Azərbaycan mediasının seçkilərdə iştirakı və rolu

Seçkilərdə KİV-ə yaradılan şərait Azərbaycanda demokratiyanın inkişafından xəbər verir

Azərbaycanda keçirilən seçkilərdə həm MSK, həm də müvafiq beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biri KİV-lərin seçkilərdə iştirakı, bu prosesdə MSK və digər seçki subyektləri ilə əlaqələrin qurulmasıdır. Bu da təsadüfi deyil. Artıq müasir demokratik dövlət idarəçiliyinin təcrübəsi tam şəkildə təsdiqləmişdir ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsində KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir.

KİV-lər yalnız seçki təbliğatını həyata keçirən orqan deyil, eyni zamanda, seçki mühitinin aşkarlığını təmin edən qurumlardır. KİV-lər sərbəst şəkildə seçkinin aşkarlığını təmin edə, müşahidə missiyasını həyata keçirə, namizədlərarası yarışı təşkil edə və keçirilən seçkilərin imicini formalaşdıra bilər. Elə buna görə də Azərbaycan hökuməti, eləcə də MSK-nın həyata keçirdiyi bütün tədbirlərdə seçkilər zamanı mətbuatın iştirakı təmin edilir, seçkilərin əsas subyektləri olan namizədlərin seçki kampaniyalarında KİV-lərin rolu, onların mətbuatdan istifadə imkanlarına geniş şərait yaradılır.

Media və cəmiyyət

Seçki Kampaniyası və media arasındakı qarşılıqlı əlaqə, yaxud da seçki kompaniyasındakı medianın rolu hər seçki mövsümündə ən çox gündəmə gətirilən mövzulardandır. Seçki kampaniyası aparılarkən namizədlərin mediaya böyük ehtiyacı olur. Müxtəlif maraqların çatdırılmasına imkan verən və fərqli strukturlar tərəfindən dəstəklənən müxtəlif informasiya vasitələri isə təbii ki? bu avantajı namizədlərə verməkdədir. Media vasitələrinin çoxalması və rəngarəngliyi isə rəqabətin yaranmasına şərait yaradır. Pulsuz və ya pullu siyasi reklamın verilməsinin tənzimlənməsi yolları mübahisə predmetinə çevrilir. Ədalətli və balanslı işıqlandırma prinsiplərinə riayət edilməsinin təmin olunması yolları müzakirə edilir.

Özünütənzimləmə və cavabdehlik vasitəsilə, yoxsa qanunvericilik norması və sonrakı nəzarət vasitəsilə? Halbuki plüralizm, redaksiya müstəqilliyi və jurnalist peşəkarlığı hamı tərəfindən qəbul olunmuş ilkin zəruri şərtlərdir. Eyni zamanda, mətbuat azadlığının sərhədləri barədə geniş konsensus vardır. Bu, təkcə konstitusiya ilə təsbit olunmuş məhdudiyyətlərə, şərəf və ləyaqətin təhqir olunmasına qoyulan qadağalara deyil, həm də seçkilərin işıqlandırılmasına qoyulan məhdudiyyətlərə də aiddir. Məsələn, seçki kampaniyasında namizədlərin opponentlərini təhqir etməsi, digər namizəd  və partiyalara qarşı neqativ kampaniya aparılması yolverilməzdir. Seçki kampaniyasının aparılması ilə bağlı etika məsələlərinin tərtib edilməsi, redaksiyanın fəaliyyəti jurnalistlərin və kütləvi informasiya vasitələrinin iştirakı və razılığı ilə həyata keçirilməlidir. Çünki nəticə etibarı ilə etika məcəlləsi ünvanlandığı insanlar tərəfindən qəbul edilmirsə, əhəmiyyətsiz olur.

Müstəqil Azərbaycan mətbu mediaya ümumi nəzər salsaq, 20 illik tarixi olan mətbuatın bu günkü vəziyyətini qənaətbəxş hesab etmək olar. Mətbu mediada seçkilərin işıqlandırılması elektron mətbuat və televiziyaya nisbətdə daha ədalətli olmalıdır. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, ölkədə fərqli siyasi strukturları müdafiə edən mətbuat fəaliyyət göstərir. Bu da təbii ki qüvvələr nisbətini tənzimləyir. Azərbaycanda söz azadlığı dedikdə də, əsasən mətbuat azadlığı nəzərdə tutulur. Mətbuat azadlığı adətən, ölkənin mətbuat qanunları ilə tənzimlənir. Bəzi ölkələrdə informasiya haqqında və məlumat əldə etmək haqqında qanunlar vardır. Bu qanunlar isə nəinki bir-birini inkar etmir, hətta bir-birinin sərhədlərini müəyyənləşdirir.

