gələr, Comərdlidə, Urudda olar, qohum-əqrəbaları ilə görüşərdi. Hər iki kənddə uşaqlıq və gənclik dostları var idi. Bazarçayda çimməyi çox sevərmiş. Ən hündür qayadan çaya tullanarmış. Urudda sonralar həmin qayaya «Heydər qaya»sı deyərdilər. Uşaqlıq dostlarından biri indi haqq dünyasında olan Sabir Tahirov mənə danışardı: «Bir gün çaydan çıxıb yastı qayanın üstündə uzanaraq özümüzü günə verirdik. Birdən Heydər dedi: «Kaş adamı aparıb Bağırovun (M.C.Bağırov – F.X.) yerinə qoyalar». Kimin ağlına gələrdi ki, bu sözləri ona söylədən fəhmin gücüdür».
Yaşlı adamlar həmişə danışardılar ki, müharibə illərində insanlar ərzaq sarıdan çox korluq çəkərdilər. Heydər Əliyev həmişə Comərdli və Urud camaatına Naxçıvandan dağarcıqlarda duz gətirərdi. Comərdli sakini rəhmətlik Əli Baxşəliyev deyərdi ki, o vaxt bizim camaatın salamat qalmasında gənc Heydərin çox köməyi olub. İndiki kimi deyildi. Maşın-zad nə gəzirdi? Heydər sıldırımlı qayaları, buzlu yolları – Naxçıvandan Qarakilsəyə olan məsafəni piyada gedib-gələrdi. Çox təəssübkeş və həssas idi. Bu səbəbdən də Naxçıvanda əlinə nə düşsə, Qarakilsə camaatına yetirirdi. Hətta kənd cavanları ilə birlikdə konsert proqramı hazırlayaraq əhaliyə xoş ovqat bəxş edirdi. Rəssamlıq qabiliyyəti olduğundan çoxunun rəsmini karandaşla çəkərdi. Hələ yeniyetmə çağlarından Heydər Əliyevi qarakilsəlilər çox sevər, ona xilaskar kimi baxardılar.
Sonralar Heydər Əliyev Bakıda müxtəlif vəzifələrdə çalışdığı illərdə də Zəngəzur camaatını unutmadı. Ən çox məsləhəti bu olurdu ki, uşaqlar orta məktəbdə yaxşı oxusunlar, gənclər ayrı-ayrı yerlərdə ali təhsil alsalar da mütləq doğma yurda qayıtsınlar. Zəngəzurun tarixinə, taleyin\ə dərindən bələd olduğu üçün Heydər Əliyev istəyirdi ki, yurd yerlərimiz boşalmasın. Qədim oğuz torpağında soydaşlarımızın möhkəmlənməsi üçün əlindən gələni edirdi.
Ötən əsrin 60-cı illərində Qarakilsə rayon partiya komitəsində Güllər Babayeva adlı bir xanım katib işləyib. Həmin vaxt bu xanımın həyatı çox ağır və çətin bir zamana tuş gəlib. O, tez-tez dost cildinə bürünmüş, əslində türkün qanına yerikləyən ermənilərin min cür hiyləsi ilə üzləşir. Vaxtilə qondarma genosidin 50 illiyi ilə əlaqədar rayonda Andronikə abidə qoymaq istəyirmişlər. Məhz Güllər Babayevanın xəbərdarlığı nəticəsində Heydər Əliyev böyük ustalıqla bu işə mane oldu. Daşnaklar arzularını reallaşdıra bilmədilər. Elə həmin vaxtlarda İrəvanda Ermənistan MK-nın plenumu keçirildi. Bu yığıncağın da təmayülü elə idi ki, tədbirdə ancaq Ermənistanın rayon partiya komitələri və digər sahələrin rəhbərləri, yəni birinci şəxslər iştirak edirdilər. Sisian rayon partiya komitəsinin birinci katibi hansı səbəbdənsə həmin məclisə gedə bilməyib. Bu iş Güllər Babayevaya tapşırılıb.
Plenumun o vaxt SSRİ-də ad çıxarmış, Lenin haqqında bir sıra yazıların müəllifi kimi tanınmış Marietta Şaginyan da iştirak edirmiş. İclas zamanı ermənilər Şaginyana belə suallar veriblər: «Bizim «Böyük Ermənistan» arzumuz nə vaxt reallaşacaq? Bizim Türkiyə və Azərbaycan ərazilərinə qatılmış torpaqlarımız nə vaxt qaytarılacaq?» Maraqlıdır ki, Şaginyan öz soydaşlarına belə cavab verib: «İndi sovet hökuməti vaxtıdır. Bu məsələləri ciddi şəkildə qaldırmaq olmaz. Hər şeyin öz məqamı var. Amma siz öz körpələrinizin qulağına hələ beşikdə ikən deməlisiniz: «Türk sənin düşmənindir. Sən «Böyük Ermənistan»ın qurucusu olmalısan, sənin ana torpaqların Türkiyənin və Azərbaycanın ərazisindədir».
