Akademik zirvə

…Qış ayında dünyaya gəlib. Həyatının müəyyən bir hissəsi də qışı olduqca sərt olan doğma kəndində keçib. Amma təbiətin şıltaqlığı onun xarakterinə, yaşamına, əhval-ruhiyyəsinə təsir etməyib. Bəlkə də qarlı-çovğunlu qış aylarının şıltaqlığı, damlarının başına qədər yağan qar onda əks xarakterin formalaşmasına təsir göstərib: insanlarla isti münasibət, mülayim davranış, həssas qəlb, problemlərin həllində yardımını əsirgəməmək...
Amasiyanın fəxri
Güllübulaq

1930-cu ildə yaranan Amasiya rayonu özündə Ağbaba və Şörəyel mahallarını birləşdirib. 31 kəndi əhatə edən Amasiyanın 27 kəndindən 21-də azərbaycanlılar, qalan beşində isə ermənilər məskən salıb. Ümumən rayonda 21 min əhali yaşayıb ki, onlardan təxminən 18 mini azərbaycanlı, 3 mini isə ermənilər olub. Bircə faktı qeyd etmək yetərlidir ki, qədim Ağbaba diyarının kəndlərindəki qoç və at heykəlləri, qədim tarixi abidələr bu ərazilərdə türkdilli tayfaların yaşamalarını sübut edir. Amasiyanın bütün kəndlərində, o cümlədən Güllübulaqda elmə, təhsilə maraq çox yüksək olub və hər hansı çətinliklərə baxmayaraq, bu maraq ölməyib. Bu kəndin yetirmələri Azərbaycana və keçmiş SSRİ-nin digər şəhərlərinə gedir və ali təhsilə yiyələnirdilər. Buna görə də 70-ci ilin sonlarında kənddə ali təhsilli olmayan ailəyə rast gəlmək mümkün deyildi. Elə ailə vardı ki, 4-5 övladı ali təhsil almışdı. Rayonun əksər kəndlərində çalışan müəllimlərin çoxunu da güllübulaqlılar təşkil edirdi. Rayon mərkəzindəki idarə və müəssisələrin çoxunda da güllübulaqlı kadrlar yer ala bilmişdi. Əksər hallarda bu yerin yeniyetmələri haqqına «çox kəlləli olurlar» ifadəsinin işlədilməsi də təsadüfi qəbul olunmamalıdır. Hər il orta məktəbi bitirənlərin böyük əksəriyyəti ali məktəblərə qəbul olurdu. Dəqiq elmlərə isə axın daha çox idi. Təkcə güllübulağın deyil, eyni zamanda, Amasiyanın digər kəndlərinin yetirmələrinin də yüksək göstəricilər əldə etməsinə görə, bir sıra şəxslərə «Əməkdar müəllim» adı verilmişdi. Bu şəxslər arasında Şəfiqə Məhərrəmova, Ceyran Zeynalova, Cəfər Mustafayev, Səttar Hacıyev və başqaları olub. Müəllimlərin ən yaxşısı kimi isə güllübulaqlı Məmmədəli Məhərrəmovun adı hər bir amasiyalı tərəfindən xeyirxahlıqla çəkilir. Amasiyanın elə bir kəndi olmayıb ki, Məmmədəli müəllim orada işləməsin. Ümumiyyətlə, Məhərrəmovlar ailəsinin həyat kredosu təhsil və elm olub. Bu səbəbdən ailənin bütün övladları qarşılaşdıqları maneələrə və çətinliklərə baxmayaraq, ali təhsil ala biliblər. Bu isə Məmmədəli müəllimin çox ciddi, tələbkar olmasından irəli gəlib. O, çox savadlı, hamıya hörmət edən, övladlarının layiqli vətəndaş, bilikli kadrlar olması üçün özünü fəda edən ata olub.
