BDU dahi məzununun və böyük qayğıkeşinin 90 illiyini uğurlarla qeyd edir

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universiteti Şərqin ilk dünyəvi ali məktəblərindən biri kimi mənəvi böyüklüyümüzün simvolu hesab edilir. Mövcud olduğu illər ərzində universitet ölkədə  ziyalı təbəqəsinin, elmin, milli özünüdərkin formalaşmasında, beynəlxalq nüfuzumuzun yüksəlməsində misilsiz xidmətlər göstərib. Hər bir ölkənin iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən milli universitet missiyasını ölkədə şərəflə həyata keçirən Bakı Dövlət Universitetinin 16 fakültəsində bu gün 18 mindən çox tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 1500-ə yaxın professor-müəllim heyəti məşğul olur.

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLİŞİ BDU-nun FƏALİYYƏTİNİN DÖNÜŞ NÖQTƏSİDİR

Bakı Dövlət Univeristetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov deyir ki, Bakı Dövlət Universiteti bugünkü səviyyəsinə, beynəlxalq nüfuzuna, dünya şöhrətli məzunlarına və yüksək elmi potensialına görə Heydər Əliyevə borcludur: “Bakı Dövlət Universiteti özünün dünya şöhrətli məzunu, xalqın ümummilli lideri Heydər Əliyevlə fəxr edir. Bu ali təhsil ocağına yüksək qiymət verən, onu xalqımızın milli sərvəti adlandıran dahi şəxsiyyət Bakı Dövlət Universitetinin məzunu olması ilə fəxr etdiyini dəfələrlə bildirib, onun fəaliyyətini, Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafında böyük rolunu yüksək qiymətləndirib”.

A.Məhərrəmov bildirib ki, ölkənin həyatında dönüş mərhələsinin başlanğıcı olan 70-ci illər BDU-nun tarixində də əlamətdar olub. 1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan özünün həqiqi inkişaf yolunu tapdı. O dövrdə ən geridə qalan ölkələrdən hesab edilən Azərbaycanın inkişaf və tərəqqisinin əsası məhz bu tarixdən qoyulub. Bu plenum Azərbaycan xalqının tarixi müqəddəratında mühüm hadisə oldu, ölkənin gələcək inkişafında əhəmiyyətli rol oynadı. Bununla da Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü – böyük dönüş mərhələsi başlandı. Heydər Əliyevin milli oyanış siyasəti sahəsində təhsil, elm, mədəniyyətin tərəqqisi üçün geniş imkanlar açıldı. Xalqın milli mənlik şüurunun formalaşması, Azərbaycan dilinin, tarixinin öyrənilməsi, ali təhsil sisteminin daha da demokratikləşməsi sahəsində ciddi irəliləyiş baş verdi. Məhz bu dövrdə Azərbaycan ali məktəblərinin bayraqdarı olan Bakı Dövlət Universitetinin həyatında da böyük dönüş yarandı. Onun ölkənin ali məktəbləri içərisində tutduğu aparıcı mövqe, Azərbaycan təhsil sisteminə, onun inkişaf istiqamətlərinə göstərdiyi təsir daha da gücləndi. 1969-cu ildə BDU-nun 50 illik yubileyi dövlət tərəfindən yüksək səviyyədə keçirildi: “70-80-ci illər Bakı Dövlət Universitetinin tədris və elmi həyatına dönüş illəri kimi daxil olub. Heydər Əliyevin bilavasitə qayğısı sayəsində universitetin maddi-texniki bazası möhkəmlənib, yeni tədris korpusu istifadəyə verilib, hesablama mərkəzi yaradılıb, yeni fakültələr, ixtisaslar, elmi-tədqiqat laboratoriyaları açılıb. Tədris prosesinin təkmilləşdirilməsində də mühüm yeniliklər baş verib. Tədrisin texniki vasitələri üçün laboratoriya yaradılıb və laboratoriya üçün əldə edilən texniki vasitələr, hesablama materialları, kino aparatları tədris prosesinin avtomatlaşdırılmasında istifadə edilməyə başlanıb”.

