BDU-nun İDMAN HƏYATI

Bakı Dövlət Universitetinin (BDU) Bədən Tərbiyəsi və İdman kafedrası 1934-cü ildə yaradılıb və onun məqsədi tələbələrdə yüksək mənəvi, iradi və fiziki keyfiyyətlər tərbiyə etmək, onları əməyə və vətəni müdafiəyə hazırlamaq, mütəxəssis kimi formalaşdırmaqdır. Kafedraya 1991-ci ildən dosent, Azərbaycanın əməkdar məşqçisi, respublikanın fəxri bədən tərbiyəsi və idman işçisi Akif Atakişiyev rəhbərlik edir. BDU-nun idman həyatı, bədən tərbiyənin və idmanın inkişafı ilə bağlı suallarımıza da, məhz Akif Atakişiyev cavab verir.

BDU Universiadada uğurla çıxış edir

Bədən Tərbiyəsi və İdman kafedrasının Bədən Tərbiyəsi və İdman Kompleksi üç zaldan (onlardan biri idman oyunları üçündür, biri trenajor, digəri isə güləş zalıdır) və şahmat otağından ibarətdir. Kafedranın digər qurğusu Yzgüçülük Kompleksidir. Eyni zamanda, kikboksing zalı, stolüstü tennis zalı, trenajor otaqları, futbol stadionu və iki futbol meydançası da tələbələrin ixtiyarındadır. Universitetdə bədən tərbiyəsi dərsləri bütün fakültələrdə ixtisaslardan asılı olmayaraq birinci kurslarda tədris edilir. Dərslər həftədə bir dəfə keçirilir, lakin dərsdən kənar vaxtlarda (o cümlədən şənbə və bazar günləri də) da tələbələr idman qurğularından istifadə edirlər. Bədən Tərbiyəsi və İdman kafedrası nəzdində İdman Klubu (sədr Aləddin Paşayev) fəaliyyət göstərir. 1957-ci ildə yaradılmış klub tələbələr arasında asudə və dərsdən kənar vaxtda böyük iş aparır. Burada idmanın ayrı-ayrı növləri üzrə məşqlər keçirilir. Bu bölmələrdə məşğul olan tələbələr, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdikləri universiada və birinciliklərdə uğurla çıxış edərək, mükafatçılar sırasında yer tuturlar. BDU-nun tələbələri 15 idman növü üzrə yarışlarda iştirak edirlər. BDU-da oxuyan xarici tələbələr də universitetin idman həyatında yaxından, o cümlədən, keçirilən turnirlərdə iştirak edirlər. Yarışların daha da maraqlı keçməsi üçün onlara Moskva Dövlət Universitetinin Bakı filialı da dəvət edilir. Hal-hazırda BDU-nun komandaları ölkə universitetlərinin 10-cu Universiadasında idmanın 15 növündə uğurla çıxış edirlər ki, artıq onlar 11 idman növü üzrə yarışlarda mükafata layiq yerlər tutublar. Hər il may ayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilir ki, bu il də həmin ənənə davam etdirilib. Futbol çempionatında isə birinci yeri tətbiqi riyaziyyat və kibernetika fakültəsi qazanıb. İkinci yeri coğrafiya, üçüncü yeri isə tarix və hüquq fakültələrinin tələbələri bölüşüb. Qaliblərin mükafatlandırılma mərasimindən sonra rektor I, II və III yeri tutanların universitetin Altıağacda yerləşən tədris-təcrübə bazasına istirahətə göndəriləcəklərini diqqətə çatdırıb.

«Parlament kuboku -2011» yarışları BDU-da keçirilir

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində altı nəfər tələbə-alpinist (o cümlədən bir qız) Şahdağ zirvəsini fəth edib, ümummilli liderin barelyefi önünə BDU-nun bayrağını sancmışlar. Bundan başqa, artıq səkkızinci ildir ki, BDU-nun meydançalarında kütləvi informasiya vasitələri arasında futbol turniri keçirilir. 2009-cu ildə universitetdə Milli Məclisin təşəbbüsü və onun spikeri Oqtay Əsədovun iştirakı ilə parlamentin 90 illiyinə həsr olunmuş böyük idman tədbiri keçirilib. Bu il isə BDU-nun stadionunda «Parlament kuboku -2011» yarışları keçirilir. Tələbələr arasında Avropa və dünya birinciliklərində iştirak edənlər də var. Ümumən isə futbol, voleybol, badminton, üzgüşülük, həndbol oyunlarına, son illər isə ekstremal idman növlərinə – turizm və alpinizmə maraq daha böyükdür. BDU-nun müəllim və əməkdaşları da Bədən Tərbiyəsi və İdman Kompleksindən istifadə edirlər. Onlar daha çox futbola, voleybola, üzgüçülüyə meyillidirlər. Universitetin professor və müəllimləri üçün sadalanan idman növləri üzrə bölmələri yaradılıb. Qadınlar aerobikaya və trenajorlara daha çox həvəs göstərirlər.

İdmançıları gərgin turnirlər gözləyir

Məşqlər və oyunlar zamanı tələbələrin ala biləcək zədələr müəllimlərin, məşqşilərin ustalığından, biliyinin, savadının yüksək olmasından asılıdır. Bununla belə, xoşagəlməz zədələrdən (futbol oyunu zamanı diz zədələri, voleybol və basketbol oyunları zamanı isə qol nahiyəsi zədələri qeydə alınır) qaçmaq olmur. Buna gərə də idman kompleksi həkim və tibb bacısı ilə təmin olunub. Təcrübəli müəllim və məşqçilər xəstə, fiziki cəhətdən zəif, o cümlədən artıq çəkiyə malik olan və arıq tələbələri xüsusi tibbi qruplarda (minimum 8 nəfər olaraq) birləşdirərək, idman və bədən tərbiyəsinə cəlb edirlər. Onlar belə tələbələrin heç olmasa gimnastik hərəkətlər edə bilməsinə çalışırlar.