Düzgün bünövrənin ilk nəticəsi
Məmmədəli müəllimin düzgün bünövrəsindən yararlanan ilk oğul övladı Abel müəllim olub. Bu isim hamıya yaxşı məlumdur. Söhbət BDU-nun rektoru, akademik, Milli Məclisin deputatı, saymaqla bitməyən titullara, fəxri adlara, diplom və medallara layiq görülən  Abel Məhərrəmovdan gedir. Hansı ki, bu ünlü sima Şəfiqə Məhərrəmova və Məmmədəli Məhərrəmov tərbiyəsi görüb və elə bu tərbiyənin sayəsində bugünkü səviyyəyə gəlib çıxıb. Bir sözlə, onun ailə, təhsil bünövrəsi çox düzgün və çoxlarına örnək olacaq səviyyədə qoyulub. Baxmayaraq ki, ilk addımlarını anası Şəfiqə xanımın sinfindən atmalı olub. Amma dərs vaxtı bircə dəfə də olsun, ana nəvazişini hiss etməyib. Hər zaman qarşısında ciddi və tələbkar müəlliməsini görüb. Məhərrəmovların evi məktəbdən çox az fərqlənib. Burada dəhlizdə yazı lövhəsi vurulduğundan məktəbin harada başlayıb, harada qurtardığını müəyyən etmək çətin olub. Şəfiqə müəllimə və Məmmədəli müəllim övladları ilə kəndin digər qabaqcıl şagirdləri arasında heç vaxt fərq qoymayıb. Abel müəllimlə birgə medala namizəd olan 11 nəfərdən başqa 7 nəfər də instituta daxil olub. Məhərrəmovlara gedib-gələn hər bir şəxs təsdiqləyə bilər ki, Abel müəllim başda olmaqla, bütün sinif yoldaşları Məhərrəmovların ocağını öz yuvaları hesab ediblər. Abel müəllim dərslər arasında heç vaxt fərq qoymayıb. Kimyanı hansı səviyyədə oxuyubsa, riyaziyyatı da ondan fərqli bilməyib. Ədəbiyyatı sevdiyi qədər, coğrafiyaya meyl edib. Hərtərəfli yetişdiyindən məzunu olduğu il qohum-əqrəba, müəllimlər ona müxtəlif istiqamətlər təklif ediblər. Ədəbiyyat müəllimi onu mükəmməl ədəbiyyatçı, coğrafiya müəllimi coğrafiya sahəsində yetkin kadr, fizika müəllimi fizik kimi gördüyünü deyib, bəziləri isə atası kimi zəhmli və dürüst olan bu yeniyetməyə hüquqşünas olmağı məsləhət görüblər. Amma Abel müəllim dediyindən dönməyib və gənclik çağından prinsipiallığı, çətinliklərdən qorxmazlığı, özünə güvəni ən yüksək həddə olduğu üçün, cəmi 50 yer uğrunda 1000-dən artıq gəncin bilik yarışına çıxdığı kimya sınaqlarına qatılıb. İlk imtahandan «5» alaraq müsabiqədən kənar qəbul olunan əlli nəfərdən biri olub.
İldırım sürətilə yayılan xəbər
İsti yay günlərinin birində bütün güllübulaqlılar, Məhərrəmovları sevən hər bir kəs, qeyd etdiyimiz kimi, məktəbdən o qədər də fərqlənməyən evin qarşısına toplaşmışdılar. Sevinc göz yaşlarına qarışıq gözaydınlığı Şəfiqə xanımı həyatında bəlkə də ilk dəfə belə qürurlandırmışdı. Şəfiqə xanım və Məmmədəli müəllimin böyük oğul balası Abel yüksək göstərici ilə ali məktəbə daxil olmuşdu. 16 yaşlı gəncin bu uğuru bütün Güllübulağın uğuru idi. Ata və anaya gözaydınlığı verənlər Abel müəllimin çox böyük insan olacağı barədə xoş sözlərini də söyləyirdilər. Biri deyirdi, o çox tələbkardır, başqası deyirdi zəhmlidir, bir başqası isə idarəçi, təşkilatçı, savadlı olmasından bəhs edirdi. Əlbəttə, bu şad xəbər uzun müddət Məhərrəmovların həyət-bacasını tərk etmədi. Yüzdən çox medalçının, mindən çox əlaçının sənəd verdiyi kimya fakültəsinə qəbul olunanlardan birinin ucqar dağ rayonu olan və təhsil üçün şəraitin çox da yetərli olmadığı güllübulaqlı olması çox diqqətçəkən idi. Gənc Abelin istedadına bələd olub, elə bu niyyətlə gözaydınlığı verənlər yanılmamışdılar. Onlar universiteti əla qiymətlə bitirən, kənd üçün əlçatmaz olan Moskva kimi nəhəng bir şəhərdə aspiranturaya daxil olan Abelin uğurlarına hələ çox sevinəcəkdilər. Abel müəllimin orta məktəb illərində saatlarla tamaşa etdiyi doğma dağlar, yamyaşıl yamaclar, qarlı-çovğunlu yollar illər keçdikcə əqidəsində bir fikri qətiləşdirirdi. O, elinə-obasına, xalqına, gərəkli şəxs olması barədə çox düşünürdü. Əlbəttə, həyatının bütün çətin dövrlərində, qaranlıq məqamlarında onu xilas edən məhz bu idi – 26 yaşlı dissertant
Bəlkə də onu bu yaşında elmlər namizədi edən əqidə, bəlkə də çətinlikdən doğan hikkə, bəlkə də təhsilə yiyələnmək üçün, gecəylə-gündüzü səhv salması, yuxusuz gecələri idi.