BDU-nun MƏZUNLARI ARASINDA DÜNYA ŞÖHRƏTLİ BİR ŞƏXSİYYƏTİN – HEYDƏR ƏLİYEVİN ADI VAR

A.Məhərrəmov qeyd edib ki, H.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici ölkələrdə dəfələrlə səfərdə olub: “2001-ci ildə EKO-nun İranda keçirilən toplantısında iştirak edirdik. Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzunun, geniş intellektual dünyagörüşünün, insanlara qayğıkeşliyinin, diqqətinin şahidi oldum. Ümumiyyətlə, ulu öndərlə birlikdə belə səfərlərimiz çox olub. Hər dəfə də Heydər Əliyevin yaddaşına, hadisələri əvvəlcədən hiss etmək fəhminə, insanların daxili aləmini duymaq hissinə, bununla yanaşı, yüksək mədəniyyətinə, nüfuzlu siyasi xadim üçün tələb olunan məziyyətlərinə, həmçinin sadə adamlarla ünsiyyət qurmaq məharətinə, diqqət və qayğıkeşliyinə analoq tapa bilməmişəm. O, böyük bir dərya idi. Əgər, biz bu ümmandan bir damla götürə bilmişiksə, nə qədər xoşbəxtik. O, bizə çox inanırdı. İndi elmi, ictimai və siyasi fəaliyyətimlə bu inamı doğrultmağa çalışıram. Ölkədə ali məktəblər çoxdur. Amma Bakı Dövlət Universitetinin bu təhsil ocaqları sırasında xüsusi yeri var. Çünki onun məzunları arasında dünya şöhrətli bir şəxsiyyətin Heydər Əliyevin adı var”.

A.Məhərrəmov vurğulayıb ki, onun elmə bağlanmağında, bu sahədə daha da inamlı addımlar atmağında, böyük uğurlar qazanmağında məhz H.Əliyevin danılmaz xidməti var: “Əgər ümummilli liderin təşəbbüsü ilə 1973-cü ildə Moskvaya aspiranturada təhsil almağa göndərilməsəydim, elmin dərin qatlarına yiyələnməsəydim, kim bilir, bəlkə də sıradan bir ziyalı idim. Amma indi adımın yanına yazılan titulları, elmi dərəcələri görəndə yalnız o böyük şəxsiyyətə – Heydər Əliyevə minnətdaram! Bu görkəmli, qayğıkeş rəhbərin diqqətini görənlər isə yüzlərlədir.... 1999-cu ilin yanvarında Heydər Əliyevin sərəncamı ilə mən Bakı Dövlət Universitetinə rektor təyin edildim. Sərəncamdan öncə ulu öndərin qəbulunda oldum və bir saata yaxın söhbət etdik. Bu ünsiyyət zamanı ümummilli liderin universiteti yaxından tanıması, burada baş verən proseslərdən ətraflı xəbərdar olması istər-istəməz adamda o təsəvvürü yaradırdı ki, ulu öndərin elə özü də universitetdə çalışıb. Çünki universitetlə bağlı hər bir detalı xırdalığına qədər dərindən bilirdi. Məni universitetə rektor göndərərkən təhsil ocağının gələcək inkişaf strategiyası haqqında elə tövsiyələr verdi ki, bu, bir elmi institutun görə biləcəyi işlərdən də çox idi”.

BAKI DÖVLƏT UNİVERSİTETİ BÜTÜN UNİVERSİTETLƏRƏ ÖRNƏKDİR

Təhsil naziri, BDU-nun keçmiş rektoru Misir Mərdanovun dediyinə gərə, Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının və incəsənətinin inkişafında böyük xidmətləri olan Bakı Dövlət Universiteti öz elmi-intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınaraq böyük beynəlxalq nüfuz qazanıb. Yarandığı gündən indiyə qədər BDU-da elm, texnika, iqtisadiyyat və xalq təsərrüfatının müxtəlif sahələri üzrə 120 mindən artıq yüksəkixtisaslı kadr hazırlanıb. Böyük iftixar hissi ilə deyə bilərik ki, universitetin məzunlarına təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində rast gəlmək olar. M.Mərdanov bildirib ki, ali təhsilin inkişafında universitetin müstəsna rolu var və BDU digər universitetlrə örnəkdir. İndi ölkədə onlarla ali məktəbin mövcud olması, Azərbaycanın böyük ali təhsil potensialına malik olması məhz Bakı Dövlət Universitetinin fəaliyyəti nəticəsində mümkün olub. Azərbaycan elminin fizika, riyaziyyat, tətbiqi riyaziyyat, informatika, geologiya, biologiya, fiziologiya, kimya, coğrafiya, hüquq, tarix, etnoqrafiya, arxeologiya, regionşünaslıq, psixologiya, pedaqogika, fəlsəfə, sosiologiya, şərqşünaslıq, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq, jurnalistika, filologiya, ədəbiyyatşünaslıq, dilçilik, türkologiya, iqtisadiyyat, beynəlxalq hüquq, beynəlxalq əlaqələr  kimi müxtəlif sahələrinin inkişafında BDU-nun böyük rolu var. Göstərilən elmlər haqqında geniş tədqiqatlar aparılıb, namizədlik, doktorluq dissertasiyaları müdafiə edilib, yüzlərlə monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, minlərlə elmi məqalələr yazılıb çap edilib: “BDU alimlərinin yaradıcılığı ölkənin  elmi həyatının ayrılmaz tərkib hissəsi olmaqla, xalqımızın qədim tarixinin, mədəniyyətinin araşdırılmasında, milli mədəniyyətimizin, milli dilimizin qorunub-saxlanılmasında, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynayır”.