Ermənilərin yuxarı eşalonunda əyləşənlər heç ağıllarına da belə gətirmirdilər ki, salonda azərbaycanlı ola bilər. Amma Güllər xanımı, təbii ki, tanıyanlar var idi. Hətta biri «canyanalıqla» onun qulağına pıçıldamışdı: «Özünü qoru, səndən xəbər tutsalar, çətin Sisiana salamat qayıdasan». Güllər Babayeva soyuq payız günündə başqaları şübhələnməsin deyə, paltosunu qarderobdan almadan birbaşa aeroporta getmiş, oradan da təyyarə ilə Bakıya uçmuşdur. Bakıda SSRİ hökumətinin rəhbərlərinə teleqramlar vuraraq plenumdakı söhbətin mahiyyətini həm yuxarılara, həm də Heydər Əliyevə bildirmişdir. Məhz Heydər Əliyevin təkidi ilə həmin vaxt SSRİ hökuməti bu işə dərhal reaksiya verərək Ermənistan KP MK-nın birinci katibi Koçinyanı tutduğu vəzifədən azad etdi. Güllər Babayeva isə Sisiana qayıtmadı, Heydər Əliyevin köməyi nəticəsində uzun illər Bakıda pedaqoji fəaliyyətlə məşğul oldu.
1968-ci ildə Sisian rayonunun Şəki kəndində Novruz bayramı axşamı ermənilər özləri tərəfindən qətlə yetirilən bir «dığa»nın ölümünü azərbaycanlı yeniyetmənin üstünə ataraq ailə başçısını və oğlanı həbs etdilər. Ermənilərin ürəyi bununla soyumadı. Bütöv bir nəslin kənddən çıxarılmasına baislik etdilər. Yenə də bu ağır xəbər Heydər Əliyevə çatdırıldı. Ulu öndər dərhal repressiyaya tuş gəlmiş şəkililərə kömək edərək onların Saray kəndində yerləşdirilməsinə nail oldu.
1969-cu ildə ulu öndərin Azərbaycanda rəhbərliyə başlaması zəngəzurluların da taleyində yaşıl işıq yandırdı. Hiyləgər ermənilər yenə də məzlum sifətinə düşərək yaltaqlığa başladılar. Ürəklərində min cür kin və küdurət yetişdirə-yetişdirə saxta dostluq şeypurları çalırdılar.
Qarakilsə camaatı öz övladlarını oxutmaq üçün Bakıya göndərirdi. Yolun uzaq olması nəticəsində hər kəs də balasını gözündən iraq qoymağa ürək etmirdi. Məhz 1974-cü ildə Bakı-Sisian avtobus marşrutunun açılması Heydər Əliyevin öz həmvətənlərinə ən böyük hədiyyəsi oldu. Bu marşrut əvvəllər ancaq Gorusa qədər işləyirdi. İnsanlar çox əziyyətlə Qafan və Naxçıvan istiqamətindən qatarla Bakıya gedib-gələrdilər. İki gün vaxt itərdi. Az sonra Bakı-Gorus təyyarə xətti işə düşdü. Sevincimizin həddi-hüdudu yox idi. Cəmi 45 dəqiqəyə evimizdə olurduq. Mən hələ də o mənzərəni unutmamışam. Analar əlləri göyə Heydər Əliyevin ömrünə dualar oxuyurdular.
O zamanlar ermənilər Heydər Əliyevdən çox çəkinirdilər. Onun qorxusundan azərbaycanlılara bir kəlmə də turş söz deyə bilməzdilər. Bütün xıltları, kinləri içlərində mürgüləyirdi. Bu hadisəni mənə əməkdar rəssam, mərhum Cabbar Quliyev danışmışdı. Heydər Əliyev Moskvada olan zaman Siyasi Büro üzvlərinin şəkilləri bütün rayon partiya komitələrində, eləcə də Ermənistan MK-nın yerləşdiyi binanın qarşısında da divara vurulurdu. Bu sırada Heydər Əliyevin şəkli ikinci idi. Bu, daşnaklara ağır təsir etmişdi. Onlar bu vəziyyətlə heç cür razılaşa bilmirdilər. Nəhayət, oğru təbiətləri öz işini gördü. Bir səhər Heydər Əliyevin şəkli yoxa çıxıb. Bu hal müntəzəm olaraq davam edib. Bəzən də günlərlə şəkil yerinə vurulmurdu. Ağsaqqal rəssam gecə saat 12-dən sonra Heydər Əliyevin şəklini özü götürərək evinə aparıb sübh tezdən də yerinə asırmış. Soydaşımızın bu sayqılı münasibətindən vahiməyə düşən erməni başbilənləri sonradan Heydər Əliyevin şəklinə mühafizəçi təyin ediblər.