Təbii ki, başda savad dururdu. Abel müəllim Moskvada dünya şöhrətli akademik N.S.Zefirovun rəhbərliyi altında namizədlik işini müdafiə edib. Müdafiədən sonra doğma BDU-ya dönüb və az sonra Tədris hissəsinin rəisi kimi işə başlayıb. Əlbəttə ki, bəziləri cavanlığına görə bu иşin öhdəsindən gələ bilməyəcəyini proqnozlaşdırırdılar. Lakin universitet kollektivinə yaxşı məlumdur ki, Abel müəllim qısa vaxt ərzində tədris hissəsini tam dirçəldə bildi, nizam-intizamı möhkəmləndirdi, prinsipiallığı, idarəçiliyi ilə kollektivin sevimlisinə çevrildi. Prinsipiallıq, ardıcıl və məqsədyönlü iş, insanların problemlərinə yanaşma tərzi kimya fakültəsində dekan müavini, sonralar dekan olduğu müddətdə də özünü göstərdi. Abel müəllim rəhbərlik etdiyi kollektivlərdə ona görə sevilib-seçilirdi ki, insanlar arasında sağlam münasibət yarada bilirdi. Əlbəttə ki, bu işdə ona Güllübulağın çeşmələrindən gələn saflıq, atası və anasının insanlara göstərdikləri qayğı, Məhərrəmovların uşaqlarına verdiyi tərbiyə köməklik edirdi. Məmmədəli müəllim oğul və qızlarına insanlara humanist münasibət, dostluq, mənəvi böyüklük öyrətmiş və Abel müəllimə daim bir məsləhət verərmiş. Həmişə deyərmiş ki, kasıb uşağına «2» yazma. Onun yeganə ümidi sənsən. 40 yaşında doktorluq işini müdafiə edən Abel müəllim hər zaman əldə etdiyi nailiyyətləri təməli düz qoyulan tərbiyədə görüb. Vətəndaşlıq qeyrəti, milli təəssübkeşliyi çox yüksək olan Abel müəllim 1988-ci il hadisələrində Güllübulağın nisgilini çox çəkirdi. O doğma kəndinin viran olunmasını heç cür ağlına gətirə bilmirdi. Düşünmək belə istəmirdi ki, minlərlə insanı ali təhsilli edən Güllübulağın daxilən və mənən böyük olan orta məktəbi necə dağıdıla bilər? Yamyaşıl otlaqların, qarlı-çovğunlu da olsa, təbiətin gözəl bir guşəsində yerləşən dağların, yamacların üstündə kimlər dolaşa bilər? Abel müəllim ağlına belə gətirmirdi ki, doğma Güllübulağın üzünə həsrət qalacaq, ona həyatının düzgün seçimində ən böyük dayaq olan doğma kəndinə kənardan baxacaq. Bəli, bütün bunlar Abel müəllimin və çoxlarının ömrünə yazılan amansız taledir və həmin taleni yaşamağa məcbur və məhkumuq. Bəlkə də illər sonra Türkiyənin Qırıq Qala Universitetinin iclas salonu bayramsayağı bəzədiləndə, təntənə ilə kimya elminə gətirdiyi elmi yeniliklərə, mühüm əhəmiyyətə malik ixtiraları ilə dünyanın bir çox ölkələrində şöhrət tapmış istedadlı alim, professor Abel Məhərrəmova bu universitetin Fəxri Doktoru diplomu təqdim ediləndə gözlərinin qəm içərisində olmasının səbəbi elə bu nisgil idi. Təbii ki, Fəxri Doktoru diplomunu xüsusi ehtiram və qürurla qəbul edən Abel Məhərrəmovu hansısa qüvvə başqa tərəfə çəkirdi. Bəli, bura Qars idi. Hansı ki, doğma Güllübulaqla bir addımlıqda yerləşir. Elmin nailiyyətləri Abel müəllimi nə qədər sevindirirdisə, Qarsın zirvəsinə yetmək və doğma kəndini görmək ondan da artıq sevindirirdi. Yaxşı başa düşürdü ki, elmin zirvəsinə yetməyinin təməli Güllübulaqdan başlayıb və uzaqdan da olsa, onu seyr etmək üçün çox böyük mənəvi rahatlıq olardı. Abel müəllim Qarsın zirvəsində idi. Bu isə ona elmin zirvəsi qədər doğma görünürdü. Buradan çox tanış mənzərələri seyr edirdi. Bir vaxtlar Güllübulaqdan Qarsa necə həsrətlə baxırdısa, indi də bu diyardan doğma Güllübulağa eləcə tamaşa edirdi. Qarsın dağlarının da həsrətlə baxdığı Güllübulaq yetirməsini öz qoynuna səsləyirdi.