Nazir qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan ali təhsilində baş verən böhran vəziyyəti BDU-dan də yan keçməyib: “Ancaq universitetin kollektivi bu böhrandan çıxmağı bacardı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün ali məktəblərdə, o cümlədən Bakı Dövlət Universitetində baş verən böhran vəziyyəti tədricən aradan qalxdı, universitet öz ənənəvi iş rejiminə qayıtdı. Tədris prosesinin təşkilində, elmi-tədqiqat işlərində əhəmiyyətli irəliləyişlər baş verdi. Universitet təhsil sahəsində aparılan islahatların səmərəli təşkilində öncül mövqe tuturdu.

Müstəqillik illərində Heydər Əliyev Bakı Dövlət Universitetini həmişə diqqət mərkəzində saxlayıb, onu Azərbaycan ali məktəblərinin bayraqdarı hesab edib, universitetin məzunu olmağı ilə fəxr etdiyini bildirmişdi. BDU-nun çoxminlik kollektivi Heydər Əliyev kimi dünyəvi şəxsiyyət yetişdirməsi ilə qürur hissi keçirir. Heydər Əliyevin universitetdə təhsil aldığı illərdə və ölkəyə rəhbərlik etdiyi dövrdə universitetlə əlaqələri universitetin şanlı tarixinin böyük və əlamətdar bir mərhələsini təşkil edir. BDU-nun tərəqqi və inkişafının ən məhsuldar dövrü olan son 30 il məhz onun adı və fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır”.

BDU-nun TARİXİ AZƏRBAYCAN TƏHSİLİNİN VƏ MƏDƏNİYYƏTİNİN İNKİŞAF TARİXİDİR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova deyir ki, milli kadrların hazırlanmasında, Azərbaycan dilinin bir tədris, elm və ədəbi dil kimi formalaşmasında, onun saflığının qorunmasında Bakı Dövlət Universitetinin böyük rolu olub: “BDU-nun tarixi Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı tarixidir”.

H.Hüseynova bildirib ki, XX əsrin son illəri və XXI əsrin əvvəllərində təhsilin, elmin inkişafı sahəsində universitetin qazandığı nailiyyətləri əvvəlki onilliklər boyu əldə edilən nailiyyətlərlə müqayisə etsək, o zaman qazanılan uğurlar daha aydın görünər. Son illərdə Bakı Dövlət Universitetinin maddi-texniki bazası xeyli möhkəmləndirilib, geniş abadlıq işləri aparılan, idman kompleksi, örtülü stadion, dünya standartlarına cavab verən üzgüçülük hovuzu tikilib istifadəyə verilib, tədris binaları demək olar ki, yenidən qurulub, böyük mədəniyyət və istirahət parkını xatırladan universitet şəhərciyi yaradılıb. Aparılan əsaslı təmirdən sonra universitetin tədris korpusları dünya standartlarına cavab verir. Son zamanlar BDU-da dünya elm və tədrisinin son nailiyyətlərini öyrənməyə imkan verən elmi laboratoriyalar və kafedralar, bütün tədris binalarında zəngin kitabxanalar və oxu zalları yaradılıb, universitetin fundamental kitabxanasının maddi bazası zənginləşib, kitab fondu xeyli çoxalıb. Mövcud tədris və elmi laboratoriyalar dünya standartlarına cavab verən ən müasir avadanlıqla təchiz edilib.

ÖLKƏDƏ ALİ TƏHSİLİN İNKİŞAFINDA BDU-nun MÜSTƏSNA ROLU VAR

BDU-nun məzunu olan millət vəkili Qənirə Paşayevanın dediyinə görə, ölkədə ali təhsilin inkişafında Bakı Dövlət Universitetinin müstəsna rolu var. İndi ölkədə onlarla ali məktəbin mövcud olması, Azərbaycanın böyük ali təhsil potensialına malik olması məhz Bakı Dövlət Universitetinin fəaliyyəti nəticəsində mümkün olub: “Azərbaycanda ilk ali təhsil və elm ocağı olan Bakı Dövlət Universiteti yarandığı gündən bu günə qədər şərəfli bir ömür yaşayıb, əhəmiyyətli tarixi yol keçib. 90 illik dövr ərzində məşəl kimi Azərbaycan təhsilinin, Azərbaycan elminin yolunu işıqlandıraraq qüdrətli elm ocağına çevrilib. BDU öz elmi-intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınaraq böyük beynəlxalq nüfuz qazanıb.Universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar”.

Q.Paşayeva bildirib ki, BDU-nun görkəmli məzunu olan Heydər Əliyev deyib: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir”. Doğrudan da Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilib.

Yazı Bakı Dövlət Universitetinin keçirdiyi müsabiqəyə təqdim olunur.

Sevinc QARAYEVA,
"525-ci qəzet", 12 aprel 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!