Nəhayət, bir az da qarşıdakı turnirlər barədə. BDU-nun komandaları iyunun əvvəlində Türkiyənin Qırıqqala şəhərində “Bahar şənlikləri” adı altında keçiriləcək turnirdə iştirak edəcək. Bundan başqa, universitet idmançılarının Qars şəhərinin Qafqaz Universitetində keçiriləcək yarışlarda, Xəzəryanı Ölkələrin Universitetlərinin keçirdiyi rəsmi oyunlarda iştirakları gözlənilir.

Unikal velosiped muzeyi

Kafedrada 40 ilə yaxındır ki, beynəlxalq miqyaslı unikal Velosiped və Velosiped İdmanı Muzeyi fəaliyyət göstərir. Velosiped muzeyinin yaradıcısı Ələddin Hacı – Ağa oğlu Şabanovdur. BDU-da professor əvəzi vəzifəsində çalışır, pedaqoji elmlər namizədi, idman ustasıdır, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvüdür. Bir çox beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında muzeyin səyyar sərgilərini nümayiş etdirib, tamaşaçıların rəğbətini qazanıb və BDU-nun rəhbərliyinə təşəkkür məktublarının yazılmasına səbəb olub. Ələddin müəllimin elmi dissertasiyası «Gənclərdə idmana marağın formalaşmasında idman muzeylərinin rolu» mövzusu MDB ölkələrində yeganə elmi dissertasiya kimi sayılır. Ələddin müəllim Velosiped yarışlarında dünya, Avropa çempionatlarında, super velomarafonlarda 50-dən artıq ölkələrdə Azərbaycanı təmsil edib. 1997-ci ildə “Ekoloji təmizlik uğrunda mübarizə” adlı marafonda Çernobıl kimi faciələrin qarşısını almaq məqsədi uğrunda mübarizədə Avropanın 27 ölkəsini, 144 şəhərini 6 ay müddətində qət edərək Vatikanda Roma papası Joann Pavel II tərəfindən mükafatlandırılıb. Vətənə qayıdan zaman ümummilli liderimiz Heydər Əliyevə bu barədə hesabat edilib. Muzeyin səyyar sərgisi Milli Olimpiya Komitəsində prezident İlham Əliyevə göstərilib. Muzeyin qonaqları universitetin tələbələri, şəhərimizin sakinləri, məktəblilər, idmançılar, xarici qonaqlar və s-dir. Velosiped muzeyinin ekspozisiyaları günü-gündən artır, yeni materiallarla zənginləşir. Muzeyin rəy kitablarında dünya və Olimpiya çempionlarının, beynəlxalq velosiped idmanı üzrə rəhbərlərin, universitetə gələn qonaqların və bir çox şəxsiyyətlərin ürək sözləri ifa olunub.

TARİXİ ARAYIŞ

Kafedra fəaliyyət göstərdiyi ilk dövrdə burada tanınmış idmançı müəllimlərdən - əməkdar idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi R.İ.Baxşəliyev, idman ustası, dosent İ.Ə.Novruzov, idman ustası, dosent M.M.Əhmədov, professor R.M.Baxşəliyev, idman ustası, pedaqoji elmlər namizədi, dosent Ə.H.Şabanov, ağır atletika üzrə gənclər arasında dünya rekordçusu Ş.Ağayev dərs demişlər. 1937-1965-ci illərdə əməkdar idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi R.İ.Baxşəliyev, 1965-1986-cı illərdə idman ustası, dosent İ.Ə.Novruzov, 1986-1991-ci illərdə idman ustası, dosent M.M.Əhmədov kafedraya rəhbərlik etmişlər. BDU İdman Klubuna ayrı-ayrı dövrlərdə tanınmış mütəxəssislərdən - baş müəllim F.A.Tarverdiyev, Ş.Ə.Vəliyev və A.D.Alıyev sədrlik etmişlər. Hazırda kafedrada doqquz baş müəllim - M.E.Bağırov, idman ustası E.B.Quliyev, M.X.Qəhrəmanova, S.T.Gözəlov, A.K.Əfəndiyeva, F.A.Tarverdiyev, A.İ.Paşayev, idman ustası L.V.Şmakov, A.D.Alıyev, bir müəllim H.Z.Zamanov, baş laborant K.B.Zeynalova, laborant R.İdrisov və iki təlimatçı - idman ustaları F.Rzayev və R.Cavadov kimi mütəxəssislər çalışırlar. Kafedranın əməkdaşlarından dosent M.M.Əhmədov və baş müəllim F.A.Tarverdiyev «Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi» adına layiq görülmüşlər.

Sonda

BDU-nun idman həyatı həqiqətən də çox inkişaf edib. Yzgüçülük Kompleksi, kikboksing, stolüstü tennis zalları, trenajor otaqları, futbol stadionu və s. müasir tələbələr səviyyəsində qurulub. Yaradılmış bütün bu şəraitdən isə təkcə BDU tələbələri deyil, KİV nümayəndələri, respublika əhəmiyyətli tədbir iştirakçıları da yararlanırlar. Bədən Tərbiyəsi və İdman kafedrasının müdiri Akif Atakişiyev isə yaradılmış bütün bu şəraitə görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova minnətdarlıq edir…

Mətbuat İnformasiya şöbəsi.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!