Akademikliyə aparan şərəfli yol
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeninə layiq görülən   Abel Məhərrəmov Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Kembric Beynəlxalq Araşdırmalar Mərkəzinin «XX əsrin görkəmli alimlərindən biri», Yusif Məmmədəliyev mükafatı laureatı, əməkdar elm xadimi, bir çox ölkələrin universitetlərinin fəxri doktoru, BDU-nun rektoru, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Bütün bunları sadalamaqda isə məqsədimiz odur ki, Abel müəllim bu göstəricilərə ona görə nail olub ki, o heç bir çətinlikdən qorxmayıb və bütün maneələri savadı, intellekti ilə aşıb.
Bu gün respublikada analoqu olmayan lokal kompyuter şəbəkəsinin yaradılması, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, elmin, təhsilin inkişafına radikal və cəsarətli addımlarla təsir göstərməsi, universitetin həm zahirən, həm daxilən gözəlləşməsi, nizam-intizamın möhkəmləndirilməsi, müəllim və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması akademik Abel Məhərrəmovun xidmətləridir.
Abel müəllimin özünəməxsus bir dünyası var. O kənardan nə qədər ciddi, tələbkar, zəhmli görünsə də, əslində çox nəcib keyfiyyətlərə, incə ürəyə sahib olan bir şəxsdir. Rəhbərlik etdiyi kollektivin adi işçisindən tutmuş, müəlliminə, professoruna qədər hər kəslə öz dilində danışmağı bacaran Abel müəllim böyüklə-böyük, kiçiklə-kiçik, tələbə ilə tələbədir. O, son dərəcə maraqlı bir insandır. Onu dinləmək, söhbət etmək yetər ki, Abel müəllimdə az da olsa təkəbbürün, özündən razılığın olmamağını görəsən. Yaxınları, təmasda olan şəxslər Abel müəllimi gözəl bir psixoloq kimi dəyərləndirirlər. İnsanlara yanaşma tərzi, bəzən qarşısındakını ruhlandırmaq naminə dediyi xoş sözlər və həqiqətən də onun nəticəsini görməsi dediklərimizə sübutdur. Abel müəllimlə təmasda olan hər bir şəxs elə hər bir görüşdə onda yeni-yeni keyfiyyətlər aşkar edir. Mentalitetinə sadiq bu Azərbaycan kişisində hər şey yerindədir. Gözəl ailə başçısı, övladlarına layiqli ata, ata-anasına layiqli övlad, yüksək peşəkarlığı, təfəkkürü, savad və səviyyəsi ilə seçilən böyük alimdir. Rəhbərlik etdiyi BDU-nun kollektivinə böyük qayğı ilə yanaşan tələbkar və nə qədər təzadlı da olsa, sadə rəhbər-pedaqoqdur. Bir daha təkrar edək ki, insanlar arasında yaxşı münasibətlər, qarşılıqlı hörmət və etibar qurmaq onun ən qabarıq quruculuq xüsusiyyətlərindəndir. Haqqında yazılmış bir məqalənin sonunda isə belə deyilir: «Alim olmaq çox çətindir, amma mümkündür, məddahların içində şöhrət girdabına düşməyib insanlığı qorumaq ondan xeyli çətindir, ancaq o mümkün imiş».
Şərəfli alim adını daşıyan, həqiqətən də məddahların içində şöhrət girdabına düşməyib ad-sanını, insanlığını qoruyub saxlayan, Məmmədəli müəllimin böyük balası, Şəfiqə müəllimənin ilk sinfindən pərvazlanan, Güllübulaqdan başlayıb elm bulağınadək ucalan,  Azərbaycanın, eləcə də dünyanın ən tanınmış siması olan Abel Məhərrəmov artıq 5 ildir ki, millətinin vəkili kimi seçicilərinin etimadını doğruldur. Min dəfə təkrar etsək də, yorulmarıq ki, o bütün bu zirvələri ona saf sulu, yaşıl yamaclı, qarlı-çovğunlu Güllübulaq, bütün Amasiyanın fəxri Məmmədəli müəllimin zəhmi, Şəfiqə müəllimənin tərbiyəsi və həyatının bütün çətin dövrlərində, qaranlıq məqamlarında onu xilas edən ƏQİDƏ qazandırıb…

PƏRVANƏ Ibrahimova,
ANZULƏ Əmirova“Elçi” qəzeti, 06-08 may 2007-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!