Bütün bu proseslərdə ən önəmli məsələ isə seçicilərin mənafeyi və maraqlarına xidmət etməkdən ibarətdir. Vətəndaşların təlabatını nəzərə almaq, məhz onların arzuladığı tərzdə işıqlandırma medianın reytinqinə birbaşa təsir edən amillərdəndir.

Media və seçkilər üzrə beynəlxalq standartlar

Az öncə də qeyd etdik ki, seçki dövründə media əhəmiyyətli rola malikdir. Onlar seçicilərin məlumat almaq hüququnu həyata keçirmək və bununla da onların düzgün seçim etməsinə yardım edə bilmək, eləcə də namizədlərin seçicilərə siyasi mesajlar çatdırmaq hüququnu həyata keçirmək üçün mühüm vasitədir. Bundan əlavə, media vasitələri özləri də ifadə azadlığı hüququna malikdirlər.

Medianın seçki dövründəki hüquq və öhdəlikləri İnsan Hüquqları Bəyannaməsinin 19 və 21-ci maddələrindən törəyir. Bu maddələr hər bir insanın ifadə və məlumat azadlığını, həmçinin  öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad secilən nümayəndələr vasitəsilə istirak etmək hüququnu təmin edir. Bu hüquqlar həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasında (Məddə 10 və Protokol 1, Maddə 3) və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunmuşdur.

İnsan Hüquqları üzrə Avropa Konvensiyasını həyata keçirərkən Avropa İnsan Hüquqları Məhkəməsi siyasi hesabatvermə və seçkilərdə medianın rolu ilə bağlı mühüm qərarları vermişdir. Məhkəməyə görə, cəmiyyəti məlumatla təmin etmək üçün media azadlığı mövcud olmalıdır.

Mətbuat azadlığı cəmiyyətin öz siyasi liderlərinin ideya və yanaşmaları haqqında fikrini formalaşdırmaq üçün ən yaxşı vasitələrdən biridir. Xüsusilə də, bu, siyasi xadimlərə ictimai fikri əks etdirmək və şərh etmək imkanı verir; bu isə hər kəsə azad siyasi debatlarda iştirak etmək hüququ verir ki, bu da demokratik cəmiyyət konseptinin əsasını təşkil edir.

1999-cu ildə Avropa Şurası Nazirlər Komitəsi üzv dövlətlər üçün tövsiyə hazırladı. Bu tövsiyədə üzv dövlətlərin yayım mediası tərəfindən «ədalətli, balanslı və qərəzsiz» işıqlandırma və bütün medianın redaktə müstəqilliyinin təmin edilməsi üçün tədbirlər irəli sürülür. Özəl çap mediası «istənilən siyasi seçimi ifadə etmək hüququ»na malik olmalıdır, dövlət tərəfindən idarə olunan çap mediası isə ədalətli və balanslaşdırılmış olmalı və «hər hansı siyasi partiya və ya namizədə qarşı ayrı-seçkilik etməməlidir».

Həm dövlət, həm də özəl teleradio təşkilatları seçki təşviqatlarını ədalətli, balanslaşdırılmış və qərəzsiz şəkildə işıqlandırmalı, öz proqramlarında dövlət məmurlarına «imtiyazlı münasibət» göstərməməlidirlər.

Partiya və namizədlərə pulsuz efir vaxtı ayrılırsa, bu ədalətli və ayrı-seçkilik olmadan həyata keçirilməlidir. Əgər partiya və namizədlərə ödənişli təbliğat aparmağa imkan verilirsə, bu bütün tərəflərə bərabər şərtlər və tariflərlə təmin edilməlidir.

Tövsiyədə həmçinin medianı seçki dövründə hökumət müdaxiləsindən qoruyan, həmçinin jurnalistləri və digər media heyətini «hücum, hədə və digər qeyri-qanuni təzyiqlərdən» qoruyan tədbirlər əks etdirilmişdir. Bir sözlə, istər Avropa, istərsə də beynəlxalq səviyyədə seçkilərin mətbuatda işıqlandrılması ilə bağlı ətraflı və geniş standartlar mövcuddur. Bu standartlar Azərbaycan qanunvericiliyində də öz əksini tapır.

Media və seçkilər üzrə milli hüquqi çərçivə

Azərbaycanda media sahəsini və seçkiqabağı təşviqatı tənzimləyən və seçkilərin mətbuat tərəfindən azad işıqlandırılmasına müəyyən təminat verən bir neçə hüquqi sənəd mövcuddur

Bu Qanunun 1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.