Heydər Əliyev 1987-ci ildə vəzifədən və Siyasi Bürodan gedən kimi sanki ermənilərin qurumuş qanqallarına həyat gəldi. Hələ sovet dövründə Ermənistan KP MK-nın keçirdiyi plenumda heç nədən çəkinməyərək bu iddia irəli sürüldü. «İndi nədən qorxuruq? Meydan bizimdir». Bu barədə müxtəlif təbliğatlar işə düşdü. Zoribalayanların, kaputikyanların, avanesovların məkrli siyasəti həyata keçdi. Böhtan xarakterli yazıları fitnəli beyinləri daha da qızışdırdı.
Ermənilərin azərbaycanlılara qarşı ilk torpaq iddiaları Qarakilsədən baş qaldırdı. Əvvəlcə Uruda məxsus yaylaqlar və əkin sahələri soydaşlarımızın əllərindən alınaraq ermənilər yaşayan kəndlərə verildi. Azərbaycanlılar incidilməyə başlanıldı. Ermənilər Qarabağ kartını ortaya ataraq nəinki Zən\gəzurda, bütövlükdə Ermənistan adlanan qədim yurd yerlərimizdə yaşayan azərbaycanlıları 1988-ci ilin soyuq qış günlərində min cür vəhşiliklə qovdular. Halbuki, Heydər Əliyev vəzifədə olsaydı və yaxud da ermənilərin dəyirmanına su tökən öz namərdlərimiz naxələflik etməsəydilər, başımıza bu faciələr gəlməzdi. Heydər Əliyev sözün həqiqi mənasında böyük dayaq idi. Bu dayağı itirmiş xalq min cür fəlakətlə üzləşdi. İndi o fəlakətin miyqasını şərh etmək, insanlara dəyən zərərin həcmini müəyyənləşdirmək, qətlə yetirilənlərin sayını demək olduqca çətindir. Amma Tanrının bizə yenə də rəhmi gəldi. Heydər Əliyev qüdrəti bütün pisliklərə meydan oxudu. Cahanşümul xidmətləri ulu öndəri bir daha xalqına qaytardı. Ümidləri üzülmüş millətin zülmətinə yenidən günəş doğdu. Xalq öz cəsarətli oğlunu həmişəki missiyasında və böyük dayqlığında gördü. Bu səbəbdən də Heydər Əliyev haqqında heç vaxt keçmiş zamanda danışmaq istəməyən insanların ürəkləri bir inamın üstünə köklənib. Ulu öndərin ömrü də davam edir, əməlləri də. Çünki bu missiyanı ləyaqətlə yerinə yetirən ölkə başçısı İlham Əliyev həmişə öz qətiyyəti ilə xalqına dayaq olduğunu sübut etdi.
…Uşaqlığımda qəlbimdə yaşatdığım, dəfələrlə televiziya vasitəsilə gördüyüm, tədbirlərdə seyr etdiyim, nitqinə valeh olduğum Heydər Əliyevlə ilk dəfə 1994-cü ildə Bakıdan Ankaraya uçan təyyarədə \görüşdük. Hələ də əllərimdə o istini, yaddaşımda mehriban səsini saxlayıram. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar Türkiyədə keçirilən mərasimlərdə iştirak etmək üçün ulu öndərin rəhbərliyi ilə böyük bir nümayəndə heyəti qardaş ölkəyə gedirdi. Ömrümün unudulmaz anlarıdır ki, mən də o heyətdə var idim. Yaxşı yadımdadır, Türkiyənin o vaxtkı Prezident Süleyman Dəmirəlin 70 yaşı tamam olurdu. Protokola görə, bir-bir otağa daxil olaraq Prezidenti təbrik edirdik. Heydər Əliyevlə Süleyman Dəmirəl yanaşı dayanmışdılar. Mən Türkiyənin Cumhur başqanını təbrik edərək «türk dünyasının iki böyük günəşinə eşq olsun» - dedim. Dərhal da Heydər Əliyevin sözlərini eşitdim: «Günəş bir olur axı…» Onun qəribə gülüşünün sədaları hələ də qulaqlarımdan çəkilmir…

Qeyd: BDU-nun keçirdiyi müsabiqəyə təqdim olunur.

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist,
"Kaspi" qəzeti, 16 aprel 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!