«Teleradio yayım haqqında» Qanunun 3-cü maddəsi teleradio fəaliyyətin fundamental prinsiplərini - ideoloji və siyasi plüralizm, tarazlılıq və obyektivlik prinsiplərini təsbit edir. «İctimai teleradio yayım haqqında» Qanunun 4-cü maddəsinə uyğun olaraq, ictimai teleradio yayım prinsiplərinə müstəqillik, obyektivlik, qərəzsizlik, məlumatın dəqiqliyi kimi prinsiplər daxildir.

Seçki Məcəlləsinin 11.1 maddəsində qeyd edilir ki, Dövlət Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, vətəndaşlar, siyasi partiyalar, referendum üzrə təşviqat qrupları tərəfindən azad seçkiqabağı təşviqatın aparılması üçün şərait yaradılmasını təmin edir.

Seçki Məcəlləsinin 77-ci maddəsi seçkiqabağı təşviqat zamanı kütləvi informasiya maddələrinin əsas vəzifələrindən bəhs edir. İctimai teleradio təşkilatları və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilərsə, ictimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Dövlətə məxsus olan teleradio verilişləri təşkilatları vasitəsilə seçkiqabağı təşviqat aparılmır.

Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan teleradio verilişləri təşkilatları, habelə dövri nəşrlərin redaksiyaları birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar.

KİV-in seçkidə iştirakının hüquqi bazası

Seçki Məcəlləsində də bu prosesdə KİV-lərin təmsilçilərinə bir sıra üstünlüklər verilmişdir. KİV-lər MSK-da və aşağı seçki komissiyalarında akkreditə olunmadan proses ərzində bütün mərhələlərdə istənilən məntəqədə seçkiləri müşahidə etmək, onlara lazım olan bütün məlumatları almaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Seçki Məcəlləsi namizədlərin KİV-lərdə təbliğ olunması baxımından kifayət qədər dolğun sənəddir. KİV-lərdə namizədlər üçün ödənişsiz imkanlar yaradılmışdır ki, bu da seçki prosesinə göstərilən diqqətin nəticəsidir. Eyni zamanda, Seçki Məcəlləsində ödənişli efir vaxtlarının və dövri nəşrlərdəki ödənişli səhifələrin əldə edilməsinə də heç bir məhdudiyyət qoyulmur.

Demokratik ölkələrdə cəmiyyətin seçkilərə hazırlanması prosesi seçkinin keçirilməsinin əsas tərkib hissələrindən biri sayılır. Cəmiyyətin bütün təbəqələri, maraqlı qurumlar, seçkiyə qatılan siyasi institutlar, namizədlər, seçici blokları və MSK öz fəaliyyətlərində bu prinsipləri əsas götürür ki, Azərbaycanın demokratik inkişafının təsdiqi kimi bu fakt da beynəlxalq təşkilatların hesabatlarında öz əksinin tapır. Azərbaycan hökuməti seçkilərdə KİV-lərin iştirakını məhdudlaşdıran heç bir inzibati resursdan, qərardan və digər tədbirdən istifadə etməmişdir. Seçki Məcəlləsində, MSK-nın təlimatlarında namizədlərin KİV-lərdə çıxışı ilə bağlı göstərilmiş bütün müddəalara lazımi səviyyədə əməl edilmişdir. Əlbəttə, burada Azərbaycan dövləti özəl mətbuatın adından öhdəlik götürə bilməz. Lakin onu əminliklə söyləyə bilərik ki, özəl mətbuatın seçkidə iştirakı üçün heç bir məhdudlaşdırıcı tədbirlər həyata keçirilməmişdir. İctimai Televiziyada bütün namizədlərin azad təbliğat aparması üçün bərabər şərait yaradılmış, digər televiziyalarda da seçki təşviqatının aparılmasına lazımi `dəstək verilmişdir. Bu da onu göstərir ki, demokratik prinsiplərə hər zaman sadiq qalan Azərbaycan hökuməti bütün seçkilərin tam şəffaf, ədalətli və demokratik keçirilməsində maraqlıdır.


Pərvanə İbrahimova
BDU-nun Jurnalistika fakültəsinin müəllimi

(Material Bakı Dövlət Universiteti daxilində həyata keçirilən 50+50 qrant layihəsi çərçivəsində hazırlanmışdır)

«YeniAzərbaycan» qəzeti, 08 yanvar 2011-ciil.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!